"Yuxu" V.S.Mugham
Tamella Abdıyeva tərəfindən "Hekayə" bolməsinə 01:17 14 avqust 2013 tarixində əlavə olunmuşdur

İş elə gətirdi ki, 1917 – ci ilin avqust ayında məni təzə iş yerimdən Nyu Yorkdan Petroqrada göndərdilər. Və ən əsası, təhlükəsizliyim üçün Vladivostok yolu ilə səyahət etmək tapşırıldı. Mən səhər tezdən ora çatdım və çox gözəl bir gün keçirdim. İndiyəcən xatırlayıram, Trans-Sibir qatarı axşam saat doqquzda yola düşəcəkdi. Və beləliklə, həmin vaxta qədər vağzalın restoranında nahar etməyə qərar verdim. Bura çox tünlük olduğu üçün, ilk baxışdan gözləriylə məni qonaq çağıran birinci kişi ilə masa bölüşdürməkdən başqa çarəm qalmadı. O, hündüroylu, gombul, yekəqarın bir rus idi. Qarnı o qədər böyük idi ki, onu masadan itələyirdi. Balaca əllərininin üstünü piy qatı bulud kimi almışdı. Keçəli çox usatalıqla daranmış uzun, qara, seyrək saçların arasından dişlərini ağardır, buxaqlı, tamam taraş olunmuş iri solğun sifəti insana qəribə çılpaqlıq təəssüratı bağışlayırdı. Fındıq kimi balaca burnu bu böyük ət yığınında çox gülməli görünür, bir cüt qara kiçik gözləri isə ulduz kimi parlayırdı. Ağzı isə əksinə, daha böyük, qırmızı və şəhvətli idi. Əyninə səliqə ilə oturmuş köhnə, qara kostyumunda cırığı olmasa da, elə görünürdü ki, sanki alınandan bəri nə təmizlənib, nə də ütülənib.

Burada xidmət yaxşı deyildi, ofisiantın, deyəsən, bizim masaya yaxınlaşmaq fikri yox idi. Və biz nəhayət ki, aradakı buzu əritmək məqsədilə  söhbətə başladıq. O, rus olsa da ingiliscə aydın, səlist danışırdı. Bir az şivəsi seçilsə də, qulağı ağrıtmırdı. O, söhbətə başlamaq üçün mənə özümlə və planlarımla bağlı çoxlu suallar yağdırdı,  mən isə nə qədər səmimi  cavablar verməyə çalışsam da, peşəmə sadiq qalaraq, ehtiyatı əldən vermədim. Ona jurnalist olduğumu söylədim. Daha sonra, məndən bədii yaradıcılıqla məşğul olub-olmadığımı soruşanda isə, aradabir, boş vaxtlarımda yazdığımı etiraf elədim. Elə bunu demişdim ki, o, müasir rus yazıçıları haqqında uzun-uzadı danışmağa başladı. Onun danışığından oxumuş biri  olduğu  aydın oldu.

Söhbətin bu yerində ofisiant nəhayət ki, bayaqdan bəri sifariş etdiyimiz kələm şorbasını gətirdi.  Mənim stol yoldaşım isə bu mənzərəni tamamlamaq üçün cibindən kiçik bir araq şüşəsi çıxarıb, məni  qonaq olmağa dəvət etdi. Rus o qədər çox danışırdı ki, onun təbiətcə boşboğaz olduğunu ya  arağın dilini belə açdığını ayırd edə bilmirdim. Danışdıqlarına inansaq, o, zadəgan nəslindən olan  radikal hüquqşünas idi. Yuxarıdakılarla problemləri ucbatından, o,  çox vaxt xaricdə olmağa məcbur olsa da, bu dəfə yolu evə sarı idi. İşlərinə görə, o, bir müddət Vladivostokda yubanmışdı, amma dediyinə görə, bir həftəyə Moskvaya yola düşəcəkdi. Hələ bu azmış kimi, məni də oraya dəvət etdi.

“Sən evlisən?”, o məndən soruşdu.

Düzü, bilmədim bu onun nəyinə lazımdı, amma, hər halda evli olduğumu söylədim. O, yüngülcə bir ah çəkdi.

“Mən isə dulam”, o sözə başladı. “Mənim həyat yoldaşım əslən Cenevrədən olan isveç idi. O, çox kübar qadın idi. Ana dili fransız olsa da, ingilis, alman və itlayan dillərində mükəmməl danışırdı. Rus dilində isə bir az şivəsini nəzərə almasaq, bir əcnəbiyə görə çox yaxşı idi”.

O, yeməklə dolu sini ni daşıyan ofisiantı saxladı və başa düşdüyüm qədəriylə növbəti sifarişi hələ nə qədər gözləyəcəyimizi soruşdu. Bu şikayətdən sonra canına isti keçən ofisiant tez əl-ayağa düşüb, sifarişləri gətirməyə tələsdi.

