Şəxsiyyət
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 20:16 01 yanvar 2016 tarixində əlavə olunmuşdur

 6 may 1918-ci ildə Seymin bütün müsəlman fraksiyası (“Hümmət” xaric) toplanaraq durumu müzakirə etdi. Qarşıdan Batum konfransı gəlirdi. Azərbaycan deputatları bu konfransa Türkiyə ilə danışıqlar apararaq ondan hərbi yardım istəmək üçün yeganə fürsət gözüylə baxırdılar. Onlar düşünürdülər ki, Bakının xilas edilməsi yalnız Türkiyənin hərbi müdaxiləsi ilə mümkündür, çünki Zaqafqaziya hökuməti bunu əslində istəmir də. Nəsib bəy Yusifbəyli həmin yığıncaqda bütün Azərbaycan Türklərinin Türkiyəyə münasibətini bu cür ifadə etdi: “Türklərin bizə doğru Zaqafqaziyaya daxil olmasına əngəl ola biləcək hər şey bizim üçün qəbuledilməzdir”.

Zaqafqaziyanın taleyini həll edən Batum konfransı 11 may 1918-ci ildə toplandı. Müzakirələr Batum klubunun böyük ağac binasında getdi. Konfransın ilk və son ümumi toplantısına Türkiyə, Zaqafqaziya və Şimali Qafqaz nümayəndə heyətləri ilə yanaşı, İttifaq dövlətlərindən Almaniya təmsilçiləri də qatılmışdılar. Zaqafqaziya nümayəndə heyətinin tərkibində Azərbaycanı Məhəmmədəmin Rəsulzadə və Məhəmmədhəsən Hacınski təmsil edirdilər.

Osmanlı Ordusu 15-16 mayda ermənilərlə şiddətli çarpışmalardan sonra Gümrünü işğal etdi və bununla Türk qüvvələri Sarıqamış və Qarsdan sonra Tiflis-Culfa xəttinin birləşdiyi həyati önəmli yol qovşağını ələ keçirdi. Durumun ağırlığını görən Seym rəhbərliyi 15 may 1918-ci ildə Seym Rəyasət Heyəti, Seym fraksiyaları və Zaqafqaziya hökuməti üzvlərinin birləşmiş iclasını çağırdı. İclasın protokolundan öyrənirik ki, həmin gün Seym sədri N.S.Çxeidzenin, Azərbaycandan olan nazirlərdən X.b.Məlikaslanov, Məhəmmədhəsən Hacınski, F.x.Xoyski, N.b.Yusifbəyov, Seym üzvləri Məhəmmədyusif Cəfərov, T.b.Makinski, H.b.Ağayev və Ə.a.Şeyxülislamovun da qatıldığı yığıncaqda Baş nazir əvəzi N.V.Ramişvili deyib ki, indi elə məlumatlar veriləcək ki, onlar nəinki mətbuata və ictimaiyyətə bildirilməməli, hətta Seym fraksiyaları təmsilçilərinə də çatdırılmayası sirdir. İştirakçılar sirri açmayacaqlarına razı olduqdan sonra sədr cəbhədəki vəziyyət haqqında məlumat verib, mühüm sənədləri oxuyub. Bir sıra çıxışlardan sonra iclas hökumətin qaldırdığı məsələ ilə bağlı sərəncamları bəyənib.

Batumda vəziyyəti Zaqafqaziya hökumətinin xeyrinə dəyişməyə zəif də olsa umud bəsləyən hökumət oraya yeni “nəfəs” göndərməyi qərara aldı. 16 mayda Batuma xüsusi qatarla N.N.Jordaniya, Y.Ramişvili, Artur Leyst, Şotniyev, Esadze, Papacanov, Zurabov, Bekzadyan, Ohacanyan, Qruzinian, Ujoxov (dağlıların nümayəndəsi) , Tangiyev, Teliyev, Didiqo, Mestiyev, Kupiyev, Yusifbəyli, Cəfərov, Xan Xoyski, Əfəndizadə, Xasməhəmmədov və fotoqraf Diqmelov göndərildilər. Ancaq bunun da köməyi olmadı. 18-19 mayda Batum müzakirələri artıq kəsilmə mərhələsinə girdi.

