Pəncərədəki baxışlar
Xanım Əliyeva tərəfindən "Hekayə" bolməsinə 02:16 18 yanvar 2015 tarixində əlavə olunmuşdur

İnsanlar qəribə məxluqlardır. Onlar bəzən güya sevirlərmiş kimi davranır, sonra bir anın içində, sevgim keçdi deyərək, vaz keçir, tərk edirlər. Fərq etmir tərk edilənlər nə qədər onlara doğma olub.

Qarabağ müharibəsi zamanı Bakıya məcburi köçkün düşmüş Şəfiqə ana da nə vaxtsa sevildiyini düşünürdü. Amma ki yox, yanılıb. Həyat yoldaşı könüllü olaraq ordu sıralarına qoşularaq, cəbhədə vuruşmağa başlamışdı ki, üstündən az müddət keçəndən sonra yoldaşının qara xəbəri gəldi. Dəhşətli ağrı idi. Həyatından çox sevdiyi şəxs şəhid olmuşdu. Düşündükcə dəli olacaq kimi gəlirdi ona. Həyatının işiğı sönmüşdü elə bil. Nə edəcəkdi? Necə yaşayacaqdı? Üstəlik də bu müharibə. Müharibə kədər, göz yaşı, ağrı-acıdan başqa nə gətirir ki insanlara. Sevdiyin insanın daha sağ olmadığına inanmaq istəmirsən. Onu hər daş-divarda, hər künc-bucaqda gəzirsən. Indicə içəri girəcək, səsini eşidəcək, üzünü görəcəksən kimi gəlir bir anlıq. Amma yox, müharibə qəddardır. O amansızca alır əlimizdən sevdiklərimizi. Ancaq müharibədən də qəddar olan bir şey var. O da insanlardır. Insanların yaşaddıqları ağrını heç kim yaşada bilməz. Ən zəif yerindən vurur səni. Sonrasa bu ağrıyla baş-başa buraxır. Buraxmağı azmış kimi üstəlik tərk edib, gedir.

Yoldaşını itirdikdən sonra Şəfiqə ana bir müddət iki övladıyla hal-hazırda işğal olunmuş dədə-baba yurdunda qaldıqdan sonra onları da digərləri kimi təxliyyə etdilər. Oradan çarəsiz, əlində qara qəpiyi olmadan, ac, susuz, əlinin altına nə keçdisə boğçasına yığaraq, Bakıya gəlmişdilər. O, bilmirdi ki, pis günlər hələ qabaqdadır, həyat hələ ona hansı xoş olmayan sürprizlər hazırlayır. Bakıya gəldikdən sonra Bakıda boş qalmış, az qala xarabalığa çevrilən məktəb, uşaq bağçası, kitabxana, poçt məntəqələrini tutaraq, orda məskunlaşan digər məcburi köçkünlər kimi Şəfiqə ana da köhnə, çoxdan baxımsız qalmış, Sovet ittifaqı zamanı uşaq bağçası kimi fəaliyyət göstərən yerdə məskunlaşmaq məcburiyyətində qaldı. Həmin bu yeri onlar digər bir ailə ilə bölməli oldular. Şəfiqə ana kimi məcburi köçkün düşmüş, beş uşağa sahib olan ailənin də güzaranı çox pis olasa da onlardan fərqli olaraq, müharibədən öncə Bakıya köçmüş qohumları olduğundan, bir müddət sonra bu ailənin vəziyyəti yaxşılaşmağa doğru getdi.  Bircə Şəfiqə anadan başqa. Iki övladıyla balaca bir otaqlı daxmaya sığışaraq, yayda istidən bişir, qışdasa soyuqdan büzüşən, bir-birinə sığınaraq, qızışmağa çalışan bu üç insan müharibə adlanan birinci cəhənnəmdən çıxıb, qaçqın həyatı deyilən ikinci cəhənnəmə düşmüşdülər.

