TALEYİN OYUNU
Gülzarə Hüseynova tərəfindən "Hekayə" bolməsinə 22:32 30 noyabr 2016 tarixində əlavə olunmuşdur

Bakı şəhəri, 2007-ci il. Tibb kollecinin sonuncu kurs tələbəsi olan Pərvanə bəzi qrup yoldaşlarının atmacalarından cana doymuşdu: 

-Sənin nə əcəb sevgilin yoxdur? 

-Danışdığın oğlan yoxdur sənin? 

Cana doymuşdu Pərvanə. 15-16 yaşlarında, gəncliyinin ən coşğun illərini sərbəst tələbəlik həyatı ilə keçirən bu qızların avam düşüncələri, özünə oğlan axtarmaq cəhdləri və belə qızların əhatəsində olmaq Pərvanəni yorurdu. Bəzən hətta qorxudurdu. Lakin Pərvanə özlüyündə şübhələrə düşmüşdü: "Bəlkə mən gözəl deyiləm? Bəlkə qızlar dediklərində haqlıdırlar, artıq 18 yaşımı tamamladım, niyə məni bəyənən yoxdur?" 

Əlbəttə, onu bəyənənlər var idi. Xüsusilə də digər qızlardan fərqləndiyinə görə. Onun hər şeydən vacib özünə olan hörməti, əxlaqı, yerişi, baxışı onun başqa qızlar kimi olmadığını bəlli edirdi. Elə ona görə də digər qızları bir xoş sözlə, bir baxışla ələ ala bilən oğlanlar, Pərvanə kimi bir qızı belə fəndlərlə ələ almağın mümkün olmadığını, Pərvanənin belə işlərdən uzaq olduğunu yaxşı bilirdilər. Bu səbəbdən kollecdə həm müəllimlər, həm də onu tanıyan oğlan tələbələr Pərvanəyə xüsusi hörmət edirdilər. 

Bir gün Pərvanənin kollecdə yaxın ünsiyyət qurduğu qızlardan olan Zəhra tənəffüsdə ona yaxınlaşıb söhbətə başladı:

-Pəriş, əslində sənə bir söz demək istəyirəm, amma qorxuram məni səhv başa düşərsən. 

-Nə demək istəyirsən ki? 

-Yadına gəlir, keçən gün sinif yoldaşım kollecə gəlmişdi, mənə kitab gətirməyə. Sən də mənim yanımdaydın. 

-Hə, yadıma gəlir. Nə olub ki? 

-Bilirsən, oğlanın səndən xoşu gəlib. Həmin gündən bəri məndən dəfələrlə xahiş eləyib ki, sizi tanış eləyim. Maraqlanır səninlə. Rayonda sinif yoldaşı olmuşuq, xasiyyətini bilirəm, yaxşı oğlandır. Deyirəm, yəni razılıq versəydin, sizi tanış eləyərdim. Bəlkə dostlaşarsınız? Bəlkə gələcəkdə daha yaxın münasibət qurarsınız? 

-Zəhra, sən məni tanıyırsan, belə işlərdən uzaq qalmağa çalışmağımı da bilirsən. İncimə, olmaz belə şey. Mən razı deyiləm. 

-Yaxşı da, Pəriş. Zamil pis oğlan deyil. Ondan sənə zərər gəlməz. Universitetdə oxuyur. Sən də gənc qızsan. İstəməzsən kimsə sənə xoş sözlər desin, nazını çəksin, səninlə maraqlanıb qayğına qalsın? 

Zəhra Pərvanəyə sanki təzyiq göstərirdi. Amma daha çox son illərdə Pərvanənin ürəyində yığılıb qalmış gənc qız duyğularından yola çıxaraq onu ələ almağı bacarmışdı. Uzun-uzadı dil tökəndən sonra nəhayət Pərvanədən müsbət cavab almağı bacaran Zəhra bir neçə gün ərzində onu Zamillə tanış elədi. İlk vaxtlarda bütün görüşlərdə Zəhra özü də iştirak edirdi. Amma sonradan onlar bir-biri ilə rahat söhbət etsin deyə, hər görüş günündə müxtəlif bəhanələr gətirərək görüşlərə getməməyə başladı. Zəhranın görüşlərə gəlməməyini fürsət bilən Zamil gənc qızın qəlbini necə almaq lazım olduğunu yaxşı bildiyindən taktikaları ilə yola çıxmağa başladı...

