Şəxsiyyət
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 20:57 01 yanvar 2016 tarixində əlavə olunmuşdur

1919-cu il mayın 28-də xalqımız çox ağır bir vaxtda, demək olar ki, general A.İ.Denikinin (1872-1947) rəhbərlik etdiyi Könüllü ordu ilə müharibə vəziyyətində öz istiqlalının bir illik yubileyini qeyd etdi. Bu təntənəli bayram münasibətilə baş nazir Nəsib bəy Yusifbəyli Azərbaycan Cümhuriyyəti əhalisini təbrik edərək demişdi ki, millətin həyatında bu kiçik vaxtda Azərbaycan Türkləri özlərinin müstəqil dövlət qurmaq qabiliyyətinə malik olduğunu göstərdilər. Gerçəkdən, istər Fətəli xan Xoyskinin, istərsə də Nəsib bəy Yusifbəylinin baş nazir olduğu bu bir ildə Azərbaycan müstəqil dövlətin bütün atributlarını yaratdı, dövlətin idarəçilik mexanizmini tam formalaşdırdı. Parlamentli dövlət olan Azərbaycan Cümhuriyyətində hakimiyyətin üç qolunun üçü də müstəqil fəaliyyət göstərir, biri obirinin işinə qarışmır, ancaq üçü də əl-ələ verərək dövlətin güclənməsi və xalqın rifahı üçün var gücü ilə çalışırdı. Əlbəttə, bu, bütövlükdə xalqın demokratik bir quruluş yaratmaq yolundakı mühüm qələbəsi idi. Ancaq bu qələbəyə ciddi təhdid vardı.

…Parlamanın 5 iyun 1919-cu ildəki 45-ci iclasında da Denikin təhlükəsi yenidən gündəmə gəldi. Yenə Rəisi-vükəla Nəsib bəy Yusifbəyli deputatlar qarşısında geniş izahat verdi.  O bildirdi ki, dünən Denikinin nümayəndəsi polkovnik Lazarevdən bir kağız gəlib. Ondan görünür ki, Denikin Rusiya təşkil olunana qədər bizim istiqlaliyyətimizi tanıyır və “sizə təhlükə yoxdur” deyir, ancaq bunun adicə kağız olduğunu özləri tez vaxtda isbat elədilər.

Mənə teleqraflar çatandan sonra, təbiidir ki, burada İngiltərə komandanlığı ilə görüşməyi özümə borc bildim. General Kori Zaqafqaziyada olan müttəfiq qüvvələrin baş komandanıdır. Dünən onunla və Şatelvortla görüşdük. Teleqraflar onun qabağında idi. Onlara da gəlmişdi. Soruşdu ki, nə tədbir görürsünüz? Ona dedim ki, vətənimizi mühafizə edəcəyik, buna görə hər bir tədbir görürük və görəcəyik.

Söhbət çox uzun oldu. Hamısını təfsilən ərz eləməyi artıq bilirəm. Nəticədə o, mənə təminat verdi ki, general Denikinin bu hərəkətinə pis nəzərlə baxır, Vətənimiz yolunda gördüyümüz təşəbbüsatımızı yersiz bilmir. Digər tərəfdən, deyir: Sizi əmin edirəm ki, Bakıya o tərəfdən hücum olmaz, çünki dəniz əlimizdədir.

