Şəxsiyyət
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 21:10 01 yanvar 2016 tarixində əlavə olunmuşdur

Azərbaycan üçün belə gərgin bir dönəmdə – 16 iyul 1919-cu ildə Həştərxan Vilayəti (Quberniyası) Xalq Maarif Şöbəsinin müdiri Nəriman Nərimanov Azərbaycan Cümhuriyyəti hökumətinin başçısı Nəsib bəy Yusifbəyliyə məktub yazdı və tezliklə Azərbaycan bolşevikləri arasında oxunaraq yayıldı. Özünü, görünür, Çiçerinin yerində hiss edən maarif müdiri məktubda özünün də bir vaxtlar Azərbaycandan çıxdığını unudaraq utancverici bir şəkildə Rusiyaya yarınaraq onun mənafelərini can-başla müdafiə edir, Nəsib bəyi və silahdaşlarını müstəqil Azərbaycan Cümhuriyyəti qurmaqda və Rusiyanı Bakıdan (əslində Bakı neftindən!) məhrum etməklə bütün Rusiya xalqına, Rusiya proletariatına xəyanət etməkdə suçlayır və bir vaxtlar dueldə uduzduğu Baş naziri Rusiyanın qırmızı ordusu ilə “müdhiş saat yaxınlaşır” deyə hədələyir, onu hakimiyyətdən əl çəkməyə çağırırdı. Özünün də “tarixi sənəd” adlandırdığı bu rüsvayçı məktubdan seçmələri oxuculara təqdim edirik:

“Mən türkləri Qafqaza dəvət etmək tərəfdarlarına qarşı daim ciddi surətdə çıxış etmişəm. Hətta mənim Duma salonunda oxuduğum son mühazirə də tamamilə bu məsələyə həsr olunmuşdu və mən sizin indiki vəziyyətinizi aşkar və aydın surətdə göstərmişdim. Siz pantürkizm və panislamizm  ideyalarını yayarkən mən bir kommunist kimi sizin qəti əleyhinizə çıxmışdım,lakin sizin Türkiyə qanadı altına girmək cəhdinizə, bir psixoloq kimi lütfkaranə baxırdım. Türkiyə “zəfərlə” gəlib rüsvayçılıqla getdi.

…Bağışlayın, siz İngiltərənin çəkmələri altında əzilə-əzilə onu müsəlman kütləsinə tərifləməyə başladıqdan sonra isə daha mənim nəzərimdə ideyalı adamlar, milləti və xalqı sevən adamlar deyilsiniz (sizi müsəlman meşşanları arasında nüfuzlu edən də məhz bu idi) , bir ovuc zavod sahibinin və mülkədarın mənafeyini müdafiə edənlərsiniz.

…Mənə elə gəlir ki, indi bu bədbəxt müsəlman kütləsi də sizin barənizdə mənim düşündüyüm kimi düşünür. O, başına gələn bir çox hadisə və əhvalatlardan sonra belə fikrə gəldi ki, “islam” və “millət” sözləri sizin üçün yalnız bir pərdə imiş, Sovet hakimiyyəti əleyhinə ağzı köpüklənə-köpüklənə çıxış etməyə sizi bir ovuc bəy, xan və müftəxor Bakı milyonçusunun mənafeyi məcbur edirmiş. 

…Siz müsəlman ziyalıları, Azərbaycan müsəlmanlarının müqəddəratını həll edən sizlər, indi hökümət başında duranlarDenikinin sizə nələr nəsib edəcəyini çox gözəl anlayırsınız. Denikin çar generalıdır və onun şüarı məlumdur. O sizi “Yarəbb, sən çarı hifz et!” nəğməsini oxumağa məcbur edəcək və sizin Məclisi-Müəssisanınız Cümhuriyyətinizlə birlikdə bu nəğmənin sədaları arasında havaya sovrulacaqdır. Sizi çar generalına qarşı müharibə elan etməyə məcbur edən əslində budur. 

Tezliklə Denikinin də axırına çıxılacaqdır. Sovet hakimiyyətinin qüdrətli qolları tamamilə açılacaqdır. Əgər siz əvvəlki kimi kar və korsunuzsa, əgər indi, xüsusən Versal sülhündən sonra dünya miqyasında nələr olduğunu görmür və eşitmirsinizsə, onda Sovetlər Rusiyası sizin üçün bir o qədər qorxulu deyildir.