********

Tanışlıqdan təxminən üç aya yaxın vaxt keçmişdi. Bu müddət ərzində Zamil özünü elə tanıtmışdı ki, Pərvanə artıq ona tam etibar edir, onunla bütün sirlərini bölüşürdü. Yazın gəlişi xüsusi bir gözəllik qatmışdı onun taktikalarına. Təbiətin oyandığı, insanın ruhunun dincəlməyə başladığı, sevgi hisslərinin bir az daha canlandığı bu yaz aylarında Zamil Pərvanə ilə daha da yaxın ola bilmək üçün planlar qurmağa başlamışdı. Artıq müxtəlif parklarda görüşməyə can atır, Pərvanəni yeməyə dəvət edir, ona güllər almaqla könlünü ələ alırdı.  

Bir müddət belə davam etməklə Pərvanənin hisslərini dəyişə bilmişdi. Pərvanə artıq Zamilə sadəcə dost nəzəri ilə baxmırdı, onu sevməyə başlamışdı. Zamil Pərvanəni tam ələ aldığını anlamışdı və onun etibarından istifadə etməyə adət etmişdi: tez-tez Pərvanədən borc pul almağa çalışır, müxtəlif bəhanələr gətirərək, əksər hallarda isə rayona gedib-gəlmək bəhanəsi ilə bir neçə gün gözdən itir, sonra yenidən qayıdıb gəlirdi. Təxminən iki ay belə davam etdikdən sonra, Pərvanə artıq  Zamildən şübhəyə düşmüşdü. Müşahidə etmişdi ki, son vaxtlarda Zamil yalnız pula ehtiyacı olanda, borc istəyəndə Pərvanəyə zəng vurur. Bu, Pərvanənin qəlbini qırmaqla bərabər, həm də Zamilə qarşı soyuqluğun yaranmasına, hətta Zamildən uzaqlaşmaq istəməyinə səbəb olmuşdu və bir gün Zamil yenə Pərvanəyə zəng vurdu: 

-Pəriş, neynirsən? 

-Heç, sərbəst iş yazmalıyıq, onunla bağlı internetdən məlumatlar yükləyirəm. 

-Eləmi? Can, uğurlar mənim Pərişimə. Mən sənə inanıram, sən bu il fərqlənmə diplomu alacaqsan. Hamıdan seçiləcək mənim Pərişim. 

-Yaxşı, az təriflə. 

-Pəriş, mənim etibar elədiyim tək adam sənsən. Bir mövzuda sənin köməyinə ehtiyacım var. 

-Nə mövzudur ki? 

-Deməyə çox utanıram, amma mənim xalam qızı bir oğlanla münasibətdə olub. Mənimlə açıq sözlü olan qızdır Vüsalə. Gəldi mənə azca danışdı o barədə. Amma necə olsa mən xalası oğluyam, ona bir rəfiqə kimi, bacı kimi dəstək olacaq bir adama ehtiyac var. Pəriş, qurban olum, heç kimə heç nə demədən, mənə kömək elə. Sən gənc qızsan, yenə dərdini sənə danışar, olar ki, xalam qızını gətirim onunla bir söhbət edəsən? 

-Nə danışırsan, Zamil? Mən tanımadığım bir qızla belə bir mövzuda necə söhbət eləyərəm? Yox, mən razı deyiləm. 

-Qurban olum, Pəriş. Mənə kömək elə. Vüsalə özünü qəribə aparır. Tələbə adamdır, Bakıda məndən başqa heç kimi yoxdur, mənə əmanətdir bu qız. Xahiş eləyirəm, kömək elə. 

-Yox dedim.

-Pəriş, yox demə. Gətirim qızı, kömək elə, bir söhbət elə onunla. 

Zamil Pərvanəni razı salmaq üçün çox dil tökdü. Nəhayət Pərvanə qorxa-qorxa bu işə razılıq verdi. 

İki gün sonra Zamil Vüsaləni də yanına alıb Pərvanə ilə görüşməyə gəldi. Bir kafedə əyləşdilər. Qızlar rahat söhbət etsin deyə özünə onlardan bir az aralı masa seçən Zamil həm qızlar üçün, həm də özü üçün çay sifariş etdi. 

