Şüvənəlogiya (satirik, yumoristik yazı)
Günel Fərhadqızı tərəfindən "Ədəbi tənqid" bolməsinə 09:36 25 noyabr 2015 tarixində əlavə olunmuşdur

Ağrımayan başı ağrıdan, qanamayan yeri yaraya çevirən və qan çıxardan, problem olmayan yerdə problemi yaradan, mübahisəni başlayan və həll edilməsini istəməyən və qarışqadan fil düzəldən şəxsə şüvən deyilir. Şüvən salanları, şüvənləri və şüvən vəziyyətini, şüvən prosesinin yaranmasını,  predmetini, obyekt və subyektlərini, həlli yollarını öyrənən elmə şüvənəlogiyadeyilir. Bu elm Şərqdə yaranmışdır və konfliktologiyanın və insanlar arası münasibətlər sahəsində fəlsəfənin əsasını təşkil edir. Şüvən salan, qoparan adam, onun şüvənində iştirak edən hər kəs, hər bir canlı şüvənəlogiyanın əsas subyektidir.  Bu elmin predmeti şüvəndir. Şüvən vəziyyəti şüvən qoparanın haqlı və ya haqsız olaraq yaratdığı vəziyyətdir. Bu elm ta qədimdən yaranmışdır, Adəm və Həvvadan bu günümüzədək gəlib çıxmışdır. İnsan dil açıb danışmağı, heyvan kimi qışqırmağı, anqırmağı, əcaib səslər çıxarmağı bacaran andan bu elm öz əsasını qoymuşdur. Bu elmin obyekti şüvənə səbəb olan istənilən mövzu və obyekt ola bilər. Şüvənin həll edilməsi yolları hələ tam öyrənilməmişdir. Çünki şüvəni qopardan və şüvən prosesində iştirak edən subyektlər şüvənin qopardılma səbəbini tam dərk edə bilmirlər ki, onu də həll etsinlər. Şüvəni adətən nadan adam edir, şüvən qopardığı mövzunun məğzini bilmədən şüvən qopardır və mübahisə edir. Şüvən qoparan adətən mədəniyyətsiz adamdır, çünki şüvən isterikasız ötüşmür və qeyri-etik davranış və sözlərlə müşaiyət olunur. Şüvən qoparan digərlərini eşitmir, eşitmək istəmir və  digər subyektlərin fikirləri ilə hesablaşmır. “Özü deyir, özü eşidir” prinsipi ilə şüvən işini aparır. Məzmunundan və mövzusundan asılı olaraq, şüvənqoparanlar bir neçə kateqoriyaya bölünür: Vətənşüvənlər-vətəni haqda ətraflı, tam məlumatı olmayan, himninin sözlərini bilməyən, oxumağı özünə rəva bilməyən, tarixindən xəbərsiz olan, gerbinin nə ifadə etdiyini anlamayan, bayrağını tapdalayan, tərs asan, düz tutmayan, rəng və simvolların nə məna daşıdığını bilməyən kəsin “Vətən-Vətən” deməsi, “Qarabağ” şaxsey-vaxseyini anlaya bilmirəm və anlamaq istəmirəm. Ay yazığın balası, heç bilirsən ki, Qarabağ harada yerləşir, hansı rayon və şəhərləri var, işğal altında hansı yerlərdir, hansı tarixlərdə işğal olunmuşdur, İrəvan, Borçalı mahalı da bizimdir, Cənubi Azərbaycan da bizim Vətənimizdir?!Bilmirsən?!Heç təəccüblənmədim! Təəccüb etdiyim, boş-boş bağırmağın, yalançı ürək yanğısı, ictimai təqdimat və reklam xətrinə, başqasından geri qalmamaq üçün etdiyin hərəkət və dediyin sözlər çox sünidir, inandırıcı deyildir. Sən vətənindən xəbərsizVƏTƏNŞÜVƏNsən! Dinşüvənlər-oxuduğunuz səhv tərcümə və təfsir edilmiş, təhrif olunmuş, mənasını dəyişmiş dini kitablarınızdır, məqsədiniz ölkə qanunlarına zidd gedərək dünyavi-demokratik ölkədə insanların konstitusiyada nəzərdə tutulmuş hüquq və azadlıqlarını əllərindən alıb, insanlara şəriət qanunlarını sırımaq, onları idarə etməkdir… Məhərrəmlik ayında bədəninə ağır zəbələr endirmək, saçlarını yolmaq, özünü döyüb, qanını axıtmaqla deyil, din və insanlıq! 