Stalinin ad günü tortundan ölən birinci xanım
Əli Əhmədov tərəfindən "Məşhurlar" bolməsinə 19:02 23 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Stalinin ad günü tortundan ölən birinci xanım...

Leninin özünə fikir verməklə arası olmayan bu yaraşıqsız qadını, Kremlin divarları arasında məskunlaşanda nə az, nə çox - 49 yaşı vardı. Saçları həmişə səliqəsiz olardı; ya yuxusuzluqdan, ya da xəstəlikdən gözlərinin altı torbalanmışdı, günü xoş keçməyən zavallı adam kimi ortalıqda lal-dinməz, qaşqabaqlı gəzib-dolaşardı. Hərçənd, onu şəxsən tanıyan adamların xatirələrində ideal qadın kimi ilahiləşdirilirdi, di gəl, sonralar əleyhinə yüzlərlə şayiələr yayıldı. Tutalım, deyirdilər, xanım Nadejda Konstantinovna Krupskaya filankəslə Leninə xəyanət edib, dinin düşməni olub, 18-ci ildə ayağı Kremlə dəyən kimi kitabxanalardan dəyərli kitabları yığışdırtdırıb, məhv edib.

Amma fakt faktlığında qalırdı - əsas yazılanlar idi. Xanım Krupskayanı tanıyanlar belə yazırdılar: o, sadiq həyat yoldaşı nümunəsi, elmin, təhsilin dayağı idi.

Ananın ər arzusu, qızın Tolstoya məktubu...

Atası öləndə 14 yaşı vardı. XIX əsrin Rusiyasında tez-tez səslənən “inqilab, siyasət” sözləri dul qalmış anası Yelizaveta Vasilyevna üçün tamam maraqsız idi. Oxuduğu gimnaziyada inqilabçı qüvvələrin təsiri altına düşən azyaşlı Nadyadan ötrü nigarançılıq keçirən anasının öyüd-nəsihəti işə yaramazdı. 1887-ci ildə pedaqoji sinfi bitirən Kupskaya ev müəllimi – mürəbbi diplomu aldı. Özünü inkişaf etdirib daha böyük uğurlar qazanmaq istəyən gənc qızın anasını başqa məsələ düşündürürdü: bu yetkin, dediyindən dönməyən qızı tez ərə verib, başındakı təhlükəli fikirləri dağıtmaq lazım idi. Tərslikdən, heç kim Nadyaya evlənmək təklif etmirdi ki, etmirdi. Nadya kürəkən fikri çəkən anasını belə təsəlli verərdi: mən rus təbiətinin özü kimiyəm, məndə də parlaq boyalar yoxdur. Rəfiqələri evlənir, o isə paxıllıq etmirdi, əksinə, onlara yazığı gəlirdi ki, nikah əsarətinə düşüb istedad və qabiliyyətlərini kişilərin ayağı altına atırlar.

Nadya başqa yolla gedəcəkdi...

O, özünü bir adama yox, cəmiyyətə həsr etmək istəyirdi.

Amma necə? Hansı yolla?

Günlərin birində qəzetdə Lev Tolstoyun savadlı qızlara çağırışını oxudu. Yazıçı onları sadə insanların oxuyub savadlanması üçün məşhur kitabların səhvlərini düzəldib yaxşılaşdırmağa çağırır, bu işlə məşğul olmaq istəyənlərə kitablar göndərəcəyini vəd edirdi.

Məktubuna belə başladı: “Çox hörmətli Lev Nikoloyeviç! Bilirəm, xalq tərəfindən oxunan kitabları düzəltmək ciddi işdir, bunun üçün çoxlu bilik və bacarıq lazımdır, mənim isə 18 yaşım var: o qədər az bilirəm ki... Amma sizdən xahiş edirəm, mümkünsə, Lev Nikolayeviç, belə kitablardan bir-ikisini göndərin”.

Tolstoyun qızı Tatyana Lvovna 18 yaşlı Krupskayaya Dümanın “Qraf Monte Kristo” kitabını göndərdi. İş prosesində anladı ki, Tolstoyun məsləhət gördüyü iş cəfəngiyatdır. 1890-cı ildə Marksın “Kapital”ını oxudu və heyran oldu: çıxış yolu fəhlə hərəkatındadır. Günlərin birində yolu fəhlələr üçün təşkil olunan axşam kurslarından düşdü və elə hər şey də burdan başladı. Bu inadkar və zəhmətkeş qız Engelsin “Anti-Dürinq”ini oxumaq üçün qısa müddətdə alman dilini öyrəndi. Ətrafında olanlar heyrətlə etiraf edirdilər: istedad və qabiliyyət budur! Həmin illərdə rəfiqələrindən birinə eşitdirmişdi ki, fəhlə oğlanlardan biri ilə görüşür. Amma həmin o fəhlə, Lenin deyildi...

İnqilab aşiqi ilə “blinçik qonaqlığı”nda tanışlıq...