Pərvanə Vüsalə ilə söhbətdə onun hamilə olmaqdan şübhələndiyini öyrəndi. Uşaq görünümlü olmağından pis hisslərə qapılan Pərvanə qızdan yaşını soruşdu. Cavab onu bir az da təsirləndirdi: qızın 15 yaşı vardı. 

Pərvanə bilmirdi bu məsələni Zamilə necə açsın. Amma istənilən halda Zamil bunu bilməli idi. Təxminən yarım saatdan bir az çox davam edən söhbətdən sonra Zamil qızların masasına yaxınlaşıb, onların yanında əyləşdi: 

-Söhbətiniz necə gedir, qızlar? 

-Xalan qızı mənə çox vacib bir şey dedi, Zamil.

-Nə dedi ki? 

-Vüsalə hamilədir.

-Nə? 

Eşitdiklərindən qəzəblənən Zamil hirsini gizlədə bilməyib, Vüsaləyə sillə vurdu. Pərvanə cəld yerindən sıçrayıb, Vüsalənin önündə dayandı:

-Neynirsən, Zamil? Onu istəyirsən ki, kafedə kim varsa hamı bilsin ki, biz nədən danışırıq? Sakit ol, bir az. Gedək, başqa yerdə söhbət eləyək. Qalx, Vüsalə. Çıxırıq burdan. 

Zamil kafedən ayrılanda bir taksi saxlatdırıb, qızlar üçün arxa qapını açdı. Pərvanəgil əyləşəndən sonra əsəblə qapını çırpdı və ön qapıdan özü də maşına əyləşdi. Sürücüyə avtovağzala sürməyi tapşırdı... 

Sürücünün yanında məsələni qabartmaq istəməyən Pərvanə maşında Zamilə heç nə demədi. Amma avtovağzala çatandan sonra Zamilin nə fikirdə olduğunu öyrəndi: 

-Pəriş, bu qız daha burda çox qala bilməz. Aparıb evinə təhvil verirəm. Onu mənə əmanət eləmişdilər. Heç bilmirəm indi rayondakıların üzünə necə baxacam. 

-Zamil, sən bilirsən ki, bu qızı rayona aparsan onu hətta öldürə bilərlər. Gəl, biz ən yaxşısı münasibətdə olduğu oğlanı tapaq, ondan istəyək suallarımızın cavabını. Məsələni həll eləməmiş, ailələrə açıb demə bu barədə. 

Pərvanənin xoş niyyəti bir işə yaramadı. Qızın qolundan tutub, birbaşa kassaya yaxınlaşan Zamil Tovuz rayonuna gedən avtobus üçün iki bilet sifariş verdi. Biletin pulunu ödəmək lazım olanda ciblərini axtardı, əlinə keçən pulları saydı, amma cibində sadəcə beş manat pul vardı. 

-Lənətə gələsən səni! Cəmi 5 manatım var imiş. Sənin quyularına düşürəm, Vüsalə. Görürsən, məndə ağıl qoymamısan!

Pərvanə bayaqdan Zamili dayandırmağa çalışsa da bu bir fayda verməmişdi. Ona görə də Pərvanə heç olmasa köməyini əsirgəmədi, çantasından pul çıxarıb saymağa başladı. İyirmi beş manat pulu vardı. Pulu Zamilə verdi: 

-Götür, ehtiyyat üçün yanınızda artıq pul olsun, birdən lazım olar. 

-Götürməyə utanıram, Pəriş. Amma baxıram ki, başqa çarəm də yoxdur. Bu ifritəni rayona aparmasam hələ çox işlər olacaq burda. Məcburam götürməyə. 

Zamil Pərvanənin verdiyi puldan kassaya biletlərin pulunu ödədi. Qalığını da cibinə qoyub Tovuz avtobusuna doğru irəlilədi. Vüsalənin qolundan bərk tutan Zamil onu həm hirsli halda, həm də himayə edirmişcəsinə yanından ayırmırdı. Bir saatdan sonra avtobus yola düşəcəkdi. 

