Uyğur qızı
Metexan Qaraişıq tərəfindən "Hekayə" bolməsinə 13:08 10 dekabr 2014 tarixində əlavə olunmuşdur

Uyğur qızı

“ Hər səhər gözünü qorxu ilə açmaq necə də əzabvericidir. Milli qorxu. Gülməli səslənir... Bir az da acınacaqlı. Çünki bu qorxu tək məndə yox, xalqımın bütün nümayəndələrində, bütün uyğur millətində mövcud olan bir hissdir. Çünki tabe olduğumuz hökümət az qala nəfəs almağımızı belə bəhanə edib, bizləri dar ağacına “qonaq edir". Lazımsız bir əşya kimi, öldürüb kənara tullayır. Sanki əsrlər öncə bizim qorxumuzdan Çin səddini inşa edən bunlar deyilmiş kimi. Sanki Mete xanın qarşısında tir-tir əsən bunlar deyilmiş kimi. Bizlərə isə ən pis təsir edən çinlilərin qəddarlığı yox, öz soydaşlarımızın - Azərbaycan,Türkiyə türklərinin soyuqluğudur. Məhz öz soydaşlarımızın. Başları lazımsız, mənasız şeylərə o dərəcə də qarışmışdır ki, vaxtilə çiyin-çiyinə döyüşüb, dövlətlər qurduğu qandaşlarını unutmuşlar. Onlar bizə laqeyd yanaşdıqca, bizlər daim təhlükə altında, daim qorxu altında yaşamağa məcburuq. Nə bilim,görünən odur ki, bu millət tarixin hayıfını bu gün bizlərdən alır. Televiziyalar isə, lüt sənətkarları göstərməkdən vaxt edib bizlərin hayqırışlarını dünyaya çatdıra bilmir. Əşşi... Şopenhauerin maraqlı bir sözü var: Həyatın qızıl qanunu var, qızıl kimdədirsə qanunda elə ondadır... Bu gün əlində qızıl tutmuş birisinə haqsızsan demək, Eynşteynə kütsən deməyə bənzəyir.

19 yaşlı bir qızın xəyalları nə ola bilərki ? Yaxşı təhsil, sevimli həyat yoldaşı, uğurlu kariyera.. Bəs Şərqi Türküstanda ? Bir an öncə buraları tərk etmək. Çünki xəyallarımızın ardınca getmək istəyiriksə qorxularımızı diri-diri basdırmalıyıq. Bu gözəl diyarda isə elə bir vəziyyət mövcuddur ki, qorxularımızı basdıracağımız torpağa belə bizlər yox düşmənlər nəzarət edir. Bu nəzarət getdikcə güclənir və bizə istəmədiyimiz şeyləri etməyə məcbur edir. Vətəni tərk etmək elə də asan olmayacaq. Təəssüf ki, getmək məcburiyyətindəyik. Dözümlü ol Fatimə...“

                                                                     ***

11 il bundan öncə yazdığım sətirləri tapmaq məndə qəribə hisslər doğurdu. Keçmişdəki çətin günlər gözümün önünə gəldikdə Urumçi üçün necə darıxdığımı anladım. Oradakı hadisələr film fraqmentləri kimi gözümün önündən keçdi, amma bu filmin qorxu filmlərinə daha çox uyğun gəldiyi desəm daha doğru olardı. Urumçidə yaşamaq necə çətin idisə, Bakıya uyğunlaşmaqda bir o qədər çətin oldu. Balaca olarkən bura haqqında kitablarda oxumuşdum. ”Küləklər şəhəri”... Küləyi kimi insanları bir-birinə soyuq olan şəhər.

Gəldiyimiz birinci il çox çətin olsada, sonradan hər şey yoluna düşməyə başladı. Atam inşaatda, anam və mən isə dərzixanada özümüzə uyğun iş tapdıq. Qonşularla ilk vaxtlarda münasibətimiz olmasa da , sonradan onlarla da ünsiyyət yarada bildik. Türküstan haqqında qonşularımızı məlumatlandırdıqda heyrətlər içində donub qalırdılar. Ən azından hər kəs başa düşürdü ki, ana yurdumuzu tərk etmək bizim üçün də çox çətin və ağrılıdır. Vətən sevgisinin, Vətən həsrətinin nə demək olduğunu Türkdən yaxşı heç kəs anlaya bilməz. Soydaşlarımızda hər halda bizi başa düşürdülər. Sevgini burada tapmağım isə, məni bu torpağa daha da doğmalaşdırdı. 11 il bundan əvvəl nə zamansa azərbaycanlı bir oğlana aşiq olacağım ağlımın ucundan da keçməzdi. Qonşuluğumuzda İlqar adlı oğlan yaşayırdı. Ucaboy,qumral, arıq bir oğlan idi. Onunla ilk vaxtlarda çox möhkəm dost olmuşduq. O mənə Azərbaycan türkcəsində, məndə ona Uyğur türkcəsində müəyyən qədər danışmağı öyrətmişdim. Amma mən ondan daha yaxşı danışmağı bacarırdım. Bu da yəqin düşdüyüm mühitlə əlaqədar idi. Tez-tez öz məmləkətlərimiz haqqında da söhbət edərdik. Bu hüznlü söhbətlər bizi bir-birimizə daha da yaxınlaşdırırdı. Ən azından nə hisslər keçirdiyini bildiyim bir sirdaşım var idi. Və bir gün bu sirdaş sonuncu sirrini də mənimlə bölüşdü: Mənə sevgisini etiraf etdi. Tərəddüd belə etmədən bu sevgiyə qarşılıq verdim. Qısa müddətdə nişanlandıq. Artıq 3 ildirki nişanlıyıq. Bu 3 il ərzində bir-birimizə dəfələrlə “səni sevirəm” söylədik. Amma heç vaxt “səni hər şeydən çox sevirəm” demədik. Çünki həqiqəti bilirdik. Mənim Urumçiyə,onunsa Qarabağa olan sevgisi iki nəfərin məhəbbətindən daha güclü idi...

 17.11.2014

© Metexan Qaraişıq / 2014


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+30=
Hesaba giriş
Müəllif

Metexan Qaraişıq
Haqqında
" Yaxınlaş güzgüyə, dostum. Görürsən? Sənin qarşında duran o insan bu dünyada etibar edəcəyin yeganə insandı. "

© Joker
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0463 saniye