Bütün siyasətiniz üçün Zaqafqaziya müsəlman fəhlə və kəndlilərinin məhkəməsi qarşısında cavab verməli olacaqsınız. Müdhiş saaat yaxınlaşır…

…Sizdən soruşacaqlar: bəs bilmirdinizmi ki, Azərbaycan və Bakı şəhəri Sovet Rusiyası üçün xüsusi mövqe tuturdu? 

Sovet Rusiyasının Ermənistan və Gürcüstan ilə əlaqələri xüsusi rol oynamır, amma Bakı Sovet Rusiyasının həyatıdır.Siz qabaqcıl müsəlmanlar isə daim bu ciddi məsələ ilə oynayaraq rus fəhlələrinə və kəndlilərinə son dərəcə nankorluq etdiniz…

Bütöv bir xalqın həyatı ilə, qızıl əsgərləri xarüqələr yaradan bütöv bir dövlətin həyatı ilə oynamaq olmaz, amma siz cinayətkarcasına bu cür oynadınız…

Qoy bütün dövlətlərdə sovet hakimiyyəti bərpa edilsin, islam dininə inanan xalqlar 100 ildə edə bilmədiklərini 10 ildə etsinlər.

Belə bir perspektiv qaşısında bir ovuc əxlaqsızın cibişdanı haqqında danışmaq və düşünmək bizim üçün nə qədər eyib olar, həm də onlar ona görə əxlaqsız olmuşlar ki, kapital hakim idi, əmək isə həqarət hesab edilirdi…

Belə bir ciddi dövrdə, dünya inqilabının alovları ayaqdəyməz adaları belə bürüdüyü bir zamanda mən sizi və sizin həmfikirlərinizi qəbirqazan rolundan əl çəkməyə çağırıram. Mərd-mərdanə deyin: biz Rusiya inqilabının xarakterini anlamamışıq, biz dağıdıcı imperialist müharibəsinin bütün nəticələrini nəzərə ala bilməmişik, biz meydandan çəkilirik, Azərbaycanda qoy Sovet hakimiyyəti olsun!

Mən əminəm ki, bununla siz rus proletariatı qarşısında təqsirinizi yüngülləşdirmiş olarsınız…”.

“Papadan artıq katolik olmağa” – Azərbaycanın müstəqil dövlətini yıxaraq onu Rusiyanın mənafelərinə qurban verməyə çağıran N.Nərimanovu bu cür Rusiya sevdalısı olmağa vadar edən nəydi? Məncə, bunun kökünü araşdırmağa ehtiyac var, çünki indinin özündə də Nərimanova bəraət qazandırmaq, onu bu cür davranmağa kommunist əqidəsinin vadar etdiyini söyləyənlər var. Ancaq tarixi gerçəklik əksini sübut edir – Nərimanovu bu məktubu yazmağa təhrik edən onun Moskvada yüksək vəzifə tutmağa can atması olub.

Faktlara üz tutaq. Vilayət maarif şöbəsi müdirinə Moskvada yüksək vəzifə qazanmaq şansının olduğuna eyham vurulur və “sədaqəti sübut etmək” tələb olunur. Nəticədə 1919-un iyul ayında “Zaqafqaziyaya biz nə şüarla gedirik” müraciətnaməsi Həştərxanda çap edilib gizli şəkildə Azərbaycana göndərilir və Nəsib bəy Yusifbəyliyə bu məktub yazılır. Hər iki sənəd Rusiyanın xarici siyasətinə tam uyğundu. İyulun sonlarında Nərimanov Moskvaya gedir və G.V.Çiçerinlə görüşür. Yəqin ki, Çiçerin də onu Leninlə görüşdürməyə söz verir.

10 avqust 1919-da keçirilən milli azlıqların maarif məsələlərinə dair müşavirədə iştirak etmək üçün Moskvaya göndərilmiş Nərimanov bu vaxt Leninlə görüşüb və “onunla Azərbaycanda Sövet hakimiyyəti uğrunda mübarizə məsələlərinə dair söhbət edib”. Bu söhbətdən cəmi 5 gün sonra – 16 avqust 1919-da Rusiyanın milli məsələlər üzrə komissarı (naziri) İ.Stalin Smolenskdən RSFSR xalq xarici işlər komissarı G.Çiçerinə “Türkiyə işlərindən ermənilərin kənarlaşdırılmasının zəruriliyi və bolşeviklərin “müsəlman” siyasətini həyata keçirməkdən ötrü azərbaycanlı Nərimanovun ön plana çəkilməsi haqqında” bir məktub yazıb. O, Çiçerinə bildirir ki, Türkiyə və başqa müsəlman ölkələri ilə Rusiya arasında xarici siyasət məsələlərinin həllini xarici işlər komissarının müavini erməni Qaraxana və başqa ermənilərə tapşırılması çox ziyanlıdır, çünki özəlliklə Türkiyəni bu, çox qıcıqlandırır.

