Şəxsiyyət
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 20:30 01 yanvar 2016 tarixində əlavə olunmuşdur

Azərbaycanın ilk müstəqil dövlətinin qurucularından olan Nəsib bəy Yusifbəyli siyasi xadim və dövlət adamı kimi ilk ciddi təcrübəsini Tiflisdə Zaqafqaziya miqyaslı nazir və parlamentari (Seym üzvü) kimi çalışarkən qazanmışdı.

Nuru paşanın başçılığı altında Qafqaz İslam Ordusu sentyabrda Bakını işğalçılardan azad etdikdən sonra dövlətin möhkəmləndirilməsində ən mühüm addım 7 dekabr 1918-ci ildə Məclisi-Məbusanın (Parlamanın) açılması oldu. Nəsib bəy Azərbaycan Milli Şurasının 44 üzvü ilə bərabər avtomatik olaraq məbuslar (deputatlar) sırasına daxil edildi. O, Parlamanın bütün mövcudluğu ərzində  tutduğu vəzifədən asılı olmayaraq milli məsələlərin müzakirəsində fəal iştirak edib, özünün vətəndaş mövqeyini çəkinmədən ortaya qoyub, Parlaman kürsüsündə üst-üstə 25 dəfədən artıq çıxış edib. Məclisi-Məbusandakı ən nüfuzlu partiyanı və dövlətin ən nüfuzlu məqamını təmsil etdiyinə görə onun çıxışlarının çəkisi ağır, söylədiyi fikirlərin ictimai rəyə təsiri geniş olub.

Təəssüf ki, indiyədək Nəsib bəyin Parlamandakı çıxışları haqqında Azərbaycan oxucusu, demək olar ki, heç nə bilmir, halbuki onun ideoloji-siyasi-sosioloji görüşləriylə tanış olmaqçün bu, olduqca önəmlidir. Durumu nəzərə alaraq, bir məqalənin imkan verdiyi həcmdə həmin çıxışların ən vacib məqamlarını (dilini sadələşdirməklə) oxuculara çatdıracağıq.

Beləliklə, 25 yanvar 1919-cu ildir. Məclisi-Məbusanın 9-cu iclası gedir. Gündəlikdəki 2-ci məsələ Gəncə Bələdiyyə İdarəsinə yoluxucu xəstəliklərlə mübarizə aparmaq üçün 450 min rubl borc verilməsidir. Həkim Musa bəy Rəfiyev bu haqda məruzə etdikdən sonra başqaları məsələyə münasibət bildirir. Kürsüdə növbəti natiq Azərbaycan Cümhuriyyətinin maarif və məzahib (məzhəblər) naziri Nəsib bəy Yusifbəylidir. O, hökumət adından izahat verərək bəyan edir ki, natiqlərin dediklərindən belə anlaşılır ki, guya hökumət kəndləri unudaraq ancaq şəhərlərə kömək edirmiş. Əlbəttə, bu barədə Səhiyyə Nəzarəti özü izahat verər, amma indi bunu demək istəyirəm ki, hökumət kəndləri unutmamışdır və bu gün kəndlər ehtiyacı üçün təxsisat istəmirsə səbəbi budur ki, Parlament açılmadan bu məqsəd üçün hökumət ixtiyarında pul var idi. Səhiyyə Nəzarəti kəndlərdə yoluxucu xəstəliklərlə mübarizə ehtiyacına öz sərəncamındakı 3-4 milyonluqdan sərf edir və bu yolda ciddi tədbirlər görür, nazir kəndlərə göndərmək üçün təbib, feldşer və sairələrdən mütəşəkkil səyyar dəstələr təşkil edir. Bunlar yaxın zamanda həmin kəndlərə göndəriləcəkdir. Nəinki yalnız kəndlərə, şəhərlərə də Səhiyyə Nəzarəti tərəfindən ayrıca olaraq pullar sərf edilir və ediləcəkdir. Ancaq indi hökumət şəhərlərə yardım üçün məbləğ istəyir. Səbəbi də budur ki, şəhərlər yoluxucu xəstəliklərlə mübarizə işlərində nazirliyə kömək edirlər, fəqət pula möhtacdırlar, ona görə bizdən borc pul istəyirlər. Buna görədir ki, hökumət Parlamentə müraciətlə pul ayrılmasına izn istəyir.

