Səsin qara rəngi
Əli Məhərrəmli tərəfindən "Hekayə" bolməsinə 09:10 17 noyabr 2016 tarixində əlavə olunmuşdur

Kimi gözləyirsən!?
Qəfil sual məktəbin həyətindəki skamyada oturan kiçik sarışın oğlan uşağını diksindirdi. O, səs gələn səmtə çevrilib əvvəlcə udqundu. Həyəcanını boğub asta səslə - "Anamı. O, direktorun yanındadır": dedi.
- Anan səni bizim məktəbə yazdırır?
- Hə. O, deyir bura evimizə yaxındır, təhlükəli maşın yolu da yoxdur Gedib-gəlməyimiz asan olacaq. Yolu tanıyandan sonra bəlkə özüm də tək gedib-gələ bilərəm...
Daha cır səsli başqa bir oğlan onun sözünü kəsdi - “Nə olsun ki, maşın yolu yoxdur. Açıq quyular var, gedib-gələ bilməzsən. Düşüb şil-küt olacaqsan.
Kanalizasiyaya girəndə ağlı başına gələcək”.
Skamyanın ətrafına yığılmış uşaqların gülüş səsləri bir-birinə qarışmışdı.
O, isə bir nöqtəyə zillənib susmuşdu. Başını belə tərpətmirdi.
Gülüş səsləri səngiyəndə uşaqlardan biri soruşdu - "Doğuşdan korsan?!"
O, səsini çıxarmasa da başını yellədi.
- Səninlə deyilik? Deyəsən sən həm də lalsan axı!? Soruşuram ki, doğuşdan korsan?.
Uşaq boğuq səslə "hə" dedi.
Ətrafına toplaşanlardan yaşca böyük olanı kinayəli tərzdə - "Biz idman dərslərində futbol oynayırıq. Sən nə edəcəksən?!
- İcazə versəniz mən də sizinlə oynayaram. Futbolda qapıçı olur. İstəsəniz mən qapıda duraram...?
- Yox olmaz! Bizə kor qapıçı zad lazım deyil. Sən bütün topları buraxacaqsan.
Elə bu an uşaqlardan biri skamyanın kənarına söykənmiş kiçik əl əsasını götürüb oturacağın taxtalarını döyəcləməyə başladı.
- Qaytar onu! Mən onsuz yeriyə bilmirəm. O, ayağa qalxsa da ətrafda tutunacaq bir yer olmadığı üçün addım atmadı. Sadəcə doluxsunmuş səslə "Qaytar!" deyir, durduğu yerdə sağa-sola çevrilirdi.
Əsanı götürən oğlan gülərək: "Onsuz da hələ heç yerə getmirsən. Qorxma! Yeyəsi deyilik ki. Oynadıb qaytarırıq də"...
O, əlləri ilə arxasındakı skamyanı tutub oturdu.
- Mən tualetə getməliyəm qaytarın əsamı xahiş edirəm.
- Onsuz da sən tualetin yerini tanımırsan. Dur gedək biz sənə göstərərik.
Əvvəlcə istədi etiraz eləsin. Amma doğrudan da getməliydi. Kiçik tərəddüddən sonra yerindən qalxıb əlini irəli uzatdı. Uşaqlardan yaşca böyük olanı onun biləyindən tutdu. Bütün uşaqlar da onların arxasınca məktəbin giriş qapısına tərəf asta-asta addımlayırdılar...
Çox keçmədi dəhlizdə uşaqların gülüş və qışqırıq səsləri bir-birinə qarışdı.
...O, qızlar tualetinə girib! O, qızlar tualetinə girib!... Qışqırıq səsləri yuxarı mərtəbələrdə belə eşidilirdi.
Qapının önünə yığılan uşaqların uğultusundan qulaq tutulurdu.
