Xoşbəxt ölülər
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 20:05 09 mart 2016 tarixində əlavə olunmuşdur

 Dərdi başından aşan məmləkətdə dirilər ölülərinin halına ağlar,ölülər isə dirilərinin halına baxıb acıyar,bəzən də rişxənd edib gülərlər.Belə dünyada ölü olmaq diri olmaqdan daha sərfəlidir.Hələ ola ki,bu ölülər həyatda olarkən çox iztirab çəkmiş,çox zülmə məruz qalmışlar.Hələ ola ki,bu ölülər sağlığında bir zahid,bir abid,bir kamil insan olmuşlar.İndi onlar üçün xoşbəxtlik zamanı başlamışdır. Onlara qibtə etməyə dəyər.Bəlkə də,bu yazı bir az mücərrəd,bir az həqiqətə yaxın olmayan kimi görünə bilər.Ancaq həyatla ölüm arasında bəzi gerçəklikləri ortaya qoysaq,o zaman ölülərin necə xoşbəxt olduqlarının fərqinə varmaq olar.Haqsızlıqların tüğyan etdiyi zamanda toplumun başı saysız-hesabsız problemlərə qarışır.Ən xırda sosial məsələnin belə qlobal problemə çevrilərək sıradan olan cəmiyyətin kürəyinə şəllənməsi,bu cür cəmiyyətdə həyata olan sevgi hissini tükəndirir.Bir ovuc insafsız və imansızın əlində yesir qalan toplum hər gün haqq olan ölümü səbrsizliklə gözləyir.Təəssüf ki,bəziləri son mənzilə vaxtından əvvəl,öz canına qəsd edərək gedir.Amansızlıqların geniş vüsət aldığı məmləkətin ölüləri dirilərindən daha xoşbəxtdir.Onlar bir arayış almaq üçün boynu yoğun,harın məmurun qapısında boyunlarını bükmür.Onlar banka ödəyəcəkləri kreditin dərdini çəkmir.Onların işsizlik deyə bir dərdləri yoxdur.Onlar qışın sazağında sayğaclarında işıq,qaz olmamasının dərdini çəkmir.Onlara həftədə üç-dörd toy dəvətnaməsi gəlmir. Onlar rəhmsiz məmurun insafına möhtac deyillər.Onlar qul bazarlarında müştəri həsrəti çəkmir.İnsan həyatından başqa hər nəsnənin bahalı olduğu dünya,axı nəyinə lazımdır onların.Ölülər dirilərdən daha xoşbəxtdir,bu azğınlaşmış dünyada.Onların yenidən qayıtmaq fikri yoxdur.Məsələn,Mirzə Ələkbər Sabir dirilib çağdaş zamana qaytsa,əmin olun ki,bir dəqiqə belə burada qərar tutmaz.Yüz il əvvəl,zülmə,zillətə,cəhalətə qarşı asi çıxan şerlərinin hələ də,aktual olaraq qaldığını görən Sabir,axı niyə və nə üçün yenidən qayıtsın bu bərbad dünyaya?Daha bir əlli il dərd çəkib vərəmə mübtəla olmaq üçünmü?


... dəfə oxunub
Qiymət: 10/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
2+18=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0259 saniye