"Nikahlar dövlətlərin qeydiyyat kağızıdır, ürəklərin yox!" - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 23:17 10 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bu günkü müsahibim yazıçı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü - Rüzgar Mövsümdür.

1. Azərbaycanda ailə formatı niyə bu qədər darısqaldır?
- Ümumiyyətlə, mən deyərdim ki, Azərbaycanda bir çox şey darısqaldır və bunun da başlıca səbəbi insanların bir-birilərinin ərazisinə, fərdiyyətinə hörmət etməməsidir. Hörmət və tolerantlıq olmayan yerdə geniş imkanlar olmur, qabiliyyət və istək təcavüzə uğrayır. Yollar daralır.


2. Sevgi varsa, mütləq sayğı damı var?
- Məntiqlə elədir. Çünki hörmət etmədiyin adamı necə sevə bilərsən ki? Həm məncə sevgi daimi deyil, anlardan ibarətdir.


3. Azərbaycan kişisi qadınını çox qısıtlayır, "o olmaz, bu olmazlar” bitmir və bu qadının içindəki istəyi boğmağına səbəb olur. Özü də baxırsan ki, sevgi əsasında ailə qurublar. Bu gerçək sevgidirmi? Sevmək məhdudlaşdırmaqdırmı?
- Burada biz yenə birinci sualın cavablarına qayıtmış olacağıq. Hər şey adamların bir-birilərinin ərazisinə, fərdiyyətinə hörmətlə yanaşmasından asılıdır. Bir insan "səni sevirəm” deyib başqa insanın arzularını içində necə boğa bilər ki? Bu haqsızlıqdır. Böyük haqsızlıqdır.

4. Bizim kişilər istəklərini çöldə axtarırlar, evdəki qadından yalnız uşaq doğmaq makinası kimi isitifadə edirlər. Bu niyə belədir? Kənarda başqa sevgili ilə yaşanan seksi nə üçün evindəki qadını ilə edə bilmir?
- Hər şey tərbiyədən başlayır. Bizim evlərdə seksi tərbiyəsizlik kimi təlqin edirlər. Nəticədə adam vaxtı gələndə seks dozasını almır. Sonra dönür olur xroniki "yanıq”. Bu hər iki cinsə aiddir. Həm bizim kişilərin bayırda başqa qadın axtarmasının bir səbəbi də qadınlarımızdır. Çox komplekslidirlər. Yataqda kişinin canını ala bilmirlər. Kişinin canını alsalar, kişinin başqa qadına nəyinki marağı, heç halı da qalmaz. Amma ümumiyyətlə, içi bizim kişilər qarışıq demək olar ki, əksəriyyət kişilər "leviy getməyə” meyillidirlər. Bunu adi müsahibədə ətraflı izah edə bilmərəm. Elton Conun "Sacrifice” mahnısında belə sözlər var "Into the boundary of each married man sweet deceit comes calling” yəni "Hər evli kişinin ürəyinin dərinliklərində ona şirin gələn xəyanətə aldanma istəyi doğulur”. Məni qınamayın. Mən sadiqəm, amma mələk deyiləm. Mən də kişiyəm, adi kişi.

5. Kişinin arzuladığı intim oyunları (bu çox doğaldır) Azərbaycan qadını niyə təhqir kimi qəbul edir, bunu yalnız fahişə ilə edə bilər kimi absurd bir fikrə qapılır? Və kişi xəyanəti ilə üzləşəndə bunun səbəbini özündə görmür.
- Mən bir şey deyə bilərəm ki, qadın kişi üçün yataqda özünü fahişə kimi də apara bilər. "Bunu yalnız fahişə ilə edə bilər” şüarı isə 100% sünidir. O qədər "sakit və tərbiyəli” qızların "oyun çıxarması”nı görmüşük ki… bizdə səmimilikdən əsər əlamət yoxdur. Hamı rol oynayır. Həm də bu rolu pis oynayırlar. Stanislavkiy bunlara heç vaxt inanmazdı.


