Qayıdacağam
Xanım Əliyeva tərəfindən "Hekayə" bolməsinə 01:48 10 mart 2016 tarixində əlavə olunmuşdur

Dalğalar məni yavaş-yavaş tərpədir, mənsə beşikdə yırğalanan körpə kimi elə bil yuxuya gedirəm. Bakı küləksiz olmur. Az qala hər gün bütün istiqamətlər üzrə küləklər əsir. Küləksiz Bakını təsəvvür belə etmək olmur. Körpə kimi dedim, elə bil nə vaxtsa körpə olmuşam. “Həyata gələn gündən” Bakı limanıdır məskənim. Tərsanədən çıxan kimi üzərək, limana gətirilmişəm. Tərsanədən çıxanda necə də bərq verirdim. Günəşin şüaları altında par-par parıldayıb, göz çıxardırdım. Heyif o günlərdən. Limana gəldiyim gündən, “evimə” çevrildi liman. Ekskursiya gəmisi olmaq çox çətin məsələdir. Gün ərzində minlərlə insanı yarım saatlıq səyahətə çıxardırsan Xəzər boyunca. Əlbəttə uzağa üzmürdüm. Bu sadəcə səyahət idi. Yay aylarında sərnişinlərin sayı birə beş artırdırdı. Bəzən mənə elə gəlirdi ki dözməyib, ulu babalarımdan biri olan “Titanik” kimi batacağam. Axı pul xətrinə niyə bu qədər insanı belə yığcam gəmiyə doldurmaq lazımdır? Bir birinə sıx durub, dənizə baxmağa can atan insanlar az qala intihar edəcək kimi suya tullananlara bənzəyirdirlər. Düzü intihar edənlərdə olurdu içlərində. Həyatdan bezib, özünü dənizin qoynunda can verərək, başqa dünyaya göndərmək istəyənlər və göndərlənlər də az deyildi. O vaxtlar düşünürdüm ki bir insanı öz ömrünə son qoymağa axı nə məcbur edə bilər? İnsanları anlamaq çətin məsələdir. Mən onların xoşbəxt üzlərin görürdüm əsasən. Tək və ya sevgililəri ilə gəmiyə minərək, kiçik səyahətlər edən xoşbəxt insanlar. Amma aralarında bədbəxt görünəni, ağlayanları da olurdu. Kimisə xəyala dalır, kimisi isə göz yaşlarına boğulurdu. Dənizin ləpələri sakitləşdirirdi onları. Mənim kimi onlar da yəqin ki uşaqlıqlarını xatırlayırdılar. Axı ən xoşbəxt anlar uşaqlıqda keçən anlar olur çox zaman. Lakin indi mən bulvarın lap sonunda atılıb, qalmış dəmir parçasından savayı bir şey deyiləm. Heç gəmi də adlandırmaq olmaz məni. Pas atmış gövdəm çürüyərək, sulara qərq olur. Duzlu su bax belə yeyib, bitirir məni, günü gündən. Ancaq mən sizə kiçik bir hekayə danışacağam. Qısa sərnişin gəmisi həyatımdan ana çevrilmiş bir hekayə.

Təmirdən təzə çıxdığım vaxtlar idi. Hələ dənizin dalğalarına öyrəşə bilməmişdim. Arada möhkəm külək əsir, məni limana elə çırpardı ki elə bil lap indicə bütün hissələrim, parçalanacaq kimi gələrdi. Bu çox vaxt qışda baş verərdi. Adam az olduğundan dənizdə səyahətə çıxmaq istəyən demək olar ki olmurdu. Sıradan günlərdən biri idi. Havalar artıq istiləşmişdi. Yayın gəlişinə çox az qalırdı. Çox sayda turist tez bilet alaraq, cəld göyərtəmə yerləşməyə başladılar. İnsanları mən əla anlayıram. Onların hansı dildə danışması vacib deyil. İnsanlardan fərqli olaraq biz gəmilər bütün dilləri anlayırıq. İnsanlar fərqli dillərdə danışa bilər, amma fikirlərin dili eynidir.

