Səndən sonra…
Günel Fərhadqızı tərəfindən "Esse" bolməsinə 11:27 21 aprel 2016 tarixində əlavə olunmuşdur

Yadımdadır, münasibətlərimiz dostluqdan başlamışdı, dostluq da çevrildi sevgiyə, sonra ailəmizi qurduq, nə sən tərəf razı idi, nə mən tərəf bu nigaha, bu sevgiyə, bu dostluğa… Sən ərəb əsilli fars, mənsə türk əsilli azərbaycanlı…

Çox şeyimi sevmişdin mənim… Saf qəlbimi, səmimiliyimi, sadəlövhlüyümü, gülərüz, zarafatcıl olmağımı, məntiqli düşünmə qabiliyyətimi, İQ səviyyəmin yüksək olmasını, yaradıcılığımı, inadkarlığımı, o zaman olan gözəlliyimi…

Evdar deyildim, dözürdün buna, işinlə, təhsilinlə bağlı tək yaşadığından evdarlığı bacarırdın, birlikdə öyrəndik, evi təmizləməyi də, qab yumağı da, paltar yumağı da, yemək bişirməyi də, birlikdə kvas da hazırladıq, banka da bağladıq, çörək də bişirdik… Həmişə mənə stimul verərdin, yeməyim dadsız və ya duzsuz, çox duzlu alınsaydı, yeməyimi bəyənməsəydin, özümü onu yeməyə məhkum etmişdin, beləcə yeməyi dadlı bişirməyi öyrəndim… Tez öyrənirdim, sevinirdin…

Yataqda ərinin fahişə olmağı, mətbəxdə aşbazı olmağı, ailədə ana olmağı, gəlin olmağı, xanım olmağı, qonaq gedərkən susmağı öyrətdin, mən sən istədiyin kimi olduqca, istədiyini verdikcə sənə, razı qalırdın bəlkə də, sən mənə əri, kişini tanımağı, razı salmağı, özünü qadın kimi sevdirməyi öyrətdin mənə…

Hündür daban ayaqqabı geyinib, onda gəzməyi, qadın kimi yeriməyi, dar cins şalvar geyinməyi öyrətdin… Çox müasir və demokratik idin… İnana bilmirdim… Nə oldu sonra bizə bilmirəm, anlaya bilmirəm…

Hər zaman təbii gözəl olduğumu və makiyaja, kosmetikaya ehtiyacımın olmadığını söyləyərdin, mən də etməzdim… Təbii qalardım, təbiiliyi seçərdim…

Hər yerə birlikdə gedərdik, yanımda olardın, alış-verişi birlikdə məsləhətləşərək edərdik səninlə…

Xərclərimizə qənaət etməyi öyrətdin mənə, ehtiyatlı olmağı öyrətdin… Zəruri və zəruri olmayan xərclərimiz oldu, zəruri olmayanları azaltdıq, zərurilərə toxunmadıq…

Sənin sevginlə ana oldum, arzum idi, bir qızım olsun, şirin, ağıllı, gözəl, Gəncədə, Moskvada olmaq istəyirdim, oldum, birlikdə gəzməyə gedirdik, piyada gəzintiləri, söhbət etməyi sevərdin, evliliyimizin ilk ilində paylaşardıq, dinləyərdik bir-birimizi… Bizdən başqa kimsə yox idi, ikimiz və üçümüz vardıq… Sonra vəziyyət dəyişdi, sən dəyişdin, bəlkə də mən səni tanımağa başladım… Bilmirəm, anlaya bilmirəm…

Bildiyim odur ki, peşiman deyiləm, məyus deyiləm… Öyrəndiklərim daha çox idi, biliklərim, təcrübəm ailəmin mənə qoyduğu mənəvi sərmayə idi… İnkişaf etdim insan olaraq…

Uşaq vaxtından yazırdım, nəslimdə yaradıcılıq var, həm rəsm çəkənlər, həm də yazarlar…