********

Zamilin Vüsaləni rayona aparmağından üç həftə keçmişdi. Pərvanə Zamillə heç cür əlaqə yarada bilmirdi. Nömrəsi bağlanan Zamil özü də Pərvanə ilə əlaqə yaratmırdı. 

Gedişilə gözdən itən Zamildən üç aya yaxın heç bir xəbər gəlmədi. Pərvanə artıq imtahanlarını vermiş, diplomunu almışdı. Qrup yoldaşları ilə birgə diplom almaqlarını qeyd etmək üçün şəhər gəzintisinə çıxmışdılar. Qızlar hamısı gülür, şənlənirdilər. Amma Pərvanə Zamilin xəbərsiz gözdən itməyinin səbəbini hələ də bilmirdi. Ondan bir xəbər ala bilməməsi, Vüsalənin aqibəti, Zamilin universitetə də gedib gəlməməsi onu çox narahat edirdi. Birdən Pərvanənin telefonuna Zamilin nömrəsindən mesaj gəldi: 

"Salam, Pərvanə. Bağışla məni. Neçə vaxtdır səni xəbərsiz qoymuşam. Əzizim, bizdə heç nə alınmadı. Məni bağışla, atamgil məni rayonda tanış bir adamın qızı ilə evləndirirlər. Mən daha Bakıya qayıtmayacam. Məni daha gözləmə. Hörmətlə: Zamil." 

Mesajı oxuduqca gözləri yaşaran Pərvanə Zamilin nömrəsinə zəng vurdu. Amma nömrə artıq söndürülmüşdü. Pərvanə həyatının ilk təcrübəsini belə yaşamışdı. İlk sevgisi beləcə uğursuzluğa düçar olmuşdu. Zamilə qarşı yaranan hissləri onun üçün çox doğma, çox əziz idi. Ancaq Zamilin bu hərəkətindən sonra Pərvanə onu unudacağına söz verdi. Hərçənd bilirdi ki, bu asan deyil. 

Onu daha tez unuda bilmək üçün Pərvanə yeni bir hədəf seçdi özünə. Ali məktəbə qəbul imtahanına hazırlaşmağa başladı. Gün ərzində saatlarla dərs oxuyan Pərvanə, zamanını dəyərləndirmiş olsa da, gecə düşdükcə yenə xəyalının qonağı Zamil olurdu. Hədəfi ali məktəb olsa da, arzusu Zamili görmək idi. 

Aylar beləcə keçdi. Tədricən unutmuşdu Zamili. Qəbul imtahanı yaxınlaşırdı. Həyəcandan özünə yer tapa bilməyən Pərvanə bu imtahanın onun həyatında bir dönüş nöqtəsi olduğunu yaxşı bilirdi. Bu imtahanın nəticəsi yüksək olsaydı, həmin nəticə gözəl gələcək vəd etməklə bərabər, həm də onda yeni həvəslər, yeni arzular yaradacaqdı. 

******** 

Nəticə gözlənilən kimi oldu. Pərvanə çox çalışmağının bəhrəsini aldı. İmtahanda 600-dən yüksək bal topladı və arzuladığı ixtisas üzrə ən güclü universitetlərdən birinə qəbul oldu. Kollecdəki tələbə yoldaşlarının arasından bir neçə qız  bu sevinci bölüşmək üçün Pərvanə ilə birgə onun şərəfinə bir gəzintiyə çıxdılar. Gənclərin ilk müraciət etdiyi yer Dənizkənarı Bulvar oldu. Saatlarla gəzdilər. Attraksionlar, karusellər sanki uşaqlara yox, onlara xidmət edirdi. Saatlarla durmadan əylənmək Pərvanəni artıq yormağa başlamışdı. Qızlar daha bir karuselə minmək istəyəndə Pərvanə onlardan icazə istəyib, bir az dincəlməyə çalışdı. Qızlar karuseldə olanda Pərvanə onları gözləmək üçün yaxındakı skamyalardan birində əyləşdi. Burda Pərvanədən başqa, qucağında körpə uşağı olan bir gəlin də əyləşib balası ilə söhbət edərək onu əzizləyirdi: "Ata hara getdi? Ata getdi mələyinə şar almağa. Ata getdi ki, quzusuna şar alsın. Çağır görüm atanı, çağır, de ki, tez gəl, mənə şar gətir." Pərvanə uşağın anasından icazə alıb, onu qucağına götürdü. Hər iki yanağından öpdü.