Haradasa iyirmi-otuz turist göyərtəmə yerləşdi. Marağımı 5-6 yaşlarında oğlan uşağı cəlb etdi. Hansı ölkədən olduqlarını deyə bilməzdim. Bir şeyi dəqiq bilirdim ki bu torpaqlardan deyildi.

Bir dövrə etdikdən sonra, sahildə yarım saata yaxın durur, sərnişinlərin dolmasını gözləyirəm. Həmin bu uşaq anası ilə mən bərəyə duran kimi minmişdilər. Bu yaşda uşaqlara xas olan dəcəllik həmin uşağa da aid idi. O, yerində dura bilmirdi. Gah mənim burun hissəmə gedir, gah da qaçaraq quyruq hissəmdə oynayırdı. Sonra onun fikri dənizdə üzən qara bulantılara sataşdı. Bir müddət onlara baxıb, xeyli xəyala daldı. Bu uşaq yaşıdlarına dəcəlliyi ilə oxşasa da ağlı ilə fərqlənirdi. Fikirləri qarmaqarşıq idi, amma qara bulantının nə olması çox marağına səbəb olmuşdu. Anasını sorğu-suala çəkməyə başladı. Nədən dənizdən belə qoxu gəldiyi ilə maraqlandı. Xarici vətəndaşlar, əsasən avropadan olanlar övladlarının suallarına bir-bir cavab verir, onların fikrini yayındıran bütün məsələlərə aydınlıq gətirir. Bunun səbəbi isə uşağa bir fərd olaraq yanaşmaq, onu gələcəkdə müstəqil şəkildə yaşamağına, dünüşməyinə, seçim etməyinə şərait yaratmaqdır. Yoxsa suallarına cavab verməmək, çox sual verəndə uşağı buna görə cəzalandırmırlar. “Ey uşaq, başımdan ol, sən biləcək işlər deyil” demirlər. Mövzudan çox uzaqlaşmadan qayıdım bu uşağa. Uşaq ürəyində olan, onu narahat edəcək bütün suallarını tələsmədən, bir-bir anasına ünvanladı. Anası səbrlə onu dinləyir, arada gülümsəyir, başını tumarlayır və sonda bütün sualları cavablandırırdı.

-       Ana, suda üzən qara bulantı nədir?

-       Neft tullantısıdır.

-       Ana, neft nədir?

-       Neft təbii sərvətdir.

-       Təbii sərvət nədir?

-       Yadındadır bağçada Yer kürəsi haqqında müəllim dərslər keçirdir? Bax, o Yür kürəsinin öz təbii sərvətləri olur. Yəni, torpağın, dənizlərin dərin qatlarından illər boyu əmələ gələn, insanların yaşamağına zəruri olan təbiət elementləridi.

-       Bəs insanların təbii sərvətləri olur?

-       Məcazi mənada olur. Məsələn, sən mənim təbii sərvətimsən, övladımsan. Sənsiz yaşa bilmərəm. Mənim canımdan, qanımdansan.

-       Bəs neft necə bir təbii sərvətdi?

-       Maye halında olur və rəngi qaradır. Bax maşınlar var ha, onlar neftdən alınan məhsullarla idarə olunur. Təkcə maşınlar yox, neft məhsulu ilə idarə olunan o qədər həyat əhəmiyyətli şeylər var ki.

-       Neft dənizdən çıxır?

-       Əsasən dənizlərdən çıxır, ancaq torpaqdan da çıxa bilər.

-       Ana, biz sənlə çoxlu dənizlərdə üzmüşük. Onlarda neft görməmişdim.

-       Bütün dənizlərdən neft çıxmır. Bu Xəzər dənizidir. Xəzər dənizindən neft çıxardırlar.

-       Neft çıxardılan bütün dənizlərdə bu cür neft üzür suda? Bütün dənizlərdə bu qədər tullantılar olur?