Bu məktubdan 9 gün sonra – 25 avqust 1919-da N.Nərimanov Şərq xalqları kommunist təşkilatları mərkəzi bürosunun iclasında Xarici İşlər Komissarlığı Yaxın Şərq şöbəsinin müdiri kimi məşvərətçi səslə büroya daxil edilib. Bizcə, artıq izahata ehtiyac qalmır. Nərimanovun qurduğu yeni hakimiyyətin xalqa nə verdiyini isə sonra görəcəyik.

Nərimanovun ağızdolusu təriflədiyi “xarüqələr yaradan qızıl əsgərlər”dən ibarət XI ordu Azərbaycan xalqına yalnız fəlakət gətirdi. Tiflisdə çıxan “Qruziya” qəzeti elə o dönəmdə yazırdı:

Zaqafqaziyaya atılmış 11-ci ordu nədir?

O, 70.000 nəfərə yaxın cır-cındır içində, ac-yalavac və əldən düşmüş adamdan ibarətdir. O, ən müxtəlif cür və cırım-cındır paltar geyinib. Qırmızıorduçuların çoxu özləriylə arvad və uşaqlarını da götürüblər. Orduda saysız-hesabsız komissar… var. Gerçək döyüş qabiliyyətlilər azdır. Ordu Həştərxan ordusu adlanır. Orduya gen. Levandovski komandanlıq edir. Qırmızıorduçular aclar diyarından gəldiklərini gizlətmirdilər. Bu, şübhə doğurmurdu. Onların bütün görünüşləri bunu hər bir sözdən daha gözəl ifadə edirdi. Təbiidir ki, bu, hər şeydən öncə, onların yeyəcək şeyləri kütləvi şəkildə qamarlayıb Rusiyaya göndərmələrinə təsir göstərib”.

“Tiflisdə əlavə məlumatlar alınıb ki, guya gələn rus kommunistləri Bakıda müsəlman “inqilab komitəsi”nin bütün heyətini, yəni yenicə yaradılmış inqilabi hökuməti həbs ediblər”.

Ancaq burada heç bir yalan yoxdu – Fövqəladə Komissiyanın iki əməkdaşı: Aşot Kasparov və Solomon Naydel “İslam” paroxodunda Azərbaycan İnqilab Komitəsinin və Azərbaycan Xalq Komissarları Şurasının sədri Nəriman Nərimanovu onun bütün xalq komissarları (nazirləri) ilə birlikdə həbs etmişdilər. Bununla Pankratov (Rusiya) Azərbaycanın əsl ağasının kim olduğunu Nərimanova göstərmişdi.

Bu faktlarla Nərimanovun məktubunda Nəsib bəy Yusifbəyliyə qarşı irəli sürdüyü ittihamları tutuşdurduqda Nərimanovun nə qədər miskin durumda qaldığı açıq-aydın görünür.

İqtidarda olan partiyaya az sonra əhali arasında inamın zəifləməsi və bəzən hətta tam itməsi dövlət həyatında tez-tez rast gəlinən hallardır, çünki xalq böyük umudlar bəsləyərək seçdiyi iqtidardan gözlədiklərini almayınca ondan “küsür” və bundan müxalifət istifadə edir. Özəlliklə ölkədə iqtisadi və ictimai-siyasi durum ağır olduqda iqtidarın vəziyyəti daha dözülməz olur. Eyni hal Azərbaycan Cümhuriyyətində də özünü göstərməkdəydi. Dövlət yenicə qurulurdu. Bolşeviklər, daşnaklar və ingilislər ölkəni xarabaya çevirmişdilər. Yerlərdə hakimiyyət hələ güclü deyildi. Qanunlar normal işləmirdi. Ölkədə real hakimiyyət əsasən Türkiyə və İngiltərə hərbi qüvvələrində olmuş, dövlətin bütün maliyyəsinə onlar nəzarət etmişdilər. Nefti satmaq mümkün deyildi. İqtisadi böhran vardı. Dəhşətli bahalıq xalqı dilənçiliyə sürükləyirdi. Ən zəruri ərzaq və məişət əşyaları tapılmırdı. Torpaq məsələsi həll edilmədiyinə görə kəndlilər narazı idi. Qarabağda ermənilər hakimiyyətə tabe olmaq istəmir, üsyan qaldırırdılar. Şimaldan da Denikin gözünü Zaqafqaziyaya dikmişdi…