Parlamanın 14 aprel 1919-cu il tarixli 29-cu iclası Nəsib bəy Yusifbəyli üçün çox əlamətdardır – bu gün o, Azərbaycan Cümhuriyyəti Heyəti-Vükəlasının (Nazirlər Şurasının) Rəisi-vükəlası (Baş naziri) seçilib və Parlamanda söz ona verilib. Onun bu proqram səciyyəli çıxışı Azərbaycan dövlətçiliyinin və demokratiyasının tarixini öyrənmək baxımından çox qiymətlidir. Buna görə də stenoqramın başlıca yerlərini ixtisarla veririk:

“Yusifbəyli (Mərkəzdən və soldan şiddətli alqışlar içərisində kürsiyi-xitabətə çıxaraq bu nitqi irad edir): Möhtərəm deputatlar! Əmrinizlə təşkil etdiyim hökumət, üzərinə nə qədər ağır və nə qədər böyük bir məsuliyyət almış olduğunu anlayır. Doğrudur, Azərbaycan milləti istiqlaliyyətini elan etdiyi bu az bir zamanda yarü əğyar nəzərində müstəqil olmağa layiq bulunduğunu göstərdiyindən, bugünkü hal və mövqeyimiz iki ay əvvəlkindən daha mətin və daha sağlamdır. Əvət, 10 aydan bəri de-fakto müstəqil olan Azərbaycan bu gün böyük dövlətlər tərəfindən dəxi hüsni-qəbul ərəfəsində bulunduğuna və Azərbaycan Türklərinin yaxın bir zamanda dünyanın bilcümlə mədəni millətləri ailəsinə daxil olacağına umudumuz güclüdür. (Mərkəzdən alqış) .

Bu, belə olacaqdı, çünki Azərbaycan Türkləri yekvücud olaraq erkək-qadın, gənc-ixtiyar, fəqir və zəngin, fəhlə və rəncbər, “Müsavat”, “Əhrar”, “Sosialist”, “İttihad”, xülasə bütün millət təni-vahid kimi istiqlalımızı mühafizə etməyə yəmin etmişdir. (Mərkəzdən və soldan alqış). Çünki millətin bu əzminə bilavasitə şahid olan böyük və demokratik İngiltərə komanda heyətinin, aldığı təəssüratı qərəzsiz, mübaliğəsiz Parisdə təşkil edilən Məhkəmeyi-kübrayə ərz edəcəyi şübhəsizdir.

…Bu gün qarşımızda istiqlalımızla bərabər, ərazi bütövlüyümüzü təmin etmək üçün həlli gözlənilən bir çox məsələlər vardır. Hökumət bir an əvvəl məzkur məsələlərlə məşğul olmağı özü üçün ən mühüm və müqəddəs vəzifələrdən sayır. Məlumunuzdur ki, Azərbaycanın ayrılmaz bir hissəsini təşkil edən Lənkəran qəzası hələ yabançılar əlindədir. 100 minə qədər vətəndaşımızın həyatlarına, irz və namuslarına təcavüz edilir. Azərbaycanın Tiflis və İrəvan vilayətlərindəki hissələrinə göz dikənlər də vardır.

Bu məsələləri həll etmək, həm də son imkanlara qədər sülhlə həll etmək hökumətin ümdə və əsas vəzifələrindəndir. (Sağdan: “Qarabağ! Qarabağ”!). Hökumət inanmaq istəyir ki, Azərbaycanın bu gerçək haqqı bugünlərdə Tiflisdə təşkil ediləcək konfransda da qonşularımız tərəfindən təslim və qəbul olunacaqdır, çünki biz bilirik ki, bizim kimi qonşularımız da bizimlə sülhlə yaşamaq istəyirlər. Zaqafqaziyada təşəkkül etmiş cümhuriyyətlərin istiqbalı bu cümhuriyyətlər arasında sülh və səlahın davamına bağlıdır. Bu isə hər kəsin haqqı özünə verilməklə mümkündür.

