Yanılmısan
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 23:00 26 may 2023 tarixində əlavə olunmuşdur

 

Yanılmısan, boş ver, keçər

Hər bir kədər keçən kimi

Sevgim məni göstərirmiş

Sənə səndəki mən kimi.

 

Xatırladır mənə daim

Badəmdəki içkim səni

Sevə bilməz heç kim səni

Bil, mən səni sevən kimi.

 

Ya qəlbinlə bir yol tap, gəl,

Ya qəlbimə bir yol tap, gəl,

Gələndə də yol üstündə

Heç olmasa bir kol tap, gəl

Dərmə mənim hisslərimi

Solmuş gülü dərən kimi.

 

Sinəm dağdır, çən çəkərəm,

Hər dərdini tən çəkərəm,

Sən üzülmə, mən çəkərəm

Dərdin mənə gələn kimi.

 

Təki səndəki mən gülə

Bircə kərə ayda-ildə

İnan, yanılmazsan bir də

Bir az üzüm gülən kimi.

 

Sənlə mənim aramızda

Bəlkə yüz cür biz tapılar,

O bizləri sorğulasaq,

Bəlkə biri düz tapılar,

Bəlkə orda axtardığım

Tanrıdan da iz tapılar,

Bir anlığa məst olardım

Haqq dərgahı görən kimi.

 

Yanılmısan, boş ver, keçər

Hər bir kədər keçən kimi

Sevgim məni göstərirmiş

Sənə səndəki mən kimi.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+23=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0261 saniye