-       Yox. Bəzi dənizləri təmizləmədikdə bax, bu cür tullantılar olur. Tullantılar başqa neft daşıyan gəmilər, kanalizasiyalar, və çaylardan dənizlərə axıdılır.

-       Ana, axı dənizi təmizləməsən o daha çox çirklənər və dənizdə yaşayan canılar ölər.

-       Hə, balam elədi. Dənizi çirkabdan, zibillərdən mütləq təmizləmək lazımdı. Yoxsa orada daha heç bir canlı yaşaya bilməz.

-       Ana, insanlar təbii sərvətlərini sevməlidilər axı necə ki sən məni sevirsən. Bu dənizin qayğısına qalmalıdılar. Çünki bu dənizdə onlar kimi canlı olanlar yaşayır, insan olmasalar belə onlar da canlıdır.

Uşağın anası bir qədər fikrə daldı. O, özü də anlayırdı ki oğlu ona böyüklərin vermədiyi belə sualları verir və bu sualları cavablandırmaq bir az çətindir. Bu yaşda bir uşağa necə başa salasan ki heç də həmişə insanlar yaxşı olmur. İnsanlar istifadə etdikləri təbiəti qorumur, onun qayğısına qalmır. Onların bəziləri yalnız istifadə etməyi bilir.

Uşaq anasının gözlərinə məsumcasına baxaraq, gülümsədi. Deyəsən, gözlərindən anlamışdı, anası nə haqda düşünür.

-       Ana, mən bu dənizi, bu şəhəri sevdim. Mən sənlə çox şəhərlərdə gəzmişəm, çox dənizlərdə üzmüşəm. Ana, mən çox istərdim ki bu dənizin qayğısına qalsınlar, sənin məni sevdiyin kimi sevsinlər. İstəyirəm ki böyüyəndə sənlə yenidən buraya qayıdaq. Lap bu cür yenidən gəmiyə minək və səyahətə çıxaq. Amma daha bu cür zibillənmiş, tullantılı dənizi görməyim. Daha heç bir pis qoxu duyulmasın.

Uşaq bunları deyib, başını anasının dizlərinin üstünə qoydu. Sonra isə əsnəyərək, yavaş-yavaş mürgüləməyə başladı. Az keçmədiki artıq yuxuya getmişdi. Dənizin havası çox vaxt yuxu gətirir. Tərpənən gəmi isə ana beşiiyi kimi yırğalayır.

Anası öz içində övladı ilə qürur duydu. O da oğlu kimi ümid edirdi ki illər sonra bu dəniz indikindən daha təmiz olacaq. O, yenə balası ilə dənizin qoynunda səyahət edəcək və bu günləri xatırlayacaq. Oğlunun yuxuya getdiyini görüb, onun başından öpdü.

Mənsə indi bu qədər qocalmış, bu qədər paslanmış bədənimlə tərk edilmişəm. Bura gəmilər qəbirstanlığıdır. Son günlərini digər sənin kimi atılmışlar arasında keçirdirsən. Burada mənim kimi turistlər üçün səyahət gəmilərindən savayı, neft daşıyan tankerlər, təmir gəmiləri də var. Hər cür gəmi növü tapmaq olur burada. Hamının da sonu bu qəbirstanlıqdır. İstismara yararsızlıq damğası vurulan kimi buraya atılırsan. Elə belə sən deyildin o vaxt dəbdə olan, istifadə edilən. Mən özümü xatirələrimlə ovuduram. Heç olmasa xidmətim insanlara onları otuz dəqiqəlik dəniz gəzintisinə çıxartmaq olub. Özümlə baş-başa qalınca xatırlayacaq o qədər hekayələr yadıma düşürki. Bayaq da sizə anlatdığım hekayə düşmüşdü. Fikirləşdim ki bu cür heyakəni ömrümün son günləri kimlərləsə bölüşmədən tərk edə bilməzdim buraları. Məndə məndən öncəki gəmilər kimi qərq oluram bu möhtəşəm Xəzərin dibinə. 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+29=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0317 saniye