Qonşularımızdan bəhs edərkən bir-iki söz Dağıstan Cümhuriyyəti xüsusunda ərz etmək istərdim. Şimali Qafqaz azərbaycanlıların vətəni, Azərbaycan Şimali Qafqazlı dindaşlarımızın yurdu, ocağı kimidir… Denikinin orduları Şimali Qafqazın üzərinə hücum edərək cəsur və şücaətli dindaşlarımızın qarlı dağlarını al qanlara boyayıb, onları və onlarla bərabər bizləri yenidən əsarət altına almaq fikrindədirlər. Halbuki bu işin o qədər asan olmadığını Qafqaz qartalları bu günlərdə o qasidlərə qanlı dərslər verməklə isbat edirlər. Bu aslan mücahid qardaşlarımız bilməlidirlər ki, biz hər zaman onlarla bərabərik.

Möhtərəm əfəndilər! Digər qonşularımızla da indiyə qədər olduğu kimi sülh və salamatlıqla yaşayacağıq. Sevgili Azərbaycanımızın şan və heysiyyətini mühafizə etməklə bərabər, hökumət qonşular arasında çıxan bütün məsələlərin sülhlə həll edilməsi tərəfdarıdır. Təbii, bu sülh və səlahın başqa şərtləri də vardır, o da azlıqda qalan millətlərin haqqını tanımaqdır. Zülm və istibdad altında yaşayıb da “inorodes” adı altında bir əsrdən bəri maddi və mənəvi baxımdan bir çox təzyiqlərə məruz qalan Azərbaycan Türkləri Azərbaycan daxilindəki bütün vətəndaşlarına bir gözlə baxmaqla hər kəsin öz dilində yazıb-oxumasına, öz dilini və öz milliyyətini mühafizə etməsinə müsaidə etməzsə tarixi bir səhv etmiş olur. Onun üçün hökumət sevgili Azərbaycanımızın bütün vətəndaşlarımız üçün həqiqi bir vətən olmasına çalışacaqdır.

Burada torpaq məsələsindən, fəhlə məsələsindən uzun-uzadı bəhsə lüzum görmürəm, çünki kəndliyə torpaq, fəhləyə iş deputatların əksəriyyətinin şüarı olduğundan, təbii, hökumətin də şüarı olacaqdır. Torpaq məsələsini qəti surətdə həll etmək, təbii, milləti gerçəkdən təmsil edəcək Məclisi-Müəssisanın haqqıdır. Bu xüsusda bugünkü hökumətin üzərinə ancaq bir vəzifə düşür, o da məsələni ətraflı hazırlamaq, torpaq işlərinə dair bütün vasitələri toplamaq və yazıb hazırlamaq və bu surətlə Məclisi-Müəssisanda bu ağır və mühüm məsələnin asanlıqla həllinə yardım etməkdən ibarətdir. Bununla bərabər, istər torpaq və istər fəhlə məsələsində bir ixtilaf çıxarsa hökumət hər zaman zəhmətkeşlərin hüququnu müdafiə edərək onların tərəfində olacağını vəd edir. (Mərkəzdən və soldan alqış). Hökumət fəhlənin iş haqqını müdafiə və özünü sığorta üçün qanunlar hazırlayacaq.