3 gündən artıq yas saxlayan dindarlarımız, gedin təhsil alın, savadlanın, elmə yiyələnin! Ölkəmiz tolerant və multikultural dəyərlərə malikdir… Şəriət qanunlarını gedin öz ailənizdə tətbiq edin, ən azı orada bəlkə sözünüz keçər, kiçik dövlətinizdə… Gedin, bir, iki nəfər səviyyəsiz radikal düşüncəli dini liderlərinizin dediklərinə avamcasına inanın, şəhid olun, bəlkə cənnətə düşməyə bilet qazanarsınız… Səndən əsl insan çıxmaz, sən nadansan, DİNŞÜVƏNsən! Ac toyuq yuxusunda darı görər! Sizdən biri olmayana, sizin kimi düşünməyənə “kafir” deməyiniz, bilirsiniz nəyə oxşayır?! Pişiyin əli ətə çatmayanda, deyir,  ət iylənib, köhnəlib! Sizin kimi “dindar”olmaqdansa, “kafir” olum. Siz cənnətə düşsəniz, yetər, siz olan cənnətə düşmək istəmirəm, cəhənnəm əsl yerimdir mənim… Pulşüvənlər- pulun qədrini bilən və bilməyənlərdir. Qədrini bilib “Simic şüvənlər”, “Pulum var, vermirəm, borcum var” deyib, özünü göstərir, acıq verir əks cəbhədə olanlara, pulu olmayıb, acından axşam yuxudan oyananlara! Ya da ki, “Pulum yoxdur, nə istəyirsən məndən?! Pulun varsa, mənə də ver!” deyən ağlayanlar da var… Pulun qədrini bilməyənlər “xeyirxah dəli, əliaçıq sadəlövh”lərdəndir ki, onlar da “sağa-sola pul paylayır”, sonra da pulu qurtaranda, özü başlayır, şüvən qopardaraq, dilənməyə, borc verdiyi adamlardan borcunu geri almağa çalışmağa! Qorxmayın, ağlamayın! Qorxan gözə çöp düşər! Özü yıxılan da, ağlamaz!Şüvən qopartmayın, mənasızdır, sən korlar, karlar, lallar məmləkətindəsən!PULŞÜVƏNsən! Dilşüvənlər- Nə doğma dilinin, nə də əcnəbi dilinin, qrammatik, leksik, orfoqrafik, fonetik qaydalarını bilən, nə də normal danışıq, yazı yazma qabiliyyəti olan insanların dil üstündə şüvən qoparmasını qəbul edə bilirəm! Bir cümləsində 3 dilin sözünü işlədən şəxs, doğma dilini qorumayan, doğma dilinə hörmət etməyən şəxs necə əcnəbi dili qoruya, sevə və o dilə hörmət edə bilər?! Uşaq qədər də olmadıq, onları da korladıq, gözünü açandan öyrədirik əcnəbi dilləri, öz dilini öyrənməmiş, irad və tənqidləri nəzərə almırlar, başqasında belə uşaq görəndə, şüvən qoparırlar, doğma dilləri yada düşür, vətənpərvərlik sevgisi və vicdan oyanır! Gülüncsünüz! Əcnəbi dil bilmək yaxşıdır, amma öz dilini mükəmməl bil, öz dilində mükəmməl yaz, danış, sonra! Öyrən rusca, ingiliscə, almanca, möhtac olma dilmanca… Öz dilinə, soy kökünə lağ eləmə… Örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçər! DİLŞÜVƏNsən! Şəkilşüvənlər-ən müasir şüvənsalanlar qrupudur, hara getdi-getmədi, hər yerdə şəkil çəkdirməlidir, özü də fərqli pozalarda… Sonra da paylaşmalıdır sosial şəbəkə, səhifələrdə, like yığmalıdır, likeların sayını saymalıdır, gündəmdə qalmalıdır. Tağ, check in i şəkilsiz etmək inandırıcı olmaz deyə, hökmən ən azı tağ, check in etdiyin yerdə şəklin olsun, həmin yerin bütün bucaqlarında şəkil çəkdirəsən, pulsuz reklam edəsən həmin yeri… Sanki müştəri yığırsan ora! Ucuz ətin şorbası olmaz! Getdiyin yerdə bir şəkil çəkdirsən, məncə yetərlidir, selfie isə az çəkin, bəzi selfielərdə çox qorxunc, gülünc və faciəvi drama qəhrəmanı kimi düşürsünüz… Bir dəli quyuya daş atdı, yüz ağıllı çıxara bilmədi… Sizin şəkilləriniz də dəlinin quyuya atdığı daş