O, ağlaya-ağlaya içəridən çıxdı. Əllərini boşluğa uzadıb qarşıdakı divara toxunanacan irəlilədi. Hara getdiyini anlamırdı. Sadəcə qışqırıq səslərindən qaçırdı. O, uzaqlaşsa da səslər onun arxasınca gəlirdilər. Hər addımında beyinləri kar edən gülüş səsləri daha da artırdı. Divarda qarşısına çıxan ilk boşluğun qapı olduğunu düşünüb çölə iki addım atdı. Arxadan kimsə kürəyindən itələdiyi üçün müvazinətini saxlaya bilmədi. Sol çiyni üstə səndəllədi. İki-üç addımdan sonra isə ayağı boşluğa keçib qapının yanındakı kolluğa yıxıldı. Düşdüyü yer palçıq olduğundan hərəkət edə bilmirdi. Ayağı kolların iri qalın budaqları arasında ilişib qalmışdı. Sağ qolunda küt ağrı vardı. Həyatında ilk dəfəydi ki, bədənindən axan isti qan damcılarını hiss edirdi. Qolunun qanı barmaqlarının arasından süzülüb palçığa qarışırdı.
Arxadan gur kişi səsi eşidildi. "Hamınız siniflərinizə keçin!".
Bundan sonra gülüş səsləri kəsildi. Uşaqların ayaq səsləri uzaqlaşdıqca məktəb həyətinə sükut çökdü.
Ona yaxınlaşan addım səslərindən qorxuduğu üçün kolların arasında çabalamağa başladı. İməkləyə-iməkləyə kollardan çıxıb bir neçə metr irəliləmişdi ki, palçıqda sürüşüb yenidən yıxıldı. Əlləri ilə başını tutub qışqırırdı : “Vurmayın! Vurmayın! Xahiş edirəm məni vurmayın!”
- Qorxma mən səni vurmuram. Qaçma! Gur səsli kişi onun qolundan tutub ayağa qaldırdı. Adın nədir? Hansı sinifdə oxuyursan?
- Mən, mən burada oxumuram. Nurlan. Adım Nurlandır. Anam dedi ki, direktorun yanından gələnəcən heç yerə tərpənməyim. Qolumdan qaynar nə isə axır.
Kişi Nurlanı köksünə sıxıb əmin və asta səslə onu sakitləşdirdi: "Qorxma qolun sıyrılıb, axan qandır". Cib dəsmalını çıxarıb qoluna sarıdı.
- İndi kəsəcək. Gəl oturaq! Sən də sakitləş. Sənə su gətirim?
- Yox istəmirəm, anamı istəyirəm.
- O, indi gələcək. Daha qorxma. Mən buradayam.
Kişinin səsindəki əminlik onu sakitləşdirirdi.
- Üstüm çox çirklənib? Anam məni belə görsə bərk əsəbiləşəcək.
- Qorxma! Anan sənə əsəbiləşəndə sadəcə onun qulağına pıçılda.
- Pıçıldayıb nə deyim?
- Nə deyəcəyin önəmli deyil. Sən onun qulağına pıçıldayanda o, sənin qoxunu alacaq, varlığını hiss edəcək. Bu da onun əsəbilərini sakitləşdirəcək. Mən uşaq vaxtı evimizdəki qabları tez-tez sındırardım. Anam əsəbiləşəndə onun qulağına pıçıldayardım. O, da mənim iyimi alan kimi sakitləşərdi.
Nurlan gur səsli kişinin yanında özünü təhlükəsiz hiss edirdi. Daha əlindən qan axmırdı.
O, qısa bir sükutdan sonra küskün halda "Mən daha buralara gəlməyəcəm" : dedi.
- Niyə? Uşaqlardan qorxursan eləmi?
- Hə. Həm də utanıram.
- Yəqin səni qızlar tualetinə saldıqlarına görə utanırsan?
- Aha. Həm də ona görə.
- Qulaq as mənə. Sən öz qorxularına qalib gələ bilməsən, heç vaxt qaranlığı məğlub edə bilməyəcəksən. Gözlərindəki zülmət səni qorxutmasın. Mən gözləri görən, könlü kor olan çox insan gördüm. Önəmli olan həyatın rənglərini görmək deyil, onlardan zövq alaraq yaşamaqdır. Həyat bütün rəngləriylə gözəldir. Bu rəng, əbədi qara rəng olsa belə. Əgər rəngləri görmürsənsə qaranlıqdakı səslərdən, qoxulardan, qəlblərdən və ruhlardan zövq alaraq yaşamağı öyrənəcəksən.