Bunlar mövcud problemlərin bəlkə heç yarısı da deyildi. Normal vaxtda onları həll etmək üçün on illərcə vaxt lazımdı. Ancaq xalq, adətən, istədiyi hər şeyin olduqca qısa müddətdə gerçəkləşməsini arzulayır. Belə bir ortamda Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavatın istər xalq arasında, istərsə Parlamanda nüfuzuna xələl gəlməməsi mümkün deyildi. Ən azından partiya üzvlərində özünəinam yaratmaq və ictimai rəydə bəraət qazanmaq üçün partiyanın “silkələnməyə”, öz qüvvələrinə yenidən baxış keçirməyə ehtiyacı vardı.

2-11 dekabr 1919-cu ildə Bakıda partiyanın 2-ci qurultayı keçirildi. 9 gün sürən qurultay ölkə həyatında ən önəmli hadisələrdən biri oldu. Burada Azərbaycan tarixi üçün önəmli sayılacaq çox mühüm sənədlər qəbul edildi. Baş nazir Nəsib bəy Yusifbəyli təşkilində yaxından iştirak etdiyi bu mötəbər məclisdə yenidən partiyanın liderlərindən biri – Mərkəzi Komitənin üzvü seçildi.

İqtidarın üzləşdiyi ən mühüm əngəllərdən biri müxalifətin iftira və böhtanları, yolverilməz mübarizə üsulları idi. Bu iftiralar, əlbəttə, ilk növbədə Müsavatın liderləri olan Məhəmmədəmin Rəsulzadə və Nəsib bəy Yusifbəyliyə yönəldilirdi. Nəsib bəyə qarşı yaramaz hücumların mahiyyəti, onun haqqında yayılan şayiələrin bəzilərini o vaxtlarBakıda müəllim işləmiş Mühiddin Birgen özünün məşhur əsərinin “Məmləkət xaricində ittihadçılar” adlı XV bölümündə bilgi verib.

M.Birgen yazır: “Bu hücumun şəkli və istinad etdiyi əsaslar haqqında dinlədiyim hekayələrin bəziləri mənim üzümü qızardacaq mahiyyətdədir. Məsələn, bu gün qarderobunda bir düjün şapka olan (adı lazım deyil!) bir zat Yusifbəyli  Nəsib bəyə şapka geydiyi üçün “gavur” və “ingilis tərəfdarı” deyə hücum edirmiş. Halbuki o tərəfdə Azərbaycan münəvvərinin böyük bir qismi şapka geyərdi. Bu, [Qara bəy] Qarabəyov dəstəsi tərəfindən aparılan propaqanda nümunəsidir. Bunlara görə, Müsavat hökuməti bir gavur hökumətidir, bir ingilis hökuməti! Bunu mütləq devirib yerinə ittihadi-islamçı, yaxud eyni mahiyyətdə Türkiyə ittihadçısı olan bir hökumət gətirilməlidir…

Bu vəziyyət qarşısında məhəlli siyasətçilərin aldıqları tövr də belədir: Müsavat özünü Türkiyəni təmsil etdiklərini iddia edənlər qarşısında aciz hiss edir, çünkü Azərbaycan kütləsinə “Türkiyə” deyildiyi zaman axan suların duracağını bilir. Bunun üçün onun bütün siyasəti türkiyəliləri xoş tutub özlərinə maddi və mənəvi baxımdan geniş bir yardım və hörmət göstərib özlərini Azərbaycan hökumətinə bağlamaya çalışır. Sağ cinahın Qarabəyov dəstəsi hökuməti ələ almaq üçün türkiyəliləri daha artıq tutur və hökuməti onlara qarşı kafi dərəcədə hörmət göstərməməklə ittiham edir. Məsələn, bir şayiə çıxarır və bu şayiə yalnız Bakı küçələrini deyil, bütün məmləkəti dolaşır: “Nuri paşa Yusifbəylini ziyarətə gedib və Yusifbəyli Nuri paşanı qarşılamak üçün ayağa qalxmayıb!”. Nə böyük cinayət!”.

