Qraf
Əli Məhərrəmli tərəfindən "Hekayə" bolməsinə 09:11 17 noyabr 2016 tarixində əlavə olunmuşdur

- Sən dərsdən gəlirsən, yoxsa palçıq daşımaqdan?

Eyvanda oturmuş qocanın həyətə girən azyaşlıya verdiyi tənəli sual uşağı çaşdırdı. O, qapının önündəcə dayanıb başını aşağı salıb cavab vermədi.

"Üstün başın niyə bu gündədir? Kiminlə süpürləşmisən yenə? Anan səni bu kökdə görsə canını alacaq". Qoca evdəkilər onun səsini eşitsin deyə daha gur səslə uşağı tənbeh elədi.

Bu zaman evdən eyvana atlayan qadın təlaşlı halda - "Nə olub? Kiminlə dalaşıb? desə də , uşağı sağ-salamat görüb sakitləşdi.

- Bir-iki dəfə kirlətdiyi paltarları özünə yudurtsam ağlı başına gələcək. Heç nəyi bir gündən artıq təmiz saxlamaz ha. Mənim əllərimin dərisi gedib hər gün bunun palçığını yumaqdan...

Qadın eyvanın kəndarına yaxınlaşıb qəzəbli baxışlarla oğlunu süzdü.

- O, çantana soxduğun nədir palçığın içində? Pişik balasını gizlədən kimi nə gizlədibsən elə?

Uşaq çantasını dizlərinin arasından çıxarıb içərisində gizlətdiyi gözləri yenicə açılmış qara parıldayan tükləri, yaxasında ağ iri ləkəsi olan küçüyü həyətə buraxdı.

Qadın əsəbi halda: "Bircə bitimiz-birəmiz çatışmırdı, bunu haradan tutmusan?".

Uşaq qorxa-qorxa astaca - "Kəhriz quyusuna düşmüşdü. Çıxartmasam orada ölərdi" : dedi.

- Anası - "Əgər mən o, küçüyü evə girən görsəm səni də, it qarışıq qovacam xəbərin olsun" : deyib içəri keçdi.

Yaşlı kişi yerindən qalxıb pilləkənlərlə həyətə endi. Ortada o tərəf - bu tərəf vurnuxan küçüyü əlinə alıb diqqətlə baxandan sonra narazı halda başını yellədi.

- Dişi süləyən tuladır. Onsuz da küçə itlərinin balalarının çox azı sağ qalır. Yekələnəcən ya maşınların təkərinin altında can verir, ya da qurd-quşa yem olurlar.

Babasının bu sözləri Səidi daha da qorxuya salmışdı.

- Rədd elə bunu həyətdən! Qoca deyinə-deyinə axura girib at yəhərinin üstündən asılmış xurcunu çiyninə atdı. Həyətə qayıdıb küçüyü xurcuna qoyanda uşağın içini çəkə-çəkə ağladığını gördü. Bu zaman eyvandan gur kişi səsi eşidildi.

- Babası deyirəm bəlkə küçüyü azdırmağa tələsməyək. Onsuz da iki-üç günə Səid özü bezəcək. Ya da ayağı yer tutan kimi, küçə itlərinə qoşulub qaçıb gedəcək...

Atanın bu təklifini eşidən uşağın gözləri parıldadı. O, nəzərlərini bir an belə xurcunda zingildəyən küçükdən çəkmirdi...

Ata gözü nəmli oğlunun könlünü almaq üçün soruşdu : "Səid bunun adını nə qoyacaqsan?".

Uşaq atasına sözünü bitirməyə macal vermədi. "Qraf!"

- Niyə məhz?

- Uşaq gülümsündü. Ata yaxasındakı ağ ləkəyə bax. Kinolardakı qrafların paltarlarına oxşayır elə bil.

Xurcundan küçüyü çıxaran qoca onu nəvəsinin qucağına qoyub qaşları çatılmış halda istehza ilə - "Bu Qraf yox, qrafinyadır" : deyib pilləkənlərlə qalxıb eyvandakı yerində oturdu.

Bu hadisədən iki-üç gün, hətta iki üç ay, hətta aylar keçmişdi, amma Səid Qrafdan bezməmişdi. Əksinə hər keçən gün ona daha çox meylini salmış, bərk dostlaşmışdılar.

Səidin yaşadığı kənddə məktəb olmadığı üçün, uşaqlar qonşu kənddəki məktəbə gedərdilər. Səhərlər onları kənddən rayona gedən avtobus aparar, dərsdən sonra isə kəndə tərəf gələn maşınlarla qayıdardılar. Qraf heç vaxt Səidi tək buraxmaz, səhərlər avtobusun, qayıdanda isə onu gətirən maşınların arxasınca qaçardı. O, dərsdə olduğu müddət isə məktəb həyətində bir küncə sıxılıb dərsdən çıxmasını gözləyirdi...

Bir vaxt gəlib yetişdi ki, bütün itlər kimi Qraf da, kürsüyə gedən dönəmdə gecələr evdən qaçmağa başladı. Bir müddət sonra isə çox gec-gec gələrdi, bəzən isə günlərlə gözə dəymirdi. Qraf aid olduğu yerə qayıtmış, sülək küçə itlərinə qoşulmuşdu.

