"Qadın, xəyanət görən tərəf olaraq həmişə günahsızdır" - MÜSAHİBƏ
Aysel Abdullazadə tərəfindən "Müsahibə" bolməsinə 12:52 20 noyabr 2015 tarixində əlavə olunmuşdur

Ziyalı xanım - Səadət Nəbiyeva ilə müsahibəni təqdim edirik:

1. Salam, Səadət xanım, necəsiniz?
- Salam, çox sağ olun, şükür Allaha, hər şey yaxşıdır.

2. Sizi bir az tanıyaq...
- Adım Səadət, 25 yaşındayam, ixtisasca müəlliməyəm.

3. Şəxsimə çox kültürlü, zəkalı və dünyagörüşlü xanım olaraq tanışsınız. Müəllimə olaraq hansı fəaliyyətləriniz var, ümumiyyətlə, istəyərdim ki, bir az elmdən, bilgi faydasından danışaq.
- Çox sağ olun, təşəkkür edirəm. İnsanlarda bu izi buraxa bildiyimə görə çox sevinirəm. Çünki mənim üçün belə sözlərlə xatırlanmaq çox önəmli və xoşdur. Müəllimə kimi üç ildir çalışıram. Hələ gəncəm, ümidvaram ki, gələcəkdə bir çox uğurlara imza atacağam. şagirdlərim tərəfindən çox sevilmək və dəstəklənmək sevindiricidir, mənə ən böyük stimuldur. Fikrimcə müəllimə olmaq uşaqlara bilik verməklə yanaşı, həm də onların idealı olmaq, qəhrəmanına çevrilmək və yaxşı insan olmağı aşılamaqdır. Çox təəssüf ki, bu gün müəlllimələr yetərincə savadlı olsalar da, gənclər və uşaqlarla davranış qaydalarını yaxşı bacarmırlar. Çox aqressiv, gənc nəsli anlamayan, bəzən, təhqir edən müəllimlər görürəm. Bu, onların pedaqoji hazırlığının zəifliyindən qaynaqlanır. Bu, şəxsən mənə xoş deyil. Müəllimin ilk işi səbrli olmaqdır. Düşünürəm, mənim ən böyük qazancım və fərqim empati qura bilməkdir və bu hissimlə şagirdlərimi gözəl anlamağımdır. Savad tərəfinə qalanda isə, məncə, bir müəllimin ən böyük nailiyyəti heç oxumayan, elmə marağı olmayan şagirdlərdə həvəs yaradıb onları uğura aparmaqdır. Mən çox vaxt zəif şagirdlərə daha çox diqqət ayırıram, nəsə öyrətməyə çalışıram. Marağı olan, yaxşı oxuyan şagirdi hamı öyrədə bilər. Bu da mənim başqa bir özəlliyimdir.

4. Şagirdlərinizlə münasibətiniz necədir?
- Düzü, müəllimə işləməyimə ən böyük səbəb hər bir şagirdi həddindən artıq sevməyimdir. Mənim üçün hər biri çox dəyərlidir.

5. Yeni ailə qurduğunuzu bilirəm, bu, sevgi evliliyidir yoxsa məntiq?
- Əlbəttə sevgi... Həmişə, ağlım kəsəndən əsl deyimi yerində, ağ atlı şahzadəmi gözləmişəm. Evlilik üçün əsas şərt, məncə, sevgidir. Romanlardakı sevgilərdən danışanda ətrafımdakı insanlar sadəcə gülürdülər. Amma mən həmişə sevgiyə inanırdım və həqiqətən, o sevgini tapdım. Düzdür, gələcək necə olar, bunu ancaq Allah bilər, amma bu gün bu sevgini yaşadığım üçün çox xoşbəxtəm.

6. Sizcə, ailə nədir, hansı anlamı daşıyır?
- Mənim üçün ailə, çılğın bir eşqlə başlayıb, sevgi ilə kamilləşib, hörmət və qarşılıqlı anlaşma ilə ömür boyu davam edən və hər an, hər dəqiqə bir-birinə dəstək olan iki insanın davam etdirə bildiyi kiçik bir dünyadır.

7. Qadın xoşbətliyi harda tapır?
- Əslində, qadın istəsə hər yerdə xoşbəxtlik tapa bilər. Bu, biri üçün ailə həyatı olar, biri üçün kariyera, biri üçün valideyn və s.

8. Evliliyinizdən mutlusunuz mu və evlilik qadına nə verir?
- Allaha çox şükür, xoşbəxtəm. Evlilik mənə sevdiyim insanı və xəyallarımı verib. Xəyallarımı ona görə deyirəm ki, hər bir arzumu, xəyalımı gerçək etmək üçün çalışan həyat yoldaşım var.

9. Təhsil almaq və ailə - bu iki birlikdəliyi vəhdətdə aparmaq çətindir mi?
- Hər şey yanındakı insandan asılıdır.

10. Kişi və qadın bərabərliyi nə dərəcədə önəmlidir?
- Çox önəmlidir. Bir gün kişi və qadın bərabərliyi bütün insanlar tərəfindən qəbul edilsə, cəmiyyətimiz çox gözəl bir yerə çevriləcək. Bir yer düşünün, qadınlar əzilmir, hüquqları tapdanılmır, aciz qalmırlar. Bundan gözəl nə ola bilər?!

