"Xəstə ümidlər qonağı" Keyt Şopin
Tamella Abdıyeva tərəfindən "Hekayə" bolməsinə 18:11 27 yanvar 2016 tarixində əlavə olunmuşdur

Randal qısa müddətlik də olsa, Dorosiadan - evlənəcəyi qızdan ayrılanda, həsrətə dözmək hər iki tərəfə çox çətin bir sınaq kimi görünürdü. Ayrılıq anı getdikcə daha da şiddətlənən uzun-uzadı öpüşlər və qucaqlaşmalarla müşayiət olundu.
O, ayın axırı qayıdacaqdı. Bitmək bilməyən ehtiraslı məktublar onlar arasında bir körpü yaratmışdı.
Ancaq, ayın axırı o gəlmədi; xəstəlik onu yubatdı. Mənşəyi bilinməyən və qızdırmayla müşayiət olunan bərk üşütmə onu yatağa saldı. O, ümid edirdi ki, bir həftəyə yaxşılaşacaq və iki həftəyə sevgilisinə qovuşacaq. Baxmayaraq ki, həkim onu ruhdan salmamış, iki həftəyə ayağa qalxacağına söz vermişdi. Ancaq, bu adi müalicəyə asanlıqla təslim olan soyuqdəyməyə oxşamırdı.
Bütün bunlar səbirsiz Dorosia üçün əsl əzab idi; əgər valideynləri icazə versəydi, o heç tərəddüd etmədən sevgilisinin yanına qaçar, onun yastığının başında növbə çəkərdi.
Uzun müddət əlaqə kəsildi, oğlan heç nə yaza bilmədi. Randal bir gün yaxşılaşır, növbəti gün halı yenidən qarışırdı; beləliklə iki ay keçdi və Dorosianın səbr kasası daşdı.
Sonra, oğlandan mövsümü məcburən cənubda keçirəcəyi, ancaq öz yarını bağrına basmaq, ondan doymaq və bu zəhlətökən xəstəliyin onu məhv etdiyi qızdırma və ağrı ilə bərabər həsrətində qaldığı dodaqlara qovuşmaq üçün imkan düşən kimi bir günlük də olsa evə baş çəkəcəyi yazılmış bir cızma-qara gəldi.
Dorosia ehtiras dolu məktubu nöqtə-vergülünədək oxudu, sonra isə saatlarla onun gəncliyinə xas sağlamlıq, güc və gözəlliyi özündə təcəssüm etdirən şəklinin qabağında oturdu. Dorosia oğlanın görkəminin dəyişəcəyini bilirdi. Artıq sevgilisi ona xəbərdarlıq etmiş, hətta bəlkə, onu tanımayacağını da yazmışdı. Dorosia istəklisini xəstə və halsız halda gözləyirdi; o buna nə təəccüblənəcək, nə də Randalın sifətində təəccübün yaranmasına imkan verməyəcəkdi. O, həsrətdən əsir, ehtirasdan qızdırma içində alışırdı.
Dorosia onun yanında divanda oturdu, ilk dəlicəsinə, möhkəm qucaqlaşmadan sonra, ayaq üstə dura bilməyən oğlan yorğun halda özünü divanın bir küncünə atdı. O, başını divanın döşəkcəsinə söykəyib, gözləri bağlı, təngnəfəs dayanmışdı - bədəninin bütün gücü bərk-bərk yapışdığı ələ cəmlənmişdi.
Qız Randala qorxudan daha çox təəccüb və inamsızlıq təsiri bağışlayan qəribə kabus görübmüş kimi baxırdı. Bu, onun axırıncı dəfə gördüyü, sevdiyi və evlənməyə hazırlaşdığı kişi deyildi. Görəsən, belə qorxunc şəklə düşən omu daha çox acı çəkirdi, yoxsa onun bu halını görən mənmi? Oğlanın dərisi sallanmış, almacıq sümüyü qızarmışdı. Gözləri quyunun dibinə düşmüş, üzü bir çimdik qalmış, paltarları isə arıq bədənində tökülüb-itirdi. Bir zamanlar onu ehtirasla öpən dodaqlar artıq suya susayan səhra kimi quru və cadarlaşmış, nəfəsi isə isti və qoxulu idi.
Onun görünüşü, toxunuşu tamamilə dəyişmiş, əvvəlki adamdan əsər-əlamət qalmamışdı. Dorosia elə hiss edirdi ki, bu onun qəlbidir, ancaq yalnız onun məhəbbəti idi.
- Bilirsən, mənim dayım Arxibalın da bu xəstəlik axırına çıxmışdı - o, bir az lağ ilə, bir az da qaranəfəs halda danışırdı.
- Əlbəttə, mənim üçün belə təhlükə yoxdur, ancaq həkimlər üzümüzə gələn payız və qış fəslini burada keçirib-keçirə bilməyəcəyim barədə dəqiq bir söz demirlər.
Sonra, keçmiş günlərlə müqayisədə daha səbirli və laqeyd olmuş, kəskin və sürətli istəkdən doğan ehtirasla coşan oğlan onu qolları arasına aldı.
