Qatillərin doğum günü
Əli Məhərrəmli tərəfindən "Hekayə" bolməsinə 09:09 17 noyabr 2016 tarixində əlavə olunmuşdur

Şef gəlmək olar? Otağın qapısını açan ofisiant qız içəri girib qapının önündə dayandı.
- "Gəl, gəl! Nə olub yenə?" - restoranın sahibi cavan oğlan müəmmalı baxışlarla soruşdu.
- Heç, yeddinci stolda əyləşən müştəri təxminən iyirmi dəqiqədir oturub, sifariş vermir. İki dəfə yaxınlaşsam da "Hələ tezdir" - deyib arada bir saatına baxır.
Gənc oğlan bir müddət qarşısındakı ekranda qəribə müştəriyə nəzər saldı, sonra - "O, stola özüm baxaram" : deyib yerindən qalxdı. Ahəstə addımlarla salona keçib masaya yaxınlaşdı - "Buyurun, sizə nə qulluq edək?!".
Müştəri xanım başını qaldırıb - "Sizdə tort olur?" : soruşdu.
- Əlbəttə, necə bir tort istəyirsiniz? O, bu sualı verərkən qarşısındakı qızın qəddar baxışları qarşısında donub qalmışdı. Qızın parıldayan iri qara gözləri, üzünə tökülmüş qonur saçları və yanağına batan qəmzəsi azmış kimi, al-qırmızı dodaqlarındakı səbəbsiz istehza simasına füsunkar bir gözəllik qatırdı. Onun nəfəs kəsən bir gözəlliyi vardı.
Qız isə susur, soyuqqanlılıqla suala cavab verməyə tələsmirdi.
Restoran sahibi azca qaşlarını çatıb, daha ciddi bir halda - "Buyurun, seçiminizi menyudan da edə bilərsiniz " : dedi.
Müştəri xanım o vaxtacan fərqinə varmadığı menyuya belə baxmadı, qollarını kənarlara doğru geniş açaraq : "Ən böyüyünü, şokoladlı olsun, yox əgər şokoladlı olmasa sadəcə böyük olsun" : dedi.
- "Deyəsən başqa qonaqlarınız da olacaq?" - oğlan soruşdu.
- Xeyir, heç kəs olmayacaq.
- Aydındır!
Restoran sahibinin gözlərində "O, böyüklükdə tortu təkbaşına necə yeyəcək görəsən?" - sualı açıq-aydın oxunurdu".
- Bəs içməyə nə verək?!
-"Tünd bir şey"
- Nə qədər tünd?!
- Qız qəti bir səslə - "Ən tündünü, bir də zəhmət olmasa mənə alışqan gətirərsiniz" : dedi.
- Restoran sahibi işarət barmağını divardakı "No smoking" lövhəsinə doğru tuşlayaraq - "Təəssüf edirəm, ancaq burada siqaret çəkmək olmaz"...
- Siz haradan çıxardınız ki, mən alışqanı siqaret yandırmaq üçün istədim sizdən!?
Gözlənilməz sual gənc oğlanı pis vəziyyətdə qoydu, kəkildədi, nə deyəcəyini bilmirdi. Yersiz sual verməkdən də ehtiyat edirdi.
Restoran sahibini düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün səhərdən simasında zərrə qədər də təbəssüm olmayan qız yalançı bir gülüşlə dilləndi.
- Narahat olmayın siqaret çəkməyəcəm. Bir də ki, siqaret zərərli ola bilər, ancaq bizim düşündüyümüz qədər də qorxulu deyil. O, bircə dəfə öldürür. Ancaq qorxularımız hər gün.
Restoran sahibi ilk dəfə idi gözəlliyinə təslim olmuş müştərinin saxta təbəssümünə və dodaqlarından tökülən sözlərə bu qədər heyranlıqla baxır, cavab verməyə söz tapmırdı.
... Ofisiant qız müştərinin sifariş verdiyi ən böyük tortu, içkini və alışqanı masanın üzərinə qoyub mətbəxə getdi.
Əks tərəfi görünməyən şüşənin arxasından qızın davranışlarını seyr edən restoran sahibi gözlərini belə qırpmadan qızın alışqanla nə edəcəyini səbrsizliklə gözləyirdi. Bir müddət keçəndən sonra o, əl çantasından çıxardığı şamı tortun üstünə batırsa da onu yandırmadı. Elə bil düşüncələrə qərq olmuşdu. Arada şama baxıb gülümsünür, bir anın içində gözlərinə dərin kədər qonurdu, dodaqlarını büzüb doluxsunsa da ağlamır, köks ötürüb körpə uşaqlar kimi yenidən gözlərindən gülürdü.
- Belə başa düşdüm ki, doğum günüdür. İcazə verin sizi təbrik edək.