Ilk gəldiklərində uzun müddət səfalət içində yaşamaq məcburiyyətində qaldılar. Doxsanıncı illərin əvvlləri nə məcburi köçkünlər, hətta məcburi köçkün olmayan insanlar belə əziyyət çəkirdilər. Sovet ittifaqının təzəcə dağıldığı, işsizliyin, xaos baş aldığı bir dövrdə hansı yaxşı vəziyyətdən danışmaq olardı ki? Şəfiqə ana istənilən  işin qulpundan yapışıb, övladlarını çörəksiz buraxmaq istəmir, onların məktəbdə təhsillərini davam etdirməsini, məktəbi bitirdikdən sonra ali savad almasını istəyirdi. Ana üçün bu istəkdən daha normal nə ola bilər. Bir müddət ordan, burdan tapdıqları ilə dolanan, axşam qaranlıq düşdükdən sonra heç kim görməsin deyə, zibilliklərdə eşələnərək nəsə tapıb, övladlarına gətirmək üçün küçələrə çıxırdı Şəfiqə ana. Maşın yağından hazırlanan çörək yemək o qədər iyrənc və qorxulu idi ki, iyi az qala yuxu da belə burnundan getmirdi. Saatlarla növbədə gözləmək, çörəyin çatacağına ümid etmək, çox vaxt az qala bütün günü ac qalmaqla keçirdi günləri. Şəfiqə ananın bir qızı və bir oğlu vardı. Uşaqlar 12-14 yaşları olardı. Yenicə məktəbə düzəlmiş, yenicə bu həyata öyrəşməyə başlamışdılar. Şəfiqə ana əvvəlcə müəssisələrin birində xadimə işinə düzəlir, lakin müdirin şor göz və əclaf birisi olduğunu biləndən sonra işdən ayrılmaq məcburiyyətində qalır. Müdir ona pul qarşılığında intim təklif etməsi, hər fürsətdə ona toxunmaq istəməsi onu bezdirmişdi. Bəzi kişi cinsinin nümayəndələri həqiqətən də bu qədər iyrənc xislətə malikdirlər. Əsasən də qadının boşanmış və ya dul olduqlarını öyrəndikdən sonra onların ehtirasları bir az da cuşə gəlir. Qadının bir az yaraşıqlı olması onların ehtiraslarını lap pik nöqtəsinə gətirir.  Namusuna toxunmağa imkan vermədən oranı tərk edib, başqa iş axtarmağa başladı. Ali təhsilli olmasına baxmayaraq bu vaxtlarda ali təhsilə baxan kim idi. Hər kəs çörək pulunun dalıyca səhər çıxır axşam qayıdırdı.  Bəzən düşünürüməm, məgər indi nəsə dəyişib? Müharibə şəraitində olmağımız üstündən iyirmi il keçməsinə baxmayaraq, hələ də davam edir. Uzun sözün qısası başınızı nə ağrıdım. Evlərini bölüşdükləri digər məcburi köçkünlərin qohumları Şəfiqə xanımın ağır vəziyyətindən sarsıldıqlarından onu orta məktəblərin birinə xadimə düzəltdilər. Sonra Şəfiqə ana xadiməlikdən məktəb qapısının nəzarətçisinə çevrildi. Təqaüdə çıxana qədər bu məktəbdə can qoymuş, hamının dərin hörmətin qazanmış Şəfiqə ana  təqaüdə çıxdıqdan sonra övladlarının birinin evində qocalıq günlərini keçirtmək fikrindəydi. Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Fələk isə elə saymışdı ki, Şəfiqə ana bu hesabatda nə qədər çalışsa da baş çıxarda bilməyəcəkdi. Əvvəlcə oğlunun evinə köçdükdən bir müddət sonra oğlu və oğlunun həyat yoldaşı tərəfindən soyuq münasibət görür, tez-tez danlanılır, balaca uşaq kimi məzəmmət edilirdi. Gözləri zəiflədiyindən gözləri el arasında mirvari su deyilən katarakta xəstəliyinə tutulmuşdu. Bu xəstəlik gözləri görmək qabiliyyətindən məhrum edir, əgər vaxtında əməliyyat etdirilməsə sonra korluğa belə gətirə bilir. Oğlu onu bir şərtlə əməliyyat etməyə razı oldu. Əməliyyatdan sonra anası onun evini tərk edəcəkdi. Şəfiqə ana razılaşmaq məcburiyyətində qaldı.  Əməliyyatdan sonra qızının evinə köçmək istəyirdi. Əməliyyatı isə uzun illər yığdığı pensiyasının hesabına etdirdi. Amma bu arzusu da ürəyində qaldı. Oğlu bacısına anasını onlara gətirəcəyini və bundan sonra anası onlarda yaşayacağını bildirdikdən sonra qızı elə bir etiraz, elə bir səs küy salmışdı ki, qızının səsi telefonun səsgücləndiricisindən belə Şəfiqə ananın qulağına çatmışdı. Həmin gecə Şəfiqə ana çox ağladı. Övladlarınn belə qəddarlıq edəcəyini gözləməzdi. Axı o, həyatını övladlına həsr etmişdi. Bəzi qadınlar kimi o da övladlarını internata verərək, yenidən ailə qura bilərdi. Amma o bunu etməmişdi. Yad kişi övladlarına necə yanaşacağını düşünərək dul qalmağı üstün tutmuşdu. Bütün yaşanmış həyat gözlərinin önündən keçir, ona elə bil bıcaq kimi saplanırdı. Onun bir çarəsi vardı. O da ki, ahıllar evinə yerləşmək idi. Son dəfə oğlundan bunu onun üçün düzəltmək və onu ora yerləşdirməyi xahiş etmişdi. Oğlu bu xahişi elə sevinclə, elə şadyanalıqla yerinə yetirməyə razılaşdı ki, elə bil onu işində vəzifəsin artırmışdılar. Nəvələri balaca olduqlarından heçnə anlamır, nənələrinin onları tərk etməyini istəmirdilər. Nənələri evi tərk edəndə nənələri ilə ağlaşıb, həttə nəvələrindən biri arxasıyca çıxaraq maşının dalıyca qaçmışdı. Illər sonra atalarının nənələrini ahıllar evinə yerləşdirdiklərini eşidincə utanacaqdırlarmı, yoxsa onlarda ataları kimi ana və atasını vaxtı gəlincə öz əlləri ilə ahıllar evinə yerləşdirəcəkdilərmi. Bunu artıq həyat göstərəcəkdir.