Günlərin birində axşam məktəbinə gələn fəhlələrin dəftərlərini yoxlayırdı. Broşürlərin arasına bir dəftər düşmüşdü və Nadejda qeyri-ixtiyarı həmin dəftəri açanda qəribə mənzərə ilə qarşılaşdı: səhifələrin kənarı qeydlərlə dolu idi, bircə söz yazmağa yer qalmamışdı. O fəhlə kimi idi?! Gün uzunu düşündüyü ancaq bu olmuşdu... Axşamı dostlarından biri onu “blinçik qonaqlığı”na dəvə etdi, üstəlik, belə bir əlavə ilə: maraqlı olacaq, qonaqlıqda “gəlmə volqalılardan” biri iştirak edəcək. Qəribə və maraqlı tipdir.

Nadejda həmin dəftəri xatırladı...

Qonaqlıqda həmin gəlmə, qəribə tip dil boğaza qoymadan danışır, inqilabın yaxınlığını ciddi-cəhdlə sübut etməyə çalışırdı. Hətta gur-gur gurlayıb danışanda baxışları bir neçə dəfə rastlaşdı, göz-gözə gəldilər. Elə həmin axşam o adamın kim olduğunu araşdırmağa başladı: Vladimir Ulyanov. İyirmi dördün içindədir, amma yaşlı görünür. Və gənc müəllimə ilk dəfə olaraq həmin adam haqqında anasına danışdı. Bir neçə gün sonra o “inqilab aşiqi” ilə kitabxanada rastlaşdı. Axşam evə bir yerdə qayıtdılar, Vladimir Ulyanov yolboyu nə danışmışdısa, Nadejda ancaq bir cümlə haqqında fikirləşirdi: “inqilab yaxındır və mümkündür”.

Sonra evdə görüşmələr başlandı. İndi Nadejda gənc Ulyanovun tələbəsinə çevrilmişdi. O, gələn kimi anası əl-ayağa düşürdü ki, birdən narazı qalar, 25 yaşlı “qarımış” qızını bəyənməz. Tərslikdən bu çoxdanışan oğlan da ancaq ananın zəhləsi gedən inqilab söhbətlərindən danışırdı: bu necə sevgidir?! Onlar tək qalmaq üçün yer axtarmırlar, belə sevgi olar?! Və bir müddət sonra həmin “gəlmə volqalı” ilim-ilim itdi! Günlərin birində müəllim yoldaşlarından biri Nadejdanı kənara çəkib xəbərdar elədi ki, “Starik” (Leninin ləqəbi belə olub) möhkəm xəstələnib, ona kömək lazımdır.

Vladimir gələcək həyat yoldaşını yataqda qarşıladı...

Və onların evlənməsi dörd il yarım çəkdi. Lenin həbs olunanda Krupskaya anası ilə onun saxlanıldığı yerə yaxın köçəcək, hətta həbsdə yatmağa razı olacaqdı. Günlərin birində Leninin məktubu gəlir: mənim həyat yoldaşım ol! Cavab gecikmir: Nə etməli, həyat yoldaşım deyirsən, olaram!

İnessa Armand müəmması...

- İnessa Armand Leninin məşuqəsi olub?

- İnessa Armand Leninin və Krupskayanın silahdaşı, mübarizə yoldaşı olub. Məşuqə söhbəti yalandır, - ömrünü Krupskayanın həyat və yaradıcılığına həsr edən tarixçi qadın telefonda az qala bağırırdı, - Nadejda Konstantinovna qürur, vüqar sahibi olub. O, heç vaxt bunu qəbul etməzdi və onların məhəbbətinə maneə olmamaq üçün çıxıb gedərdi.

Armandın silahdaşlarından olan qoca kommunist isə müəmmalı danışırdı. Məşuqə söhbətini dilinə gətirməsə də, dediklərindən başqa nəticə çıxarmaq mümkündü. Jurnalist qızın dalbadal “məşuqə” sualına sərt və kəsə cavab vermişdi:

- Mən şam tutmamışam!

İnqilabdan sonra “inqilabi üçbucaq” Moskvaya gəldilər və şayiələr dolaşmağa başladı: rəhbər həyatını İnessa ilə bağlamaq istəyib, amma Siyasi Büro ona icazə verməyib. Deyirdilər, İnessa altıncı uşağı Lenindən doğub və hansısa kinooperator İsveçrədə öz gözləri ilə bu uşağın qəbrini görüb. Bəziləri hətta gizli-gizli pıçıldaşırdılar ki, həmin uşağın ölməsi şayiədir, o, yaşayıb və Brejnevin tərcüməçisi işləyib.

Armandın səhhəti get-gedə pisləşirdi, hətta konfranslarda ayaq üstə durmağa çətinlik çəkirdi. O, Leninin məsləhəti ilə Qafqaza getdi. Çox keçmədi vəba xəstəliyinə yoluxdu, 20-ci ilin sentyabrında dünyasını dəyişdi. İnessanı Qızıl Meydanda dəfn etdilər. Qəbrin üstünə qoyulmuş əklillərin arasında ağ çiçəklərdən hazırlanmış bir əklil də vardı: Leninin adından qoyulan əklil...