Deputat əfəndilər! Söz azadlığı, mətbuat azadlığı, yığıncaq azadlığı mədəni və demokratik bir dövlət təşkilinin başlıca şərtləridir. Bu xüsusda, zənn edirəm, hər kəsdən biz irəli gedirik. Azərbaycanda görülən bu azadlıqlar dünyanın heç bir tərəfində mövcud deyildir. Hökumət, təbii, müqəddəs olan bu azadlıqları qoruyacaqdır. Hər kəs nə yazırsa yazsın, hər kəs nə istəyirsə söyləsin, harada yığışırsa yığışsın, yalnız bir məsələ vardır ki, ona əl uzatmağa dözülə bilməz – o da Azərbaycanın istiqlaliyyəti məsələsidir. (Ümumi sürəkli alqış). Bu istiqlaliyyəti, millətin bu müqəddəs və qanuni haqqını təhqir etdirməməyə, bu ülvi hissiyyatına toxundurmamağa hökumət var qüvvəsiylə çalışacaqdır. (Mərkəzdən, soldan alqış) .Bu müqəddəs hürriyyətlərdən sui-istifadə edənlər məmurların deyil, ədliyyə məhkəmələrinin adilanə və qanuni qərarlarına tabe tutulacaqlardır.

Əfəndilər! Bu azadlıqların ən müqəddəsi, məlumi-alilərinizdir ki, vicdan və şəxsiyyət azadlığı, mənzil toxunulmazlığıdır. Təbii, əqidə və vicdana aid məsələlər üçün demokratik cümhuriyyətimizdə kimsə təqib edilə bilməz.

…Zemstvo idarələrini mümkün qədər sürətlə meydana gətirməyə hökumət təşəbbüs və mövcud şəhər idarələrini həyata dəvət edəcəkdir və bununla bərabər, hökumət məmləkətin idarə bölgüsünü dəyişdirməyə icazənizlə başlayacaqdır.

Təbii, sui-istifadə ilə mübarizənin başqa çarələri də vardır. Ən təsirli çarələrdən biri də cinayət işlərini qanunən aparmaqla canilərə hər kim olursa olsun cəzasını verməkdir. Hökumət bu xüsusda üzərinə düşən vəzifəni icra edəcəkdir. […] Bunun üçün də ədliyyə məhkəmələri əhaliyə daha yaxın və milli bir ruhda olmalıdır. Bu xüsusda da hökumət bir yenilik göstərməyə və tez bir zamanda seçilmiş hakimlərin ədliyyə məhkəmələrinə cəlbinə çalışacaqdır.

Möhtərəm deputatlar! Məlumunuzdur ki, istiqlalımız, gələcəyimiz yalnız maarifə bağlıdır. Milli maarifimiz, milli məktəbimiz tərəqqi etməzsə bizim üçün xoşbəxtlik və nicat umudu qalmaz. Hökumət bunu bilir, bunun üçün ibtidai təhsilin ümumi olmasına əsas hazırlamağa və bu sentyabrdan ibtidai məktəblər açmağa təşəbbüs edəcəkdir. Sənaye məktəblərinə ayrıca diqqət edəcəkdir. Mövcud edadi məktəbllərdən bir qismi tədricən milliləşdiriləcək, digər qismi isə qeyri-müsəlman uşaqlar üçün rus dilində davam edəcəkdir. Hər millətin öz dilində oxumasına heç bir maneə olmadığından onların uşaqları üçün hökumət hesabına məktəblər açılacaqdır.Müəllimlərə olan ehtiyacımızı ödəmək üçün yetərincə darülmüəlliminlər açmaqla bərabər, xaricdən də müəllimlər dəvət etməyə çalışacaqdır. Dərs kitablarımız da azdır. Maarif Nəzarəti bunun çarəsini düşünəcəkdir. İndidən komisyonlar təşkil edilmişdir. Bir çox kitablar seçilmiş və tərtib edilmişdir. Bunların nəşrinə təcili başlayaraq sentyabradək lüzum görülən kitabları bütünlüklə ortaya qoymağa və tədarükə səy edəcəkdir.

Hökumət ali təhsili də düşünmüşdür. Bunun üçün ali kənd təsərrüfatı məktəbi haqqında qanun layihəsi bəyənməyiniz üçün təqdim edilmişdir. Tiflisdəki Zaqafqaziya Universitetinin paytaxtımıza nəqli üçün müzakirələrə girişilərək sentyabrın başlarında dərslərə burada davam edilməsinə çalışılacaqdır. Universitetimizdə, təbii, dilimizin, tariximizin, ədəbiyyatımızın inkişafına, xidmət edə biləcək kürsülər açılacaqdır.