Qız qarşısında anidən peyda olan və bir az öncə onun masasına xidmət edən cavan oğlanın sözlərinə təşəkkür olaraq sadəcə başını yelləməklə cavab verdi.
- Üzr istəyirəm, bilirəm bunun mənə heç bir aidiyyəti yoxdur. Kənardan bir müddət sizin stolun üstündəki torta necə heyranlıqla baxdığınız diqqətdən qaçmadı, bu gün belə başa düşürəm ki, sizin üçün çox əlamətdar bir gündür.
O, bir müddət susdu. Sonra isə - "Hə ikiqat əlamətdardır" deyərkən üzündə soyuq bir ifadə vardı.
- Mənim doğum günümdə həmişə şam yox, siqaret yanıb!
O, sanki öz-özü ilə danışırdı, illərdir içində yığılıb qalan, heç yerdə heç kəsə demədiyi, deyə bilmədiyi sözlərin acısı ilə tanımadığı özündən razı cavan oğlanı zəhərləyib sakitləşmək istəyirdi.
- Təsəvvür edə bilməzsiniz nə qədər əlamətdardır?! Bu səbəbdən atam mənim doğum günlərimdə şam yox, siqaret yandırardı. Özü də dalbadal, bir neçə qutu siqareti yanına qoyub saatlarla divardakı qadının rəsminə baxıb susardı. Həmin günlərdə heç vaxt mənim gözlərimə baxmazdı. Axı o gün həm də mənim doğum günüm idi. Sevdiyi insanın qatilinin doğum günü ağrılı, qorxulu idi onun üçün. Qorxardı, çox qorxardı o gündən. Həmin gün çox gərgin olar, evə gec və içkili gələrdi. Gecələr isə onun otağından qorxunc qışqırıq səsləri eşidərdim. Mən bütün ömrüm boyu tüstüləyən siqaretə və doğum günlərinə nifrət etmişəm. Bu gün də onlar məndən güclüdür və bir şeyi bilirəm ki, ömrümün sonunacan öz nifrətimə qalib gələ bilməyəcəm. Çünki mən sevgidən yox, ölümdən doğulmuşam, ölüdən doğulmuşam.
Oğlan gözləri dolmuş qızı sakitləşdirməyin bir yolunu düşünsə də ağlına heç nə gəlmədi.
- Əgər sirr deyilsə neçə yaşınız var?
Qız saatına baxıb, acı istehza ilə - "Xəstəxana qeydlərinə inansaq, doğulmağıma bir dəqiqə qalıb. O, isə hələ sağdır"...
Sonra hər ikisi təxminən bir dəqiqə susub bir-birlərinin gözlərinin içinə baxdılar. Qız alışqanı götürüb şamı yandırdı, gülümsünürdü. O, güldükcə yanaqlarından süzülən yaş çənəsinə oradan da yaxasına axırdı. Bir neçə saniyə yanan şama baxıb üfürərək onu söndürdü. Sonra - "Mənim hesabı gətirin zəhmət olmasa" : deyib yerindən qalxdı.
Gənc oğlan üzgün bir səslə - "Hesabınız çatıb" desə də, xanım kiçik əl çantasından çıxardığı pulu və ovucunun içinə sıxdığı alışqanı masaya qoyub çıxışa tərəf yürüdü.
- Bəs tortu nə edək?
Qız heç geri çevrilmədən - "Bu gün doğum günü olan birinə hədiyyə edərsiniz" : dedi.
- Gənc uzaqlaşan qız eşitsin deyə daha gur bir səslə - "Siz yaşınızı söyləmədiniz?!".
- Qız daha uca səslə - "Onu öldürdüyüm yaşdayam!" : dedi.
Qapı örtüldü və qəribə müştəri öz müəmmaları ilə həmişəlik o restoranı tərk etdi.
Restoranın sahibi dəqiqələrlə yerindən tərpənmədi. Ofisiant xanımın sualı onun sükutunu pozdu.
- Yaşını öyrənə bildiniz şef?
- Hə. Anasını öldürdüyü yaşdadır.
- Ofisiant qız cavabdan heç nə anlamasa da təkrar sual verməyə cürət eləmədi.
Gənc oğlan öz iş otağının qapısı önündə durub barın arxasında dayanan oğlana - "Mənə içməyə tünd bir şey süz" : dedi.
- Barmen: "Nə qədər tünd şef?"
- Ən tündünü! Hə, bir də uşaqlara de divardakı "No smoking" lövhələrini söksünlər!

Əli Məhərrəmli
Bakı 29.09.2016

Hər il dünyada 300 mindən çox qadın dünyaya uşaq gətirərkən həyatını itirir.

Anasız doğulanlara ithaf olunur.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+25=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0711 saniye