Şəxsiyyət
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 18:15 01 yanvar 2016 tarixində əlavə olunmuşdur

 1906-nın yayında İsmayıl bəyin qızı Şəfiqə xanımla ailə quran N.b.Yusifbəyli bəzən uzun çəkən fasilələrlə 1906-cı ildən 1912-ci ilədək Bağçasarayda yaşayaraq “Tərcüman” qəzetində çalışıb. 1906-da məşhur “Vıborq bəyannaməsi”nin “Tərcüman” mətbəəsində çap edilməsində Nəsib bəyin də iştirakı olub. Bəllidir ki, bu bəyannaməni imzalayan Rusiya 1-ci Dövlət Duması deputatları, o sıradan Əlimərdan bəy Topşubaşov da həbs edilmişdi.

Nəsib bəyin “Tərcüman”da fəaliyyətiylə bağlı oxucularda müəyyən təsəvvür yaratmaqdan ötrü onu bu qəzetdə təkcə 1908-ci ildə çıxmış bəzi yazılarından örnəklər verəcəyik. Öncədən bildirək ki, onun buradakı türkcə yazıları  əsasən “N.Y.”, rusca yazıları “Н.У.” imzaları altında çıxıb.

Rusiya Türklərinin maariflənməsi problemi “Tərcüman”ın başlıca fəaliyyət yönlərindən biriydi. İsmayıl bəy Qaspıralı bir redaktor olaraq ağırlığı bu mövzu üzərinə salmışdı və təbii ki, Nəsib bəydən də eyni şey tələb olunurdu. Bu üzdən də onun yazılarında maarif məsələləri daha geniş yer tutur. “Rusiyada maarif” adlı silsilə məqalələrinin birincisində Rusiya məktəblərində şagird və tələbələrin izlənilməsi üçün xəfiyyə sisteminin yaradılması kəskin tənqid edilib. Yazıdan bir parça: “Əvət, məktəblər şpiyonlarla dolu idi. Darülfünuna  girmək məqsədiylə Odessaya gəldim. Ertəsi günü qəbul olunub-olunmadığımı öyrənmək üçün darülfünuna getdim. Hənuz içəri daxil olmuş idim ki, qaxac kimi qupquru qurumuş sarısaqqal bir adam “xoş gəldiniz, filankəs filankəs oğlu” deyə bəni qarşıladı. Canım, bu nasıl şey, bən bu adamı bir yerdə gördüyüm yok, burada tanıdığım bir adam dəxi yok, əcnəbi tanışlarımdan bir çoxu illərlə öyrənmədikləri ismimi və familiyamı bu adam nerədən öyrəndi və bəni nerədə görmüş əcaba?” deyə təəccüb etdim. Əfəndim, bəni nerədə gördünüz? Adam “sən də əcaib sual ediyorsun. Kəndi tələbələrimizi tanıyamıyacaqmıyım?!”. […] Sizi qəbul etmişlər, arkadaşınız filankəsi dəxi qəbul etmişlər. İştə isimləriniz şurada qəbul olunanlar cədvəlində” deyərək getdi. Bən isə daha ziyadə təəccüb etdim və bir şey anlıyamadım. Ancaq sonraları bu adamın kim olduğunu və bəni nerədən bildiyini öyrəndim. Bu adam “pedil” denilən xəfiyyələrdən imiş ki, darülfünunda bulunan bir kaç bin tələbənin bizzat kəndilərini və isimlərini bilməkdən maəda, əvvəlcə göndərilən bürokratlardan yenidən gələcək istudentlərin də surətlərini və adlarını öyrəniyorlarmış ki, onların hər bir hərəkətlərini tədqiq edib, jandarmalara vaxtında məlumat verə bilsinlər. İştə haman bu “pedillər”, “subinspektor” və “inspektorlar” və s. bu kimi həşərat ancaq danos üçün təyin olunmuş şpionlar idi”.