21 may 1918-ci ildə günortadan sonra Batumda gürcülərlə Azərbaycandan olan deputatlar arasında özəl bir müşavirə keçirildi. Bu toplantıya gürcülərdən Nikoladze, Jordaniya, Surquladze və Avalov, Azərbaycandan Xoyski, Xasməhəmmədov, Səfikürdski, Pepinov, Yusifbəyli və Cəfərov qatıldılar. Azərbaycanlılar “ermənilər Qarabağdan vaz keçdiklərinə görə Zaqafqaziyada bir erməni dövlətinin qurula biləcəyini qəbul etdilər. Əhməd Pepinov isə Axıskanın öz müqəddəratını təyin etməsini təklif edərək buranın Türkiyəyə ilhaqını düşünməkdəydi”.

Batumdadakı danışıqlarda heç bir uğur qazanmayan gürcülər almanlara umud bəsləyərək 26 may 1918-ci ildə Zaqafqaziya Federativ Cümhuriyyətindən və Seymdən çıxdıqlarını bildirdilər, Gürcüstanın bağımsızlığını elan etdilər. Bununla əslində federatif respublika da, Seym də dağıldı, çünki müsəlmanlar və ermənilər bir qurum içində heç vaxt ikilikdə qala bilməzdilər.

1918-ci il mayın 28-də Tiflisdə Canişin sarayında Azərbaycan Milli Şurasının yığıncağında Azərbaycanın da müstəqilliyini elan edib-etməmək məsələsi ciddi müzakirə edildi. Nəsib bəy Yusifbəyli də elan etməyin vacibliyini söylədi, ancaq bu işdə tələsməməyi təklif edənlər də vardı. Nəhayət, Milli Şuranın sədri Məhəmmədəmin Rəsulzadənin müavini Həsən bəy Ağayev onun vəkili kimi məsələni səsə qoydu və iştirakçılardan ikisi (Sultanməcid Qənizadə və Cəfər Axundov) bitərəf qalmaqla yerdə qalanlar müstəqil Azərbaycan Cümhuriyyətinin yaranmasına səs verdilər. Fətəli xan Xoyskinin başçılığı altında təşkil edilən ilk Azərbaycan hökumətində Nəsib bəy Yusifbəyli maliyyə və maarif naziri vəzifəsini tutdu. O, Xoyskinin başçılıq etdiyi ikinci və üçüncü kabinələrdə (17.VIII.1918-07.XII.1918; 26.XII.1918-14.III.1919) maarif və məzahib naziri oldu.

Azərbaycan Cümhuriyyətinin rəhbərliyi 16 iyun 1918-də Tiflisdən Gəncəyə köçdü. Bakıda hakimiyyət əsasən bolşeviklərin və daşnakların əlində olduğuna görə Azərbaycanın ən qədim mədənimərkəzlərindən və ən mühüm milli mədəniyyət ocaqlarından olan Gəncə müvəqqəti paytaxt seçilmişdi.

Doğrudur, bütün nazirliklər yerləşdirilmiş, işləmək üçün pis-yaxşı şərait yaradılmışdı, ancaq Bakı alınmadan bu hakimiyyətin yaşaya biləcəyinə inam çox az idi. Bu inamı da Osmanlı dövlətinin hərbiyyə naziri, başkomandan vəkili, sultanın damadı Ənvər paşa və onun Gəncəyə göndərdiyi kiçik qardaşı Nuru paşa yaratdılar. Nuru paşa qısa zaman içində Gəncəni paytaxt kimi möhkəmlətdi, Türkiyədən gəlmiş zabitlərin təlimi altında hərbi qüvvələr yetişdirdi. Onun gerçəkləşdirdiyi tədbirlər hökumətin də arxayın işləməsinə şərait yaratdı.

Nuru paşa Gəncədə olarkən onun yaxın çevrəsindəki insanlardan biri də Nəsib bəy Yusifbəyli olmuşdu. Bunu, məsələn, ondan bilirik ki, Nuru paşa Gəncə ermənilərinin nümayəndələrini qəbul edərkən onlarla söhbəti Nəsib bəy tərcümə etmişdi.