- Daha qorxma. Heç kəs səni buralarda incitməyəcək. Tualetdə olanlara görə isə utanmağa dəyməz. O, uşaqların heç biri səni görməyib.
Nurlan çaşqın halda burnunu çəkib - Necə yəni görməyiblər?! Axı...
Kişi onu sözünü bitirməyə qoymadı. Nurlan, o, uşaqların heç biri görmür. Burası gözdən əlil uşaqların məktəbidir. Onlar sadəcə uzun zamandır məktəbi tanıdıqları üçün səmti seçə bilirlər. Tədricən sən də hamı kimi buna alışacaqsan. Biz sabah səni yeni şagird kimi təqdim etsək heç kəs sənin qızlar tualetinə girən uşaq olduğunu bilməyəcək. Sən yaxısı budur bu məsələni mənim öhdəmə burax. Hə, bir də ki, oğlanlar gedən tualetin girəcəyindəki tutacaqlar dəmirdən, qızlar üçün nəzərdə tutulan yerdəki tutacaqlar isə taxtadandır. Yoldaşların səninlə yenidən belə bir zarafat etmək istəsələr bunu yadında saxla. O, qapılar bir-birinin yanındadır.
Kişinin sözlərindən sonra uşağın hərəkətsiz gözlərinə sevinc, yanaqlarına təbəssüm qonmuşdu.
- Deməli burada hamı kordur? Bəs müəllimlər necə? Onlar da görmür?
- Müəllimlər sizi görür və qoruyur. Onlar hər şeyi görürlər.
- Siz də müəllimsiniz?
-Bəli. Əgər sən məktəbə gələsi olsan. Mən sənə "brayl" əlifbasını öyrədəcəm. Sən heç eşitmisən "brayl" əlifbası nədir?
- Eşitmişəm.
İti addımlarla onlara yaxınlaşan qadın oğlunu qan və palçıq içində görüb təlaşlı halda: " Nurlan sənə nə olub? Nə olub axı sənə?" soruşdu. Qadın uşağa tərəf əyilib əllərini ovucunun içinə sıxdı. Anan qurban olsun sənə. De görüm sənə nə olub? Kim eləyib bunu? Axı sənə tapşırdım ki, mən gələnə kimi yerindən tərpənmə.
Nurlan anasının boynunu qucaqlayıb qulağına: "Heç kim, heç kim etməyib. Əsam skamyanın arxasına düşmüşdü. Onu götürmək istəyirdim. Sürüşüb kolluğa yıxıldım" : pıçıldadı.
Bu an onun yanında oturan kişi dilləndi: “Oğlunuz çox güclüdür. Sizin təsəvvür edə biləcəyinizdən də güclü, bu məktəbdə indiyədək tanıdığım hər kəsdən güclü”.
Anası oğlunun başını möhkəmcə köksünə sıxıb susmuşdu.
-Yaxşı dur gedək evimizə. Bəs əsan hanı?
- Kişi yanındakı əsanı qadına doğru uzatdı. O, isə bir neçə saniyə baxıb “Bu deyil, bu çox böyükdür”: dedi.
Kişi cəld hərəkətlə skamyaya söykənmiş ikinci əsanı qadına verdi.
Onlar müəllimlə sağollaşıb qapıya tərəf yürüyürdülər. Nurlan anasının əlindən dartıb dayandı, arxaya çevrilib qışqırdı: “Mən bilirəm siz niyə uşağikən evdəki qab-qacaqları sındırırdınız”...
Müəllim ucadan gülərək “Sabah dərsə gecikmə. Bunu onsuz da gec-tez biləcəkdin” : deyib yerindən qalxdı.
Onlar uzaqlaşdıqca qaranlıqdan gələn səslər içindəki taqqıltı da uzaqlaşırdı...

Əli Məhərrəmli
Bakı


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+22=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0303 saniye