"Allaha deyərsən ki, texnologiya ona qalib gələcək". Bu cümləni mənə iki il qabaq gecə saat üçdə yoldan keçən, adını bilmədiyim bir dəli demişdi. Düzdür, o daha ədəbsiz şəkildə söyləmişdi və mən bu dahi cümləni dəyişdiriyim üçün ondan əvvəlcədən üzr istəyirəm.
Böyük bir həqiqət vardı. Texnologiya və Tanrı müharibə şəratindədirlər və biz - XXI əsrin insanları o qədər də fərqinə varmasaq da bu müharibənin ən qızğın dövründə yaşayırıq hal hazırda. Müharibə isə çox qədimlərdən başlayır. Hələ Tanrının tam hakim olduğu dövrlərdən, insanın düşünə bilmədiyi, adi hadisələr qarşısında aciz qaldığı dövrlərdən. Tanrı hakimiyyətə tam olaraq yiyələnmişdi, ancaq insanın onun varlığından xəbəri yox idi. Etiraf etməliyik ki, bilmədən də olsa, müharibəni biz başlatdıq. İlk dəfə ulu babalarımız daşı əlinə alıb heyvan ovlamaq istəyəndə, adi bir çubuqla yer qazmağa çalışanda başlatmış oldu müharibəni. Bunlar Tanrının hakim olduğu dünyada ilk etiraz qığılcımları idi. İnsan ilk texnologiyanı kəşf etmişdi, Tanrıya qarşı ilk silahını əldə etmişdi. Ancaq hələ insan Tanrının varlığından xəbərdar deyildi, adi bir çubuğun kimisə qəzəbləndirəcəyini düşünmürdü. Tanrı isə çox qəzəblənmişdi, yəqin sonun yaxşı olmayacağını anlamışdı. Tanrı özünü insanlara göstərmək qərarına gəldi və ilk güclü silahını - odu Yer üzünə - insanlara göndərdi. Təbii ki, insanların sadə daşları və çubuqları oda qalib gələ bilməzdi və beləliklə, insanlar Tanrını anlamağa başladılar. Ağıllı insanlar Tanrıdan qorxmaq lazım olduğunu başa düşdülər, insanları ibadətə səslədilər. Od Tanrının gözlədiyindən daha böyük effekt vermişdi və Tanrı ona ibadət edənləri mükafatlandırmaq istədi. Yer üzünə yağış yağdırdı. Bəlkə də, müharibənin əvvəlində həyatının ən böyük səhvini etdi. Daha öncə də yağış yağmışdı ancaq ilk dəfə yağış odu söndürdü və o gündən etibarən insanlar iki yerə bölündülər. Tanrının məğlub edilə biləcəyini anlayanlar və ondan qorxanlar. Birincilər anlayır ancaq bunun bir müharibə olduğunu bilmirdilər. Əlbəttə ki, birinci qrup azlıq təşkil edirdi çünki, cəsarət və döyüşmək istəyirdi.