Azərbaycan Cümhuriyyəti dönəmi maarif tariximizi araşdırmış dəyərli tədqiqatçı Əzizə xanım Nəzərli göstərir ki, Maarif Nazirliyi hələ Gəncədə olan vaxt orada Azərbaycan siyasi və mədəni tarixində böyük iz buraxmış Nəsib bəy Yusifbəyli, Həmid bəy Şahtaxtinski, Fətulla bəy Rzabəyov, Azad bəy Əmirov, Aynülhəyat xanım Yusifbəyova, Nurməhəmməd bəy Şahsuvarov və b. kimi görkəmli şəxslər çalışırdı.

Gəncəyə gəlişin ilk günlərindən Nəsib bəy nazirliyin strukturunu təsdiq edib, görüləcək ən vacib işlərin istiqamətini müəyyənləşdirib və ən çətin şərtlər daxilində əməli işlər görülməsinə başlayıb. Ancaq maliyyə vəsaitinin və işçi qüvvəsinin hədsiz məhdud olduğu bu bir neçə aylıq dönəmdə hansısa mühüm nailiyyətlərin əldə edilməsindən danışmaq sadəlövhlük olardı.

AR Dövlət Arxivində 23 iyun 1918-ci il tarixli nadir bir sənəd saxlanılır. Doğma Türk dilimizdə və rusca yazılaraq mətbəədə basılmış bu sənəd “Azərbaycan Hökuməti tərəfindən elan” adlanır. Təəssüf ki, türkcə mətnin sol tərəfi qopduğuna görə bir çox söz və ifadələr oxunmur. Sağ-salamat qalmış rusca mətnin məzmun­una əsasən tam bərpa etdiyimiz sənədin ana dilimizdəki mətnini oxuculara təqdim edirik:

“Vətəndaşlar! Tanrının köməyiylə Vətənimiz Azərbaycanın istiqlaliyyətinə müvəffəq olduq. Qəti əminiz ki, millətin sarsılmaz iradəsi sayəsində, həmcins və həmdin olan dövləti-əliyyeyi-Osmaniyyənin hüsni-təvəccöhü və yardımı ilə Vətənimizin xoşbəxt gələcəyi təmin ediləcəkdir. Bununla bərabər, hələlik Vətənimiz daxil və xaricdən bir çok təhlükə ilə qarşı-qarşıyadır. İştə bu təhlükələri nəzərə alaraq Mərkəzi Milli Şura həziranın 17-ci  günündə keçmiş Hökumətin istefasını qəbul edərək cümlə ixtiyaratı haiz yeni hökumət təşkil edib, iş başından çəkildi, ağır vəzifəyi bizim üzərimizə yükləyərək, altı aydan uzaq olmamaq şərtiylə Məclisi-Müəssisan çağırmağı, ölkənin bütün müqəddəratını o məclisi-aliyə tövdi etməyi əmr etdi.

Vətəndaşlar! Vətənimizin ixtiyarı artıq millətin kəndi əlinə keçdi. Belə məsul bir dövrdə hökumət və dövlət işləri, ərbabına tövdi ediləcəyindən, hər kişi kəndi vəzifə[si­nin başına dönməyi hökumət] tələb edir, Vətənin səadəti və millətin rifahı üçün lazım gələn tədabiri nə qədər ağır olsa da icra etməkdən, vəzifəsini əda etməyənlərə lazım gələn cəzayı verməkdən çəkinmə[məyi] kəndisinə borc bilir.

Hökumət bu gündən etibarən bütün dövlət dairə­lə­rini, məhkəmə və məktəbi milliləşdirməyi ən yaxın vəzifələrdən sayır], bununla bərabər, bu ağır vəzifəyi dövlət makinəsini bütün dövr içində fəal saxlamaqla görəcəkdir. Bunun üçün bütün dəvair və məmurin hökumət tərəfindən [xüsusi sərəncam olana qədər] hər kəs kəndi vəzifəsi başında qalıb, kəndi işlərinə məşğul olmalıdır.

