Sən gələndə...
Aysel Abdullazadə tərəfindən "Esse" bolməsinə 20:07 10 may 2017 tarixində əlavə olunmuşdur

Sən gələndə
Günəşin qızıl suyu 
tökülməmişdi ovuclarımdan...
Ayın yanağında yaşanmışlıqların bozumtul ləkəsi 
yox idi hələ.
Təbiətin yalnızca bir mövsümü vardı - bahar!
Yarpaqlar saralmışlığı,
torpaqlar palçığı tanımamışdı daha.
Sən gələndə
daha təmiz idi dünyamız,
kədər sevməmişdi gülüşlərimizi
və yanağım tanışmamışdı göz yaşları ilə.
Sən gələndə
gözlərim yaxınlara baxardı
sevməzdi uzaqları.
Bilməzdim içdən ağlamağı,
səssiz gülməyi...
Sən gələndə
arzularım can verməmişdi daha,
yaşar idi sol yanımda.
Dünya tək mənim üçün fırlanardı
oxu ətrafında.
Sən gələnə qədər
boynumdan asdığım mirvari diləklərim
səpilməmişdi yerlərə.
Və ümidlərim asmamışdı özünü
saçlarımın ən nazik telindən.
İndi səni
təmiz dünyamın çirkli küncündə saxlamışam.
Hər baxışımda səhvlərimin
bir ayaq üstündə duruşu
mənə öz ayaqlarım üzərində durmağa güc verir.
İndi səni bir heç olaraq görürəm,
sevinc alqışlarının səsi yoxdu içimdə.
Səninlə fərqimiz vardı axı
mən qadın idim,
sənin isə cinsin kişi olaraq yazılmışdı
şəxsiyyətsizliyinin şəxsiyyət vəsiqəsinə.


02.03.2017

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+14=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0378 saniye