Ümumiyyətlə, burada inqilabdan sonra restoranlarda xidmət dözülməz bir hala gəlib çıxmışdı. Mənimlə eyni masanı bölüşən bu yad kişi, artıq iyirminci siqareti yandırırdı, mən isə bir gözüm saatda, yola düşməzdən  əvvəl qarnımı necə doyuracağımı düşünürdüm.

“Mənim həyat yoldaşım çox qeyri-adi bir qadın idi. O, Petroqradın ən nüfuzlu məktəblərindən birində bəylərin qızlarına əcnəbi dilləri öyrədirdi. Biz uzun illər mehriban, iki dost kimi yaşadıq. Buna baxmayaraq, o, qısqanc bir qadın idi və bədbəxtlikdən də məni dəli kimi  sevirdi,” o, sözünə davam etdi.

Bu sözləri eşidəndə özümü gülməkdən güclə saxladım. Çünki, bu rus indiyədək gördüyüm ən eybəcər kişilərdən biri idi. Düzdür, bəzi çəhrayısifət, şən, deyib-gülən gombullar adamı özünə çəksə də, bu qarabaqabaq ət parçası, əksinə insanda ikrah hissi oyadırdı.

“Əgər, mən desəm ki, bu illər ərzində ona həmişə sadiq qalmışam, əlbəttə, bu yalan olar. Biz evlənəndə o, yaşlı idi, amma, buna baxmayaraq biz düz on il evli olduq. Yaxşı xatırlayıram, o vaxtlar  arıq və balaca olan bu qızın dərisi də qırış-qırış idi. Həm də biraz acıdil idi. O, itirməkdən çox qorxurdu, ona görə də, mənim ondan başqa kiməsə cəlbedici görünməyimə dözə bilmirdi. Məni yalnız tanıdığım qadınlara yox, dostlarıma, pişiyimə, hətta kitablarıma belə qısqanırdı. Yadımdadır, bir dəfə mən olmayanda o, mənə ancaq paltomu verdi, çünki bilirdi ki, onların heç birini xoşlamıram. Amma mən səbirli bir insanam. Belə vəziyyətin məni bezdirdiyini danmıram, ancaq,  mən onun bu dözülməz təbiətini artıq tanrının bir lütfü kimi qəbul etmişdim, ona görə də, ona qarşı heç vaxt üsyan etmək fikrinə düşməmişdim. Bunun əvəzində isə, onun ittihamlarını bacardığım qədər rədd edir, səbrim tükənəndə isə sadəcə çiyinlərimi çəkib, siqaretə qullab vururdum.

“Düzünü desəm, onun başlatdığı mənasız söz-söhbətlər mənə çox da təsir etmirdi. Necə deyərlər, mən öz həyatımı yaşayırdım. Ancaq, bəzən, onun mənə qarşı hiss etdiklərinin ehtiraslı məhəbbət, ya ehtiraslı nifrət olduğu barədə uzun-uzadı düşünürdüm. Bilirsiz, məncə, sevgiylə nifrət çox yaxın qohumdurlar”.

“ Əgər bir gecə indi sizə nağıl edəcəyim qəribə hadisə baş verməsəydi, yəqin ki, bu əhvalatı elə burda da bitirərdim. Yadımdadır, gecənin bir yarısı idi, mən yoldaşımın qışqırıq səsinə oyandım. Qorxu içində nə baş verdiyini soruşdum. Sən demə, o, çox dəhşətli bir kabus görüb; yuxuda görüb ki, mən onu öldürmək istiyirəm. İş burasındadır ki, biz geniş pilləkənli böyük bir evin yuxarı mərtəbəsində yaşayırdıq. O, yuxuda görüb ki, biz öz mərtəbəmizə çatan kimi mən onu tutub, pilləkənlərdən üzü aşağı atmaq istəmişəm. Həmin yer daş döşəmədən altı mərtəbə hündürlükdə idi və oradan aşağı düşmək, sözün əsl mənasında ölüm demək idi”.

“Onun qorxudan rəngi kağız kimi ağappaq olmuşdu. Mən onu sakitləşdirmək üçün əlimdən gələni etdim. Ancaq, bu hadisədən iki-üç gün keçməsinə baxmayaraq,o, yenə də bu söhbətə qayıdırdı və mən nə qədər zarafata salsam da, artıq onun beyninə qurd düşdüyünü anlamışdım. Düzü, elə mən də bu yuxunu ağlımdan çıxara bilmirdim, sanki  bu yuxu illər sonra mənim gözlərimi açmışdı. Demək mənim ömür-gün yoldaşım, bütün bu illər ərzində bir dam altında yaşadığım insan mənə güvənmir, fikirləşir ki, mən ona nifrət edirəm, ondan canımı qurtarmaq istiyirəm; əlbəttə, o, yaxşı bilirdi ki, dözülməz bir qadındır, elə buna görə də, mənim onu öldürəcəyim fikri onu rahat buraxmırdı. Əlbəttə, hər bir kişinin ağlından saysız-hesabsız və bəzən də elə fikirlər keçir ki, onları  etiraf etməkdən belə utanırıq. Boynuma alıram, elə anlar olub ki, onun yad bir kişiylə qaçmasını, hətta ağrısız və qəfil ölümün mənə azadlığımı geri qaytarmasını belə arzulamışam, ancaq,  heç vaxt bu dözülməz yükdən yaxa qurtarmaq barədə düşünməmişəm.