Hökumət Vətənimiz olan Azərbaycanın bilafərqi-cins və din cümlə əhali üçün əsl vətən olmasına bütün tədbirlərlə çalışacaqdır, kimsənin dininə, məzhəbinə, adat və ənənatına qarışmayacaqdır. Bütün qeyri]-müslim əhali kəndi millətlərinin rifahı yolunda çalışmaqla bərabər, müştərək vətənimizin tərəqqi[sinə də səy etməlidir].

Millətdaşlar! Unutmayınız ki, istiqbalımızı qüvvətli olmaq təyin edəcəkdir! Dövlət qüvvətini təşkil etmək üçün tezliklə] gənclərimizi silah altına dəvət edəcəyiz və əminiz ki, bu müqəddəs vəzifə[nin icrasına onlar dəstə-dəstə qoşacaqlar. Bu müqəddəs vəzifədən boyun qaçırmaq istəyənlər haqqıyla tədib ediləcəklər.

Vətəndaşlar! Üzərimizə aldığımız vəzifə ağırdır. Bunun üçün millətin müav[inətinə möhtacız. Əminiz ki, vətəndaşlar bilacins və məzhəb Vətən və Millət naminə kəndi müavinətlərini bizdən əsirgəməyəcəklər. Dövləti-əliyyeyi-Osmaniyyə övladı olan həmcins və həmdin qardaşlarımızın köməyiylə Vətənimiz olan Azərbaycanın səadət və qüdrətə yetişəcəyinə qəvi imanla Allahdan inayət, millətdən müavinət bəkləriz”.

Sənədin altında hökumət rəisi və ədliyyə naziri Fətəli xan Xoyskinin, maarif və məzahib naziri Nəsib bəy Yusifbəylinin və 10 başqa nazirin imzası var.

Bu sənədin altında qol çəkmiş kişilər Azərbaycanın müstəqil dövlətçiliyinin gerçək qəhrəmanlarıdır! Bəli, bu nazirlər fövqəlbəşəri insanlardı! Onları nə kürsü, nə var-dövlət, nə də şöhrət maraqlandırırdı! Onların fədakarcasına gerçəkləşdirməyə can atdığı bircə müqəddəs vəzifə vardı – AZƏRBAYCAN CÜMHURİYYƏTİNİ YOXDAN YARATMAQ, ONU QORUMAQ VƏ YAŞATMAQ! Bu yolda hər məhrumiyyətə hazırdılar. Nəsib bəy Yusifbəyli də həmin təmənnasız fədakarlardandı!

1918-in sentyabrında Bakının alınmasından sonra maarif nazirinin işi başından aşıb-daşdı.

Bu vaxt Azərbaycanda cəmi 666 məktəb vardı, Bakı şəhəri və Bakı rayonunda 33, Göyçay qəzasında 46, Şamaxı qəzasında 50, Quba qəzasında 54, Cavad qəzasında 69, Lənkəran qəzasında 48, Gəncə qəzasında 87, Qazax qəzasında 35, Qaryagin qəzasında 23, Zəngəzur qəzasında 45, Cavanşir qəzasında 33, Şuşa qəzasında 42, Ərəş qəzasında 12, Şəki qəzasında 49, Zaqatala dairəsində 40.

Azərbaycan Cümhuriyyəti hökumətinin 6 oktyabr 1918 tarixli iclasında Heyəti-vükəla Rəisi (Baş nazir) Fətəli xan Xoyski ikinci kabinetindəki nazirlər arasındakı bu cür yeni portfel bölgüsü apardı:

Fətəli xan Xoyski – Heyəti-vükəla rəisi (portfelsiz); müvəqqəti olaraq Xariciyyə Nəzarətini idarə edəcəkdir

Behbud xan Cavanşir – ticarət və sənaye və daxiliyyə naziri

Əlimərdan bəy Topçubaşov – xariciyyə naziri

Məhəmmədhəsən Hacınski – maliyyə naziri

Nəsib bəy Yusifbəyov – maarif naziri

Xudadad bəy Məlikaslanov – təriq və məabir naziri

Xosrov bəy Sultanov – ərazi naziri

Ağa Aşurov – poçta-teleqraf naziri

Xəlil bəy Xasməhəmmədov – ədliyyə naziri

Xudadad bəy Rəfibəyov – səhiyyə naziri

Musa bəy Rəfiyev – məzahib və müayinə naziri

İsmayıl xan Ziyadxanov – hərbi işlər müvəkkili

Əbdüləli bəy Əmircanov – hökumət kontrolu.