Deputat əfəndilər! Gələcəyimizin təmini üçün başqa tədbirlər də görmək lazımdır. O da iaşə, ticarət və maliyyə işlərini yoluna qoymaqdır. Ərz etdiyim bu işlər bir-birinə sıxı-sıxı bağlıdır.

…Daxili və xarici ticarəti dövlət öz öhdəsinə almışdı. Bu üsulun nə qədər zərərli və yanlış nəticələr verdiyi məlumunuzdur. Təbii, Azərbaycan hökuməti bu üsuldan vaz keçdi, daxildə ticarəti yenidən diriltməyə çalışdı. Bu isə artıq Ticarət Nəzarətinin işidir, ona görə hökumət İaşə Nəzarətini ləğv edərək bu nəzarətin bəzi vəzifələrini Ticarət Nəzarətinə verməklə kifayətlənəcəkdir.

Bizim də sərvətimiz, rifah halımız yalnız neft ticarətinə bağlıdır, halbuki neftimizin ən böyük bazarı olan Rusiyanın yolu bağlıdır. Bazar açılmazsa biz korluq çəkəcəyik. Hərgah Astraxan tərəfindən bizə ticarət qapılarını açmaq istərlərsə müəyyən şərtlərlə qəbul edə bilərik. Gerçəkdən, bizim Rusiyanın daxili işlərinə qarışmağa haqqımız yoxdur. Rusiyada hansı firqə qalib gələcək, hansı adamlar iş başına keçəcək – bu, bizim vəzifəmiz deyil, böyük Rusiyanın öz işidir. Biz Rusiya dövləti ilə hər zaman sülh və səlahla dostanə keçinmək istərik. Yalnız bir məsələ var ki, bolşevik Rusiyamı, menşevikmi, yoxsa birimi olsun, bizim daxili işlərimizə qarışmamalıdır. Biz Rusiyadan yalnız bunu tələb edirik. Bunun da haqqımız olduğunu, təbii, kimsə inkar etməz, zənn edirik. (Mərkəzdən, soldan alqış). Astraxan yolu açılarsa iki yüz milyon puda yaxın neftimizi ixrac edə biləcəyimizdən nəticədə 2 milyarda qədər bir para Azərbaycana daxil olmuş olacaqdır.

Möhtərəm əfəndilər! Dəmiryollarımızda da islaha bir çox cəhətlər vardır. Bu xüsusda hökumət çalışır və çalışacaqdır.

Möhtərəm deputat əfəndilər! Bunu birdəfəlik bilməliyik – qüvvətli olmasaq nə hürriyətimiz, nə də istiqlalımız mümkün deyil. Onun üçün hərbi işimiz hökumət işinin əsası olacaqdır. Əsgərimizin ehtiyacına, ləvazimatına hökumət ayrıca diqqət və səy edəcəkdir. Əsgərlik kimi müqəddəs vəzifənin ilk əvvəl zənginlərin, imkanlıların, ziyalıların övladlarının vəzifəsi olduğunu hökumət onlara anladacaqdır. (Ümumi sürəkli alqış). Bundan boyun qaçıran olarsa lazım gələn cəza veriləcəkdir. Xülasə, əfəndilər! Təkrar edirəm, hər şeydən əvvəl, gələcəyimiz qüvvətə və millətin əzminə möhtacdır. Birincisi hərbiyyə nazirimizin müqtədir və təcrübəli əllərində olub, ikincisi isə sizin əlindədir.