Yeri gəlmişkən, Mühiddin Birgen bu əsərində Baş nazir Nəsib bəy Yusifbəylinin Milli Mücadilə hərəkatının ilk dönəmində, Böyük Millət Məclisinin qurulmasından öncəki zamanlarda Anadolu (Atatürk) üçün iyirmi min qızıl pulla bir milyon franklıq ticari sənəd göndərdiyini, ancaq bu pulun başına macəralar gəldiyini genişliklə yazıb.

1920-ci ilin 12 yanvarında Antanta dövlətləri Azərbaycan Cümhuriyyətinin istiqlaliyyətinin de-fakto tanınması haqqında qərar çıxardı. Bu, Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi hökumət kabinəsinin böyük nailiyyəti idi. 14 yanvarda bu hadisə Bakıda bayram kimi təntənə ilə qeyd olundu.

Cəmi 23 ay içində Azərbaycan Cümhuriyyəti hökumətləri dövlət qurumlarını formalaşdırdı, çoxminli milli ordu yaratdı, Azərbaycanın milli pulu dövriyyəyə buraxıldı, torpaq islahatı haqqında qanun layihəsi hazırlandı və həmin dövrün şərtləri daxilində mümkün olmayası bir çox işlər gerçəkləşdirildi. Bunda Nəsib bəy Yusifbəylinin də əvəzedilməz əməyi var.

1 aprel 1920-ci ildə Nəsib bəy hökuməti Məhəmmədhəsən Hacınskiyə təhvil verdi ki, yeni hökumət kabinəsi təşkil etsin. O isə ruslarla anlaşaraq hökumət təşkil etmədi və 3 həftədən sonra bildirdi ki, bunu bacarmıram…

Bizcə, Cümhuriyyətin ən son günlərində Bakıda olmuş general Kvinitadzenin xatirələri o günlərin ab-havasını obyektiv əks etdirir. General Parisdə çıxmış kitabında yazır ki,  Gürcüstan hökuməti 1920-nin aprelin sonunda onu 1919-da Gürcüstanla Azərbaycan arasında bağlanmış hərbi ittifaqa əsasən Bakıya göndərib ki, orada rus ordusuna qarşı müqavimətin necə təşkil olunduğunu öyrənsin və bu işi canlandırsın. Bu vaxt bolşeviklər artıq Şimali Qafqazı və Dağıstanı tutub Samur çayında dayanmışdılar.

20 apreldə Bakıya onunla 12 süvari əsgər, general Kutateladze və Bakının və Samur çayının möhkəmləndirilməsini layihələndirmiş general Takayşvili də gəliblər. Bakıda öyrənib ki, hərbiyyə naziri, general Mehmandarov xəstədir və onun vəzifəsini müavini Əli ağa Şıxlinski icra edir və onu da Əli ağa qarşılayıb.

“Vağzaldan mən Azərbaycan hökumətinin Sədri c-b. Yusifbəyovun yanına getdim və gəlişimin səbəbini, yəni onların hərbi hazırlıqlarıyla tanış olmaq məqsədimi və bundan ötrü Bakı və Samur istehkamlarıyla tanış olmağımın gərəkdiyini söylədim. O, mənimlə çox lütfkardı; biz onunla 1918-ci ildən tanışdıq; o zaman o, Zaqafqaziya Hökumətinin üzvü, mənsə həmin hökumətdə hərbiyyə nazirinin müavini və Zaqafqaziya ordusu Baş komandanının müavini idim”.

“Sonrakı günlərdə mən Bakının həm quru, həm dəniz istehkamlarına baxdım. Bolşeviklər artıq Samurda olsalar da və onlarla savaşın yaxınlığının hiss edilməsi gərəkdiyinə baxmayaraq işlərin süst getdiyini gördüm. Hələ başa çatmamış istehkamlarda yalnız onlarca fəhlə vardı. Sonra Samura getdim. Samur istehkamları da yarımçıqdı və qətiyyən iş getmirdi. … Bu körpü azərbaycanlıların əlində olmalıydı, ancaq oraya gedəndə öyrəndim ki, o, bolşeviklərin əlindədir və beləliklə, körpü əllərində olan bolşeviklər istənilən vaxt heç bir müqavimət olmadan çayı keçə və qəflətən Azərbaycan qoşunlarına hücum edə bilərlər. Bu səfədə azərbaycanlılar tərəfdən general Usubov və polkovnik Karaqareteli də mənimləydilər. Onların birincisi Bakı qalasının qalabəyisi idi… …Bir neçə gündən sonra bolşeviklər onu güllələdilər”. 