7. Qadının istəyini nəzərə almayan kişi nə etsə də, o boşluğu qapada bilmir. İllərlə ailəli olan qadınlar var ki, bir dəfə də olsun orqazm yaşamayıblar, hətta bunun nə olduğundan xəbərsizdirlər. Bu, hər şeydən öncə kişinin məharətsizliyi və qadının istəyini düşünməməsi demək deyilmi?
- Biz çox temperamentli xalqıq. Amma təəsüf ki, bu temperamentliliyimizi düzgün istifadə edə bilmirik. Bunun səbəbi isə savadsızlıqdır. Bizdə məktəbdə intim həyat haqqında ancaq çox primtiv şeylər başa sala bilərlər. Buna görə də hər iki cinsin nümayəndələri hər şeyi haradan gəldi öyrənirlər. Təcrübə üçün geniş imkanlar olmur. Necə gəldi. Oğlanlarımız "bas getsin” prinsipləriylə qadın öyrənirlər. Belə olmur. Primitivlik və yalanlardan başlayan seks əks cinsi başa düşmək üçün kifayət etmir. Fobiyayla dolu olan intim akt komplekslərin yaranmasına gətirib çıxarır. Təcrübəsiz adam isə təbii ki, əks cinsi yataqda xoşbəxt edə bilmir. İstər kişi olsun, istərsə də qadın. Orqazm? Əminəm, gənclərimizin böyük bir hissəsi heç bu sözün mənasını bilmir. Bizdə buna "bowalma” deyirlər. Özü də məhz elə ş əvəzinə w yazmaqla. Mən hələ ekztazdan və başqa şeylərdən danışmaq istəmirəm.


8. Ümumiyyətlə, bu həyat yoldaşı nə üçündür? Kişi başqa bir qadınla görüşüb dərdləşirsə, onunla sevişirsə, onunla əylənirsə, filmə gedirsə, matç izləyirsə, restoranda yemək yeyirsə, niyə evindəki xanım var? Bu situasiyada günahkar hansı tərəfdir?
- Kişiylə qadın bütün bu şeyləri birlikdə də yaşaya bilər. Amma bunun üçün qadın kifayət qədər müdrik olmalıdır. Müdrik və kişinin nə istədiyini başa düşən. Kişilərin isə istəkləri çox primitivdir - mənə vaxtlı-vaxtında istədiyimi ver, beynimi sevmə!”. Bu qədər sadə. Amma görün bunu bacaran nə qədər qadın var? Əslində isə yenə də qadın deyən olur, amma müdrik qadın bunu elə edir ki, kişiyə elə gəlir ki, o deyən oldu. Çox hiyləli bir mexanizmdir. Yoxlayın, çox əla işləyir.


9. "Anadan gəlmə yaxşı kişi olmur. Yaxşı kişiləri müdrik qadınlar yaradır” – bu fikri sosial şəbəkədə siz paylaşmışdınız. Müdrik qadın kimdir?
- Əslində, müdrik qadın anlayışı hər bir şey kimi çox nisbidir. Amma mənə görə, "müdrik qadın”ın tərifi yoxdur, o müdrikdir, mükəmməldir. Vəssalam. Bir kişi kommunizimini də, nirvanasını da belə bir qadının ayaqları altında tapa bilər.


10. Azərbaycanda əsl xoşbəxt ailə tablosunu görmək çox çətindir. Saxta gülüşlərlə xoşbəxtliyi göstərmək olmur. Sizdə bu tablo çox gözəl rənglərlə işlənib. Bunun formulu nədir?
- Əla sualdır. Bu suala böyük məmnuniyyətlə cavab verəcəyəm. Sevgilimlə mən maksimal dərəcədə səmimiyik. Sevgilimlə mən hər situasiyada eyni mövqedəyik. Dostuq. Bizim üçün eqo yox, ortaq məxrəc və hər ikimizin rahatlığı vacibdir. Həm də biz iç-içə yaşasaq da, bir-birimizi kiçik də olsa şəxsi əraziylə təmin edirik. Bu bir-birimizdən yorulmamağa, bir-birimiz üçün darıxmağa ideal şərait yaradır. Qalan şeylər "vız gəlir”.


11. Bir yazı yazmışdım, mövzu belə idi: "Kişilər ağıllı, kültürlü, bilgili və toplumda söz sahibi olan qadınların ağırlığını bir həyat yoldaşı kimi daşıya bilmirlər. Dost da ola bilərlər, bəyənərək izləyicisi və hətta sevgilisi belə ola bilərlər, amma həyat yoldaşı kimi qəbul edə bilmirlər. Bu özgüvən olmamaqdan irəli gəlir" - bu barədə necə düşünürsünüz?
- Bu, zəif kişilərin yoludur. Güclü kişi istənilən qadını xoşbəxtliklə ram etməyə qadirdi. Adı üstündə - kişi. Qadın intellektlidir? Səndən ağıllıdır? Ona sahib olmaq istəyirsənsə, zəhmət çək onu ağlınla da, biliyinlə də təəcübləndir. Kişi nə qədər maço olursa olsun, intellektli və ağıllı qadın, maraqlı qadın bir müddət sonra onunla darıxacaq. Odur ki, maçoluq qadının təkcə cinsi tələbatını deyil, mənəvi aclığını da doydurmalıdır.