Demək, gördüyünüz kimi, ingilis nümayəndələri ilə əvvəlinci görüşdə Şatelvortun guya bitərəf qalmaq fikri vardı, amma axırıncı dəfə Kori tərəfindən təminat verildi ki, Azərbaycan hüdudlarını heç kəs keçə bilməz, hətta deyir, hər kəs keçsə həbs edərik. Deməli, bu xüsusda təminat vermək istədi. Amma, sözün doğrusu, təhlükəni biz özümüz gərək görək. Biz çox sözlər eşitmişik, bu sözlərə böyük məna vermək olmaz. İngiltərə kimi hürr bir məmləkət nümayəndələri yalan söyləməzlər, amma bəzən də söylədikləri şeylərin üstündə dura bilmədiklərini aşkar edirlər. Biz görürük bizə çox vədlər verildi. Bizə dedilər ki, Dağıstan təhlükədə deyildir, Dağıstana kimsə hücum etməz, Denikin ancaq Petrovskini baza olaraq tutacaq, Petrovskidən bu tərəfə keçməz – vaxtılə bizə bu təminatı verdilər. Şatelvortun özü ilə görüşüb bizə verdikləri həmin təminatı dedim: “Siz bu vədlərlə bizə mane oldunuz. Ola bilərdi ki, sizin vədləriniz olmasaydı biz Dağıstana böyük kömək göndərərdik, daha bu gün Dağıstan məğlub və sərhədimiz təhdid altında olmazdı. Siz o vaxt vəd verdiniz, bunun nəticəsi nə oldu? Nəticədə Denikin Şimali Qafqazı tutdu.

Nəsib bəyin həyatının ən qaranlıq nöqtələrindən biri 4 iyun 1919-cu ildə bir erməninin ona qarşı terror etmək cəhdidir. Bu haqda arxiv sənədlərini ilk dəfə olaraq oxucularımıza təqdim edirik.

Bakı Dairə Məhkəməsinin prokuroru Eristov Azərbaycan Məhkəmə Odasının prokuroruna 7 iyun 1919-cu ildə imzalayıb göndərdiyi 3112 saylı raportda göstərib ki, 4 iyunda günortaya yaxın, Bakı şəhərində Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının sədri Yusifbəyov Baryatinski küçəsi, 6-cı evdə yerləşən mənzilindən çıxıb və alaqapıdan keçməklə onu gözləyən avtomobilə əyləşərək gedib. O gedəndən beş dəqiqə sonra mənzilin yanında keşik çəkən atlı qoruma Əlihüseyn Dadaşov həyətə çıxış yolunun yanında əlində nəsə tutmuş naməlum bir adam görüb. Dadaşov ondan əlindəkinin nə olduğunu soruşduqda adam cavab verib ki, ingilislərin satmaqçün verdiyi bombadır. Dadaşov bombanı verməyi tələb etsə də adam boyun qaçırıb, müqavimət göstərib. Dadaşov alaqapı ağzında növbədə duran Mirqasım Mirağa oğlunu da çağırıb və onlar naməlum adamın əlindən bombanı alaraq özünü təcili Bakı şəhər 5-ci polis sahəsinə göndəriblər. Burada onun erməni Aram Artyomoviç Budaqov adlı erməni olduğu müəyyənləşib, üstündə bir sıra sənədlər tapılıb. Pristav M.V.Vakulo ondan bombanı haradan aldığını soruşduqda cavab alıb ki, məndə heç bir bomba olmayıb, qoruma məni küçədən keçəndə tutub. Önəmli məsələlər üzrə müstəntiq Komorovski şahidləri və Nəsib bəyi dindirib.

Sənəddə bildirilir ki, bu məsələylə bağlı cinayət işi başlanıb və istintaq aparılır.

Bakı Dairə Məhkəməsinin prokuroru Eristov Azərbaycan Məhkəmə Odasının prokuroruna 10 iyun 1919-cu ildə göndərdiyi 3412 saylı təqdimatda isə bildirib: Aydınlaşıb ki, Budaqovun əlindəki bomba 1915 və 1916-cı illərdə rus ordusunun günbatan cəbhəsində yararlandığı əl qumbarasıdır (burada onu  geniş təsviri verilir). Qumbara şəhər qırağında atılarkən partlamayıb, çünki işində partladıcı kapsul olmayıb. Ancaq içində partladıcı kapsul olardısa diametri 20-30 addım olan ərazidə dəhşətli partlayış törədə bilərdi. Həmin kapsulu təhlükəsizlik üçün adətən ayrıca gəzdirirlər və onu yerinə salmaq çətin deyil və çox az vaxt alır. Budaqov istintaqda özünü suçlu saymayıb. Deyib ki, qoruma mənim erməni və Şamaxıdan olduğumu bildikdən sonra məni qərargaha aparıblar və orada bir qumbara göstərərək bunun ondan tapıldığını bildirib.