Yazılarımı tərcümə etdikcə, qəzetin redaksiyasına getdikcə, qəzetdəki yazılarımla tanış olduqca, fəxr edirdin mənimlə… Hər kəsə nümunə göstərirdin… İşimdəki uğurum, təhsilimlə qürur duyurdun, digər gəlinlərə deyirdin ki, övladım fərqli, super, gözəl, ağıllı, yaradıcı, seçilmiş olacaq, çünki onun anası da, mənim nəslim də alicənabdır, ziyalıdır, gözəldir, ağıllıdır, yaradıcıdır… Tərbiyə gen önündə zəifdir, istedad varsa, boğsan da, gec-tez özünü göstərəcəkdir…

Məktəbdə oxuyanda inşa mövzularımı anam yazardı, rəsm dərsində şəkillərimi anam çəkərdi, hüsnxətt dərsini atam edərdi, nə olsun ki, sonra tək yaşadıqca, özümdə də bu yaradıcılığın olduğunu, potensialımı gördüm, qəzetə verəcəyim ilk yazımı valideynlərimə oxuyanda, yaradıcı planlarımı söyləyəndə, gözləri dolmuşdu, öncə inanmamışdılar ki, bu arıq və zərif canda bu qədər ambisiya, arzu hardandır? Gözləmirdilər ki, yazı yazdıqca, təkmilləşəcəyəm, yazılarımın onlardan savayı oxuyucusu olacaq…

Yadımdadır, anam həmişə deyərdi ki, məndə olan potensialla çox şeyə nail olmaq olar, atam hər zaman zarafat edərdi, anam isə mənim yolumu açıb, şans verərdi, nə qədər mühafizəkar  anam olsa da, atam nə qədər demokratik olsa da, mənə inanan, mənə güc verən, mənlə qürur duyan anam idi ilk məqamdan… İndiyədək yanımdadır, bir inşamı özüm yazdım, nənələr və nəvələr mövzusunda… Rayondan nənəmin yanından yenicə qayıtmışdıq, yay tətilindən… Anam oxudu, kövrəldi… Bir az ayağını, başını düzəltdi yazımın… Atam zarafatcıl insandır, deyərdi ki, hələ uşağam, yaza bilmirəm, üzərimdə çox işləməliyəm… İlk ciddi yazımı onlara oxudum, onlar razı olduqdan sonra verdim Paritet qəzetinin baş redaktoruna oxumağa, bəyənsə, qəzetində dərc etməyə… Qara bənzətdim səni yazım idi, ilk ciddi yazım, mətbuatda mənə maraq oyadan yazı, gənc yazar kimi məni irəli aparan yazı… Daha məni qınayan olmadı ki, niyə fəlsəfi yazırsan…

Yadımdadır, orta məktəbdə sərbəst mövzu idi, potensialımızı aşkarlamaq üçün hər kəs şeir yazmalı idi, mənsə Hüseyn Cavid sayağı həyat və ölümdən fəlsəfi yönümdə bir şeir yazdım, o zaman 9-cu sinifdə oxuyurdum, yanılmıramsa, ilk mən çıxdım şeirimi oxumağa… Oxudum, kimsə əl çalmadı, bir az sındım, üzüldüm, fəlsəfi olduğundan uşaqlar anlamamışdı onu… Tövbə etdim, bir daha yazı yazmayacağam, yazsam da, kiməsə oxumayacağam, paylaşmayacağam… Sonra ədəbiyyat müəlliməm Zərifə xanımı gördüm, gözləri dolmuşdu, şərh vermədi, susdu… Dərsdən sonra məndən şeiri özümün yazıb-yazmadığımı soruşdu, özüm yazdığımı dedim, dedi ki, yazmağa davam et, səndə istedad var… Onun sözlərindən sonra ədəbiyyat üzrə məktəblərarası olimpiadaya getdim, rayon üzrə ikinci yeri tutdum, şəhər üzrə üçüncü yeri… Ardıcıl olaraq olimpiadalara gedirdim, riyaziyyatdan, coğrafiyadan, tarixdən, Xətaidən də yazdım, Naxçıvandan da, Koroğludan da…

