Şerlok Holms necə oldu ki, superqəhrəmana çevrildi?
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 22:53 09 yanvar 2016 tarixində əlavə olunmuşdur

Şerlok Holms haqqında filmlər 100 ildən artıq ki, çəkilməkdədir. Ekranizasiya nümunələrinin sayı 100-ə çatıb. Nəhayətində, londonlu xəfiyyə kino sayəsində Betmenə çevrildi.

Beyker-strit'in məşhur xəfiyyəsi o qədər tanınmışdır ki, hələ Konan Doyl'un sağlığında Holms və Uotson haqqında hekayələr yazan müəlliflər ortaya çıxmışdılar. İlk film 1900-cı illərdə çəkilmişdi. O vaxtdan hər yarım ildən bir ekranizasiya peyda olmaqdadır. Holms haqqında filmlər ABŞ və Yaponiyada, faşist İtaliyası və nasist Almaniyasında, SSRİ və Avstraliyada çəkilmişdi. XX əsrdə xəfiyyə hətta Disney qəhrəmanlarından birinə, apokrif animeyə və onlarla kompyuter oyununa çevrilməyə macal tapdı. Ancaq yüzilliyin sonunda blokbaster erası başlandı, az-çox məşhur süjetlər superboevik üslubu üzərində işlənildi. Və bu zaman Şerlok superqəhrəman obrazına büründü. Lakin bəzi cizgiləri vaxtilə Konan Doyl özü vermişdi.

1-ci. Əlbəttə ki, fiziki gücü. Holms əla boks edir, onun əllərində elə güc var ki, heç Supermenin yuxusuna da girməz. Bu güc Doktor Uotson və Konan Doyl oxucularını dəfələrlə heyran etmişdi. Məsələn, “Rəngarəng lent” əsərində qəzəblənmiş doktor Roylott'un əydiyi maşanı Holms asanlıqla düzəldir. Ümumiyyətlə, lazım olduqda Holms öz yumruğunu və silahını işə salırdı. Məhz o Baskervillərin itini öldürdü, nişangahda Uotson və Leystred'dən daha dəqiq idi. “Qara Piter” hekayəsində xəfiyyə qarpundan elə məharətlə istifadə edir ki, digər insanların onu qaldırmağa gücləri yetmir.  

2-ci. İnsanlıq üçün təmannasız xidmət. Böyük əksəriyyətlə Holms'un işindən savayı heç nəyi yox idi. Maraqlı iş olmayanda darıxırdı. Onun işi çözmək, tapmaq, qurtarmaq və qorumaqdır. İşindən ötrü pul almır. Daha dəqiq, alır, amma nadirən. Məsələn, Londondan olay yerinə gedərkən biletin qiymətinin ödənilməsini xahiş edə bilər. Bu qədər. Holms təmannasız olaraq Britaniya vətəndaşlarını cinayətkarlardan, oğrulardan, fırıldaqçılardan və qatillərdən qoruyur. Tamamilə superqəhrəman obrazı. Axı Betmen, Hörümçək-adam və Supermen də işlərinə görə pul almırlar.

3-cü. Daim öz işi ilə məşğuldur. Holms, bilinən üzrə “Qraf Monte-Kristo”nu oxumayıb və bilmir ki, Yer kürəsi günəş ətrafında fırlanır. Çünki onun işində bu informasiyaların mənası yoxdur. Amma o, kimya sahəsində virtuoz biliklərə malikdir, siqarı külünə görə tanıyır və ilk baxışdan hansı fabrikin məhsulu olduğunu və kağızın neçənci ildə hazırlandığını təsdiqləyə bilir. Holms'un skripkadan savayı özəl fəaliyyəti yoxdur. Qadınları sevmir, sevgini inkar edir. Bütün həyatını sevimli işinə həsr edir. Heç bir şey onu bu yoldan çəkindirmir.

4-cü. Diriliş. Superqəhrəmanın qısamüddətli ölümü-Hollivudun qəbul etdiyi sevimli səhnələrdən biridir. Bu üsuldan dəfələrlə istifadə edilmişdi, izləyici gec-tez qəhrəmanın diriləcəyindən əmindir. Şerlok Holms o biri dünyadan qayıdan ilk personajlardandır. Bu, eyni zamanda müəllifə marağın artması ilə geniş ajiotaj doğurdu. Məlumdur ki, Konan Doyl Holms'dan bezərək onu öldürmüşdü. Bu, 1893-cü ildə “Holmsun son işi”ndə reallaşmışdı. Xəfiyyə Reyxenbax şəlaləsində həlak olmuşdu, amma oxucu bu faktı qəbul etmədi. Konan Doyl'a qəzəbli və ağlamalı məktublar yazırdılar, nəhayət, müəllif təslim oldu. 1903-cü ildə “Boş ev” hekayəsində Holms dirildi, bununla da “yaxşı dünya”dan bədnam dönüş üsulunun bünövrəsi qoyuldu. Ölüm belə qəhrəmana hökmranlıq edə bilməzdi.