Əlbəttə, bu bölgüdə təəccüblü heç nə yoxdur. Ancaq indiyədək heç yerdə qeyd olunmamış bir fakt ortalığa çıxıb – Nəsib bəy Yusifbəyli 10 noyabr 1918-ci ildə ərzaq naziri vəzifəsində də əmrlərə qol çəkib, nazirliyə yeni işçilər götürüb.  Doğrudur, yuxarıdakı siyahıda ərzaq naziri və onun adı yoxdur, ancaq iş burasındadır ki, Ərzaq Nazirliyinin ləğv edilməsi haqqında da heç bir sənədlə üzləşmirik. O dönəmdə bir nazirə əlavə başqa nazirliyin də həvalə edilməsi təcrübəsinin olduğuna söykənərək güman edirik ki, indiyədək Ağa Aşurovun başçılıq etdiyi və 15 oktyabradək “ərzaq naziri” kimi əmrlərini imzaladığı bu nazirlik ləğv edilməyib, onun idarə edilməsi də Nəsib bəyə tapşırılıb və o da qanuni şəkildə əmrlər verib. Bu zaman N.b.Yusifbəylinin Azərbaycan Cümhuriyyəti hökumətində bir yox, iki nazirliyə (Maarif/Maarif və Məzahib Nazirliyi, Ərzaq Nazirliyi) rəhbərlik etdiyi təsdiqlənmiş olur.

13-23 dekabr 1918-də maarif nazirinin yaxından dəstəyi ilə Xalq Məktəbləri Müfəttiışiyi müfəttişlərin qurultayını keçirdi. Bu qurultay məktəb həyatının ən geniş məsələlərini müzakirə etdi və görüləsi işləri müəyyənləşdirdi.

Bütün ölkədə məktəb binalarının çatışmazlığı maarif işinə əngəl törədən ən mühüm amildi. Özəlliklə Bakıda məktəb binalarıyla bağlı faciəli durum yaranmışdı. Erməni daşnakları Mart hadisələri zamanı onların bir çoxunu yandırmış, bir çoxu ingilis qoşunları yerləşdikdən sonra sıradan çıxmış, bir çoxunda da Naxçıvan və Zəngəzur qaçqınları yerləşdirilmişdi.

1918-in payızında ingilis qoşunları Mariya gimnaziyasını, Mixail məktəbini, Puşkin, Budaqov və Turgenev məktəblərini, eləcə də Zabrat məktəbini zəbt etmişdilər. Buna görə də Şəhər İdarəsi məktəblərçün özəl evləri icarəyə götürməyə məcbur olmuşdu. İngilis qoşunları qərargahının sərəncamına əsasən, 5-ci ali ibtidai məktəb 8 yanvar 1919-da tutularaq əşyaları həyətə atılmış, bu haqda heç şəhər başçısına və Şəhər İdarəsinə də xəbər verilməmişdi, halbuki İdarənin nümayəndəsi Britaniya Qoşunlarının Yerləşməsi üzrə Komitəyə daxildi. Məktəb kimi istifadə edilən Nəşri-Maarif Cəmiyyətinin binasını ingilis qoşunları tövləyə çevirmiş, onun döşəməsini, pəncərə örtülərini, dəhlizini dağıtmış, bağındakı illər boyunca əkilmiş 220 ağacı məhv etmişdilər (vurulan ümumi ziyan 272 min manatlıqdı). Cəmiyyət ziyanı ödəməyi tələb etsə də ingilislər heç veclərinə də almamışdılar.

Kənd yerlərində vəziyyət daha acınacaqlı idi. Bu üzdən də kənd idarələrinin binaları 1919-cu ilin payızında məktəblər üçün verildi. Bunların bir çoxu ən müxtəlif səbəblər üzündən işləmirdi.

Cümhuriyyət hökuməti məktəblərin bərpasına xeyli vəsait ayırdı: Qazax qəzasına 75.460, Zaqatala dairəsinə 45 min, Lənkəran qəzasına 515 min,  Cavanşir və Zəngəzur qəzalarına 163.400 manat.