12. Mövsümovlar evliliyi hansı kriteriyalar əsasında baş tutub?
- Bizim münasibətlər ilk gündən təbii olub. Biz ilk gündən sünilikdən qaçmışıq. Bir-birimizi sevməklə məşğul olduğumuz vacib dönəmdə özümüzü "evlilik planlarıyla” yorub hisslərimizi qaçırtmamışıq. Çərçivələrə girməmişik. Biz evlənməmişdən qabaq düz bir il birlikdə yaşamışıq və sonra hər şey öz axarıyla olub. Bir də baxıb görümüşük ki, ailəyik. Övladımız da var. Amma əslində, elə evlənməmişdən qabaqkı dövrdə də, birlikdə yaşadığımız vaxtda də elə, əsl ailə kimi idik. Bütov idik.


13. Xanımınıza sevgi etiraf etməkdən çəkinmirsiniz, sevgi dolu rəsimlərinizi paylaşırsınız, bunu niyə bütün kişilər edə bilmir. Nədir qorxudan, ictimai qınaqmı, mentalitetmi?
- Belələrini mən də anlamıram. Əlbəttə ki, mentalitet öz sözünü deyir. Amma qınamaq da olmaz. Hərə bir cürdür. Bəziləri sosiallaşmaqdan çəkinmirlər, kütlə içində rahatdırlar. Bəziləri isə əksinə. Öz aləmlərinə çəkiliblər və heç bir halda ailəni, şəxsi münasibətləri sosial aləmə gətirmək istəmirlər.


14. Həyat yoldaşının, övladının və anasının adını yaxud şəxsini mövzu bəhsi edərkən dönə-dönə "üzr istəyirəm" ifadəsi nəyin əlamətidir?
- Ağır söhbətdir. (gülür). Zarafat edirəm. Bu mənə çatmır, amma kökü yəqin gedib arvad sözünə çıxır. Arvad sözünün gerçək mənası övrətdir, yəni qadının cinsiyyət orqanı. Hətta Türkiyədə hələ də avrat deyirlər. Övrət sözünün təhrif olunmuş variantıdır.


15. Ailə başçısı olmalıdır yoxsa ailə hər iki üzvün fikri ilə idarə olunmalıdır? Sizdə necədir?
- Kişi kişi olmalıdır, amma qadına həyat yoldaşı deyiriksə, onun məsləhət və qərarları mütləqdir. Əlbəttə ki, söhbət ağıllı məsləhət və qərarlardan gedir.


16. Azərbaycanda nadir olan örnək ailələrdənsiniz, bunu nə ilə qazanmısınız, sadəcə sevgi olması yetərlidirmi?
- Təşəkkür edirəm. İltifat edirsiz. Təkcə sevgi kifayət deyil. Ehtiras, səmimilik və dostluq olmalıdır. Yoxsa alınmaz. Biz sadəcə bir komandayıq və komanda üzvlərinin hamısına hörmət edirik.


17. Övladın dünyaya gəlişi sevgini şaxələndirir, deyirlər, oğlunuz Harunun dünyaya gəlməsi Lalə xanıma olan sevginizdə dəyişiklik edibmi?
- Hər şey bir az daha müqəddəsləşib. Hər şey bir az çoxalıb. Biz özümüz də çoxalmışıq, yəni böyümüşük.


18. Bir fikrinizi oxumuşdum, Lalə xanımla nikah şəhadətnamənizlə bağlı idi. Bunun önəmi olmadığını, sadəcə sənəd (qeydiyyat) prosedurları gərəyi lazım olduğunu, iki insan arasındakı sehrin bir kağız parçası ilə müqayisə olunmadığından bəhs etmişdiniz. Vətəndaş nigahına münasibətiniz necədir?
- Əla. Bayaq, deyəsən demişdim, biz bir il birlikdə nigahsız-filan yaşamışıq. Nigahlar dövlətlərin qeydiyyat kağızıdır, ürəklərin yox. Bu qədər sadə. O, hisslərə deyil, statistikaya xidmət edir. Bir sevgi ki, kağızdan stimul alır, apar tulla.


19. Biz toplum olaraq xoşbəxt olmaq üçün nəyi dəyişməliyik?
- Bir-birimizə münasibətlərimizi. Bizdə adamlar bir-biriərinə hörməti çox əsirgəyirlər və başlarını hamının şəxsi həyatına soxurlar. Hamısı əxlaq dərsi vermək istəyir. Qurdalayanda, elə özlərinin əxlaq dərsindən iki aldığını aşkar edərik.


20. Son olaraq, gənc sevgililərə, cütlüklərə uğurlu birlikdəlik üçün nəyin önəmli olduğunu açıqlayardınız.
- Səmimilik, fərdiyyətə hörmət, çoxlu yaxşı seks və təbii ki, orqazm. Yaşasın endorfinlər...

Maraqlı söhbət üçün təşəkkür edir, sizə bir ömür xoşbətlik diləyirik.
- Təşəkkür edirəm.

Söhbətləşdi: Aysel Abdullazadə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+1=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0317 saniye