Yazmaq Fobiyası
Vüsal Hacıyev tərəfindən "Esse" bolməsinə 23:45 04 aprel 2014 tarixində əlavə olunmuşdur

Burada heç kəs yazılara inanmırdı... Dükanların üzərində “bağlıdı” yazılmasına baxmayaraq, yenə əlləri ilə qapının dəstəyindən tutub gah özlərinə, gah da əksinə silkələyib açmağa çalışırdılar. Bəziləri qapının şüşəsinə düşən günəşdən gizlənərək sol əlləri ilə içərini diqqətlə nəzərdən keçirirdi. Bu zaman “Bağlıdır ” sözü ilə burun-buruna gəldiklərindən özlərinin də xəbəri olmur, nəfəsləri şüşəni pardan görünməz vəziyyətə gətirdikdə isə əlləri ilə pencəklərinin manjetini ovuclarına alıb bir iki dəfə silirlər. Yalnız bundan sonra qapının bağlı olduğuna inanırdılar.

 

Burada heç kəs yazılara inanmırdı... Dostluq kafesində çıxan gənclərin üzlərinə diqqətlə baxanda anlamaq olurdu ki, onlar bir-birinin üzünə bundan sonra facebook profilindən belə baxa bilməyəcəklər. Nədənsə “Görüş yeri ”, “Xoş-beş”, “Kökələn keflər”, və “Bibinin” kafesi kimi tanınan məkanlar ya təcili yardım ya da polis maşınlarının həmişəlik məskəninə çevrilir.

 

Dünya-aləm borcu olan Nemət kişi “Dünya” marketindən kor-peşman əli boş çıxırdı. Halbuki bu dükan dünya naz-nemətinin ötəri olduğunu moizələrindən dəfələrlə qeyd edən molla Tapdıq kişinin kiçik biznesi idi. Nə bilmək olar, bəlkə Dünya adı onun keçmiş sevgilisinin ya da artıq o dünyada olan nənəsinin şərəfinə verilmişdi.

 

Bayaqdan boş-boşuna danışıram, sizin başınızı ağrıdıram, bilirəm, özümün isə boğazım qurudu. Deyirəm, adamın burada bir marketi ola bir qurtum pulsuz su içə bilə. “İstədiyim yar idi, yetirdi pərvərdigar” bir addımlığımda “Sizin market”i gördüm. Belə çıxır ki, dükanın qeyri-rəsmi sahibi mən də ola bilərəm və ərkyana bir “Slavyanka” götürdüm (“Redbul”-da götürə bilərdim, amma nə də olsa bizim marketdi axı, ziyan vermək istəmədim). Yaxşı ki, qazsız “Slavyanka” götürmüşdüm, çünki bu yazının üstündə əməlli başlı başım ağrıdı. Dükanın sahibi gələndən sonra aydın oldu ki, sadəcə kreativlik baxımından belə yazılıbmış.

 

Burada heç kəs yazılara inanmırdı... Kitab səhifələrini günəbaxan tumları üçün əvəzolunmaz qablaşma hesab edirdilər. Burada futbolkasının arasında “all day books” yazılan məktəb yaşlı uşaqlar avtobuslarda konduktor işləyirdilər. Onların əsas işi marşrutların gedəcəyi ünvanları səsləndirməkdi. Baxmayaraq ki, bunların hamısı aydın şəkildə avtobusun üstünə yazılıb. Bəlkə, burada yazılara önəm verilsə konduktor vəzifəsi öz anlamını itirər, işsizlərin sayı artar.

 

Burada heç kəs yazılara inanmırdı... Dükanların üzərindəki reklam lövhələrinə yazılan “Endirim faizləri”, ağacların gövdəsinə paslı mismarla yazılan “sevgi etirafları” qədər təsirli idi.

 

Burada heç kəs yazılara inanmırdı... Mən isə astayerişli, ucadan danışan ağsaqqalları müşahidə edib mövzu axtarır, gənclərə baxıb mentalitetlə bağlı yazılar fikirləşirdim. Nə qədər mənasız bir işlə məşğul olduğumun bir anda fərqinə vardım. Burada nəsə yazmaq ocaqların, pirlərin divarlarına yazılan mətnlər kimi həyata keçməyəcəyindən qorxurdum. Bundan sonra məndə yazmaqla bağlı fobiya yarandı. Artıq yazmaq istəyəndə bədənim çimçəşməyə başladı... 


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
5+34=
Hesaba giriş
Müəllif

Vüsal Hacıyev
Haqqında
Jurnalist
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0271 saniye