“Rusiyada maarif” silsiləsindən 2-ci və 3-cü yazısında müəllif Dövlət Dumasındakı müxtəlif partiyaların maarif məsələsinə, özəlliklə məktəblərin milli olmasına münasibətlərini açıqlayıb. O, xüsusən oktyabrçılar, polyaklar və kadetlərin fikirlərinə artıq diqqət yetirir. “Hakim millətdən Dövlət Dumasının sağ tərəfində oturan Purişkeviçlərin” mürtəce siyasətini o, kəskin şəkildə qamçılayır: “Purişkeviç tamamən dörd saat söylədiyi və hər kəsi bıkdırdığı nitqində təqribən şunu söyləyəcək oldu: Rusiyada olan bədbəxtliklərin cümləsinə səbəb darülfünunlar və digər məktəblər imiş. Bütün məktəblər Rusiyada bir inqilab ocağı imiş. Onlar (xalis ruslar) məktəblərə düşmən deyillərmiş, ancaq məktəblərdə tərbiyə yox imiş, müəllimlər və professorların əksərisi dəxi inqilabçı imiş. Buna binaən məktəblərdə xalis rus tərbiyəsi verib müəllimlər dəxi onlardan təyin edilməli imiş”.  Məqalənin bu hissəsində Nəsib bəy milli məktəblər uğrunda polyakların necə ciddi mübarizə apardığını göstərir və müsəlmanlardan Yenikeyevin hökumətlə dişsiz rəftarını müqayisə edir.

 “Tərcüman”ın rusca səhifəsində yazdığı “Simferopol Vilayət Zemstvo İdarəsində tatarların oxuması üzrə keçirilən müşavirəyə dair” adlı rusca məqalədə  Andreyevski adlı müəllifin “Müsəlman məktəbi və onun Krım yarımadasında tatar əhalisi arasında rolu” adlı broşüründən danışılır. Əsəri kəskin tənqid hədəfi edən N.b.Yusifbəyli broşürdəki islamla bağlı yerlərin Müller, Krımski, Bartold və başqalarının əsərlərindən köçürüldüyünü, “Quranda sonradan baş vermiş dəyişikliklər” kimi cəfəng fikirlərin yer aldığını qeyd edir və bunların səbəbini yazarın savadsızlıq və qərəzliliyində görür.

Müşavirə mövzusunda rusca məqaləsinin ardını Nəsib bəy “Perevodçik”in 67-ci sayındakı yazısında davam etdirib.

Müşavirədə baş verənləri təsvir edən müəllif çıxışlara öz münasibətini sərgiləyir: Müşavirə günü gəldi. Mövcud xalq məktəblərinin tənqidi ilə başladılar. Bütün məktəbləri – həm yeniləri, həm əskiləri yıxıb sürüdülər… Mövcud rus-türk məktələri də öz təyinatına uyğun sayılmadı. Deyilən müddəaları təsdiq etmək üçün bu əsaslar gətirildi: əski tipli məktəblər heç məktəb adına layiq deyil – onlar uşağı həm cismən, həm də əqli baxımdan şikəst edir. Yeni tipli, “üsuli-cədid” məktəblər isə normal məktəb tipinə yaxınlaşır, ancaq başlıca olaraq müəllimlərin hazırlıqsızlığı üzündən onlar da köhnə məktəblərdən əslində az seçilir. Bu müddəalarla razılaşmayan adamlar da tapıldı. Onlar yeni tipli məktəblərin bəzi çatışmazlıqlarını danmasalar da onların diqqətə və yardıma layiq olduğunu bildirdilər. Onların başında “Tərcüman” qəzetinin redaktoru və Krımda bu tipli məktəblərin banisi Qasprinski dayandı.

Rus-türk məktəbləri başlıca olaraq ona görə yararsız oldu ki, onlarda tədris elə başlanğıcdan uşaq üçün yad olan rus dilində aparıldı və bundan başqa, əhali bizə inamsız yanaşdı və bu da Mediyev başda olmaqla yığıncağın bəzi iştirakçılarının fikrincə, Pobedonostsevlərin və İlminskilərin “müsəlmanları ruslaşdırmaq” siyasətinin nəticəsi oldu.

Nəsib bəy Yalta zemstvosunun nümayəndəsi velikorus şovinizminə örnək olaraq Dmitrinskinin bu fikrini göstərir: “Tatarları elə tatar müəllimlərinin köməyi ilə ruslaşdırmaq daha arzuediləndir”.