11. Qadın təhsili ilə bağlı düşüncələriniz hansı formadadır?
- Qadın təhsili həyatda ən önəmli faktordur. Mütləqdir! Ali təhsilli olduğum halda belə, bu gün daha çox oxuya bilərdim, daha çox öyrənə bilərdim deyə özümü tənbeh edirəm.

12. Erkən evliliklərin şahidi oluruq bəzən, sizcə, qız üçün normal evlilik yaşı neçədir?
- Erkən evliliyə qarşıyam. Qadın hər şeyi anlayıb, dərk edəndə ailə qurmalıdır. Bu isə 23 yaşdan sonra formalaşır.

13. Bağışlanılmaz olan nədir?
- Xəyanət və ikiüzlülük...

14. Güzəştə getməyi bacarırsınız mı? Yoxsa qarşı tərəf sizə güzəştə gedir?
- Həmişə qarşılıqlı olur. Adətən, qarşı tərəfdən daha çox güzəşt görürəm. Mən xarakter cəhətdən bir az çılğınam.

15. "Kişi xəyanəti qadından qaynaqlana bilər", bunu necə düşünürsünüz?
- Məncə. yox. Bir kişinin qanında, istəyində xəyanət varsa, həmişə edəcək. Sadəcə nələrisə bəhanə olaraq suna bilər. Qadın, xəyanət görən tərəf olaraq həmişə günahsızdır.

16. Azadlıq və xoşbəxtlik ifadələri eşləşir mi?
- Mənim üçün bəli... Azad olmadığım, istədiyimi edə bilmədiyim bir yerdə xoşbəxt ola bilmərəm.

17. Qadını qadın qılan nədir?
- Məncə, səbrli, anlayışlı və daima güclü olmağı...

18. Uğurlu qadın toplum tərəfindən dışlanır, bu gün də belə hallar var, bu haqda necə fikirdəsiniz?
- Əlbəttə, elə olacaq. Bunun bir açıqlaması var - paxıllıq... Qadın, başqalarının edə bilmədiyini etdiyi üçün qadınlar tərəfindən paxıllıq görür, kişilər isə uğur qazanmış bir qadını qula çevirə bilməyəcəyi üçün eqosuna təslim olur.

19. Bir də, uğur əldə edən, nailiyyət qazanan, toplumda söz haqqına sahib olan qadını hər kişi həyat yoldaşı olaraq daşıya bilmir, onun ağırlığına tab gətirə bilmir. Bu haqda bir yazım da var. bilmirəm, oxumusunuz ya yox, bu barədə nə deyərdiniz? gerçəkdən mi belədir və səbəbi?
- Bəli, bizim cəmiyyətdə 90% belədir. Yazınızı oxumuşam və çox bəyəndiyim yazılardan oldu. Həmişə deyirəm, yalnız özgüvəni yerində olan, güclü kişilər uğurlu qadını daşıya bilər.

20. Yoldaşınız sizə dəstəkdir mi?
- Bəli... O, həmişə məni yüksəkdə görmək istədiyini bildirir. Bəzən onu niyə tez tanımadığıma görə təəssüflənirəm. Əsla, tənbəl qadınları sevmir.

21. Gənc yaşdasınız və yetərincə uğurunuz var, bunun təməlində bir kişi dəstəyi var mı?
- Ümumiyyətlə, həyatımda olan bütün kişilər, əvvəl atam, qardaşım, indi isə yoldaşım həmişə uğur qazanmış qadının tərəfində dayanıb, dəstəkçisi olublar. Yüksəlməyim üçün çalışıblar.

22. Biz həm də həmkarıq, çünki mən də müəlliməyəm, belə bir sual verim, bu gün qızlarımız və kitab - nə qədər bağlılıqları var?
- Bu gün kitab oxuyan çox azdır. Mən kitabları çox sevirəm, həyatımın daima bir parçası olublar. Amma indiki bəzi qızlarda onu görmürəm. Çox təəssüf ki, kitabdan, elmdən başqa hər şeyə maraqları var.

23. Son olaraq, xoşbəxt bir qadın kimi xoşbəxtliyin formulunu açıqlayın
- Xoşbəxtlik, səni anlayan, daima dəstək olan, hər halında dayağın olan bir həyat yoldaşına sahib olmaqdır. Mənim üçün hal hazırda xoşbəxtlik budur. Amma ümumiyyətlə, bir qadını uğurları, təhsili, işi- hər şey xoşbəxt edə bilər. Xoşbəxtlik tək evlilikdə və ərdə deyil. Xoşbəxtliyi ancaq bu iki qavramda görən qadınları kəskin şəkildə qınayıram. Bir qadın özünü kişisiz, həyatında bir kişi olmadan mutlu edə bilmirsə, əmin olun ona sevgili də, ər də kömək etməyəcək. Güclü və öz sözünü deyən qadınlar həmişə xoşbəxt olurlar.

Maraqlı oldu, təşəkkürlər.
- Həmçinin. Çox sağ olun!

Söhbətləşdi: Aysel Abdullazadə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+10=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0306 saniye