RÜŞVƏT(ixtisarla)
Peykər İbrahimova tərəfindən "Hekayə" bolməsinə 21:50 28 iyun 2012 tarixində əlavə olunmuşdur

Ayağımı yerə çırpıb addımlarımı sayırdım.Niyə !? Bekarçılıqdan.Nə qədər vaxtdır,bilmirəm.Ancaq saydığım addımları da unutmuşdum.Hərdən 65,72,33 dediyimi xatırlayıram.Gözümün qarşısında hansı rəqəm canlanırdısa,onu da təkrar edirdim.Adamla dolu gözləmə zalına baxmamaq üçün arada gözlərimi örtürdüm.Adımın çağırılmasını gözləyirdim.Tanımadığım O`dan həyatım üçün vacib bir məsələni həll etməsini istəyəcəkdim.İstəmək demişkən elə pulsuz-parasız  yox,qarşılığını verəcəkdim.Əllərimi hər iki cibimə üstündə sıxdım.Bir cibimdə zərf,digərində isə bir kisə vardı.Sonra yenə düşüncələr içində addımlarımı “saymağa” davam edirdim:1,15,66,99,123,616,45700,

 Yanımda oturan kişi kitab oxuyub adının çağırılmasını gözləyirdi.Ancaq zaldakıların əksəriyyəti siqaret çəkirdilər.Ətrafdakı siqaret  tüstüsündən boğulmamaq mümkün deyildi.
-Siqaret çəkirsən?Buyur götür.-yanımda oturub kitab oxuyan kişi dedi.
-Yox,sağ olun.Sağlamlığa ziyandır.

-Sağlamlığa ziyandır,ancaq düşüncələrə xeyirdir.
-Beyin hüceyrələrimi öldürür və düşüncələrimə xeyirdir.!? Yox,sağ olun.
Kişi heç nə demədən mənə təklif etdiyi siqareti yandırıb tüstülətməyə başladı.
Gözüm zalda “siqaret çəkmək qadağandır” yazısını axtarırdı.Zaldakı səslərin hansısa tüstüdən şikayətlənirdi.Başqa bir səs buranın siqaret çəkənlər üçün olduğunu dedi.
Digər zala keçdim.Elə bu vaxt adımı çağırdılar.”Cənab N növbə sizindir.”Qəribə rahatçılıq duyğusu məni bürüdü.Bu O`nunla görüşməkdən daha çox,bu darıxdırıcı mühitdən xilas olmağın rahatlığı idi.
Onun otağına qədər  uzun koridorda məni katibə müşaiyət etdi.Əllərimlə cibimi yoxladım.Kisə də,zərf də yerində idi.
Katibə qapını tıqqıldatdı.İçəridən mülayim bir səs “gəl” dedi.....
Otağa  adını xatırlaya bilmədiyim bir bəstəkarın musiqisi yayılmışdı.
Adam mülayim  bir səslə soruşdu:

-Musiqi mane olursa...
-Yox, xoşdur.
-Buyurun,sizi eşidirəm.
-Cənab Zaman,mən çox böyük bir səhv etmişəm.Bu səhvi də ətrafımdakılar başıma qaxınc ediblər.Mənim də günahım var,ancaq...Uzun sözün qısası vaxtı geriyə çəkməyinizi istəyirəm.

-Zamanı keçmiş,indiki və gələcəyə ayırırsınız.Keçmiş-yaşaya bilmədiyinizə,indi-yaşamaq istəmədiyinizə,gələcək isə yaşamağı gözlədiyinizə deyirsiz.Edə bilmədiklərinizin günahını başqasına atır,edə bildiklərinizə görə  isə peşman olub onu unutdurmaq üçün yollar axtarırsınız....Səhvlərinizidən nəticə çıxarsanız yaxşı olmazdı?!

Sakitləşməyimə musiqi də kömək etmədi.Qəzəbimi saxlaya bilməyib qışqıraraq dedim:

-Bura bax!Belə fəsləfi sözlərdənsə,mənə kömək etsən daha yaxşı olar...
Sonra da cibimdə səhərdən bərk-bərk saxladığım pul dolu zərfi və qızıl kisəsini stolun üstünə atdım.Zaman atdıqlarıma təhqir edici bir nəzərlə baxıb”Bəlkə bunlarla insanların dünyasında nəyisə həll edə bilrəsən ancaq burda yox!”...
....Katibə yanında bir nəhənglə içəri girdi.Məni binanadan çölə çıxardılar.Bayaqkı nəhəng də qapının qarşısında dayandı.Gözüm adının yazıldığı vəsiqəyə sataşdı.Nəhəngin adı ”Peşmançılıq” idi.

Bir müddət sonra katibə qız əlində mənim bayaq stolun üstünə atdığım qızıl və pulu ,bir də Cənab Zamanın yazdığı kiçik kağızı mənə verdi.
....Binanın qarşısındakı skamyaların birində oturub yazılanları oxumağa başladım:
“Ey insan!Sənə bir nəsihət:Əgər səni lağa qoyanlar səhvsizdirlərsə,pis olmaqda haqlısan.
P.S. Əgər səhvsiz bir insan tapsan sənin istəyini yerinə yetirərəm”
Sətirləri bir neçə dəfə də oxudum.Sonra xətamı xətalıların unutmasını gözlədim..



... dəfə oxunub
Qiymət: 7/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
9+19=
Hesaba giriş
Müəllif

Peykər İbrahimova
Haqqında
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində təhsil almışam. Yazıram,çünki,yazmaq-bütün dünyanı,problemləri arxada qoymaqdır.Yazıram çünki,hərf,söz və cümlələrdən ibarət bir dünya daha maraqlı görünür.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.025 saniye