Xəsis
Azər Əliyev tərəfindən "Hekayə" bolməsinə 16:40 30 iyun 2014 tarixində əlavə olunmuşdur

Kufə şəhərində bir xəsis adam yaşayırmış. Günlərin bir günü bu adam eşidir ki, Bəsrə şəhərində dünya malına düşkün, çox tamahkar biri var. Fikirləşir ki, heç vaxt itirməyib, tez onun yanına getsin, ondan da bir şey öyrənsin. Dərhal Bəsrəyə yola düşür. Gəlib çıxır Bəsrəyə - həmin məşhur xəsisin yanın. Xoş-beş edəndən sonra ondan soruşur ki, özünün xəsislik peşəsinin sirlərinə daha dərindən yiyələnə bilmək üçün daha nələr etməlidir. Bəsrəli dünyagir də Kufəli xəsisi qarşılayıb salamladıqdan sonra:

-  Gəl, - deyir. Səninlə bir bazara çıxaq, nəsə bir şey satın alaq.

Gedirlər bir çörəksatana yaxınlaşıb soruşurlar:

-  Təzə çörəyin varmı?

-  Əlbəttə, var, əzizlərim, əlbəttə. Özü də həm təzə, həm də kərə yağı kimi nəfis.

Bəsrəli xəsis Kufədən gələnə deyir:

-  Bax görürsən... Bu adam çörəyi kərə yağı ilə müqayisə elədi. Deməli, kərə yağı daha qiymətlidir. Gəl gedək kərə yağı alaq.

Gedirlər bir baqqal dükanına girirlər:

-  Yaxşı kərə vardırmı?

-  Heç ola bilər ki, olmasın? Əlbəttə, var özü də, həm zeytun yağı kimi tərtəmiz,həm də ləzzətlidir.

Bəsrəli xəsis üzünü Kufəliyə tutur:

-  Dostum, görürsən də... Zeytun yağı kərə yağından daha bahalı olduğuna görə adam kərə yağını zeytun yağına bənzədir. Onun üçün də biz də gəl gedək, zeytun yağı alaq.

Zeytun yağı satılan bir dükana girirlər.

-  Yaxşı zeytun yağıvarmı? – deyə soruşurlar.

Dükançı cavab verir:

-  Ola bilərmi ki, burda zeytun yağı olmasın? Əlbəttə, var. Həm də ən yaxşısından... Elədir ki, su kimi tərtəmiz, dumduru...Işıl-ışıldır...

Bəsrəli dünyagir üzünü Kufəli xəsisə çevirir.

-  Bax, - deyir. Deməli, ən qiymətli şey sudur... Mənim evimdə bir çəllək suyum var. Gedək sənə onunla yaxşıca bir qonaqlıq verim.

Qayıdırlar evə. Bəsrəli gətirir qonağın qabağına bir sənək su qoyur. Çörəkdən kərə yağı, kərə yağından zeytun yağı, zeytun yağından da su qiymətli olduğuna görə ev sahibi qonağına bol-bol su təklif edir. Adi suyu qaşıqlayıb içən Kufəli xəsis isə:

-  Bəsrəyə gəldim, ancaq gəlməyimə görə çox şey də öyrəndim, - deyə ev sahibinə minnətdarlığını bildirir.

 


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+25=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0734 saniye