Tanımadığı qadının seçiminə üzüləcək qədər saf, Sonun Davamı romanından
Nihat Atabəyli tərəfindən "Digər yazılar" bolməsinə 18:47 12 mart 2016 tarixində əlavə olunmuşdur

... O, mərkəzində avtomobil tıxacları olan küçənin kənarlarındakı müxtəlif təyinatlı obyektlərin önü ilə gedən yüzlərlə Risamahlıdan biri kimi onlara baxmaqla vaxtını səmərəli keçirtmək üçün uğursuz cəhtlər edirdi. “Market, gözəllik salonu, kişi geyimləri satılan butik, həmin butikin qadınlar üçün nəzərdə tutulmuş ikinci yarısı”, – sayaraq irəliləyirdi. Hər dəfə içəriyə doğru boylanan səbirsiz gözləri öncə nə satıldığını anlamaq üçün əşyalara, daha sonra isə cəld bir şəkildə əksəriyyətini qadınların təşkil etdiyi satıcılara zillənirdi. Ən son obyektin qarşısından keçərkən zaman aramla dondu. Küçədəkilərin pıçıltılı dialoqları daxil addım səsləri, kölə zəncirlərini xatırladan, tıxanaraq dayanmış avtomobillərin siqnalları, qarşısından keçdiyi obyektin cazibə qüvvəsini artırmaq üçün nəzərdə tutulmuş xüsusi zövqlə seçilən yüksək səsli musiqi parçası astaca səssizliyə qərq oldu. Beyninin kiçik bir hissəsindən siqnallar alan dodaqları ardıcıl sayaraq gəldiyi obyektlərdən növbətisinin adını pıçıldadı. Dodaqları yaşadığı an üçün olduqca asta və kobud səslə “Gecə Klubu”, – deyərkən gözləri iki addımlığında musiqinin tempi ilə bədənini hərəkət etdirən və onun bu vaxta qədər gördüyü ən ecaskar mələyə iki dəfədən daha çox böyümüş bir halı ilə zilləndi. Gözləri bu dəqiqələrdən bacardıqca çox zövq almağa çalışarkən, beyni digər, daha qərəzli fikirlərlə zənginləşirdi. Ağlında yalnız bir sual fasilə etmədən dövr edirdi: “Nə üçün belə bir möcüzəli qadın barda işləyəcək qədər ucuzlaşıb?”. Addımları onu bu ecaskarlıqdan uzaqlaşdırdıqca, başını arxaya çevirərək boylanmağa məcbur edən baxışları isə fasiləsiz olaraq beyninə ötürdüyü “Dur!” siqnalında kifayət qədər qətiyyətli olmağı bacarmırdı.

Bundan öncə də pul qazanmaq üçün mənəviyyatını belə satan qadınlara rast gələn Oananın içindən keçən klubun qarşısındakı xanımı xilas etmək hissi onun gözəlliyi ilə əlaqəli deyildi. Bütün gördüyü satlıq qadınların bir ortaq cəhətləri vardı: Onlar məcbur olaraq seçdikləri yaşam tərzləri ilə artıq çoxdan barışmışdılar. Gecə klubunun qarşısındakı qadının baxışlarında isə Oananın rahatlıqla anlaya bildiyi bir barışmazlıq vardı. Ancaq bu etirazın səbəbi anlaşılmaz idi ki, onun da iki mümkün haldan biri olduğundan əminlik duyurdu. Bu qeyri- adi ecaskarlıq ya onu barın qarşısında rəqs etməyə məhkum edənlərlə barışmırdı, ya da istəklərinin iyrəncliyi baxışlarından süzülən ona ən azı iyirmi fasiləsiz saniyə zillənən gözlərlə. Bütün hallarda o, öz rəqsinə davam etməyə məhkum idi. Edə biləcəyi bir şey vardı. Sözlərlə deyə bilmədiklərini baxışlarıyla ifadə etmək. Gözlər isə heç zaman yalan deyə bilməzdi. Qorxudan heç kəsə tərəf baxmayan gözlərindən Minvoa Oanan onu bu haldan xilas edəcək birinin köməyinə olan çarəsiz ehtiyyacını oxumağı bacarırdı. Bəlkə də ecaskar rəqqasənin hər kəsdən gizlətdiyi, daxilində yaşayan o balaca qızcığaz hələ də öz şahzadəsini gözləyirdi, lakin Oanan bilirdi ki, bu şahzadə heç vaxt gəlməyəcəkdi. Seçdiyi yolun iyrəncliyini öz təbəssüm və sərbəst davranışları ilə ört- basdır edən qadınların faciələri onu hər gördüyündə məhv etsə də Oananı şiddətli pessimizminin caynaqlarından xilas edən onların öz seçimlərindən peşımançılıq çəkməmələri olurdu. Ən azından gülüşlər, gözlər və davranışlar bunu deməyə əsas verirdi. Gördüyü son ecaskarlıqda isə bunların heç biri yox idi. O, sadəcə rəqs edirdi. Heç kəsə, heç nəyə fikir vermədən, dayanmadan, bir an belə həyatdan ümidlərini üzmədən...

Minvoa Oanan həyatında ilk dəfə idi ki, bir qadının daxili aləmindən xəbərdar olmadan onun ecaskarlığını şərtsiz qəbul edirdi. Bəlkə də prinsipləri ilə uzlaşamayaraq onun ürəyini bulandırmasaydı Oanan rahatlıqla ilk baxışdan ona aşıq olardı. Hətta ətrafındakıların kütlənin ortasında rəqs edən gözəlçəyə aramsız baxışlarına qarşı qıcıqlandırıcı bir qısqanclıq hissi də yaranmışdı qəlbində. İstənilən kişini xoşbəxt edəcək bu möcüzəli qadının pul qazanmaq üçün seçdiyi yol onun tərəfindən heç cür qəbul edilmirdi. Məsələ günahkar axtarışına gəldiyində isə Oanan artıq öz seçımıni etmiş qadını deyil, onu bu seçimi etməyə sövq edən səbəbləri, dolayısı ilə kişiləri günahkar qismində görürdü. Başda barın sahibi və əlbəttə ki, ona qeyri-ciddi yanaşan bütün digər şəxslər. Ən azı diktatorlar qədər fürsətə malik olsaydı Oanan çoxdan bu qadının yaşam tərzini dəyişməklə bərabər onu nələrəsə məcbur edən bütün kişiləri edam etdirərdi. Sonda isə o sadəcə təssüf dolu hisslərlə kifayətlənməli oldu. Beləcə o, cəmiyyətin ədalətsizliklərindən özünün də bilmədiyi bir mənbəyə şikayətlənə - şikayətlənə gecə klubunun qarşısından uzaqlaşdı. 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+12=
Hesaba giriş
Müəllif

Nihat Atabəyli
Haqqında
Gözəllik aşiqi olan biri üçün gözəlliyi görüb də onu seyr etmək zövqündən özünü məkrum edəcək qədər qəddar seçim ola bilməz
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0199 saniye