Tanrının saysız hesabsız silahlarına qarşı insanın yeganə silahı texnologiya idi. Texnologiyanı inkişaf elətdirməli, Tanrıya qalib gəlməli idilər. İnsan isə öz silahını get-gedə təkmilləşdirirdi. Oxu və kamanı kəşf etmişdi, heyvanları öz tərəfinə çəkə bilmişdi. Təkərin ixtirası isə Tanrı əməlli-başlı qəzəbləndirmişdi. Çünki, bu insanın zamana qarşı ilk qələbəsi idi. Məsafələr qısalmışdı və Tanrıya qalib gələ bilmək üçün onu görmək lazım olduğunu düşünən insana görə bu çox əhəmiyyətli idi. Adi yağışın söndürdüyü odda ola bilməzdi Tanrı. İnsanlar onu başqa yerlərdə axtarırdılar. Tanrını axtara-axtara onu daha da qəzəbləndirdiklərini bilmirdilər. Tanrı sadəcə qəzəbini və mükafatlarını göstərə bilərdi insanlara. Tanrını görmək arzusuyla yanıb alışan insanlar onun göydə olduğunu zənn edərək ilk "göydələni" tikdikdən sonra məyus olmuşdular. Tanrı heç yerdə yox idi və bu yoxluq insanları durmadan bölürdü. Əvvəlcə, insanlar sehrbazlıq göstərən birinin Tanrı olduğunu düşündü, daha sonra özünü Tanrının oğlu elan edən biri gəldi dünyaya. Heç yerdə Tanrını tapa bilməyən insanlar bu fırıldaqçılara sadəlövlüklə inanırdılar. Ancaq içlərində "Niyə?" sualını verənlər hələ də qalmaqda idi. Tanrı axtarışları az da olsa davam edirdi. Tanrı gizləndikcə insan öz silahını - texnologiyasını inkişaf elətdiridi. Tanrını tapdıqlarını, onunla söhbət etdiyini, onun sözlərini bizə çatdırdıqlarını iddia edənlər Tanrının göyün yeddinci qatında olduğunu söyləyirdi. Dağlarda, dərələrdə, böyük dənizlərdə Tanrını axtarmaqda olanlar üçün göyün yeddinci qatı çox əlçatmaz görünürdü ancaq insanın ən böyük silahı onun köməyinə çatırdı. Bir gün insan teleskop düzəldib göyün yeddinci qatına baxdı və orada da Tanrını tapa bilmədi. Əvəzində milyardlarla bizim dünyamıza oxşayan dünyalar gördü. İlk dəfə Texnologiya və Tanrı müharibəsində Texnologiya bu qədər irəliləmişdi və bu Tanrını qəzəbləndirirdi. İnsan uzaqdan görməklə kifayətlənmədi, öz gözü ilə baxmaq üçün qalxdı düz göyün yeddinci qatına və orada da Tanrıya bənzər heç nə yox idi. Daha sonra Tanrının hər yerdə ola biləcəyini iddia etdilər. Texnologiya yenə aciz qalmadı, mikroskop altında hər bir zərrəciyin atomlarına baxdılar, atomları parçaladılar ancaq Tanrını tapa bilmədilər ki, bilmədilər. Kosmik ölçüdən mikroskopik ölçüyə qədər hər yer axtarıldı amma heç bir nəticə vermədi. Tanrı tamamilə məğlub olmuşdu. İnsanın silahı qarşısında tab gətirə bilməmişdi və kiçik silahlarını işə salırdı, xəstəliklər yayırdı, çayları qurdurdu, aclıqlara səbəbkar olurdu. Ancaq insan bunların çarəsini çoxdan tapmışdı. Tanrının güclü siyasət bacarığı da vardı. Bəzi cəbhələrdə gözəlliklər yaradırdı, özünün nələrə qadir olduğunu göstərməyə çalışırdı və bunun əvəzində ona ibadət edilməsini, qurbanlar kəsilməsini tələb edirdi. Nə olursa olsun hakimiyyətdən getmək istəmirdi. Ancaq insan əziyyət çəkməsə heç bir nemətin verilmədiyini başa düşdü və hər şeyin insanın özündən asılı olduğunu anladı.
Hal-hazırda bəziləri Tanrının sonuncu və qarşısı texnologiya ilə alına bilməyəcək olan silahından - ölümdən bəhs edirlər. Ancaq indi mən onlara ölümsüzlüyün çarəsinin altı min il bundan əvvəl tapıldığını deyəcəm. İlk dəfə altı min il əvvəl insan yazını kəşf edərək ölümsüzlüyü tam olaraq bacardı. Ondan daha əvvəl ibtidai incəsənət də ölümsüzlüyə işarədir. Bunun vasitəsi ilə insan fiziki olaraq ölsə də, onun fikirləri daim yaşayır.
Əgər adi daşdan və adi çubuqdan başlayaraq bu gün açıq fəzada teleskop yerləşdirən insan hələ də Tanrını tapa bilmirsə bunun səbəbi nədir ? Onun hələ də gizlənməsi və ya onun ümumiyyətlə olmaması ? Və yaxud Nitşe demişkən, bəlkə biz Tanrını çoxdan öldürmüşük ?