Eristovun bu işi süründürdüyü açıq-aydın hiss olunur. O, 31 avqust 1919-cu ildə Ədliyyə Nazirliyinə yazdığı 5879 saylı məktubda bildirib ki, Aram Budaqovun ittihamı üzrə işi ittiham aktıyla 30 iyulda Bakı Dairə Məhkəməsinə təklif etmişəm. Adamdan soruşarlar ki, bir ay öncə göndərdiyin iş haqqında niyə vaxtında məlumat vermirsən? Görünür, burada Eristovun damarlarından axan erməni qanının təsiri olub. Ancaq ən qəribəsi budur ki, Baç nazirə qəsdlə bağlı olan bir iş 30 iyulda məhkəməyə göndərilsə də ortada real nəticə yoxdur.

Aradan ötən aylarda nəyin baş verdiyi bilinmir, çünki əldə heç bir sənəd yoxdur, ancaq Məhkəmə Odası prokuroru əvəzinin 6 mart 1920-ci ildə ədliyyə nazirinə göndərdiyi 521 saylı raportda oxuyuruq ki, Aram Budaqovun işini Bakı Dairə Məhkəməsi 31 martda yenidən dinləyəcək. Deməli, 4 iyunda baş vermiş hadisəyə 9 ay ərzində hüquqi qiymət verilə bilməyib!

Əlimizdəki sonuncu sənədi oxuduqda isə adam bilmir ki, ağlasın, yoxsa gülsün. Artıq 27 aprel 1920-ci ildir. Bu gecə Azərbaycan Cümhuriyyəti hakimiyyəti bolşeviklərə təslim ediləcək.  Məhkəmə Odası prokuroru əvəzi Ədliyyə Nazirliyinə 542 saylı  belə bir raportda göndərib: “Aram Budaqovun işi Bakı Dairə Məhkəməsində 31 martda dinlənildi və bəraət hökmü verildi, ancaq prokuror köməkçisi Pastuxov bundan apelyasiya etirazı etdi”.

Vəssalam! Hər şey də bununla bitdi!..

İndiyədək Parlamanda olan çıxışlarında Rəisi-vükəla N.b.Yusifbəyli yalnız ümummilli məsələlərdən danışıb, ancaq 9 iyun 1919-cu ildəki 46-cı iclasda məruzənin mövzusu səmtini bir qədər dəyişib. Parlamandakı “İttihad” fraksiyası sorğu verib –  “Həmid Şahtaxtinski və onun müavinləri A[zad] Əmirov və F[ətulla] Rza[bəy]ov cənabları millətə xidmətdən çəkilmişlər və yaxud çəkilməyə məcbur olmuşlar. Millətimizin mənfəəti nöqteyi-nəzərindən bu adamların maarif işindən kənar edilməsini çox zərərli bir hadisə kimi qəbul etdiyimizdən bu barədə Rəisi-vükəla həzrətlərindən məlumat istəyiriz”. Nəsib bəy bu sorğuya o qədər alicənablıqla cavab verib ki, sonda Qara bəy Qarabəyov kimi araqarışdıran bir adam belə onunla razılaşıb.

N.b.Yusifbəylinin cavabı həm onun tərcümeyi-halı, həm maarif tariximiz, həm də parlamentarizm tariximiz üçün çox qiymətli olduğuna görə onu aşağıda cüzi qısaltma ilə oxucuların diqqətinə çatdırırıq.