Əfəndilər! Təşkil etdiyim hökumət aramızda bulunan bütün partiyaları əhatə etmir. Onun üçün, təbii, müxalifətdə qalanlar da sizin aranızda olacaqdır. Mən ancaq bir şeyə əminəm – o da istiqlaliyyət məsələsində olan birliyinizdir və bunun üçün də var qüvvəmlə və böyük inamımla çalışacağımı vəd edirəm. (Səslər: “Qarabağ, Qarabağ məsələsi”? Ümumi və sürəkli alqış)”.

Möhtərəm deputatlar! Mənim bəyannaməmdə nə qədər mübahisəli yerlər və məsələ varsa o xüsusda sözümü dedim. Çox mübahisəsiz məsələlər vardır ki, hökumət o xüsusda söz söyləməyi artıq bilir. İrəvan, Lənkəran, Tiflis sözü oldusa o da ondan ötəridir ki, onlar mübahisəlidir. Qarabağ xüsusunda mübahisə yoxdur, onun üçün də mən mübahisəli olmayan məsələ haqqında bir söz belə söyləməyi artıq bildim”.

Baş nazirin Parlamandakı bundan sonrakı çıxışları da ümumən Azərbaycanın o dönəmdəki tarixini öyrənmək baxımından dəyərlidir, ancaq bir məqalənin imkanlarını nəzərə alaraq onlar haqqında ötəri bilgi veririk.

 1919-un mayında Rusiyanın agentləri olan Əliheydər Qarayevlərin, Şaumyanların və başqalarının əliylə Bakıda rus fəhlələrinin çox işlədiyi müəssisələrdə tətil təşkil edilmişdi. Bu məsələ Parlamanda da müzakirə edilirdi.

Parlamanın 6 may 1919-cu il tarixli 34-cü iclasında Nəsib bəy Yusifbəyli bu tətilin iqtisadi deyil, siyasi olduğunu bildirir. “Bu tətilin siyasi olduğunu tətil edənlər və tətil etdirmək istəyən adamların özləri də inkar etmirlər. Onlar öz məclislərində açıq deyirlər ki, biz gərək bütün Rusiyada, o cümlədən Azərbaycanda da (ki, onu Rusiyanın bir parçası hesab edirlər) Sovdepiya hökuməti təşkil edək. Onlar bunu inkar etmirlər və bu məqsədə çatmaqdan ötrü hər vəsiləyə müraciət ediblər və edirlər”.

Baş nazir çıxışında daha sonra deyir ki, indiyə qədər iş başında olan hökumət və indiki hökumət Azərbaycanda mətbuat azadlığı, yığıncaq, tətillər azadlığını qoruyub. Bunun səbəbi odur ki, hökumətimizə hər nə qədər bəy-xan hökuməti desələr də iş başında olan hökumət öz demokrat və xalqpərəst əməli ilə demokratlığı sübut edib. Ancaq indi bu azadlıqdan sui-istifadə edilir. Bu vəziyyət içəridən deyil, xaricdən qaldırılır ki, bundan da “əsl məqsəd Azərbaycanı Rusiyaya ilhaq etməkdir. Bunu rusların əksəri, mütəəssifanə, hər bir rus istəyir”.

“Rusiya bizim istiqlalımızı tanıyarsa, bizimlə hesablaşarsa o zaman neft verərik. Bunlar olmayınca hökumət Sovdepiyaya neft verməz. Lakin bunlar (Parlamandakı Qarayevlər – Ə.T.) deyirlər ki, yolu şərtsiz açın, gəlsinlər. Buna heç bir hökumət, heç bir fəhlə, Türk demokratiyası, heç bir azərbaycanlı razı olmaz”.

Bu yığıncaqda Nəsib bəy ikinci dəfə söz alaraq deyir: Burada Məclisi-Məbusan üzvü Əhməd bəy Pepinov buyurdu ki, hökumət, ya Parlaman fəhlələrin çörək və ərzaqlarının ucuz olması üçün tədbirlər görmür. Mən sizə ərz eləmək istəyirəm ki, bizim dəmiryol fəhlələri Gürcüstan dəmiryolu fəhlələrindən iki dəfə artıq məvacib alırlar. Tiflisdə çörəyin girvənkəsi 8 manat, 10 manatdır, burada isə oradan çox ucuzdur. Bundan əlavə, bizim dəmiryol fəhlələri indiyə qədər hökumət əliylə 2 manata çörək yeyirlər. Bununla belə, heç bir dəfə Gürcüstanda tətil olmur, burada isə olur. Görünür ki, məsələ çörək məsələsi deyil, məsələ özgədir. Məsələ Azərbaycan məsələsidir.

