Tənha qızın göz yaşları
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 19:14 11 oktyabr 2016 tarixində əlavə olunmuşdur

Heç vaxt həyatımın nə vaxtsa cəhənnəmə çevriləcəyini düşünməzdim. Necə də sadəlövh olmuşam: axı kim bizə dedi ki, həyatda hər şey yaxşı olacaq? Uşaqlıq da oyuncaqlarım kimi itib-getdi. Bir az ümid var idi, axtardım, amma tapmadım. Heç bilmədim anam necə xəstələndi, atam necə alkoqolik oldu, sevdiyim oğlan məni başqasıyla niyə aldatdı. Yaşadıqlarım mənə qorxulu yuxu kimi gəlir. Axırıncı dəfə yaşadıqlarımı xatırlayacam və unudacam.
Məktəbə getmək üçün səhər tezdən dururam, gecədən səhərə qədər qızdırma içində yanan və qusan anamın vedrəsinin içini təmizləyirəm. Bundan sonra yeməyə nə bir tikə çörək var, nə də iştaha. Elə beləcə məktəbə gedirəm. Ailənin tək qızı olduğumdan hər şey mənim çiyinlərimdədir. Məktəbdən gəlirəm, yenə qusan anamı görürəm. Ona lap yazığım gəlir! Ölüm onunçün bu qədər əzablı olmazdı. Amma o, hər gün gözümün qabağında ölürdü. Kistalarından əməliyyat olandan sonra çox arıqladı. Adi şeylərdən əsəbləşən oldu. Əvvəlki gülərüzlü anamdan əsər-əlamət qalmamışdı. Atam isə əclaf idi. Anamı döyə-döyə xəstəyə çevirdi. Pul söhbətləri, dava-dalaşlar, söyüşlər – bunlardan başqa heç nə eşitmirdim. Ona görə dərslərimi də pis oxuyurdum. Evdəki hadisələr mənim dərslərimə çox təsir edirdi. Axı necə də təsir etməsin: hər gün anamın qusaq səsiylə oyanıram, gecələr isə atamın sərxoş vəziyyətiylə qarşılaşıb, onun söyüşləri ilə yatıram. Yediyimsə gün ərzində çörək, vermişel və pendirdir. Vermişelin isə yalnız qurusunu yeyirəm. Vermişelin sulusunu anamçün bişirirəm. Yeyir, yenə qusur. Anamı müalicə eləmək üçün də pul yoxdu. Anamı biz yox, dərmanlar yaşadır. Anamın vəziyyəti iki ağır əməliyyatın nəticəsidir. Bir sözlə, güc-bəlayla özümüzü dolandırırıq. Yediklərimdən də, yaşadıqlarımdan da, insanlarda da iyrənirdim.
Doğrudanmı həyatda yaxşı heç nə yoxdu? Bəlkə biz qızlar üçün hər şeyə dözmək üçün bir ümid, bir sevgi də bəsdi? Amma aldadılanda görürsən ki, sevdiyin oğlan özündən razı maymaqdan başqa bir şey deyil. Sən saf qəlblə sevirsən, amma qarşındakını başqa şey maraqlandırır. Elə oğlanlar tanıyıram ki, öz bacılarını qorumaq məsələsində “qeyrət”, “namus” sözləri dillərindən düşmür, amma başqasının bacısına, sevgilisinə göz qoyurlar, onlara sataşırlar, onları aldadırlar, bir az əvvəl dedikləri də yadlarından çıxır. Bir qızı istəyə-istəyə başqasıyla gəzirlər. Bunların sonu yoxdu. Elə mənim qara günlərim kimi.
Artıq qərar çıxıb: mən evlənməliyəm. 17 yaşımda. Həm ailəmi, həm də özümü ağ günə çıxartmaq bunu etməyə dəyərmi? Tanımadığım və sevmədiyim adamla puluna görə evlənməyə dəyərmi?Yoxsa hər şeydən bu dəqiqə tərəddüd etmədən qaçmaq lazımdır? Axı haraya qaça bilərəm?! Gedəsi yerim yox, anam xəstə. Anamı tək qoya bilmərəm. Məndən başqa ona kimdi baxan? Bir uzun yola çıxarkən belə arxamızda buraxdıqlarımızı yaddan çıxarmamaq, ya da özümüzlə daşımaq məcburiyyətindəyik – biz beləyik. Sual yaranır: burda vəziyyəti ən acınacaqlı olan kimdir: anam, yoxsa mən? Deyəsən, tək çıxış yolu özünü öldürməkdi. Lakin bunula nə dəyişəcək? Anam dərddən öləcək, atam isə araq butulkasını qucaqlayıb hansısa küçənin zibil yeşiklərinin yanında yatacaq! Deməli, bu da çıxış yolu deyil.
Nəyahət, mən ən dəhşətli və çətin yolu seçdim: qərara gəldim ki, tanımadığım və sevmədiyim oğlanla puluna görə evlənəcəm, toyumuz olacaq, toy gecəsi isə mən öz bədənimi şeytana satacam. Ruhum isə çirkli bədəndə təmiz və əbədi yaşamağa çalışacaq. Elə bir qızın göz yaşları kimi.

24 aprel 2012

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+26=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0283 saniye