Qızı birinci sinifə, özü isə birinci kursa gedəcək 31 yaşlı tələbə ana - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 13:42 20 noyabr 2015 tarixində əlavə olunmuşdur

Salam... Öncəliklə sizi öz adımdan səmimi qəlbdən təbrik edirəm. Bu sizin uğurunuzdur. Hələ də qadın olmağınız bu uğurunuzu ikiqat qutsallaşdırır. Bilirsiniz ki, toplumda azad söz, azad bacarıq sərgiləmək qadınlar üçün bir o qədər də gözəbatan deyil. Sizinlə bu söhbətləri edərək, sizi insanlara tanıdaraq xanımlarımıza cəsarət aşılamaq və oxumağın heç vaxt gec olmadığını anlatmaq istəyirik.

1. Bir az özünüz haqqında məlumat
verərdiniz (təvəllüdünüz, orta məktəb təhsiliniz və mədəni halınız)
- Salam. Çox sağ olun. Allah razı olsun. Hardan başlayacağımı bilmirəm...
Mən 1984 doğumluyam, çoxuşaqlı ailədə doğulmuşam. Əslində, bütün nəslimizin oxumağa-təhsilə böyük marağı var. Biz uşaq olanda atam hər zaman "siz Moskvada tibb universitetini bitirib həkim olmalısınız" deyirdi. Biz də çox böyük həvəslə dərslərimizə çalışırdıq, əlaçı idik. Ta ki mənfur qonşularımızın torpaqlarımızı işğal etdiyi vaxta qədər... Biz rus bölməsində oxuyurduq. Bu hadisədən sonra atam bizə rus dilində oxumağı, danışmağı qadağan etdi. Ona görə dərslərimizdə zəifləmə oldu. Təhsil üçün dil dəyişikliyinə alışmaq çətin idi. Repetitor yanına getməmiş imtahan verdim, yüksək bal toplaya bilmədim. Bu səbəbdən ödənişli əsaslarla qəbul olundum. Ailəmin ödənişi qarşılayacaq imkanı olmadığından təhsilimi davam etdirə bilmədim. Və işləyib məndən kiçik iki bacımın oxumağına yardım etdim.
Hazırda ailəliyəm, övladım var.

2. Bu hazırlıq üçün stimulu kimdən aldınız?
- Ailədə oxumayan tək mən idim. Atam, anam, bacılarım və qardaşım -hamısı oxumuşdu. Seçilmək mənə ağır gəlirdi. İllər sonra Rəbbim ən böyük lütfunu verdi-yoldaşımı qarşıma çıxardı. Onu tanıyana qədər həyatda heç nəyi olmayan biri idim.

3. Həyat yoldaşınız da sizə dəstək oldu mu?
- Hazırlığıma yoldaşım və bacılarım stimul verdi. Ən böyük dəstəkcim həyat yoldaşım oldu. Sən bacaracaqsan deyirdi. Biz bir az keşməkeşli yol keçmişik, uzun müddət bir-birimizi sevməyimizə baxmayaraq ailələrimiz razılıq vermirdi. Yoldaşımın ailəsi elə təhsilsiz olduğum üçün məni layiq bilmirdilər. Hətta evlənəndən sonra da hər fürsətdə mənə savadsız olduğumu, ali təhsilim olmadığını başıma vururdular. Yoldaşım isə bunları görəndən sonra mənə lap çox dəstək olur, "sən sübut etməlisən ki, diplomu olmamaq savadsız olmaq demək deyil" deyərək, mənə ən yaxşı universitetə qəbul olunacağımı söyləyirdi. Yoldaşım da ali təhsillidir.

4. Övladınızla hazırlaşmaq sizə çətinlik yaratmadı mı?
- Təbii, çətin oldu. Qızım gəlib kitabı əlimdən alırdı ki, "ana, "kipadı" qoy yerə, məni sev..." Dörd yaşlı qızımın bu üzdən kitaba nifrət edəcəyindən çox qorxurdum. Çalışırdım ki, onu da diqqətsiz qoymayım.

5. Bu cəhdə başlayarkən inamınız nə qədər idi?
- İnamım az idi. Amma yoldaşım çox əmin idi. Mən qorxurdum ki, 13-14 il fasilədən sonra bildiyimi də unutmuş olaram.

6. Sizcə zəfər üçün inam önəmlidir mi?
- Bəli. Axırıncı günə kimi qorxum var idi, amma birdən özümdə bir qüvvə tapdım, qorxularıma qalib gəldim. Hətta imtahana gedəndə belə türk mahnısı var, Ziynət Salinin "hər şey güzel olacak" şərqisini oxuyurdum.

7. Ailə ilə kariyera-ikisi birlikdə alınmır deyirlər, bunu nə qədər doğru hesab edirsiniz?
- İradə olarsa və ailənin dəstəyi doğrultusunda mümkündür. Bir bacım da üç il əvvəl üç uşaqla tələbə oldu. Digər bacım isə magistr imtahanını qazandı, iki uşaq, iş, ailə və repetitor fəaliyyəti ilə buna nail oldu.