“Möhtərəm deputat əfəndilər! Əlbəttə, özgə bir zaman olmuş olsaydı mənim cavabım bu olardı ki, məmur çıxarmaq öz vəzifəmdir. Məmur qəbulu və çıxarılmasına Məclisi-Məbusan o vaxt müdaxilə edərdi ki, məsələnin siyasi rəngi olmuş olaydı. Fəqət yenə məmnuniyyətlə cavab vermək istərdim…

Məlumi-alinizdir ki, bizdə 11-ə kimi nəzarətlərimiz vardır. Kiçik bir cümhuriyyət ikən bu qədər nəzarətlərə malik olmaq zərərdən başqa bir şey deyildir. Qonşu cümhuriyyətlər nəzarətlərin hamısını azaldıblar. Ola bilsin ki, biz də gələcəkdə azaltdıq. Gürcülər bir neçə nəzarətləri birləşdirmiş və bu yolla işlərini asanlaşdırmışlar. Bizdə bəzi nəzarətlər tək deyil, başqası ilə bir yerdə götürülmüşdür. O cümlədən Ədyan  Nəzarəti Maarif Nəzarətinə verilmişdir. Bunlardan başqa, meydanda məzbətə işləri var, kağız işləri var; bunlara da baxmaq, nəzarət etmək lazımdır. Əvvəldən belə idi ki, maarif naziri həm ədyan naziri [idi], həm də məzbətələrə nəzarət edirdi. Bu işləri Maarif Nəzarətinə verməkdə məqsəd bu olmuşdur ki, Ədyan Nəzarəti məzbətə və kağız işlərinin məktəblər ilə və maarif ilə münasibət və əlaqələri vardır, onlar da Maarif Nəzarəti ixtiyarındadır. Onu da bilirsiniz, biz bir çox kitablar hazırlamaq, çap etdirmək məcburiyyətindəyik. Bunu da kim yapa biləcək, əlbəttə, maarif naziri. Buna görə məzbətə və kağızların Maarif Nəzarəti ixtiyarında qalması lazım gəlir. Əlbəttə, bu işləri bir adam idarə etməlidir; xüsusi ədyan nazirinə ehtiyac yox idi.

Yeni hökumət təşkil olunandan sonra mən Maarif Nəzarəti başından çəkilməli oldum. Oraya Həmid bəyi Maarif Nəzarəti vəkili təyin etdik. Yəqin bir adam tapılmaz [düşünsün] ki, mənim Həmid bəy ilə xüsusi qərəzim olmuş olsun. Bunu bilirsiniz ki, onu ilk dəfə Maarif Nəzarəti müavinliyinə dəvət edəndə hər tərəfdən etirazlar var idi. Bunu aranızdakı deputatların çoxu da bilir. 7 ay bir yerdə xidmət etdik, bir şey olmadı. Əgər bir şey olmuş olsaydı müavinim olan zaman çıxarardım. Əgər bir şey olmuş olsaydı nəzarəti də ona tapşırmazdım. Zənn edirəm bu barədə heç şəkk-şübhə ola bilməz ki, Həmid bəyə böyük hörmətim vardır.