Səid hər dəfə həyətdə bir səs, bir taqqıltı eşidən kimi eyvana qaçır, bunun Qraf olmadığını görcək məyus olardı.

Babası vəziyyəti ona anlatmaq üçün çağırıb deyərdi : "Səid o, bizdən bezdiyi üçün getməyib. Hər kəs və hər şey zamanı çatanda aid olduğu yerə qayıdır. O, gec-tez bu həyətdən gedəcəkdi. Buna görə üzülməyə dəyməz."...

Qış çox sərt keçirdi. Aramsız yağan qar yolu-izi bağlamışdı. Kəndin üzərinə qatı duman çökmüşdü. Göz-gözü görmürdü. Yolları qar tutduğundan kiçik maşınlar gözə dəymirdi. Səid hər səhər avtobus gözlədiyi yerə gəlib xeyli gözlədikdən sonra düşündü ki, yəqin avtobusa gecikib. Evə qayıtsa anası gecikdiyi üçün tənbeh edəcəkdi. Bir yerdə dayandıqca da daha çox üşüyürdü. Asta addımlarla yaşadığı kənddən uzaqlaşır, gec-tez yoldan keçəcək maşınlardan birinə minəcəyini düşünürdü. Dumanda yolu azmasın deyə yol kənarındakı işıq dirəkləri boyunca şütüyürdü.

Qəfil arxadan gələn hənirtidən diksindi. Geri çevriləndə bir neçə addım arxada dayanan heyvanı gördü. O, ilk dəfə idi bu qədər qəzəbli və soyuqqanlı baxışları olan yırtıcı ilə üzbəüz dayanmışdı. Qurd Səidin gözlərinin içinə baxıb mırıldanır, müdafiəsiz və zəif bir ov tapdığı üçün həmlə etməyə tələsmirdi. Uşaq qorxusundan özünü itirmişdi. Ətrafdakı səssizlik və qatı duman isə onu daha çox vahiməyə saldığından hərəkətsiz donub qalmışdı. Qurd arxa pəncəsi üstə geri sıxılıb uşağın üstə atlamaq üçün məqam gözləyirdi. Bu an dumandan çıxan bir it Səidin qarşısına keçib hürməyə başladı.

Uşaq bir neçə addım geri çəkildi. İt onun qarşısında sipər kimi dayanmışdı. Qurd isə sağa-sola addımlayır hücum etmək üçün ən əlverişli məqamı axtarırdı.

Küçə iti başını geri çevirib Səidə hürdü. Ardınca isə qəribə bir səslə uladı. Sanki uşağa "qaç canını qurtar" demək istəyirdi Bu Qraf idi. Tamam arıqlamış, tükləri tökülmüşdü. Ancaq gözləri heç dəyişməmişdi. İt gözlərini bir anlıq qurddan çəkib Səidə çevrildi və susdu. O, sanki öz təşəkkür dolu baxışları ilə vidalaşırdı... Qraf bir anın içində qurdun üzərinə atladı. Səid geri bir neçə addım atıb çantasını tulladı və üzü kəndə sarı var gücü ilə qaçmağa başladı. Qaçdıqca ona elə gəlirdi ki, arxadan qurdun nəfəsinin səsini hələ də eşidir.

Uşaq təngnəfəs özünü həyətə salanda axurun qarşısında atını yəhərləyən babasını gördü. Qorxudan kəkildədi, sadəcə "Cana... cana... canavar" deyə bildi.

Babası qaçaraq evə girib bir neçə saniyə sonra qoşalülə tüfəngi ilə həyətə çıxdı. Atını mindi və uca səslə "Harda?" soruşdu.

- Kənd yolunda.

Qoca yol kənarında Səidin məktəb çantasını görüb dayandı. Bir az irəlidə isə qar tamam al qana bulaşmışdı. Qurdun boğduğu küçə iti yolun ortasında can verir, onun küçükləri isə analarının südünü əmirdilər...

Qoca dumanda qurdun ayaq izlərini axtarırdı. Səidin babası köhnə ovçulardan idi. Asta gedən heyvanla, qaçan heyvanın ayaq izlərini ayırd edə bilirdi. Atın başını çevirib qurdun qardakı iziylə çapmağa başladı...

Həmin səhər bütün kənd iki qoşa atəş səsinə oyandı.

Bir müddət sonra həyətdə at kişnəməsi eşidildi. Yaşlı kişi atdan düşüb tərkindəki xurcunu və tüfəngini götürüb evə girdi. Sobanın yanında qorxudan hələ özünə gəlməmiş nəvəsinə yaxınlaşdı.

- "O, bizə səni, sənə isə öz can borcunu qaytardı. Biz də ona borclu qalmarıq" : deyib xurcunu astaca sobanın yanında yerə qoydu. Xurcundan çıxan gözləri yenicə açılmış yeddi küçük isti sobaya tərəf yaxınlaşıb bir-birlərinə qısılıb dayandılar. Baba nəvəsinin boynunu sinəsinə sıxıb qulağına pıçıldadı: "Allah adildir. Bir zaman bu həyətdən azdırmaq üçün analarını qoyduğum xurcunda balalarını geri qaytaracaq qədər ədalətli və mərhəmətlidir".

Əli Məhərrəmli


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+3=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0248 saniye