Maarifin problemləri yalnız məktəb binalarıyla bitmirdi – sinfə girəcək, şagirdləri yetişdirəcək müəllimlər tapılmırdı, çünki onların maddi durumu çox ağırdı, buna görə də hətta ixtisaslı müəllimlərin çoxu yüksək maaşlı başqa qulluqlara keçmişdi. Maaşın azlığı, evsizlik, yolpulu üzündən ucqar kənd məktəblərinin çoxu müəllimsiz qalmışdı. Buna görə Şamaxı və Göyçay qəzalarında hətta 1920-ci ilin başlarında 112 məktəbdən 47-si işləmirdi. Doğrudur, 1 yanvar 1919-da Parlaman xalq məktəbləri müfəttişlərinin maaşını ayda 2000 manat etdi, ancaq yüksək bahalıq üzündən bu da dərdə məlhəm olmadı.

Mövcud problemlər içərisində dərslik yoxluğu daha önəmli yer tuturdu. Milli hakimiyyət çara sədaqət və velikorus şovinizmi ruhunda yazılmış dərslikləri bir qırağa atmağa, millət balalarını milli ideologiyaya uyğun dərsliklərlə tərbiyə etməyə məcburdu. Ancaq bu, xeyli vaxt aparan və vəsait tələb edən bir işdi. Ona görə də hökumət ilkin çarə kimi yeni dərsliklər yaradılanadək xüsusi əllərdəki türkcə kitabları almaqçün Maarif Nazirliyinə 27 oktyabr 1919-da 1.205 türk lirəsi ayırdı. Türkiyədən dərsliklərin gətirilməsinə də baş vuruldu.

Nazirlikdə dərslik hazırlayan komissiyalar yaradıldı. Onların əməyi ilə artıq 1919-cu ildə “Yeni məktəb”, “Yeni qiraət”, “Uşaq gözlüyü” və b. dərsliklər nəşr edildi.

Azərbaycanda ilk dəfə olaraq Türk qadınları üçün savadlandırma kursları açıldı. Yerli əhalinin savadsızlığını ləğv etməyə imkanlar yaradıldı.

Bunlar Nəsib bəy Yusifbəylinin maarif nazirliyi dönəmində onun rəhbərliyi altında 1918-in iyunundan 1919-un martınadık görülmüş işlərin əsas qismidir.

Nəsib bəy 14 mart 1919-cu ildə hökumət başçısı – Rəisi-vükəla (Baş nazir) seçildi. Bu zaman da o, maarif işlərinə xüsusi diqqət yetirdi, hökumətin daxili siyasətində maarif məsələlərini önə şəkdi. Aşağıda sadalayacaqlarımız onun baş nazirliyi dönəmində gerçəkləşmiş işlərdir.

7 avqust 1919-da Türk Müəllimləri Birliyinin (sədri Ağababa bəy İsrafilbəyov) ilk ümumi yığıncağı keçirildi. Bu yığıncaq 25 avqustda keçirilən Türk Müəllimlərinin III Qurultayını hazırlayaraq gerçəkləşdirdi. Qurultayın təşkilində N.b.Yusifbəylinin şəxsi rolu ayrıca qeyd edilməlidir.

1 sentyabr 1919-da – Nəsib bəyin baş nazirliyi dövründə Parlaman Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun qəbul etdi. Hələlik iki fakültəsi olan universitetdə mühazirələr 15 noyabrdan başlandı.  Cümhuriyyətin görkəmli dövlət xadimləri Məhəmmədəmin Rəsulzadə və Rəşid xan Qaplanov Türk ədəbiyyatı tarixi üzrə ilk müəllimlər oldular.

1 sentyabr 1919-da Parlaman 1919/20-ci dərs ilində əcnəbi ali məktəblərdə oxumaq üçün 100 tələbə göndərməkdən ötrü 7 milyon manat ayırdı. 14 yanvar 1920-də onlar Bakıdan təntənəylə yola salındılar. 29 fevral 1920-də XMN tələbələrin 1sentyabr 1920-yədək ehtiyaclarını ödəmək üçün AC-nin İstanbuldakı diplomatik nümayəndəsinə əlavə 25 min frank və Parisdəki Azərbaycan sülh heyəti sədrinə 171.732 frank göndərdi.