Təbiidir, Maarif Nəzarəti Həmid bəyin ixtiyarına keçəndən məzbətə və kağız işləri və onlar ilə bərabər Ədyan Nəzarəti də onun ixtiyarına keçmiş oldu. O, mənə dedi ki, bu işlər ona xoş gəlmir və ya bacarmır. Mən dedim ki, hələ bu işlər orada qalmalıdır, sən də bir doklad  yaz, bəlkə dəyişdik. Mənim tövsiyələrimə rəğmən Həmid bəy bütün işləri başlı-başına buraxıb getdi. İş bu yerə gəldi ki, hamı bilavasitə mənə müraciət etməyə başladı. O zaman da zabastovka işləri ilə məşğul idik. Rəisliyin daxili işləri az deyil, ona görə məktəb, kağız, məzbətə və qeyri maarif işlərindən ötəri mənə müraciət edənləri qəbul etmək mümkün olmurdu. Əgər onlar ilə məşğul olsaydım dövlət işləri axsayardı. Telefonla mən dedim bu, dövlət işidir, gərək doklad verəsən, baxılsın, müzakirə edilsin. Təəssüf, cavabında bir nazirə yaraşmayan bir dil ilə dedi ki, heç istəmirəm. Mən də məcbur oldum dedim ki, ya gərək işləyəsən, ya yox. Bunun üzərində istefa verdi, hökumət qəbul etməmiş iş başından çəkildi. Fəqət burasını bilirsiniz ki, hər şeyin bir qaydası vardır – istefa verən şəxs öz yerinə başqası gələnə qədər iş başında durmalıdır. Fəqət Şahtaxtinski isə deyil özü, bir-iki yoldaşları ilə bərabər nəzarətdən çəkilmişlər. Buna isə rusca “sabotaj” deyirlər. Bu hərəkət, əlbəttə, münasib deyildi – mən onların istefasını hökumətə təqdim etməmiş onlar iş başından çəkildilər.

Möhtərəm məbuslar! Nəzarət zarafat deyildir. Bu, o demək deyil istədiyini edəsən; gedəndə gedəsən, işi də görməmiş. Bu qərar ilə iş aparılarsa işimiz qabağa getməz. İşə ciddi baxılmırdı. Hərgah ciddi baxılsaydı, iş bu yerə müncər olmazdı. Əlbəttə, istefanı qəbul etməyə haqqımız yoxdur, çünki hər kəsin inadına, keyfinə milləti tabe etmək olmaz. Fəqət üsul və qaydaya riayət edilməlidir, iş başında olanlar arasında ehtiram olmalıdır. Ola bilər ki, Şahtaxtinskinin şəxsi məndən möhtərəmdir, amma qulluqda mən Rəisi-vükəlayam, o, nazir müavinidir. Mən tələb edirəm ki, ehtiram gözlənilsin, əgər ehtiram olmazsa işimiz getməz. Millətin Rəisi-vükəlası heç vaxt qəbul etməz ki, onun haqqında ehtiramsızlıq edilsin”.

Baş nazirə ünvanlanan ikinci sual Heyəti-Vükəlanın (Nazirlər Şurasının) işçisi Rəşid bəy İsmayılov haqqındadır. Nəsib bəy cavab verir ki, mən əskidən onun iş başında olmaması tərəfdarıydım. Bu adam çox pis şübhə altındadır – ac fəlakətzadələrin pulunu yeməkdə töhmətlənir. Bu əhvalat Tiflisdə olduğuna görə bu işə Tiflisdə Gürcüstan məhkəməsi baxır. İndi münasib olmaz ki, bu işdə Gürcüstan məhkəməsinin işlərinə müdaxilə edək. Hərgah bu əhvalat burada olsaydı və bizim məhkəmə onu zaminə versəydi mən yenə cəsarət edib məhkəmənin işinə müdaxilə etməzdim və məhkəmənin buraxdığı bir adamı tutdurmağa girişməzdim. Tiflisdə Rəşid bəy İsmayılov məhkəməyə verilib. Ehtimal var ki, bu işdən xilas olmasın. Onun bu cinayəti təsdiq olunarsa, güman edirəm, Azərbaycan Türkləri içindən çıxıb gedəcəkdir.

Denikinin Azərbaycana hücumu və ölkədə bolşeviklərin də fəallaşması Azərbaycan Cümhuriyyəti hakimiyyəti üçün ciddi təhlükə törədirdi. Buna görə də AC Dövlət Müdafiə Komitəsi 11 iyun 1919-cu il tarixdə aşağıdakı məcburi qərarı hazırladı:

“I. Azərbaycan Cümhuriyyətinin bütün ərazisində hərbi vəziyyət elan edilir.