Bu, Cümhuriyyətin Məhəmmədhəsən Hacınski dönəmiydi…

27 aprel 1920-ci il gecəsi 23 aylıq müstəqil bir dövlət yıxıldı və Azərbaycan yenidən rusların işğalı altına düşdü…

Yeni gələn bolşevik hakimiyyətinin mahiyyətini bircə faktla bildirmək istərdik. Sovet hakimiyyətinin ozamankı liderlərindən biri Zinovyev 1920-də Bakıda olub. Qəzet yazır: “Bu adam məhdud, kütbeyin və amansızdır. Bakıda onun ilk çıxışı da bu Lenin adyutantının xasiyyətinə tam uyğun gəlirdi, çünki Zinovyev hərfi-hərfinə belə bəyan etmişdi: “Yoldaşlar, Bakıda mənə xoş gəlməyən odur ki, mən burada hələ çoxlu şən sifətlər və həddən çox tox adamlar görürəm”.

Bu təfəkkürlü insanların başçılıq etdiyi XI ordu əhalini soymağa, kütləvi şəkildə güllələməyə başladı. Mirzəbala Məhəmmədzadə yazır:“İstilanın ilk günlərində güllələnənlər arasında Haşımbəyli, Süleyman Sulkeviç, Murad Girey Telexas, Qudi və Həbib Səlimov kimi generallar, altı miralay, yeddi yarbay və bir çox minbaşı və yüzbaşı gənc Azərbaycan ordusu üçün çox böyük bir itki təşkil etməkdə idilər. Başvəkil Yusifbəyli Nəsib bəy, xariciyyə vəkili Fətəli xan, Azərbaycan Parlamenti ikinci rəisi doktor Həsən bəy Ağaoğlu, Parlamen üzvlərindən Məhəmmədbağır Şeyxzamanlı, mühərrirlərdən Piri Mürsəlzadə, milli işçi sendikaları rüəsasından Hüseyn Müzəffər və müəllimlərdən Vəsilə xanım Musabəyli ilk verilən qurbanlar arasında idi”.

Mərhum Mövsüm Əliyev Nəsib bəy Yusifbəylinin həyatının son günlərini aşağıdakı kimi təsvir edir:

1920-ci il aprelin 27-də Bakının Sovet Rusiyasının XI ordusu tərəfindən işğalından sonra N.b.Yusifbəyli keçmiş həyat yoldaşı Şəfiqə xanımın evinə gedərək, cibində olan axırıncı pullarını stolun üstünə qoyub və öz doğma uşaqlarını qorumağı xahiş edib. Bu gün İstanbulda yaşayan Nəsib bəyin qızı Zəhra xanımın verdiyi məlumata görə, həmin gündən sonra o, atasının üzünü bir daha görməyib. N.b.Yusifbəylinin pulu olmadığı üçün yola çıxa bilməyib və öz yaxın dostlarının evində gizlənib. O, özünün yaxın dostu, Azərbaycan Parlamentinin üzvü və “Əhrar” partiyasının rəhbərlərindən biri olan Əşrəf  Tağıyevə (1860-1930) xəbər göndərərək ondan xahiş edib ki, gəlib onu Gürcüstana ötürsün. Öz dövrünün bir növ cəsur adamı olmuş Ə.Tağıyev gələrək N.b.Yusifbəylini və Müsavat Partiyasının Bakı Komitəsinin üzvü Yusif İbrahimlini (1883-1920) götürərək hökumət avtomobili ilə Gürcüstana yola düşüb. Yevlağın Qarxun kəndinə çatdıqda Ə.Tağıyev öz doğma kəndində qalıb və öz yoldaşlarından xahiş edib ki, onlar Nəsib bəyi Gürcüstana keçirsinlər. Lakin onlar avtomobilin istiqamətini dəyişərək Kürdəmir qəzasına tərəf yönəliblər. Bunun səbəbi Nəsib  bəyin əlində olan kiçik çamadan olub. Qatillər elə zənn ediblər ki, baş nazir özü ilə xaricə xeyli var-dövlət aparır. Yolları tanımayan və Azərbaycanın daxili qəzalarına bələd olmayan rus sürücü isə məsələnin nə yerdə olduğunu hiss etməyib. Avtomobil qumluq yol ilə Kürdəmir qəzasının Kür çayına yaxın meşəliyə çatdıqda qatillər öz əməllərini həyata keçirməyə  başlayıblar. Onu da qeyd edək ki, Kürdəmir qəzası o dövrdə indiki Zərdab rayonunu əhatə edirdi. Nəsib bəy və Yusif İbrahimli öldürülüb, lakin sürücü maşından tullanaraq qaça bilib. O, sonra menşevik Gürcüstanına keçə bilib. Bu hadisə bir müddət gizli qalıb. Qatillər cinayətin gizli qalmasından istifadə edərək Nəsib bəyin adından saxta məktub düzəldib və onun dəqiq imzasını çəkmək yolu ilə bir neçə dəfə onun Gəncədə yaşayan böyük qardaşı Həmid bəy Yusifbəylinin (1878-1942) ünvanına məktub göndəriblər. Nəsib bəyin adından bir neçə dəfə göndərilən bu saxta məktublarda guya onun İstanbulda dilənçi halına düşdüyü və öz böyük qardaşından pul yardımı istədiyi qeyd olunub. Qardaşının qətlindən xəbəri olmayan Həmid bəy qohum-əqrəbadan pul yığaraq məktub gətirən canilərə vermişdir ki, İstanbulda yaşayan Nəsib bəyə çatdırsınlar. Bu dövrdə Şəfiqə Sultan Qaspıralı iki uşağını götürərək İstanbula gedib və orada Nəsib bəyi axtarıb. Lakin Azərbaycanlı mühacirlərdən Nəsib bəyi İstanbulda görən bir nəfər tapılmayıb. Adi bir təsadüf nəticəsində artıq bu zaman İstanbulda olan Nəsib bəyin sürücüsünə rast gəlib. O, Nəsib bəyin keçmiş həyat yoldaşına onun Kürdəmir qəzasında Kür çayının yaxınlığında öldürüldüyünü söyləyib. Həmin əhvalatdan sonra Şəfiqə sultan xanım Gəncədə yaşayan Nəsib bəyin böyük qardaşı Həmid bəyə məktub yazaraq onun qardaşının İstanbula gəlib çıxmadığını və Kürdəmir qəzasına gedib həlak olduğunu bildirib. Həmid bəy öz yaxın qohumları ilə birlikdə Kürdəmir qəzasına gedib və həqiqətən də Nəsib bəyin orada qətlə yetirilməsi məsələsi dəqiqləşib. Məhz atasının Kürdəmirdə həlak olması ilə əlaqədar olaraq və indi artıq həyatdan köçmüş Nəsib bəyin oğlu Niyazi, Kürdəmir (1910-1964) künyəsini qəbul edib.

Nəsib bəyi kimlərin və harada öldürməsi haqqında ən müxtəlif fikirlər var. M.Rəsulzadə Nəsib bəy Yusifbəylinin əziz xatirəsinə həsr etdiyi məqalədə onun Gürcüstanın Sığnax mahalında həlak olduğunu yazıb. N.Şıxzamanlı (Keykurun) Nəsib bəyinn Ərəş qəzasında naməlum şəxslər təfəfindən öldürüldüyünü qeyd edib. Mərhum jurnalist Hafiz Sadıq Nəsib bəyi Qarxunlu Əşrəfin dəstəsinin öldürdüyünü yazıb: “Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Demokratik Respublikanın rəhbərləri yaxşı başa düşürdülər ki, gec-tez onlar təqibə məruz qalacaqlar. Ona görə 1920-ci ilin may ayında üç yoldaş – Nəsib bəy, Məşədi Yusif və Qarxunlu Əşrəf Gürcüstana getməyi qərara alırlar. O vaxt Gürcüstanda hələ menşevik hökuməti hakimiyyətdə idi. Heç bir yükləri olmadan bu üç nəfər Nəsib bəyin hökumət maşınında Bakıdan çıxırlar. Görünür ki, bu işdən Əliheydər Qarayev dəstəsinin xəbəri varmış. Onlar izlənirmiş. Yevlağa çatan zaman Qarxunlu Əşrəf Tağıyev öz kəndi Qarxuna gedir, Nəsib bəy Yusifə Yevlaxdan Gürcüstana keçməsini başa salır, Tiflisdə görüşəcəklərini söyləyir. Onlar bir-birindən ayrılırlar. Məşədi Yusif Yevlax-Şəki-Zaqatala-Balakən yolu ilə Gürcüstana keçib Siğnaq qəzasına çatır. Orada naməlum şəxslər tərəfindən güllə ilə vurulub qətlə yetirilir. Nəsib bəy Yusifbəylini isə naməlum şəxslər Kürdəmir-Zərdab yolunda, meşə kənarında, çay dərəsində qətlə yetirirlər. Qarxunlu Əşrəf Sovet hökuməti tərəfindən güllələnir. Görünür, Əliheydər Qarayev dəstəsi çox ustalıqla işləməyi bacarırdı”.