"Sən nə şirin balasan! Səni Allah qorusun, sənə nəzər dəyməsin, şirinim"

Uşağı əzizləməkdən doymayan Pərvanə onu anasına qaytarmaq istəyəndə birdən xəfif külək  uşağın başındakı nazik papağı yerə atdı. Anası papağı götürmək istəyəndə arxadan cavan atanın səsi eşidildi: 

-Vüsalə, nədi o yerə düşən? 

-Uşağın papağını külək yerə saldı, onu götürürdüm. 

Bu səs hardansa tanış gəlirdi. Pərvanə dəqiq bu səsi tanıyırdı. Əlində bir neçə rəngli şarla onlara yaxınlaşan bu cavan atanı Pərvanə həmin dəqiqə tanıdı. Bu ki, Zamil idi. Onu tanımamaq olardımı? 

Zamil qəfil Pərvanəni görəndə özünü itirdi. Şarları əlindən buraxdı. Dənizin küləyi şarları havaya sovurdu. Pərvanə titrəyirdi. O, sanki real aləmdən ayrılıb, tamam başqa bir aləmə düşmüşdü. Qismətə bax, İlahi, bayaqdan əzizlədiyi uşaq Zamilin körpəsi imiş. 

"Allahım, mən bunu da görəcəkdim? Sevgimdən istifadə edən, məni aylarca xəbərsiz qoyan adamın körpəsi mənim qucağıma necə dayanıb axı?" 

Titrəyən Pərvanə Zamildən gözünü çəkə bilmirdi. Zamil də baxışlarını onun qucağındakı körpəsinə dikmişdi. Birdən əlləri titrəyən Pərvanə az qala körpəni əlindən buraxacaqdı. Uşağı anası qucağına aldı: "Ay xanım, uşağı az qala əlindən salacaqdın, fikrin hardadır?" 

Pərvanə, uşağın anasına baxdı, donmuş beyni sanki hələ indi ayıldı. Zamilin bayaqkı səsini xatırladı. O, Vüsalə adını səsləmişdi. İlahi, bu ki, həmin Vüsalədir! Axı Zamil onu mənə xalam qızıdır deyə tanıtmışdı! Allahım, mən bunu da görəcəkdim? Mən ki, öz əlimlə onları rayona yola salmışdım! Mən ki öz dilimlə Vüsalənin hamilə olmasını Zamilə demişdim!" 

Vüsalə Pərvanəni tanımamışdı. Fikri körpəsində idi, dayanmadan onu öpüb qucaqlayırdı. Pərvanə Zamilin gözlərinə nifrətlə baxaraq ayağa qalxdı və asta səslə "Allah saxlasın" deyərək onlardan uzaqlaşdı. Arxasına baxmadan irəliləyən Pərvanənin göz yaşları dayanmadan axır, sanki onu boğmağa çalışırdı. 

Zamil həm pərt olmuş, həm də peşiman halda onun arxasınca baxırdı. Amma peşimanlığın nə faydası? O indi bir anlıq həvəsinin yaratdığı məcburiyyətlərlə başqa bir qadınla evlənmiş, övlad sahibi olmuşdu. Qismətə bax ki, bu qədər vaxtdan sonra onun körpəsi Pərvanənin qucağında idi. Bu həmin Pərvanə idi ki, hər bir xüsusiyyəti ilə digər qızlardan seçilirdi. Həmin Pərvanə idi ki, Zamil dəfələrlə onun qəlbini qırmış, ondan istifadə etmiş, müxtəlif bəhanələrlə ondan borc pullar almışdı. Tanrının qismətinə bax ki, o, körpəsini həmin Pərvanənin qucağında gördü... 

 

Bəzi insanlar vardır ki, onlar sizin şansınızdır, onlar sizin həyatınızın hədiyyələridir. Gec olmadan hədiyyələrinizin qədrini bilin, önünüzə çıxan şansı dəyərləndirin. Yaşadığımız hər şey öz əməllərimizin nəticəsidir. Sonradan peşiman olmamaq üçün həyatı zamanında və gözəl yaşayaq! 

Sevgilərimlə: Gülzarə Hüseynova 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+18=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0316 saniye