Parlamanın 12 may 1919-cu il tarixli 36-cı iclasında N.b.Yusifbəyli kürsüyə üç dəfə çıxmalı olub. Müəllimlərin maaşının artırılması müzakirə edilərkən o bəyan edib: “Möhtərəm deputatlar! Müəllimlərin maaşını nə qədər artırsanız yəqin ediniz ki, bundan bir şey itirməyəcəksiniz, çünki bizim varlığımız və gələcəyimiz ancaq müəllimlərin əlindədir. Müəllim nə qədər ac olsa, nə qədər gözü ətrafda və özgə əlində olsa, əlbət ki, o müəllim bir şey verə bilməz və o məktəbdən bir şey çıxmaz”.

Müəllimlərin maaşının artmasına hökumətin etirazı olmayacağını bildirən Nəsib bəy ümumən maaş artımıyla bağlı müəyyən tövsiyələrini verib.

Parlamanın 22 may 1919-cu ildəki 42-ci iclasında Bakı Şəhər Dumasına yardım məsələsi müzakirə olunduqda sosialistlərlə bitərəflər arasında mübahisə düşüb. İbrahim Əbilov və tərəfdarları Bakı Soveti dönəmindəki “demokratik” Dumanı tərifləyib və iniki Dumaya yardıma qarşı çıxıblar, Ağa Aşurov və əqidədaşları isə “demokrat”ların Martda millətin başına gətirdiyi müsibətləri xatırladaraq indiki Dumaya üstünlük veriblər. Baş nazir N.b.Yusifbəyli bu məsələyə və ümumən sosialistlərin mövqeyinə öz yanaşmasını açıqlayıb: “Mənə elə gəlir ki, bu gün müzakirə olunan məsələ mətləbdən bir qədər uzaqlaşdı. Hər iki tərəf, mənim fikrimcə, doğru deyildir, səhvdir. Ağa Aşurovun sözündən belə çıxdı ki, köhnəki kimi bacarıqlı adamlar yerində qalsaydı işlər yaxşı gedərdi. Sol tərəfdən deyirlər: əgər bu heyət bolşeviklərdən olsa idi cənnət hasil olardı. Bunun heç biri dürüst deyildir, çünki o cənnət nə bacarıqlı, nə də bolşeviklərin olması ilə hasil olmaz. Bizə ikisi də məlumdur. Nə birincilərin və nə ikincilərin olması ilə işlər yaxşılaşmazdı. Müharibə və inqilab hər şeyin əsasını dəyişibdir. Sizə misal üçün bunu söyləyə bilərəm ki, tək menşeviklərdən ibarət olan Tiflis Duması aylar ilə müəllimlərinə məvacib verə bilmir. Hökumət bütün Azərbaycan şəhərləri üçün yeni bir qanun layihəsi hazırlayıb qəbul etmişdir. Bu gün-sabah burada müzakirə edəcəksiniz. O vaxt lazım gələn şeylər dəyişə bilər. Burada, mənə elə gəlir ki, əgər sosialistlər bilsə idilər ki, onların dediklərini cümləniz qəbul edəcəksiniz, heç danışmazdılar. (Ümumi gülüş). Onlar yəqin bilirlər ki, şəhərə para verilməlidir, çünki o paranı alanlar müəllimlər, həkimlər və fəhlələrdir. Bunu özləri yaxşı bilirlər, ancaq burada bir az gözəl sözlər söyləmək lazımdır, ona görə söyləyirlər. Mən elə güman edirəm ki, bu Parlament öz yolunu dəyişməz, tutduğu yoldan çıxmayacaqdır. Sosialistlər qoy gözəl mövqe tutsunlar və gözəl sözlər danışsınlar, lakin o pulu verəcəksiniz ki, Bələdiyyə İdarəsinin məmurları maaşsız qalmasın”.