kimidir… ŞƏKİLŞÜVƏNsən! Bu vaxtadək şərq dünyasında şüvənəlogiya konfliktologiyanın əsası olaraq araşdırılmadığından, şüvənin psixoloji təbiəti öyrənilmədiyindən konfliktlər həll edilməmiş qalır və artamağa doğru gedir. Şüvən qoparanlar, Sizdən soruşuram: Şüvən qopartmaqla, nə qazanırsınız?! Ağlınız artır?! Şüvən yazarlar- intriqada olan, birinin yazısı digərini qane etməyən, dava və atmacalı sözlərlə gündəmə gələn, özünü qara pr ilə reklam etdirən, yazarlığın qiymətini, sözün dəyərini ucuz tutan şüvənlərdir ki, onların yaradıcılıqları da, bir qara qəpiyə dəymir, belə yazarsınız, yaradıcı insansınızsa, gedin öz yaradıcılığınızla məşğul olun, kim nə yazır, necə yazır, niyə yazır, yaşayır, Sizə nə dəxli var? Guya belə mükəmməlsiniz?! Tənqid etmək olar, amma şəxsiyyətə keçmək, təhqir etmək, söymək Sizin olmayan səviyyənizi, dar düşüncə tərzinizi göstərir. Elə yazarlarımız da var ki, şöhrət naminə nəsə hökmən yazmalıdır… Bəlkə də, öz fikirləri deyil, bəlkə də öz sözləri deyil, amma “hamı yazır, məşhur olur, mən də yazım, məşhur olum” prinsipi ilə yaşayır onlar… Onlara baxanda, səsi olmayan, fakturası olmayan və sadəcə adamı olan, tapşırılmış mügənniciyin muğam və ya opera, caz oxuması yadıma düşür… ŞÜVƏNYAZARSAN!  Kiminsə ayaqqabısını geyinə bilərsiniz, azsaylı qız uşağı anasının                        ayaqqabılarını geyindiyi kimi, amma bu o demək deyildir ki, onun kimi və onun  ayaqqabısı ilə yeriyə biləcəksiniz… Hər kəsin geyinməyə öz ayaqqabısı və ayaq ölçüsü vardır… Sənin olmayan ayaqqabı ya ayağını sıxacaqdır, ya ayağına böyük olacaqdır, yazılar da ayaqqabı kimidir… 2. Şüvən tənqidçilər – bu həyatda heç nəyi bəyənməyən, özünü mükəmməl sayan və mükəmməllik axtaran şüvənlərə şüvən tənqidçilər deyilir… Onların gözündə yaxşı nəsə və kimsə yoxdur, hər kəsdən və hər şeydən narazıdır. “Doğru olanı tək o, bilər, dünyanı o, düzəldəcək” prinsipi ilə yaşayır, göz verib, işıq vermir…  TƏNQİDÇİŞÜVƏNSƏN! Abır istəsən çox demə, Sağlıq istəsən çox yemə. Sizdən sizin fikrinizi soruşan və sizdən məsləhət istəyən olmayıbsa, yuyulmamış çömçə kimi nə atırsınız özünüzü ortalığa?! Zəhər zəhəri öldürər. Sizin zəhər dolu, sağlam olmayan tənqidinizi başqa bir radikal və sizdən betər zəhərli dilə və fikirlərə malik insanın tənqidi məhv edər, sizi sizdən betər olan kəs susdura bilər… 3. Radikal şüvənlər- hər mövzuya radikal yanaşan və öz fikrini, istəklərini zorla insanlara sırımağa çalışan, radikal siyasətçi, dindar, radikal baxışlı insan mənim üçün zülmkardır… Onların dərdi qadağalardır, məhdudiyyətlərdir, insanları öz bildikləri kimi idarə etməkdir…  RADİKALŞÜVƏNSƏN! Qaydalar və qanunlar onları pozmaq üçündür məgər?! Zülmün axırı olmaz. Zülm ilə abad olan, bir gün gələr bərbad olar. Zülmünü sənə tabe olmayan və fikrinlə hesablaşmayan ailəndə et, o da ki, bir vaxta qədər mümkün olacaq, radikallığın bezdirəcək hər kəsi, tənha qalacaqsan


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+23=
Hesaba giriş
Müəllif

Günel Fərhadqızı
Haqqında
Maliyyəçi, risk, sərmayə meneceri, təlimçi, köşə yazarı, jurnalist, yazar
Əlaqə
Tel.:
0702021606
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0269 saniye