N.b.Yusifbəyli hökuməti təhsil sistemində milliləşdirmə apardı. Bu prosesdə yaranan çətinlikləri nəzərə alan Nəsib bəy nazirliyin təklifi ilə şəhərlərdə dövlət dilini məcburi fənn kimi tədris etmək şərtiylə rus bölmələrinin də yaradılmasına razılıq verdi. Həmin dövrdə Türk uşaqların yalnız milliləşdirilmiş məktəblərdə təhsil almaları tələb edilirdi. Lakin müstəsna hallarda ana dilində danışa bilməyən uşaqlar Xalq Maarifi Nazirliyinin xüsusi razılığı ilə rusca təhsilə buraxıla bilərdi.

1 noyabr 1919-da Azərbaycanda 30 orta təhsil müəssisəsi vardı: 8 kişi, 10 qadın gimnaziyası, 6 real məktəb, 2 kommersiya məktəbi, 1 politexnik məhtəb, 3 müəllimlər seminariyası. 1920-nin başlanğıcında özəl politexnikum da açıldı.

1918-1919-cu illərdə Gəncə Müəllimlər Seminariyası milliləşdirildi, Bakıda darülmüəllimin və və darülmüəllimat, Şəkidə darülməllimin açıldı, Zaqatala, Ağdam və Şuşada belə müəssisələrin yaradılması qərara alındı.

Hökumət yeni orta təhsil müəssisələrinin açılması üçün də bir neçə qanun layihəsi qəbul etdi. Orta məktəblərin maddi bazası gücləndirildi. Milli müəllim kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. Türkiyədən də müəllimlər dəvət edildi. 5 noyabr 1919-da oradan ilk dəstə – 50 müəllim gəldi. 

Təhsildə bu cür milliləşdirmə siyasətinin milli təhsilimizin tarixində müstəsna rolu oldu. Nəsib bəyin rəhbərliyi ilə hazırlanıb həyata keçirilən qərarlar sayəsində Azərbaycanda ümumi təhsil müəssisələrində tədrisin təşkilinin ana dilində aparılmasına dair maarifçilərimizin yüz illər boyunca arzuladığı milli istək gerçəkləşdi, Türk dili məktəbdə dövlət dili statusu qazandı, təlim-tərbiyə, təhsil dilinə çevrildi.

1919-un noyabrında nazirlik məktəb binalarının tikintisi, təchizatı və əsaslı təmiri üçün 91.644 manat ayırdı.

Rəisi-vükəla Nəsib bəy Yusifbəyli 22 dekabr 1919-da Parlamanda çıxış edərək hökumətin xalq təhsilinin bütün sahələrinin inkişafına yardım göstərəcəyini, bundan ötrü maliyyəni əsirgəməyəcəyini bildirmişdi. Gerçəkdən, Nazirlər Şurası 1920-nin başlanğıcında XMN-ə dərslik hazırlayan komissiyalar üçün 152 min, kağız almaq üçün 500 min, ərəb şriftləri almaq üçün 200 min manat vəsait ayırdı. Bu vəsaitlər hökumətin maarif və təhsilə ayırdığı xərclərin yalnız bir hissəsidir. Hökumətin qayğısı nəticəsində ana dilimizdə bu dərsliklər yaradıldı: “Türk əlifbası”, “Təzə elmül-hesab” (3 hissədə) , “İkinci il”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Yeni məktəb”, “Müəllimi-sərf”, “Sərfi-türki”, “Türk çələngi”, “Tarixi-təbiə”, “Rəhbəri-cəbr”, “Coğrafiya” (2 hissədə) , “Hikməti-təbiə”.

Bütün bunlar həm nazir və baş nazir Nəsib bəy Yusifbəylinin, həm də onun təmsil etdiyi Azərbaycan Cümhuriyyətinin təsəvvürə gəlməz ağır iqtisadi və siyasi durumda gördüyü milli işlərin şərəfli tarixçəsidir!


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+9=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0291 saniye