“Tərcüman”da N.b.Yusifbəylinin verdiyi bir elanın, görünür, düzgün oxunmaması, yaxud düzgün anlaşılmaması Azərbaycanda belə yanlış bir düşüncəyə yol açıb: “Nəsib bəy Yusifbəyli “Təslim” adlı məfkurəvi roman yazmış və “Azərbaycan ədəbiyyatı tarixi” adlı əsərini də həmin dövrdə başa çatdırmışdır. Axırıncı əsərin əlyazmasının sonrakı taleyi bilinmir. Bu əlyazmanın araşdırılıb üzə çıxarılması ədəbiyyatşünasların borcudur”. Təəssüf ki, Mövsüm bəydən gələn bu fikir yazıdan yazıya adlamaqdadır. Əslində isə nə Nəsib bəy elə bir əsər yazıb, nə də onu axtarmağa ehtiyac var. Bəs bu söz haradan çıxıb? Bizcə, “Tərcüman”dakı elanı olduğu kimi verməklə məsələnin kökünü aydınlaşdıra bilərik. Elansa belədir:

“Ədəbiyyat maraqlılarına müjdə”.

İstanbulda üdəbayi-məşhurədən Əhməd Hikmət və filosof doktor Rza Tofiq bəylərin xüsusi şagirdlərindən gəncəli Məhəmmədzadə Abdulla Tofiq əfəndinin “Türk ədəbiyyatına bir nəzər” əsəri-cəsimini bu ünvan altında böyüklü-küçüklü yigirmi beş risalə şəklində gələcək 1909 sənəsi fevral ibtidasından etibarən nəşrə başlayacağam. Risalənin hər biri böyücək qitədə 40-200 səhifədən mütəşəkkil olub nəfis kağız üzərində gözəl hürufat ilə basılacaqdır.

Şimdidən müştəri olmaq istəyən həvəskarani-ədəbin bu əsəri cəmi ancaq 5 rubləyə ala biləcəyi, ayrı-ayrı almaq istəyənlərin isə üstünə haman on rubləyə duracağı üçün arzu buyuranların vaxt keçirmədən abunə yazılmaları tövsiyə olunur.

“Türk ədəbiyyatına bir nəzər” üçün abunə dəftəri açıldı. Posta məsarifi ilə bərabər abunə bədəli Rusiyanın hər tərəfində 5 rublə, məmalükü-sairədə 7 rublədir. Müştərilərə sühulət olmaq üçün abunə bədəli şu qərar ilə qitaən dəxi qəbul olunuyor: şimdidən 2 rubləyə 8-ci risaləyi təslimdə 2 rublə, 16-ci risaləyi dəxi təslimdə yenə 2 rublə. Məmaliki-sairədən olan müştərilər üçün hər qısıt 3 rublədir.

“Türk ədəbiyyatına bir nəzər”in naşiri: Yusifbəyzadə Nəsib.

Adres: Г.Елисаветполь, Насыб беку Усуббекову”. 

“Türk ədəbiyyatına bir nəzər” (“Azərbaycan ədəbiyyatı tarixi” yox!) adlı əsərin müəllifi Abdulla Tofiq Məhəmmədzadədir (Abdulla Sur), Nəsib bəy isə onun yalnız gələcək naşiridir.

Nəsib bəyin jurnalistlik fəaliyyətinə toxunan Nazif Qəhrəmanlı yazır: “Qəzet icmalı N.Yusifbəyli jurnalistikasının aparıcı istiqamətini təşkil edir. Onun icmal verdiyi qəzet və məcmuələr arasında Bakıda çıxan “Həyat”, “İrşad”, Rusiyada nəşr olunan “Ulduz”, “Ülfət”, “Bəyani-həqq”, “Voljski kuryer”, “Vəqt”, Türkiyədə çıxan “Rumeli”, Misirdə “İctihad”, “Türk”, Avropa ölkələrində çıxan “Tribuna”, “Lurker” və s. qəzet və dərgilər var idi”.

Həmin illərdə N.b.Yusifbəyli Azərbaycanın dramaturqlarının əsərlərini Bağçasarayda tamaşaya qoyub, özü də əsas rollarda çıxış edib. “Tərcüman” qəzetinin 13 yanvar 1907-ci il sayında Bağçasaray şəhər teatr həvəskarlarının Əbdürrəhim bəy Haqverdiyevin (1870-1933) “Dağılan tifaq” əsərinin tamaşaya qoyduğu və Nəcəf bəy rolunu Nəsib bəyin oynadığı xəbər verilir.

