Qadınlar öz həmcinsləri üçün gözəlləşirlər?!
Şəfiqə Şəfa tərəfindən "Oçerk" bolməsinə 16:15 16 aprel 2014 tarixində əlavə olunmuşdur

Qadınlar öz həmcinsləri üçün gözəlləşirlər?!

 

“Gözəllik ondur, doqquzu dondur” deyiblər. Biz qadınlar “doqquz”dan kifayət qədər geninə-boluna yararlanırıq. Yerdə qalan bir faizi də elə doldurmuşuq ki, partlamaq üzrədir, əlimizdə olsa bu on ballıq şkalanı on birə, hətta on ikiyə qaldırarıq. Əslində bu gözəllik kimin üçündür? Bütün qadınlar bir ağızdan “İlk növbədə özümüz, sonra isə əks tərəf üçün” deyəcəklər. Amma doğrudan da bu belədirmi? Gəlin etiraf edək ki, yox. Hərəmiz bəlli bir yaşdayıq, özümüzə görə həyat təcrübəmiz və müşahidələrimiz var. Qəlbimizin dərinliklərində hər birimiz bilirik ki, gözəlliklə bağlı bu “əl-ayağa düşmə” elə həmcinslərimiz – başqa qadınlar üçündür!

Qeyd etdiyim kimi, təcrübə və müşahidələr göstərir ki, kişilər heç vaxt geyim-keçim, üz və bədən gözəlliyinin dərinliyinə varmırlar. Axı hansı kişi qadının geyindiyi paltarın, işlətdiyi kosmetikanın hansısa markaya aid olmasına fikir verib ki?! Onun üçün qətiyyən fərq eləməz ki, qadının əynindəki əsl xəzdir, ya süni; ayaqqabısı, çantası, geyimi, aksessuarları brenddir, ya qara bazardan alınma... Kişi bunun qiymətinə deyil, qadına necə yaraşmasına baxar.

Gələk üz və bədən quruluşuna: bəli, hər bir kişi gözəl üzlü, mütənasib bədənli qadın arzular. Dolğun sinəli, qalın dodaqlı, incəbelli, uzun saçlı və s. Amma onu da yaxşı bilirik ki, bütün bunlar yalnız göz əyləncəsi üçündür, əslində kişilər aşiq olarkən bu üstünlüklərin heç birini nəzərə almırlar. Bəzən bir təbəssümə, bir baxışa vurulurlar. Özümüz də dəfələrlə çox yaraşıqlı kişinin yanında heç bir standartlara uyğun olmayan qadınlar görmüşük. Yuxarıda sadaladığım gözəllik şərtləri baxılmaq üçün yaxşıdır, sevilmək üçün yox! Hər bir kişi 90-60-90 ölçülü, plastik əməliyyatlarla göz deşən standart qadına deyil, həqiqi qadına aşiq olur. Bəlkə də, seçdiyi qadın elə standartlardan kənar olduğu üçün onu fərqləndirir. Kişiyə qadının dartılmış üzü, dolğunlaşmış soyuq ölçüləri yox, onun istiliyi, mehribanlığı, səmimiliyi, məhz başqa qadınlardan fərqliliyi lazımdır.

Elə isə bu gözəllik uğrunda mübarizə kimin üçündür? Bəli, çox təəssüf ki, başqa qadınlar üçün! O marka geyimlər, plastik gözəlliklər, qırx yaşında qadının iyirmi yaşdakı qıza bənzəmək arzusu, məhz qadınlar üçündür. İşlədiyimiz yerlərdə, qonum-qonşuda, rəfiqələr arasında, getdiyimiz məclislərdə, “Tarqovı”da, hətta mindiyimiz ictimai marşrutlarda belə bizə lazım olan, tanış və yad qadınların həsəd, paxıllıq, maraqdan çatlayan gözləri, qəzəblə büzülən dodaqlarıdır. Bir qadının başqa bir mükəmməl qadına necə baxdığını görmüsünüzmü? Az qala gözləri ilə yeyəcək, parçalayacaq dərəcədə! Şəxsən dəfələrlə fikir vermişəm: bəzəkli kukladan seçilməyən, standart, dünyəvi gözəl bir qadın küçədə, məclisdə, avtobusda göründümü, kişilər bir baxacaqsa, qadınlar o gözəl ta gözdən uzaqlaşana qədər arxasınca boylanacaqlar. Hansı gözəl bu həsəd dolu baxışlardan zövq almaz ki! Ona görə də evə gələn kimi ilk iş güzgünün qabağına keçib nifrətlə əyər-əksiklərə baxmaq, pul toplayıb gözəlliyin ya “doqquz”, ya da “bir” faizinə cummaq olur. Nəticədə isə həqiqi qadına deyil, kuklaya çevrilirik. Daha doğrusu, marionetə – teatr kuklasına... Elə iplərimiz də özümüzdə deyil, başqa qadınların əlində olur!


... dəfə oxunub
Qiymət: 7/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
1+22=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0223 saniye