- Uzatmağın mənası yoxdur, Dorosia - o pıçıldadı. Biz bunu təxirə sala bilmərik. Gəl, artıq evlənək və bir ömür birlikdə olaq. Aman Allah! Elə hiss edirəm ki, səni heç vaxt buraxmamalı, gecə və gündüz, əbədi olaraq bərk-bərk qucaqlamalıyam!
Dorosia onun qolları arasından çıxmağa çalışırdı. Qız bu fikirdən daşınması üçün ona yalvarır və söylədiklərinin mümükünsüzlüyünü onu inandırmağa çalışırdı.
- Mən yalnız sənə mane olacam, Randal... Sən daha yaxşı və sağlam geri qayıdandan sonra istənilən qədər vaxtımız olacaq, - öz-özlüyündə isə belə deyirdi: Heç vaxt, heç vaxt, heç vaxt! Uzun müddət araya sakitlik çökdü və o, yenə gözlərini bağladı.
- Başqa səbəb var, mənim Dorosiam, - sonra o, yenidən utancaqlıq və ya qorxudan danışmağa tərəddüd edirmiş kimi sözünə ara verdi. Mən sağalacağıma tam əminəm, ancaq ömürə etibar yoxdur. Əgər qorxduğum başıma gələrsə, istəyirəm ki, yeganə sərvətim sən olasan, mənim qismətim sənin qismətin olsun və düşünürəm ki, evlilik bu arzumu gerçəkləşdirəcək. Deyəsən, ağrılarım yenə başlayır...
Ancaq, onun istəyi qursağında qaldı. Nəfəskəsən öskürək Randalı qəfildən elə ağuşuna aldı ki, köməyə xidmətçi də gəldi.
Kişinin qolundan yapışıb onun pilləkənləri necə düşməyinə Dorosia pəncərədən baxırdı. Sonra Randalın bir saat bundan qabaq divanın küncündə sərələndiyi kimi köməksiz və halsız vəziyyətdə arabada necə oturmasını gördü.
Dorosia artıq kiminləsə məcbur danışmayacağı üçün çox xoşbəxt idi. O, pəncərənin qabağında durub arabanın dayandığı yerə gözlərini zilləmişdi. Buxarının üstündə vuran saat axır ki, onu oyatdı və qıza danışmaq və görüşmək istəmədiyi adamların tezliklə yenidən yığışacağını xatırlatdı.
Onbeş dəqiqə sonra, Dorosia sanki dalınca düşən əzrayıldan canını qurtarmaq üçün ev paltarını dəyişib tələsik sükan arxasına keçdi.
O, yol boyunca gözlərini işıqlatmış, yanaqlarını alovlandırmış, zərif vücudunu bir məqsədə yönəltmiş, zahirən heç bir mexaniki gücün çatmayacağı bir sürətlə, inadkar bir çılğınlıqla müşaiət olunan qaçışda idi.
Harayadək və nə qədər qaçacaqdı? Heç özü belə bilmirdi, vecinə də deyildi. Artıq gözlərinə tanış olmayan yerlər görünürdü. O, kələ-kötür, insan ayağı dəyməyən, vəhşi quşların toplaşdığı yol kənarındakı arxların olduğu bir əraziyə çatmışdı. Burada ins-cins gözə dəymirdi: köhnə, şumlanmış tarla, meşəlik, sıx yarpaqlı budaqların xumar-xumar əsdiyi nəhəng, başı göyə dirənən ağaclar, meşədən gələn yayın qoxusu, həşaratların vızıltısı, səma və buludlar, bir də günəşli və küləkli hava. O, təbiətlə tək qalmışdı; onun nəbzi, ehtiraslı döyüntüləri ilə bir ahəngdə vurduğundan ayaq saxlayıb otluğun üstünə uzandı. Hər əzələsi, siniri, lifi bütün bədənini bürümüş və ağuşuna almış bu gözəl istirahət duyğusundan həzz alırdı.
Dorosia onunla sağollaşandan bəri bir söz də deməmişdi. Amma, indi deyəsən titrək yarpaqlarla, sürünən, tullanan həşaratlarla, ya da seyr etdiyi böyük səmayla dostluq etmək qərarına gəlmişdi.
- Heç vaxt! - o pıçıldadı, - min dəfə təklif etsə də, yox! - heç vaxt! heç vaxt! milyon dəfə heç vaxt!

Tərcümə etdi: Abdıyeva Tamella 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+26=
Hesaba giriş
Müəllif

Tamella Abdıyeva
Haqqında
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) Bədii Tərcümə Klubunun (BTK) üzvü 
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0292 saniye