II. Aşağıdakı cinayətkar hərəkətlər ümumi məhkəmədən götürülür və Hərbi-Məhkəmə Nizamnaməsinin uyğun qaydalarına əsasən, hərbi dövrün qanunları üzrə mühakimə edilmək üçün hərbi məhkəməyə verilir…

III. Aşağıdakı cinayətkar hərəkətlər də ümumi məhkəmədən götürülür və onlarda təqsirli bilinənlər inzibati qaydada məsuliyyətə cəlb edilir…

IV. Yasaqlanır: 1) hakimiyyətdən icazəsiz siyasi mitinqlər, 2) icazəsiz silah gəzdirmə, saxlama və satma.

VI. III, IV və V maddələrdə göstərilənləri pozanlar ya 50.000 manat cərimə olunacaq, ya da 6 ayadək həbs ediləcək.

XII. Bu məcburi qərar “Azərbaycan” qəzetində dərc olunduğu gündən qüvvəyə minir.

Dövlət Müdafiə Komitəsi

  Sədr: N.b.Yusifbəyov.

Üzvlər:  X.b.Məlikaslanov.

              A.b.Səfikürdski.

Baş nazir 1919-un 15 iyulundan Azərbaycan Ordusunun döyüş qabiliyyətini, əhalinin əhvali-ruhiyyəsini və b. öyrənmək üçün (rəsmən: “xidməti işlərə görə”) Quba və Ərəş qəzalarına, Qarabağ hərbi valiliyinə səfərə çıxdı. Bakıya göndərdiyi ünvansız bir teleqramla nazir, Dövlət Müdafiə Komitəsinin üzvü Xudadad bəy Məlikaslanova tapşırıq verdi: “Hərbiyyə nazirinin təqdimatına uyğun olaraq polkovnik Teymur bəy Novruzova general-mayor rütbəsi verilməklə onun süvari diviziyanın rəisi təyin edilməsi haqqında təcili şəkildə hökumətə məruzə etməyinizi xahiş edirəm.

Nazir-sədr Yusifbəyov.

Nəsib bəy 25 iyul 1919-cu ildə Quba şəhərində olarkən Quba qəzasının rəisinə Baş nazir yox, daxili işlər naziri kimi göstəriş verdi: “Xaçmaz stansiyasından iki vaqon dövlət buğdasını oğurlamaqda ittiham edilən şəxsləri təcili tutaraq inzibati qaydada üç aylığa həbs etmənizi təklif edirəm. İcra haqqında məruzə edin”.

Yollar naziri X.b.Məlikaslanov 31 iyul 1919-da Bakıdan Yevlağa Nazir-sədr Yisifbəyov üçün teleqram vurub: “Sizin Şuşadan döndüyünüzdə Bakıya gəlməyiniz lazımdır”. Deməli, bu vaxt Nəsib bəy hələ Şuşadaymış. Bu teleqram ünvansız ikinci bir arayışın da mahiyyətini açıqlamağa yardımçıdır. Arayışda oxuyuruq:

“29 iyul 1919-cu ildə sırada olmalıdırlar:

1-ci piyada Cavanşir alayı (431 nəfər)

4-cü Zaqatala piyada alayının 4-cü batalyonu (431 nəfər)

2-ci Qarabağ süvari alayı (565 nəfər)

2-ci dağ topçu diviziyası (180 nəfər)

Cəmi 1607 nəfər.

Ən güclü və məntiqə uyğun ehtimal budur ki, 29 iyul 1919-da Baş nazir Nəsib bəy Yusifbəyli Şuşada yuxarıda sadalanan hərbi qüvvələrin iştirakı ilə təşkil olunmuş möhtəşəm bir hərbi paradı qəbul edib. Bu, özəlliklə ermənilərə “güc göstərmək” və yerli əhalinin döyüş ruhunu yüksəltmək üçün çox vacib idi.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+32=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0338 saniye