Zimbalanın Zimbabvedən məktubları
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 20:08 09 mart 2016 tarixində əlavə olunmuşdur

Dəyərli dostum Damət,bilirəm ki,xəbərsiz hicrətim üzündən mənə qırqınsan.Bəlkə də,özlüyündə sən haqlısan.Ancaq bir az da,baş verənlərə mənim acımdan baxsan,əminəm ki,mənə haqq verərsən.Bu,acılarla dolu naməni sənə yazarkən,Zimbabveyə gəlişimnən tam 90 gün keçirdi.Əminəm ki,ən qısa zamanda yazdıqlarım əlinə yetişər...

Əziz qardaşım Damət,bu ölkəyə gəldiyim ilk gündən məmləkətimizdən fərqli olaraq normal həyat tərzinin nə olduğunu anlamağa başladım.Şükürlər olsun ki,daha istilik dərdi,kommunal iztirabı çəkmirəm.Ehtiyac üzündən qidalana bilmədiyim sitrus meyvələrini burada pulsuz əldə etmək mümkündür.Hər tərəf yaşıllıq,hər yan bol meyvə ağacları.İstədiyin qədər ye,istədiyin qədər kölgəsində istirahət et.Burada havalar stabil-sabit olaraq ilin hər fəslində eynidir.Orta-statistik Zimbabve vətəndaşı orta səviyyədə insan həyatı sürür və sürünənlər sinifindən çox uzaqda qərar tutub.Qısa zamanda,bu diyara doğmalaşdım və bu səbəbdən,əlüstü Zakir adımı da korrektə etməyə zaman tapdım.İndi,bu ölkədə,yaşadığım şəhərdə hər kəs mənə Zimbala deyərək müraciət edir.Buradakıların çöhrəsi qara olsa da,ruhları,düşüncələri,dünyaya baxışları gündüzlərin günəş şəfəqi kimi parlaqdır.Zimbabvedəki yeni küçəlilərimlə az vaxta qaynayıb-qarışdıq.Məmur sarıdan da,bu ölkənin bəxti üzünə gülüb.Yerli bələdiyyələr torpaq satmaqla deyil,torpaqları təmənnasız əhaliyə paylamaqla məşğuldur.Gəlişimdən bir həftə sonra,şəhər mərkəzində kiçik bir baqqal dükanı açdım.Aylardır gözlərim qapıda qalsa da,nə bir vergi işçisi,nə bir sanitar-epidomoloq,nə bir standartlaşma idarəsinin əməkdaşı,nə də ki,bir sahə müvəkkili dükanıma “göz-aydınlığına”gəlmədi.Açığını deyim ki,bu cür vəziyyət məni şoka saldı və bir müddət hətta panik-attak keçirdim.Bəlkə də,dediklərimə inanmayacaqsan,ancaq mənim baqqal dükanımda indiyəcən nisyə dəftəri yoxdur.Buradakılara nisyə dəftəri haqqında bəhs etsəm də,təəssüf ki,bir şey anlamadılar. Burada da,bankomatlar var,ancaq qarşısında basırıq yoxdur.Burada da,əczaxanalr var,ancaq xəstə izdihamı gözümə çarpmadı.Burada da,banklar var,lakin kredit ödəmə növbələri seyr etmədim.Burada da,yol müfəttişləri var,fəqət hər addım arabaların dayandırılaraq yerli-yersiz cərimələnməsinə şahid olmadım.Burada da,televiziya kanalları var,amma...

Nə isə,əziz dostum,qoy bəzi vaqiələrimdə qalsın növbəti məktubuma.Hələlik məndən bu qədər.Bilirəm ki,indi qışın sazağında soyuq otağında uzanıb yanmayan ocağına yana-yana baxırsan.Əminəm ki,bu naməm az da olsa, sənin soyuq bədəninə Zimbabve günəşinin hənirini səpəcəkdir...


... dəfə oxunub
Qiymət: 10/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
4+11=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.029 saniye