22 may 1919-cu ildəki iclasda Denikinin Könüllü ordusunun Dağıstana və Azərbaycana hücumu ilə bağlı hökumətə sual ünvanlanıb. Rəisi-vükəla: “Daxil olan suala cavab verməzdən əvvəl sizə ərz edirəm ki, bizim hüdudumuzu heç kəs keçməmişdir və ancaq meyitlərimiz üzərindən keçə bilərlər. (Hər tərəfdən şiddətli alqış və “bravo” sədaları)”.

Sonra o, Parlamana bilgi verib ki, Dağıstana 3-4 eşalon kazak əsgəri gəlib. Bunlardan biri Petrovskiyə, biri də Dərbəndə gəlib. Bu dəqiqə Dağıstan nümayəndəsinin göndərdiyi teleqrafdan anlaşılır ki, elə böyük bir şey olmayıb. Teleqrafı imza edən də Dağıstan hökuməti rəisi Kotsevdir. Hər şey öz yerindədir. Təfsilatı məlum deyildir. Ancaq orada bir şey yoxdur. Olsa da hələlik deməyə ehtiyac yoxdur. Dərbənddən bu yana bir adam keçməyib.

Bu məlumatı alandan sonra biz İngiltərə hökuməti hərbi qüvvələri başçısı qarşısında həm yazılı, həm şifahi etiraz etdik, çünki İngiltərə hökuməti nümayəndələri həmişə bizə demişlər ki, Könüllü ordu əsgərləri hüdudu keçməyəcəkdir. Bundan başqa, general Şatelvort ilə xüsusi görüşdüm. General Şatelvort söylədi ki, ingilis hərbi qüvvələrinin qərarı dəyişməyib və heç bir zaman Könüllü ordu Petrovskidən bəri keçməməlidir. Doğrudur, Petrovski nümayəndələri tərəfindən ona məlumat verilib, ancaq Petrovskidən bu tərəfə eşalonun keçməsi kimin icazəsi ilə və nə üçün olduğu məlum deyildir. Öz tərəfindən lazım olan tədbirlər görülüb və aldığı məlumatı alan saatdan bizə xəbər verəcəkdir.

İngiltərə nümayəndələrinə söylədim ki, biz vədlərdən artıq doyduq. Bundan belə biz özümüzə güvənəcəyik və lazım gələrsə bir adam kimi hürriyyət və istiqlalımızı müdafiəyə qalxışacağıq. Kim olursa-olsun, dünyanın böyük və qüvvətli dövləti olursa-olsun, qarşısına çıxıb müdafiə edəcəyik.

Bakıda İngiltərə komandanlığı nəzdində Denikinin polkovnik Lazarev kimi bir nümayəndəsi vardır. Bir neçə gün bundan əvvəl ondan belə bir kağız almışam: “Cənubi Rusiya silahlı qüvvələri komandanlığı Azərbaycan əleyhinə heç bir təcavüzkaranə hərəkətdə bulunmaq fikrində deyil. Biləks, Azərbaycanın istiqlalını münasib görür və tanıyır”. Mən bunu yazan Lazarevi çağırtdırıb dedim: “Hansına inanaq – kağızınıza və ya əməlinizə?”. Lazarev yenə bir çox andlardan və yəminlərdən sonra dedi ki, mənə heç bir şey məlum deyildir. O dedi ki, mən bir şeydən qorxuram: ola bilsin ki, Denikinin və ordunun qərarından Dağıstanda bulunan komandanlığın məlumatı olmasın.

Nə qədər ki Könüllü ordu Dağıstandadır, onu biz özümüzə təhlükə sayıb, qarşısına tədbir görməkdən çəkinməyəcəyik.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+14=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0219 saniye