Əlif... Ləm... Mim...
And olsun Xəzərə,
Urmiyaya, Böyükşora,
And olsun başım üstdə qanadlanan balıqlara
və onların yüksəldiyi ucalıqlara ki,
qəlbim səni tərk etmədi...
Və bir sabah dirənmişkən
səbrimin ən son həddinə
sonu daha xeyirliymiş, ürəyimlə biləcəyəm...
Tənha ikən gəlib məni tapmadınmı?!
Düşdüyüm bu qəflətdən məni oyatmadınmı?!
Lütfün ilə dayaq durub məni ovutmadınmı?!
Elə isə heç vaxt saf məramından üz çevirmə
və əsla bir aşiqin ürəyini sındırma...
Bir də onun sənə olan
o tükənməz sevgisini
xatırlayaraq hifz et...