Bizim fikrimizcə, həqiqətə ən yaxın olan da Hafiz Sadığın fikirləridir. Göründüyü kimi, o, bu işdə Əliheydər Qarayevin simasında sovet hakimiyyətini suçlayır.

Qarxunlu Əşrəf Tağıyevin bu hadisədə əlinin olması mümkündür, çünki o, “ÇK” ilə, onun sədri Mircəfər Bağırovla birbaşa əlaqədəydi. Sovet hökuməti onu siyasi mühacirlər haqqında məlumat toplamaq üçün hətta Türkiyəyə göndərmişdi. Ancaq Ə.Tağıyev, bir çox ifadələrdən də göründüyü kimi, bu işdə olsa-olsa xəbərverici və yönəldici rolunda iştirak edib. Qətli törədənlərsə generalları Bakıda güllələdənlər, Fətəli xan Xoyskini və Həsən bəy Ağayevi Tiflisdə şəhid etdirənlərdir – daha açıq deyək: Moskvaya nökərçilik edən Azərbaycan İnqilab Komitəsinin rəhbərləri Əliheydər Qarayev və Mirzədavud Hüseynovdur. Nəriman Nərimanovun hələ gənclik illərindən Nəsib bəylə şəxsi ədavətinin olduğunu nəzərə alsaq, bu işdə ondan da şübhələnməyə haqqımız var.

Nəsib bəyin qətlini birbaşa hakimiyyət orqanlarının təşkil etdiyinə əsla şübhəmiz yoxdur. Birincisi, bu heç də adi quldurluq işi deyil, siyasi qətldir və bu qətli F.x.Xoyski və H.b.Ağayevin öldürülməsini təşkil edən eyni mərkəz həyata keçirib. Bu üç kişinin heç birinin qatilinin cəzalandırılmaması da, bu fikri gücləndirir.

İkincisi, Bakıda çıxan rəsmi qəzetlər Nəsib bəyin ölümü ilə bağlı ən ağlasığmaz şayiələr yaydı. Misallara baxaq. Rusca “Kommunist” qəzeti yazırdı: “GƏNCƏ, 28 iyun. Tiflisdən gəlmiş yoldaşlar xəbər verirlər ki, bütün Azərbaycan əksinqilabçıları Tiflisin küçələrində dolaşırlar. İndi bütün Rəfiyevlər, general Şıxlinski, Novruzov və bütün Şamxorski bəyləri və b. oradadır.

Tiflisdə çıxan “Qruziya” qəzeti 1920-ci ilin 11 mayında  yazırdı: “Bakıya rus qırmızı ordu hissələri girib. Həyat şəhərdə öncə sakit olub, ancaq Həştərxandan “fövqəladə”nin gəlməsiylə şəhərdə əsəbi əhval-ruhiyyə müşahidə edilir; fövqəladənin başında matros Pankratov durur. Şayiələrə görə, Yusifbəyov İranda gizlənib.  İndi Orconikidze və Kirov Bakıdadırlar. Yeni Azərbaycan hökuməti formal baxımdan mövcud olsa da onu sayan yoxdur: hər şeyi şimaldan gəlmiş komissarlar həll edir”.

İstinad edilən mənbələr:

Azərbaycan Res.Dövlət Arxivi, fond 894, siyahı 7, iş 12

 fond 100, siyahı 20, iş  97

 fond 895, siyahı 1, iş 29

Gürcüstan Mərkəzi Tarix Arxivi (bundan sonra: GMTA), fond 1819, siyahı 1, iş 77

Odessa Vilayət Dövlət Arxivi, fond 45, siyahı 5, iş 15514


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+17=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0299 saniye