“Bu yuxu hər ikimizə təsir etmişdi. O, əməlli-başlı qorxmuş,  daha dözümlü və şirindil bir qadına çevrilmişdi. Ancaq, hər dəfə mənzilbaşına çatanda özümü nə qədər məcbur edib, pilləkənlərdən aşağı baxmamağa çalışsam da, yenə də özümü saxlaya bilməyib baxanda, əslində bu yuxunu gerçəkləşdirməyin çox asan olduğunu görəndə bədənimdən soyuq tər axırdı. Burada pilləkənlər həddən artıq alçaq olduğundan ani bir ehtiyatsızlıq hər şeyin sonu ola bilərdi. Bu fikri heç cürə ağlımdan çıxara bilmirdim. Bu söhbətdən bir neçə ay  keçmiş, yoldaşım yenə, gecənin bir yarısı məni yuxudan yarımçıq oyatdı. Həmin gecə çox yorğun olduğumdan, onun bu hərəkəti məni yaman  əsəbiləşdirdi. Onun rəngi tamam qaçmışdı və qorxudan yarpaq kimi əsirdi. O, yenə həmin yuxunu görmüşdü. Elə hey, göz yaşları içində mənim ona nifrət edib-etmədiyimi soruşurdu. Mən isə bütün rus müqəddəslərinə and içirdim ki,  onu sevirəm. Bir az sakitləşəndən sonra, o, yenidən yuxuya getdi. Mən onu inandırmaq üçün əlimdən gələni etdim. Həmin gecə gözümə yuxu getmədi, yalnız bu yuxu barədə düşünürdüm. Bu zaman bir anlıq gözümü yumdum, onun pilləkənlərdən aşağı düşdüyünü gözümün qabağına gətirdim, yerə düşən zaman tappıltını, hətta qışqırığını belə eşitdim. Canıma əməlli-başlı üşütmə düşmüşdü ”.

Bütün bunları danışarkən kişinin alnını muncuq kimi tər basmışdı və o, söhbəti burada dayandırdı. Düzü, bütün əhvalatı elə aydın və səlist danışırdı ki,  adam heç söhbətdən ayrılmaq istəmirdi. Şüşədə isə hələ də bir az araq qalmışdı; o, qalan arağı da süzdü və qədəhi birnəfəsə başına çəkdi.

“Bəs yaxşı, necə oldu ki, sizin həyat yoldaşınız dünyasını dəyişdi?” qısa fasilədən sonra soruşdum.

O, çirkli bir cib dəsmalı çıxarıb alnını sildi.

“İnanmaq nə qədər çətin olsa da, o, gecənin bir yarısı elə həmin yerdə, pilləkənın aşağısında boynu sınıq halda tapıldı”.

“Kim tapmışdı onu?”

“Onu bədbəxt hadisədən bir az sonra gələn kirayənişinlərdən biri tapmışdı”.

“Bəs siz harada idiniz ?”

Hələ də yadımdadır, bu sualı verən zaman onun hiyləgərliklə baxan gözlərində sanki uzun zamandır yatmış bir  iblisin baş qaldırdığını gördüm. Onun balaca, büzüşmüş  gözlərindən qığılcım çıxırdı.

“Mən həmin axşam çox yaxın bir dostumla  bir yerdə idim. Təəssüf ki, ancaq bir saat sonra qayıda bilmişdim .”

Elə bu vaxt ofisiant bizim sifariş etdiyimiz ətli yeməyi də gətirdi və rus böyük iştaha ilə yeməyə girişdi. O, ağzını xəkəndaz boyda açıb, bütün yeməyi xirtdəyəcən içəri ötürdü.

Doğrusu, mən artıq həyəcanlanmağa başlamışdım. Görəsən, o, doğrudanmı öz arvadını öldürdüyünü heç utanmadan,  bu cür gizli bir yolla mənə nağıl edirdi?! Ancaq, bu şişman və ləng kişi heç qatilə oxşamırdı; mən onun belə cəsarətli olacağına inanmıram. Nə bilim, bəlkə də, onu xərcə saldığıma görə, belə axmaq bir zarafatla əvəz çıxırdı…

Bir neçə dəqiqə sonra ayrılıq zamanı çatdı. Mən qatara yetişməli idim. Onunla elə restorandaca  vidalaşıb, oranı tərk etdim və birdə heç vaxt onu görmədim. Ancaq, indiyə qədər onun mənə danışdıqlarının zarafat ya həqiqət olduğunu anlamıram.

 


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+21=
Hesaba giriş
Müəllif

Tamella Abdıyeva
Haqqında
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) Bədii Tərcümə Klubunun (BTK) üzvü 
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0335 saniye