Din düşməni Krupskaya...

Sovet hakimiyyətinin ilk günlərindən başlayaraq Kreml divarları arasında əvvəllər xəlvəti, sonralar genişlənən hakimiyyət davası başlandı. Bu davada Krupskaya öz yerini tutmuşdu. O, xalq maarifi işini əlinə alıb özünü Leninə qadın əlavəsi kimi yox, götürdüyü işin yiyəsi kimi təqdim etdi. Nadejda Konstantinovnanın təşəbbüsü ilə bütün məktəblərdə “Allah qanunu” – şəriət dərslərini ləğv etdi.

İnsanlar “Krupskaya dinin düşməni olub” deyəndə, görünür, yanılmırdılar. Bu, şər-şayiə deyildi, həqiqət idi. Və bu həqiqəti Krupskaya bəşəriyyətə yazılı şəkildə çatdırmışdı: “Hesab edirəm ki, dindarlığa qarşı əks-təbliğat çox tez – məktəbəqədər yaşlarında başlamalıdır. Çünki bu suallar uşaqları erkən yaşlarından maraqlandırmağa başlayır”.

Lenin yatağa düşəndə partiyadaxili qızğın dava gedirdi. ÜM(b)P Mərkəzi Komitəsi həkimlər tərəfindən xəstəyə təyin olunan yataq rejiminin gözlənilməsinə partiya qarşısında cavabdehliyi baş katib Stalinə həvalə edir. Baş katib rəhbərin yanına nadir hallarda kimisə buraxardı və bu “qayğıkeşliyi” səbəbsiz deyildi: Leninin Stalinə olan pis münasibətindən insanlar xəbər tutmamalı idilər. Dekabrın 21-də İliç xahiş edir ki, Krupskaya onun diktəsi ilə Trotskiyə - Stalinin barışmaz düşməninə məktub yazsın.

Məktubdan Stalin xəbər tutanda Krupskayaya telefon açır, ona ağzına gələni deyir. İliç bundan xəbər tutanda səhhəti daha da pisləşir, uzun müddət yataqdan qalxa bilmir.

Stalinin ölüm hədiyyəsi...

Ərinin yas mərasimində onun göz yaşını heç kim görmədi. Mərasimdə xalqa və partiyaya müraciət edərək dedi: “Yoldaşlar, bizim Vladimir İliç öldü. Bizim istəklimiz, bizim doğmamız öldü. Mənim sizdən böyük xahişim var: öz kədərinizə İliçin şəxsiyyətindən xaric ehtiramın qatılmasına imkan verməyin. Ona heykəllər qoymayın, onun adına saraylar tikməyin, onun xatirəsini dəbdəbəli tədbirlərlə yad etməyin. O, sağlığında belə şeylərə çox az maraq göstərib”.

Krupskaya yalvarırdı, tələb edirdi ki, Leninin cənazəsi torpağa tapşırılsın. Stalinin göstərişi ilə təşkil olunan meyiti ziyarət edib, itaət etmə mərasimi ateist olsa da, onu qorxudurdu. Mənzilinin iki addımlığında ərinin meyitini qoymuşdular.

Aktrisa Qalina Sergeyevna Kravçenko xatırlayırdı: “Krupskaya 30-31-ci illərdə Lev Borisoviçin yanına gəlib ağlayırdı, xahiş edirdi ki, onu Stalinin kobudluqlarından müdafiə etsin. Mən onu sakitləşdirməyə çalışır, o isə başını çiynimə qoyub “Qaleçka, Qaleçka, elə ağırdır.” – deyirdi.

O, Lenindən on beş il çox yaşadı. Hər gün işləyirdi, rəylər yazırdı, göstərişlər verirdi. Krupskaya Maarif Komissarlığında işləyir, komissarlıq əməkdaşları tərəfindən mülayim xasiyyətinə görə qayğı ilə əhatə olunur, dinc həyat yaşamağa davam edirdi.

1939-cu ilin 26 fevralında Krupskaya yetmiş yaşını qeyd etdi. Axşam dostlar yığılmışdı, Stalin tort göndərmişdi. Hamı yığışıb dostcasına tort yedilər. Səhəri hamının içində ancaq o, kəskin zəhərlənmədən xəstəxanada vəfat etdi.

Dəfn mərasimi önündə gedən Stalin şəxsən özü Krupskayanın cənazə külünü aparırdı...

Mənbə: Larisa Vasilyeva, “Kremlin arvadları” (Bakı, “Qanun” nəşriyyatı)


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+14=
Hesaba giriş
Müəllif

Əli Əhmədov
Haqqında
Gününü internet yazılar oxumağa həsr edən birisi...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0241 saniye