SON VİDA
İlkin Abbas tərəfindən "Şeir" bolməsinə 18:48 07 yanvar 2015 tarixində əlavə olunmuşdur

Bu da bu eşqin son dayanacağı,
Gözləmə, o qatar gələsi deyil.
Tapmaz özünə qəlb sığınacağı,
Ağlayan bu gözlər güləsi deyil.

Canıma yağıbdır "sənsizlik" qarı,
Daha bu qış məni üşütməyəcək.
Gəlsə də ömrümə min bahar, min yay,
Bu donan eşqimi isitməyəcək.

Bu da son görüşdür, bu da son vida,
Eşqin divarları uçuldu getdi.
Sevgimiz köçəri quşlar misalı,
Uçan durnalara qoşuldu getdi.

Bəxtimə sevgini yazmadı Allah,
Neyləyim, hərənin qisməti birdir.
Səndən mənə qalan "ayrılıq" oldu,
Məndən sənə qalan dörd-beş sətirdir.

"Ayrılıq" yuxusu oldu son röyam,
Artıq mənim yuxum çətin yozulsun.
Hətta öləndə də məzar daşıma,
Səndən ayrıldığım o gün yazılsın...

İLKİN ABBAS


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+18=
Hesaba giriş
Müəllif

İlkin Abbas
Haqqında
Abbasquliyev İlkin Qadir oğlu ( İlkin Abbas ) 1993-cü il Dekabr ayının 8-də Naxçıvan şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı hələ orta məktəb illərindən başlanmış, zaman keçdikcə şeiriyyat aləminə olan sevgisi güclənmişdir. Şair 2000-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmus, 4 illik ibtidai təhsilini orada aldıqdan sonra, Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbə dəyişilmişdir. Onun "ANA DİLİ" adlı ilk şeiri 2010-cu ildə yazılmış və "TƏK SƏBİR" qəzetində nəşr olunmuşdur. Bundan əlavə, gənc yazarın Şeirləri Vəhdət.org. , Shahbulaq.az, Turkbir.info, ədəbiyyat-az.com, Gundelik.info, dokkuziklim.net saytlarında dərc olunur və olunmaqdadır. Hazırda tələbədir, Subaydır. Hələ ki kitabı yoxdur.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0275 saniye