Mən həmişə təhsilim, orta məktəbim, valideynlərim ilə fəxr etmişəm… 132 saylı orta məktəb o zaman ən güclü məktəb siyahısında ilk beşlikdə idi… Ərəb təmayüllü məktəb idi, ərəb dilini də, Qurani Kərimi də, İslam dinini də orta məktəbdən öyrəndim… Güclü Ərəb dili müəllimlərimiz var idi, Lalə xanım, İlham müəllim… Universitetim də xaricdə deyil, Bakıda idi, çox insanın bəyənmədiyi, rüşvətin beşiyi saydığı Azərbaycan Dövlət İqtisad Universiteti…

Sən bütün bunları bilirdin… Bir də onu bilirdin ki, sevgidə bəxtim gətirmirdi… Sevdiyim insanlar məni sevmirdi, məni sevənləri sevə bilmirdim, sevəndə də, qarşı tərəfin sevgisi və marağı yox olurdu…

Sən çox şeyimi sevdin…

Sən gedəndən sonra, ayrıldığımız zaman sənin sevdiyin hər şeydən imtina etməyə başladım… Səni unutmaq, yada salmamaq üçün, səni xatırlatmasın deyə…

Saçlarımı sən getdiyin gündən kəsməyə başladım, yenilik olsun deyə deyil, sənin sevdiyin hər şeydən imtina etmək, uzaqlaşmaq, səni xatırladacaq hər şeylə vidalaşmaq üçün kəsdirirəm saçımı… Uzun saçlarımı sevirdin deyə uzatmıram onları… Uzandıqca, kəsirəm…

Sən təbii görkəmimi sevirdin deyə, kosmetikadan istifadə etməyə başladım…

Sən dinimizi sevirdin, dindar idin… Mənsə, bunu gördükcə, dindən uzaqlaşdım, bir zaman dindar olsam da…

Küsərkən və əsəbləşərkən daha gözəl olduğumu söyləyərdin mənə, indi küsməyi də, əsəbləşməyi də tərgitmişəm…

Arıq olmağımı sevərdin mənim, indi çəki yığmağa, kökəlməyə çalışıram…

Birlikdə İQ, məntiqdən testlər edərdik, məni yoxlayardın, düz tapardım cavabları, heyran qalardın… Daha testlər etmirəm, uzaqlaşmışam elmi əyləncələrdən…

Birlikdə noutbukda cizgi filminə baxardıq, gülərdik, sonra müzakirə edərdik, cizgi filminə baxmıram artıq…

Televizora da baxmıram artıq, çünki televizora birlikdə çox baxardıq…

Gəzməyə tək çıxıram, sənlə gəzişdiyimiz yerlərə də getmirəm artıq…

Gözlərimə linza taxmıram, gözümün rəngini dəyişmirəm…

Sənin sevdiyin kitabları oxumuram… Sevdiyin filmlərə baxmıram, sevdiyin musiqiləri dinləmirəm…

Səndən sonra səni xatırladacaq nə varsa, imtina edirəm zamanla…

Bircə birlikdə çəkilən şəkilləri silə bilmirəm, sadəcə buluda yükləyirəm, tez-tez görməyim deyə…

Tərgidə bilmədiyim bircə məqam var, o da şərab içmək, qəlyan çəkməkdir, birlikdə başladıq şərab içməyə, qəlyan çəkməyə, amma alınmır onlardan imtina etmək, içdikcə, çəkdikcə içimə, dumanlanır beynim, özümü də, səni də unuduram…


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+29=
Hesaba giriş
Müəllif

Günel Fərhadqızı
Haqqında
Maliyyəçi, risk, sərmayə meneceri, təlimçi, köşə yazarı, jurnalist, yazar
Əlaqə
Tel.:
0702021606
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0286 saniye