5-ci. Böyük cani. Nə qədər qorxunc olursa-olsun, professor Moriarti sadəcə bir hekayədə qəhrəman olaraq qalmışdı. Kino istehsalçıları Konan Doyl'un uzatmış olduğu kiçik saman çöpündən yapışaraq Moriarti'dən beynəlxalq cani yaratmağa müvəffəq oldular. Ekran əsərində onun cinayət şəbəkəsi artıq kosmik miqyas səviyyəsinə çatdırıldı. “Şerlok” serialında və Qay Ritç'in blokbasterində (son illərin ən gəlirli ekranizasiyası) Moriarti sadəcə London və İngiltərə cinayətlərinə deyil, eyni zamanda dünya üzrə mafiya və bandit sahəsinə nəzarət edən biridir. “Şerlok”da o, xəfiyyənin araşdırdığı bütün cinayətlərdə iştirak edirdi, “Tünd qırmızı tonda etüd”, “Baskervillərin iti”ndə qəddar professorun kölgəsi görünürdü. Qay Ritçi daha da irəli getdi. İndi isə İren Adler Moriarti'yə xidmət edirdi. 

Kiçik antoqonistdən kino istehsalçıları dünyəvi cani yaratdılar. Professorun bütün fəaliyyəti Holmsa qarşı idi. Hekayədən xatırlandığı qədər Moriartinin məqsədində xəfiyyə yox idi. Holms onun planlarına müdaxilə edərkən xəfiyyə ilə mübarizə aparmağa başlayır. Digər tərəfdən belə miqyaslı caninin varlığı qəhrəmanı daha dəyərli və önəmli edir. Əks təqdirdə, Şerlok şər və insan qəsdi arasında duran yeganə varlıq olardı.

6-cı. Mükəmməllik göstəricisi. Konan Doylun hekayələrində Holms sadəcə xəfiyyə deyil, həm də centelmendir. O, heç vaxt Uotson'u öz zəka üstünlüyü ilə aşağılamır. Hətta axmaq Leystred'ə qarşı da alicənab və anlayışlıdır. Amma bunu Benedikt Kamberbetç'in personajına demək olmaz. Onun Şerlok'u həddindən artıq təkəbbürlüdür, ətrafındakı hər kəsə həqarət edir. “Mən psixopat deyiləm, mən aktiv sosiopatam”

Amma kitabda Holms sosiopat deyil, ilk baxışdan heç nə ilə fərqlənməyən adi insandır. Heç vaxt heç kəsə həqarət etməz, çünki küçə tərbiyəsizi deyil, centelmendir.

7-ci. Deduksiya burada ikinci plana keçir. Tamamilə Qay Ritçi'yə uyğundur. Burada Holms superqəhrəman Çak Norris tipinə çevrilir. O, düşünməkdən daha çox savaşır. 10 düşmən ilə mübarizə aparır, hər zərbəsini hesablayır, qələbəsini riyazi olaraq qazanır. Əsl xəfiyyə heç vaxt sayca çox düşmənlə əlbəyaxa olmayıb. O, sadəcə Moriarti ilə təkbətək döyüşüb, ser Henrini xilas etmək üçün itə güllə atıb, ümumiyyətlə yalnız vəziyyət tələb edərkən gücündən istifadə edib. Sayca çox rəqiblə situasiya heç vaxt mövcud olmayıb. 

8-ci. Ümumi zülmət. Superqəhrəman, xüsusilə, şər qalib gələrək onu müharibəyə səsləyərkən qiymətlidir. Elə buna görə də “Şerlok” serialında və Qay Ritçi filmlərində qatı boyadan istifadə olunur. Dünya təhlükədədir. Onun üzərində şərin kölgəsi görünür. İblis qazanır. Holms hekayələrdə fərdi cinayətlər ilə məşğul olur. Hətta Moriati belə İngiltərə və dünya üzrə həyatı təhdid etmir.


MÜƏLLİF: ALEKSEY DURNOVO
TƏRCÜMƏ: NİGAR ŞAHSUVAROVA


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+35=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0567 saniye