Rüfət Yaqubov: “Onun əsərlərini təkrar və təkrar oxuya bilərəm...”
Yazar.in tərəfindən "Müsahibə" bolməsinə 13:20 07 yanvar 2015 tarixində əlavə olunmuşdur

Yazar.in saytının “5 Sual, 5 Cavab” layihəsinin növbəti qonağı Rüfət Yaqubovdur.  

SUAL1: İlk yazdığınız yazının mövzusu nə olub?
CAVAB 1: Xatırlayıram, ilk yazılarımı 15 yaşım olanda yazmağa başlamışdım. O zamanlar daha çox təbiətə və ətrafa nəzər yetirirdim. Yazılarımda payız və yağışlı havada insanın əhvalına təsvir etməyə çalışırdım. İlk şerimdə məhz bu mövzuda idi.

SUAL 2: Nakam məhəbbətdən çox yazırsınız. Buna səbəb həyatınızda baş verənlərdir, ya, sadəcə, təxəyyüldür?
CAVAB 2: 2012 ildə həyatımda ciddi dəyişiklər oldu. Ümidim və inamım olan məhəbbətim uğursuz alındı. Bir çox yazarlar kimi şəxsi həyatımı gizlətmirəm. Hər insanın həyatı bir romandır, bəzilərininki maraqlı, bəzilərininki isə maraqsız, uzanan seriala bənzəyir. Baş verən uğursuz məhəbbət mənim sevgiyə olan baxışımı çox dəyişdi. O vaxtdan şerlərimin əksəriyyətini nakam məhəbbətə həsr elədim. Bununla özüm çəkdiyim əziyyətləri başqalarının çəkməməsinə çalışıram. Eyni zamanda, hiss etdiyim emosiyaları bölüşürəm.

SUAL 3: “Elnarə” adlı hekayənizdə ənənəvi mövzuya toxunmusunuz. Sizcə, cəmiyyəti övladlarının həyatına mənfi təsir edən valideynlərdən necə xilas etmək olar?
CAVAB 3: Bu, həqiqətəndə ənənəvi mövzudur. Hər gün bu problemlə bağlı bir çox xəbər eşidirik, hadisəgörürük. Cəmiyyətimizi bu problemdən xilas etmək üçün təbliğat aparmaq lazımdır. Xüsusilə, yeni ailə quran gənclərin arasında. Bu tipli hekayələr, romanları yaymaq lazımdır ki, onlar yaşlı nəsilin səhvlərini təkrarlamasın, bir-birini sevən gənclərə valideynlər mane olmasınlar.

Valideynlər, bəzən, müəyyən qadağalarla övladlarına yaxşılıq etdiklərini düşünürlər. Lakin, bu, böyük fəlakətlə nəticələnə bilər. Valideyinlərin bu cür düşünərək azad seçim və sevgiyə qoyduğu qadağalar köhnə mental fikirlərdən irəli qəlir. Xoşbəxtlik isə heç nədə deyil, insanın öz əlindədir. Ən yaxşı çıxış yolu, belə valideyinlərin səhv hərəkətlərini tənqid etməkdir. Həmçinin, cavanlar da valideynlərinə öz istəklərini bildirməkdən qorxmamalıdırlar.

SUAL 4: Həyata baxışınızı dəyişən bir neçə kitabın adını çəkə bilərsiniz?
CAVAB 4: Fyodor Dostoyevskinin “Alçaldılmış və təhqir edilmiş insanlar”,  Cek Londonun “Martin İden”, Cerom Sellincerin “Çovdarlıqda uçurumdan qoruyan”, Səbahəttin Əlinin “Xəz dərili Madonna”, Con Steinbekin “Qəzəb yarpaqları” kimi əsərlərin adlarını qeyd edərdim.

SUAL 5: Özünüzə kumir hesab etdiyiniz yazıçı var?
CAVAB 5: Hər bir yazarın öz dəsti xətti var. Müasirlər çox vaxt özünəməxsus üslubu ilə seçilən klassikləri özlərinə kumir seçirlər. Təbii ki, mənim də sevdiyim yazar və hər zaman özümə müəllim bildiyim biri var. Bu, Fyodor Dostoyevskidir. Onun əsərlərini təkrar və təkrar oxuya bilərəm...


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+27=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0606 saniye