Salam Baça ...
meyxoş abdullah tərəfindən "Esse" bolməsinə 14:24 19 noyabr 2018 tarixində əlavə olunmuşdur

                                                        “Salam, Baça...”

                                                                 (esse)

                                                                         (Əziz dostum Zakir Sadatlının əziz xatirəsinə)

       Salam, Zakir Sadatlı... Salam Allahın adıdır, ölüyə də diriyə də salam düşür... Amma necəliyini soruşmayacağam... Onsuz da, bilirəm necəsən. Axı, Sən narahat adam idin. Bu gen dünyada özünə bir qırıq rahatlıq tapa bilmədiyin halda, o dar, qaranlıq dünyada necə rahat ola bilərsən? Sənin ruhunun narahatlığı bizim hamımızın ruhunun bağrını çatladıb, qardaş. Birdə ki, ay yeri cənnət olmuş, bəs, sən nə vaxt rahatlıq tapmışdın ki?.. Doğulduğun Sadatlı kəndi bizim kənddən üç-dörd kənd o tərəfə, dərə-təpəli narahat bir yerdə yerləşir. Yolu narahat, kolu narahat... kasıbçılıqla keçən uşaqlıq və tələbəlik illərin narahat... Guya, bu narahat yerlərdən uzaqlaşıb Əfqanistana getdin, o xaraba qalmış yer buradan da narahat...    

         Ailə qurdun, oğul-uşaq sahibi oldun, bir qarın ac, bir qarın tox yaşadın... Yaşadın ha... Hər şey üçün narahat oldun... danışığın da narahat idi, canın da narahat.... Dincələ bilmədin bu narahatçılığın əlindən. İndi nə qədər istəyirsən “dincəl”, qoy bu “narahatçılıq” nədisə canı çıxsın, özü narahat olsun...

 

                                                                     ***

            Həmyerli olsaq da, Səni bir az gec tanıdım. Sənin barəndə mənə, vaxtilə müəllimin olmuş, yaxın dostum Atamalı müəllim danışıb. Səni yaman tərifləyirdi. Bu, o vaxt idi ki, sən Mahmud Kaşğarinin doğumunun 1000 illiyi münasibətiylə keçirilən ədəbiyyat müsabiqəsində, 1574 əsər içərisində üç qalibdən biri olmuşdun. “Salam Baça” əsərin layiqli yer tutmuşdu, neçə dillərə tərcümə olunmuşdu. Müəllimin necə də sevinirdi...

           Amma Səni mənlə dostumuz Dayandur Sevgin tanış etmişdi. Axşamüstü idi, yaşadığın evin həndəvərində görüşdük. Çox yapışdın ki, sizə gedək, amma razılaşmadıq, o ətrafda bir çayxana tapıb əyləşdik. Suyun mənə çox şirin gəlirdi, yəqin “bir dərənin suyunu içməyimizdən” beləydi. Axı, sizin kəndinizdən axıb gələn bulağın suyu bizim kəndin həndəvərindən keçirdi.

         Üz-üzə oturub bir xeyli söhbət etdik. Qapqara bitişik qaşların, iti gözlərin səlist, şirin və məntiqli danışığın adamı ovsunlayırdı. Ağrılıydın. İçinin ağrılarını səsinin sızıltısından hiss etmək olurdu. Onda hələ sağlam idin, xəstə olduğunu hamıdan gizlədirdin.

         Çox şirin danışığın vardı, tez-tez “əyə” deyə müraciət etməyin, lap ürəyimdən hay verirdi. Çünki bu söz biz tərəflərdə çox işlənən söz idi. O gündən yaddaşımda Sən həmişəlik çatmaqaşoğlan kimi qaldın.

            Sonradan telefon vasitəsiylə əlaqəmiz olurdu. O qədər isti, ürəyəyatımlı söhbətlərin vardı ki, adam doymaq bilmirdi.

     Bir gün mənə zəng vurub dedin ki, sənə yenicə çapdan çıxmış “İraq olsun” kitabımdan 3 nüsxə göndərirəm, biri sənin, birini yazıçı Böyükxan Bağırlıya, o birisini isə şair Əlirza Həsrətə çatdırarsan.

           Hər üç kitaba fərqli, amma ürəkdəngələn səmimi sözlərini yazmışdın. Mənə aid olan kitaba yazmışdın: - “İlk görüşdən səmimiyyətinə inandığım qələm qardaşım Meyxoşa... Sən oralarda bizim istinad nöqtəmizə oxşayırsan, deyəsən... Z.Sadatlı. 15.11.2012- ci il.”

            Yazdığın bu “istinad” sözünə, göndərdiyin “İraq olsun” kitabını oxuyan zaman tez-tez rast gəldim. Və hər oxuduqca da mənə nə boyda dəyər verdiyini anlayırdım...

            Xəstələnməyini eşitdim. Zəng vurdum. Səsinin sızıltısından nələr çəkdiyini duydum. Sonra bir neçə dəfə özün zəng vurub rayonda yaşayan həkimlərlə maraqlandın. “Gələcəyəm, gəlib bir-iki gün qonağın olacağam” - deyirdin.

         Hələ heç bir dostun gəlişini sənin gəlişin qədər səbirsizliklə gözlədiyim vaxt olmamışdı. Sən demə, sənin gəlişin başqalarınkından fərqli olacaqmış, qardaş...

            “İraq olsun” kitabını oxuyanlar onun lap sonluğundakı: - “Gör e, gör neçə ildir Əsgərin Bakir ilə mənə gətirdiyi çörək heybəsində, qardaş harayı dilində, Herat çöllərində divanə runlar kimi bizi axtarır. Yəqin indiyə kimi saç-saqqalı ağarmış olar...” sözlərini yaxşı xatırlayırlar.

            Hə, qardaş, gör neçə müddətdir Səni sevən dostlarınin gözləri SƏNİ axtarır. Sağlığında fürsət tapıb sənə deyə bilmədiyimiz sözlərimiz ürəyimizdə qalıb, saç-saqqalı tamam ağarıbdır, öz saç-saqqalımız kimi... Salam Baça deyirdin... Baça - əfqan dilində oğlan deməkdir. Salam, çatmaqaş oğlan... Salam, Zakir Sadatlı... Salam, qardaşım... Salam Allahın adıdır, ölüyə də, diriyə də salam düşür...

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+0=
Hesaba giriş
Müəllif

meyxoş abdullah
Haqqında
Meyxoş Abdullah- Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü, "Doktor Qəzənfər", "Didərgin ruhlar", "Şeytan gülüşü", "Anakonda ovu", "Əsir qadın" və "Qapısı gecə döyülən qadın" kitablarının müəllifi. Evlidir 4 övladı, 8 nəvəsi var.
Əlaqə
Tel.:
0506420309
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0304 saniye