"Mən azadlığımın xoşbəxtliyini yaşayıram" - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 17:28 13 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bu günkü müsahibim zəkası və ağlı ilə seçilən, iş həyatında uğurla addımlayan Xanım Bağırovadır.
Səmimi söhbətimizi siz də oxuyun.

1. Salam... Xanım Bağırova kimdir?
- Salam... Xanım Bağırova 1995-ci ildə Şirvan şəhərində Bağırovlar ailəsində dünyaya göz açan, bir az şıltaqlığı, bir az da kövrəkliyi ilə seçilən biri... Subayam, dövlət işində çalışıram.

Mən özümçün həmişə
Baxdıqca sirri artan
Müəmmalı şəkiləm.
Özümə ittihamçı,
özgəsinə vəkiləm.

2. Zahirə önəm verirsən, yoxsa daxili sevənlərdənəm deyirsən?
- İçi gözəl olanın üzü də gözəl olar. Üzü gözəldən 40 günə doyarsan, içi gözəldən 40 il də doymaq olmaz. Zahiri gözəlliyi almağa bir qəza belə yetir. İllər səndən o zahiri gözəlliyi zamanla alır. Məncə, fikrim aydın oldu.

3. 17-li yaşlarda kitablar yoxsa ailə qurmaq?
- 17 yaş nədir, ailə qurmaq nədir? Mən, qızların həddən artıq tez ailə qurmasına qarşıyam.17 yaşlı qız nə bilir ailə nədir, məsuliyyət nədir? İlk öncə kitablarına baxsın. Öz hüquqlarını bilsin. Təhsil alıb, ayaqları üstündə dursun. Arvad yox, əsl qadın olsun! Ən azından orta məktəbi bitirməmiş qız, hansısa evə gəlin köçməsin!

4. Sevgi nədir Xanım üçün?
- Sevgi çox böyük, dərk edilməsi çətin məsələdir. Sevgilər müxtəlifdir, hər şeyə aid olan sevgi müəyyən tərzdə ifadə olunur. Sevgi, ən zəif nöqtəmiz, ən güclu yerimizdir! Qarşı cinsə olan sevgi isə 1+1=1 formatındadır, mənə görə.

5. Ailə və sevgi eşitdir mi?
- Ailədə sevginin rolu böyükdür. Amma qurulan ailə, sadəcə sevgi üzərində qurulursa, bu düzgün deyil. Bir ailədə anlayış, hörmət yoxdursa, sevgi də müəyyən vaxtda puç olur.

6. Yeni yazı üzərində işləyirəm. Bu mövzuda sənin də fikrini öyrənim. 35-40 yaşlı xanım hər hansı səbəbdən ailə qura bilməyibsə, ana olmaq hissindən məhrum olmalıdır?
- Əslində, mənim baxış açımı, məncə, çoxları bəyənməyəcək. Bizim toplumda da bu birmənalı olaraq qarşılanmır. Məncə 35+ yaş xanım ailə qurmayıbsa, niyə analıq hissindən məhrum olsun ki? Ailə olmaq hissindən, onsuz da, məhrum olub... Amma bizim cəmiyyətdə bunu tam dərk etmək mümkün deyil.

7. Hazırda düşüncəndə olan ilk arzun nədir?
- Təhsilim və iş həyatımda yüksəliş.

8. Təhsil və qadın ikilisində ayrılmazlıq nədir?
- Məncə, təhsil kişidən çox qadına lazımdır. Cəmiyyətimizin təhsilli qadınlara ehtiyacı çoxdur. Təhsil qadının birinci xoşbəxtliyidir. Təhsilli, savadlı qadın həyatda həmişə 1-0 öndədir.

9. Azad qadın yoxsa xoşbəxt qadın, ya da ikisi birlikdə? Hansı daha gözəl və uğurludur?
- Məncə, hər ikisi. Qəfəsdə bülbül nə qədər xoşbəxt ola bilər ki?Elə, azad olmaq özü xoşbəxtlikdir.

10. Ümumiyyətlə, azadlıq sözünün mənasını necə anladarsan?
- Bir kitabda belə bir məqalə oxumuşdum: "Sən azadsan, amma azad hərəkət məsuliyyət gətirir – bu sənin əsarətindir. Buna istəyirsən əsarət de, gözəl bir kəlimə deyil, istəyirsənsə də, məsuliyyət de. Mən elə deyirəm. Müəyyən bir hərəkəti seçirsən, bu sənin azadlığındır. Bu hərəkətin nəticəsi isə sənin məsuliyyətin olacaq”
Bu fikri çox bəyənmişdim. Mənə görə isə azadlıq, istədiyin hər şeyi oldu-olmadı, bilmədən, sonunu düşünmədən ağlına nə əsdisə etmək deyil! İstəmədiyin şeyə məcbur edilməməkdir...

11. Aşiq olmaq yoxsa sadəcə sevmək?
- Şəmsə bu sualı verəndə çox gözəl cavabladı: "Sənin baxdığına hərkəs baxar, amma sənin onda görə bildiyini hər kəs görə bilməz...
Hər kəs aşiq ola bilər, amma kimsə sənin kimi sevə bilməz...
Tək fərq sənsən...! Səni özəl edən sevdiyin deyil, sevgindir."

