Sındım — O Hələ də Yazırdı
Ceyhun Fikrət tərəfindən "Hekayə" bolməsinə 18:08 20 noyabr 2025 tarixində əlavə olunmuşdur

Qəribədir... Hər gün mənimlədir.
Məni demək olar ki, əlindən yerə qoymurdu.
Bəzən mənə elə gəlir ki, mən onun üçün çox əzizəm.
Bəlkə də elə düşünmək istəyirəm. Amma kim bilir...

Bəzən məndən çay içir, bəzən də su.
Sanki həyatının bir parçasıyam.
Onun səsini, nəfəsini, hətta susqunluğunu belə hiss edirəm —
baxmayaraq ki, mən sadəcə bir fincanam.

Bu gün o qəribə dərəcədə susqun idi.
Həyat yoldaşına belə gülümsəmədi.
Gözlərində dərin bir yorğunluq, sanki görünməyən bir yük vardı.

Mən onu izləyirdim — hər zamankı kimi səssiz, amma diqqətlə.
Birdən dönüb dedi:
– Mənə qəhvə hazırla.

Xanımı qəhvəni gətirdi.
Amma... başqa bir fincanda.

O an içimdə iti bir ağrı hiss etdim.
Qısqandım.
Axı hər səhər onun əllərində oyanmağa öyrəşmişdim.
Bu günsə kənara atılmışdım. Unudulmuşdum.

Sanki içimdəki istilik sönürdü.
“Yəqin, bir daha mənə dönməyəcək...” – dedim içimdə.
Amma bunu dilə gətirə bilməzdim.
Axı mən sadəcə bir fincan idim.

O isə yenə yazı stolunun arxasındaydı.
Əlində qələm, qarşısında ağ vərəqlər — öz dünyasında.
Bəlkə də mən onun üçün doğrudan da dəyərliydim...
Ya da bu, mənim uydurduğum bir nağıl idi.

Bu gün anladım ki, hər şey müvəqqətidir.
Mənim varlığım da, sevgim də, gözləntim də...
Sadəcə, kimlərəsə çay və su vermək üçün yaranmışdım.

Sonra o, mənə tərəf gəldi.
Ürəyimdə bir ümid işığı yandı.
Bəlkə də yenidən onun əllərində olacaqdım.

Əlinə götürdü. Bir anlıq dayandı.
Sonra xanımına baxıb soruşdu:
– Bu fincanı kim sındırıb?

Xanımı təəccüblə dedi:
– Bu, bir neçə saat əvvəl sınmamışdı… bu necə ola bilər?

O, məni diqqətlə seyr etdi.
Mən isə son dəfə onlara baxıb gülümsəmək istədim.
Amma içimdə iti bir ağrı hiss etdim.
Çünki onun gözləri çox kədərli idi. O bilmədi nə etsin. Məni son dəfə əllərinə götürüb baxdı.
Sonra isə məni zibilliyə atdı. Mən daha onu görə bilmədim. Hər yer qaranlıqlaşdı.

Sükut çökdü.
Ətrafımda qırılmış xatirələr uzanmışdı.
Soyuq, səssiz, cansız.

Mən sındım.
Amma o hələ də yazırdı.
Və bəlkə də... məni bir daha heç vaxt xatırlamayacaq.


06 Oktyabr 2025-ci il


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+24=
Hesaba giriş
Müəllif

Ceyhun Fikrət
Haqqında
Ceyhun Fikrət 1984 ci ildə Bakı şəhərində anadan olub. Əsli Şamaxı şəhərindəndir. 2005-ci ildən dövrü-mətbuatda yazıçı və jurnalist fəaliyyətini davam etdirir. 2015 ci ildə İran islam respublikasının Qom şəhərində yerləşən Əl-Mustafa beynəlxalq universitetinin Əl-Məhdi adlanan şöbəsində fars dili və islam maarifi fakultəsində təhsil alıb. Bundan əlavə 2017-ci ildə İranın Təbriz şəhərində yerləşən Əl-Mustafa Beynəlxalq Universitetinin Təbriz filialına daxil olub. 2025-ci ildə Əl-Mustafa Beynəlxalq Universitetinin Fiqh və İslam maarifi fakultəsini bitirib. Hal-hazırda yazıçı,jurnalist və ilahiyyatçı kimi fəaliyyətini davam etdirir.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0397 saniye