8. Hansı vəsaitlərdən istifadə etdiniz?
- Əlimə keçən, gözüm görən bütün vəsaitlərdən istifadə etdim.

9. Repetitor köməyindən istifadə etdiniz mi?
- Bəli, repetitor köməyi ilə hazırlaşdım.

10. 31 yaşındasınız, yaşınız etibarilə universitetə getməkdə kompleks yaşayacağınızı
düşünürsünüz mü?
- Bilirsiniz, müəllimlərim hamısı yaşda məndən kiçik idilər. Onlara qəribə gəlirdi. Nəyisə səhv deyəndə başqa uşaqlara acıqlanırdılar, amma mənə daha nəzakətlə davranır, xanım deyə müraciət edirdilər. Özümü bacardığım qədər uşaq kimi aparırdım ki, o fərq aradan qalxsın. 17 yaşlı şagirdlərlə hazırlaşırdım. Amma universitetlə bağlı kompleksim yoxdur.

11. Övladınız 1-ci sinifə, özünüz isə 1-ci kursa başlayacaqsınız, bu necə hissdir?
- Gözəl hisslərdir, Allah istəyən hər kəsə nəsib etsin bu hissi yaşamağı. Dünən qızım atılıb-düşüb deyirdi ki, "ay Allah, anam "insulta" girib, məni də özü ilə aparacaq". Çox sevinirəm, qızım da məktəbə gedəcək. Mənim anamın oğlu olmadığına görə qızlarını həmişə aşağılayıblar, "qız uşağıdır, orta məktəbə də qoymayın" deyiblər, amma anam bütün bunlara rəğmən bizi oxutdu, bacılarımın hamısına təhsil verdi. Altı bacıdan sonra bir qardaşım olub, onu da oxutmuşuq. Anam göstərdi ki, qız övladı utanc yeri deyil, əksinə baş ucalığıdır. Mən də qızıma ən yaxşı təhsili verəcəm, Allahın izni ilə.

12. Qadın azadlığı deyəndə nə ağlınıza gəlir?
- Bir çoxları qadın azadlığını tamam vecsiz şeylərdə- geyimdə, gəzməkdə görür. Amma elə deyil. Azadlıq istəmədiyin şeyə məcbur edilməməkdir. Açıq geyimi və ya hara istədi getməyi azadlıq hesab etmirəm. Mənim azadlığım hicabımdadır. Və mən bir daha sübut etdim ki, din heç vaxt cahillik, savadsızlıq təbliğ etmir.

13. Özünüzü azad qadın hesab edirsiniz mi?
- Əlbəttə...

14. Həmişə istəklərinizə belə nail olmusunuz, yoxsa hələ də ürəyinizdə gerçəkləşməmiş
arzularınız var?
- Arzularıma çox çətinliklə çatıram. Bu da mənim imtahanımdır, yəqin. Təbii ki, arzular tükənməzdir.

15. Qəbul olduğunuz universitet istədiyiniz təhsil ocağı idi?
- Bəli, tam istədiyim universitet və fakultə oldu, sonsuz şükürlər olsun.

16. Ev işləri, övladınızın məktəbə getməyi və özünüzün dərsləriniz çətinlik yaratmayacaq mı sizə?
- Yəqin ki, çətinlik olacaq, amma yenə də Allahdan aşağı yoldaşımın, valideynlərimin və bacılarımın dəstəyinə arxayınam.

17. Son olaraq, bütün xanımlara kariyera və ailə qonusunda nə tövsiyyələrdə bulunardınız?
- Bütün qadınlara demək istəyirəm ki, əzizlərim, insanın istəyib də edə bilmədiyi, bacarmadığı şey yoxdur. Yetər ki, o qüvvəni özündə tapasan. Biz zərif yaradılmışıq, amma zəif deyilik!
Mən bir il gecələr yatmaq nədir bilmədim, gündüzlər də işlərimi axsatmadım. Yəni istəyimə çatmaq üçün özümə əziyyət verdim, amma indiki sevincim bütün əziyyətlərimi unutdurdu. Qətiyyətli olmaq lazımdır...

18. Sizi təkrar təbrik edir, həm yeni universitet həyatında özünüzə, həm də balanızın yeni tədris ilinə qədəm qoymasında uğurlar diləyirik...
- Çox sağ olun. Sizdən bu təbriki almaq daha da sevindirir məni... Bundan sonra saytınıza da qadınlarımızın acıqlı həyat hekayələrini deyil, xanımlarımızın xoş gününü paylaşıb bölüşməyinizi diləyirəm. Bütün qadınlara xoşbəxtlik arzulayıram.


Müsahibəni aldı-hazırladı: Aysel Abdullazadə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+14=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.026 saniye