payız gözlü, qış dodaqlı, dəniz saçlı qadınlar var bu şəhərdə
Sən An tərəfindən "Şeir" bolməsinə 23:52 21 iyun 2015 tarixində əlavə olunmuşdur

***

bütün gedənlərin
ayaqları intihar edir,
asılı qalır küçələrdən.
ölü izlər ,
ayağa ilişir birdən,
çökür bədən,
qalxa bilmir,
asılı qalır dizlərdən.

***

bir qadın gələ, 
gözlərində yağış,
əllərində buz.

isidib onu nəfəsinlə,
alıb qolların arasına,
sevəsən,
içəsən,
yazasan bir neçə söz

***

sənin nəfəsini qucaqlamaq istəyirəm,
qoy elə şeir olub,
axsın qollarımdan.
yavaş-yavaş isinməyə başlayım
barmaqlarımın uclarından.

  ***

xərçəng xəstəliyindən, 
saçları tökülən qadından
başladı mənim təkliyim.
bütün acılar cücərdi bədənimdə,
sızladı iliyim.
bir- iki ümid var idi,
onu da basdırdım ,
gözlərimin küncündə.

***

daha çox kimsəsizləşəndə öz bədənindən qopub,
səmavi,ilahi sevgilərə köç edir insan.
atır qucağından bütün soyuq nəfəsləri,
pəncərəsindəki bütün darıxmaqları.
qırır qəfəsləri,açılır qanadları,
uzaqlara köç edir insan.

      

***

torpağın üzərində bir siqaret kötüyü,
üstündə qadın ətri,
və dodağının izi.
gizlincə onu götürüb,ciyərlərinə çəkən sərxoş kişi.
titrəyən əlləri ilə kibriti yandırır,
qadının ətri sərxoş nəfəsə qarışır,
və O
tanımadığı qadını sevməyə başlayır. 

***

payız gözlü,qış dodaqlı,
dəniz saçlı qadınlar var bu şəhərdə.
səsində həsrət,kədər,
dinləmək olmur,
gizli mahnılar var bu şəhərdə


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+19=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.026 saniye