Tək istəmək yetmir bəzən…
Günel Fərhadqızı tərəfindən "Esse" bolməsinə 16:13 20 noyabr 2015 tarixində əlavə olunmuşdur

Tək istəmək yetmir bəzən… İstəklərimi sənlə paylaşmağı istədin məndən…

Yadındadır?Mən isə sənə yazmışdım, gizli qalan və bizlə bağlı istəklərimi… Sənsə özünü görmüşdün, gerçək edəcəyini inandırmışdın mənə… Mən səni sevmək və sən tərəfdən sevilməyi istədim sadəcə olaraq… Sevməyi, sevilməyi mənə çox gördün… Uşaq deyiləm, artıq gənc də deyiləm, yaşım da gedir zaman ötdükcə, ömrümdən alır günlərimi, anlarımı, mənsə bu anlarımı səndən uzaqda, sənsiz keçirdirəm… Gözlədim, inandım, inanmaq istədim, ümid etdim, başqalarından fərqli olduğunu düşünüb, sənə qəlbimi bağışlamaq istədim… Sənə isə mən, sevgim, qəlbim lazım deyilmiş…Olmadın yanımda dar günümdə, olmadın xoş günümdə, unutdurmaq istədin özünü mənə…

Uzaqlaşdıqca məndən, uzaqlaşdırdın məni özündən…Mən odam, odla oynamazlar, yandırar od insanı oynayan zaman… İndi bəlkə qəbul etmirsən… Bəlkə də gec qəbul edəcəksən ki, odum səni yandırmış, soyuqqanlığın isə səni yandırdıqdan sonra odumu söndürmüş, tüstüyə çevirmişdi…

Bilirsən, tək istəmək yetmir bəzən insana… Gərək biri istəyəndə nəyisə və ya kimisə, qarşı tərəf də bunu istəsin, həyatda hər şey qarşılıqlı olmalıdır… Olmadısa, nəyimə lazım vədlər, bu gün, sabahlar, sənlə bağlı istəklər, atıram onları oduma, yandırıram sənlə bağlı xatirələrimi də, gerçəkləşməyən xəyal, arzularımı da…

Tək istəmək yetmir bəzən… Dəniz, meşə, od ətrafında qızınmaq, həyatda eyni istiqamətə baxmaq, anlamaq, anlanılan olan, sevən, sevilən biri olmaq qismət olmur insana bəzən…

Tək istəmək yetmir bəzən… Yazılan ismarıc və deyilən sözlər sadəcə sözdür, hüquqi qüvvəsi olmayan, əmələ çevrilməyən sözlər… Söz əməl olmadıqdan sonra o söz, istək mənim nəyimə lazımdır axı? Özümü aldatmaq üçün?!

Məyusluq var içimdə… Boşluq var… Amma ağlamıram… Çünki həyat o qədər məni ağlatmışdır ki, hər dəfə yıxdıqca, vurduqca, bəzi insanların pislikləri, zərbələri məni möhkəmlətdikcə, özümü daha yaxşı anlamağı və daha çox sevməyi öyrəndim…

Medalın iki tərəfini və həyatın hər üzünü görməyi, həyatı “ən pis və ən yaxşı halda” kimi ssenari təhlili ilə anlamağı öyrətdi həyat təcrübəm, biliklərim, yaşadıqlarım və yaşaya bilmədiklərim, amma yaşamaq istədiklərim… Hər dəfə axıtdıqca, göz yaşımı, ilk başdan çox axırdı sel kimi, sonra mənbə qurumağa doğru getdi, göz yaşlarım da azalmağa başladı, qurumağa başladı… İndi heç göz yaşım damcı halında da qalmayıb, vurulduqca, yıxıldıqca, sındıqca, özüm ayağa qalxdım, özüm özümü möhkəmlədirdim, yaralarımı özüm sağaltdım, yaramla bərabər sınmış qəlbimi də özüm yenidən birləşdirməyə başladım, sınmış parçalarını hissə-hissə toplayıb, yapışdırmağı gözəl bilirəm…

Tək istəmək yetmir bəzən… Sonra məni ittiham etmə ki, qəlbim yoxdur, soyuqqanlıyam, niyə biganəyəm, romantik deyiləm, niyə susuram… Çünki mən aynadakı əksinəm, necə varsan mənə qarşı, eləcə də mən sənə qarşı olacağam… Nə az, nə çox… Sevəcəksən, sevəcəyəm, sevməyəcəksən, boş verib həyatıma davam edəcəyəm…

Əlvida demirəm, bəlkə sən səhvini anlayarsan deyə, bəlkə də anlayacaqsan ki nə vaxtsa, mən yeganəyəm, əgər özünü mənə yenidən sevdirə bilsən, səni mənim qədər sevən olmayacaqdır… Səndən fərqli olaraq, mən sözümü havaya atmıram, dediyimi edirəm…

Yazdığımı oxuyacağını bilirəm… Qəlbin varsa, bilirəm ki, var, sözlərim sənə az da olsa, təsir edəcəyinə ümid edirəm… Ən azı sən də insansan mənim kimi, nə yüksəkdəsən məndən, nə də məndən aşağıdasan, bərabərimdəsən, əlimdən tutub, irəli və ya arxaya getmək, mən və səni biz etmək sənin əlindədir… Arxaya səninlə gedən deyiləm, məni yanında və həyatında görmək istəyirsənsə, əlimdən tutub, irəliyə doğru gedəcəksən… Mən sənə şans verməyə hazıram… Bəs sən bu şansından istifadə etməyə, qorxmamağa, sevib-sevilməyə hazırsanmı?


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+31=
Hesaba giriş
Müəllif

Günel Fərhadqızı
Haqqında
Maliyyəçi, risk, sərmayə meneceri, təlimçi, köşə yazarı, jurnalist, yazar
Əlaqə
Tel.:
0702021606
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.021 saniye