Ahıllar evinə yerləşdirildikdən sonra Şəfiqə ananın həyatına sükut çökmüşdü. Əgər ilk dəfə gənckən həyat yoldaşını itirdikdən sonra, həyat işığı sönmüşdüsə, bu səfər övladlarının qəddarlığından sonra ikinci dəfə həyat işiğı sönmüşdü.  Bu səfər o ahıllar evində onun üçün ayrılmış bir otaqda tək-tənha idi. Illər sonra əgər ona bunu desəydilər əlbət ki inanmazdı. Çox vaxt başımıza gələnlər bizə pis yuxu kimi gəlir. Bu yuxudan nə vaxt oynacağımızı gözləyirik. Və birdən anlayırık ki biz bu qorxulu yuxudan yalnız öldükdən sonra oyanacağıq. Şəfiqə ana yerləşdirildiyi otağın pəncərəsindən tez-tez küçəyə baxır, bəlkə bir gün övlarları, nəvələri ilə ona baş çəkməyə gələcəyi günü gözləyir. Axı ümid sonuncu ölür. Hətta biz öldükdən sonra belə o qalır, bəlkə də ölür, yox yəqin ki qalır. Qoça ananın gözlərində canlanan xatirələr, kobudlaşmış əllərində nə vaxtsa isinən övlad nəfəsi, saatlarca ayaq üstündə durmaqdan şişmiş ayaqları, illərin belə silə bilmədiyi təbəssüm bu qadının nə qədər güclü, iradəli, xəsarətli biri olduğuna sübutdur.

 

"İnsanların vaxtı bitənədək istifadə edib zibilliyə atmayın!”. Unutmayın vaxt keçər, atdığınız zibilliyə özünüz də atıla bilərsiniz. Həyat bumeranqdır nə vaxtsa havaya atdığımız və atdığımız kimi unutduğumuz, bumeranq gün gələr atıldığı qüvvəylə elə dəyər ki, bəlkə də o vaxt biz özümüzə gətirə bilər. Amma çətin ...


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+8=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0202 saniye