12. Bağlılıq və sevgi oxşar olsa da, fərqlidir, səncə, arasındakı fərq nədir?
- Bağlılıqla sevgi arasında yer ilə göy qədər fərq var. Əslində, oxşardır, deyirlər, xeyr! Bağlılıq müəyyən vaxt sonra həvəs və hissinin bitməsi ilə nəticələnər. Sevgi isə zamanla güclənir. Bağlılıq araya məsafə girdi mi azalar. Sevgi isə məsafə tanımaz. Və bağlılıqda güvənsizlik hissi olar. Oysa, güvən özü sevgidir.

13. Çalışan bir xanım olaraq, bunun üstünlüklərindən bəhs et, lütfən...
- Ən əsası, heç olmasa, hər gün durub işə hazırlaşırsan. Planlı olmağı, kollektiv anlayışını dərk edirsən. Və ən yaxşısı, ayda bir dəfə zəhmətinin bəhrəsini görürsən (ən sevdiyim məqam budur) Özünə inamlı olmağı öyrənirsən. Çalışan qadın öz ayaqları üstündə durmağı, kimsədən aslı olmadan yaşamağı öyrənir.

14. Vicdan yoxsa doğruluq?
- Vicdanı olmayan insan doğru insan ola bilməz. Vicdansız insan doğru da danışmaz. Vicdanı olmayan insan insanlıqdan kənardır...

15. Xanım bu gün xoşbəxtdir yoxsa azad?
- Mən azadlığımın xoşbəxtliyini yaşayıram. Atam-anam mənə qadağa qoymayıblar. Mən özüm də hər şeyin həddini bilmişəm. Azadamsa, demək xoşbəxtəm. Əgər biri sizə azadlıq vermirsə, demək güvənmir! Mən güvənsizliyə dayana bilmərəm. Və şükür xoşbəxtəm. Ailəm, dostlarım, məni sevən yaxınlarım var. Mənə güvənirlər ki, azadam, azadam ki, xoşbəxtəm!

16. Dünyanın idarəsi qadından asılı ola bilər mi?
- Qadın özü bir dünyadır. Dünyanı, zatən, qadınlar idarə edir. Dünyanı idarə etdiyi iddia olunan kişinin arxasında da onu idarə edən bir qadın yox mu? Var! Dünyanın ağıllı qadınlara həmişə ehtiyacı var.

17. Bir ömür Vətəndən kənarda yaşayıb Vətənini tanıtmaqla məşğul olmaq mı daha çox vətənpərvərlikdir, yoxsa Vətəndə yaşayıb varlığı bilinməyən biri olmaq mı?
- Vətənpərvərliyin Vətəndən uzaqda, yaxud Vətəndə olmaqla əlaqəsi yoxdur. Açar sual budur: sən Vətəni nə qədər sevirsən? Vətən üçün nə etmisən? Vətəndə olub ona bir xeyrin dəyməməkdənsə, əlbət, birinci variant daha çox uğurludur.


18. Ailə üçün nəyi qurban vermək olar?
- Ailə geniş məvhumdur. Ailəyə öz eqonu qurban verə bilərsən. Mən deyən yox, sən deyən yox, "biz" deyən olsun - şüarı ilə.

19. Kitabdan çox şey öyrənmək olar, yoxsa səyahətdən?
- Mənə görə, çox oxuyan yox, çox gəzən daha çox öyrənər.

20. Ən son oxuduğun kitab və xatırladığın ibrətamiz cümlə?
- Son oxuduğum kitab türk yazar Kahraman Tazeoğludan olub. Amma ibrətamiz cümləni başqa bir yerdən gətirəcəyəm.
"Eşq nədən can yandırar" ("Aşk neden can yakar") kitaında belə bir cümlə var: -"Sonra anlayarsan ki, nar dənələrini tək-tək yerinə yerləşdirən Rəbbim, səni də hansı könülə yerləşdirəcəyini bilir".
Çox gözəl bir cümlə deyil mi? Üsyan etməməyi öyrədir.

21. Bu günlə yaşamaq doğru yoxsa sabahla?
- Dünən dünəndə qaldı, bu gün də dünən olacaq, ona görə də, sabahla addımlamaq lazımdır.

22. Xanımlarımıza sözün?
- Xoşbəxt olmağı bacarsınlar. Keçmişdə nə olur-olsun, geriyə baxmasınlar. Özlərini kiməsə əzdirməsinlər. Necə ki, haqsız olanda susmağı bilirlərsə, haqlı olanda da danışmağı, haqqını tələb etməyi bacarsınlar. Həyata bir dəfə gəlirsiniz, kimsəyə qul, kölə deyilsiniz. Sizə bu cür rəftar olunmasına qarşı çıxın. Özünüzü sevin, özünüzə dəyər verin. Əks cinsin sizi aşağı görməsinə göz yummayın. Gender bərabərliyini unutmayın! Qiymətinizi bilən əllərdə çiçəklənin!
Qadın xoşbəxtlik üçün yaradılmış varlıqdır. Qadın sevginin özüdür. Sizi sevənin yanında olun.
Hamınıza - bütün qadınlara xoşbəxtlik arzulayıram. Həmişə özəl və gözəl qalın!

- Belə içdən bir söhbət üçün təşəkkürlər, Xanım!
- Aysel, sənə xüsusi təşəkkür edirəm...

Söhbətləşdi: Aysel Abdullazadə

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+29=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0293 saniye