 Nəsib bəy Yusifbəyli 1908 və 1909-cu illərdə qısa müddətə də olsa Türkiyədə yaşayıb və oradakı aydınlarla, gənclərlə təmasda bulunub.

Böyük istiqlalçı Mirzəbala Məhəmmədzadə (1898-1959) yazır ki, “Nəsib bəy… 1908-də İstanbulda təşəkkül edən “Türk dərnəyi” cəmiyyətinin ilk üzvləri arasında bulunmuş bir şəxsiyyət idi”.

1909-cu ildə o, Türkiyəyə qayınatası İsmayıl bəy Qaspıralı ilə birgə gedib. Bu görüşü həmin vaxt İstanbulda oxuyan, sonralar müstəqil Krım Cümhuriyyətinin başçılarından olmuş Cəfər Seyidəhməd Kırımər “Mücahid” dərgisində (IV cild, 45-46-cı saylar) dərc etdirdiyi “Qaspıralı İsmayıl bəy – Nəsib bəy Yusifbəyli” məqaləsində bədii dillə təsvir edib: “1909-cu ilin sonlarında bizim həyatımızda mühüm bir hadisə olmuşdu. Tələbə cəmiyyətimiz əcələ toplantıya çağırıldı. Bir komissiya seçildi. İstanbula gələcəyini xəbər aldığımız Qaspıralı İsmayıl bəyi qarşılayacağıq. Nəhayət, gözlədiyimiz gün gəldi. İsmayıl bəylə bərabər, Yusif bəy Akçura və İsmayıl bəyin damadı azərbaycanlı Nəsib bəy Yusifbəyli də gəlmişlərdi. Biz bu toplantıda Nəsib bəylə anlaşmış və ona candan bağlanmışdıq. İsmayıl bəy bizə ciddi və münaqişə qəbuletməz bir əda ilə elmə sarılmağı tövsiyə edir, bizim siyasi və ictimai əndişələrimizə cavab verməyi belə zaid görürdü. Yusif bəy də aşağı-yuxarı eyni fikirləri müdafiə etmişdi. Nəsib bəy isə biz gənclərdə gördüyü imandan, fədakarlıq hisslərimizdən, bilxassə inqilab atəşi ilə yanmamızdan, bütün əməllərimizin xalqımızı yüksəltməyə layiq olmasından çox sevindiyini söylədi və bizi bu yola sadiq qalaraq bu əməl üçün hazırlanmağa təşviq etdi. Nəsib bəy hər şeydən ziyadə, xarakterimizin sağlam, doğru, ciddi olmasına diqqət etməyimizi bilxassə hərarətlə tövsiyə etdi.

Nəsib bəyin sözləri bizi o qədər sarmışdı ki, İsmayıl bəyə olan hörmətimizi belə unutmuş, Nəsib bəyi ən coşğun tərzdə candan alqışlamışdıq. İsmayıl bəylə olan bu görüşlərimiz bizi ona daha fazla yaxınlaşdırmışdı. Ona qarşı bəslədiyimiz hörmət azalmamışdı, fəqət o, bizim ürəklərimizi həyəcanlandırmamışdı. Biz inqilaba inanır, ondan mədəd umurduq. Biz onun bu gələcək günlərə əhəmiyyət vermədiyini sezmiş, bundan dolayı da onu sabahın adamı olaraq tanımamışdıq. Onun mazisinə hörmətlə bağlı idik. Gələcəyimiz üçünsə biz ruhən Nəsib bəyə bağlanmışdıq. Bu toplantıdakı görüşmələrimiz qafalarımızda və ruhlarımızda çox dərin izlər buraxmışdı. Bu toplantıdan sonra biz günlərcə söylənilən sözləri təhlil etmişdik…”.

Bu qısa qeydlər Nəsib bəyin xarizmatik bir şəxsiyyət olduğunu, özəlliklə gəncləri ələ ala bilmək, söhbətdaşlarını inandırmaq bacarığını sübut edir.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+23=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0382 saniye