Qadını kiçildərək yox, kişini (bəzisin) yüksəldərək bərabərlik...
Ağaəhməd Göyüşov tərəfindən "Esse" bolməsinə 18:51 22 dekabr 2015 tarixində əlavə olunmuşdur

Bərabərlik. Bəşəriyyətin hədəfində olduğu əsas məsələlərdən biri.  İnsanların əsrlərdi bərabərlik yaratmaq istəyi, baş vermiş bir sıra mənfi halları aradan qaldırmaq üçün gördüyü işlər bu sahədə insanların necədə istəkli olduğunun göstəricisidir.  Əgər  insanlar  bərabərlik  istəməsəydilər, bərabərsizliklərdən irəli gələn məsələlərədə etiraz etməzdilər. Bərabərlik, məxsusən qadın-kişi bərabərliyi mühüm məsələlərdən biridir. Amma təəssüflər olsun ki, hər işdə hər düşüncədə olduğu kimi burdada yanlış anlamalar və insanlara da nəyisə yanlış çatdırma mövcuddur.  Bu istər bilərəkdən, yəni düşünülmüş, istərsə də bilməyərəkdən olmasından aslı olmayaraq insanlar arasında yayılaraq bir sıra mənfi nəticələrin ortaya çıxmasına şərait yaradır. Hər birimizə o da aydındır ki, nəyisə araşdırmazdan, nəyinsə mövcudluğunu istəməmizdən əvvəl o nəyinsənin əslində nə olduğunu anlamalıyıq, bilməliyik. Əgər bərabərlik haqqında danışırıqsa gərək bərabərlik nədir onu araşdıraq və onu bilək...

Bəzi hallarda isə bərabərlik anlayışını ədalət anlayışı ilə yanaşı işlətməliyik. Çünki bəzi hallarda ədalətlilik prinsipi gözlənilməzsə bərabərlik anlayışı zalımların istədiyi və tətbiqinə çalışdığı anlayışlardan biri olar. Bu tip bərabərliyin tətbiqi insanlar arasında ədalətsizliyin hökm sürməsinə kimi gətirib çıxara bilər.  Məsələn fərz edin ki, siz hər hansı müəssədə rəhbərsiniz və 2 şəxs işlədirsiz. Bu şəxslərdən biri çox işləyir, digəri isə az işləyib istirahətinə önəm verənlərdəndir. Sizsə bunun fərqindəsiz. O iki şəxsin məvacibi məsələsində bərabərliyi gözləyib hər ikisinə eyni məvacibi versəz bu bərabərlik nəticəsində yaranan ədalətsizlik olar. Və ya 20 kq yükü siz( təqribən 25-30 yaşlı gənc olaraq düşünün) və 13 yaşlı uşaq daşımalı olsanız, hərəyə 10 kq bərabərlik prinsipi ilə bölsəz yenə ədalətsizlik etmiş olarsınız.

Bu tip misallara nəzər saldıqda “qarışqa fildən güclüdür, çünki çəkisindən dəfələrlə ağır yükü götürür” misalı yada gəlir. Filnən qarışqa arasındakı  yük bərabərlik yox, ədalətlilik prinsipinə əsasəndir.

Bu tip yüzlərlə misalları incələdiyimiz zaman görürük ki, bir sıra prinsiplər var ki, onlar gözəldir ama bəzən bunların tətbiqi digər prinsiplərin pozulması ilə nəticələnir. Heç bir ağıl sahibi isə bunu qəbul etməz, əgər çıxılmaz vəziyyətlərlə üzləşməyibsə.

Əsas məsələlərdən biridə dediyimiz kimi insanların bərabərlik anlayışını bəzən yanlış meyarlarla ölçməsidir. Və ya bəzi hallarda biz bərabərlik anlayışını hüquq müstəvisinə daşıyırıq. Əlbəttə, bu bir sıra hallarda müsbət haldır və müsbət nəticələri danılmazdır. Amma qeyd etdiyimiz kimi hər hansı bir prinsipin tətbiqi bizi bir sıra hallarda digər prinsiplərdən ayıra bilər.  Bəzən bu prinsipin kor-koranə tətbiqi bizi əxlaq müstəvisində çox geri atır. “ O edir, məndə edim və  ya edə  bilərəm” düşüncəsi bizi heç ağlımıza gəlməyəcək dərəcədə yüksək əxlaqi keyfiyyətlərdən  məhrum edib, aşağı əxlaqi keyfiyyətləri icra etməyə gətirib çıxarır. Bu tip hallar məxsusən qadın-kişi münasibətlərində özünü daha da göstərir. “Hər hansı bir əks-cins bunu edibsə məndə edə bilərəm” düşüncəsi yanlışdır. Əgər biri bir aşalayıcı hərəkət edibsə və bərabərlik anlayışı mənə də “bunu səndə et, çünki kişi və qadın bərabərdir” deyirsə, bu bərabərlik prinsipi öz düşünmə qabiliyyəti olan insanlara lazım deyildir.  Əgər hər hansı bir əks-cins xəyanət kimi ən aşağı sayılacaq əxlaqi keyfiyyəti icra edirsə, bərabərliyi rəhbər və bəhanə tutaraq məndə eyni şeyi edə bilmərəm. İnsan bir sıra mənfi əxlaqdan, ədalətsizlikdən qaçmalıdır. Rəzil insanlara bərabər olmağa gətirib çıxara bilər bu tip yanlış bərabərlik anlayışı. Düzdü bəzən çoxumuz düşünürük ki, insanın özündə varsa bunlar hamsı bəhanədir. Amma bunuda unutmayaq ki, insan ictimai varlıqdır və cəmiyyətdə olan fikirlərin, düşüncələrin də ona təsiri vardır.

Hər zaman bərabərliyi rəhbər tutmaq insanı rəzilliklər etməyə və rəzil insanlara tay olmağa gətirib çıxara da bilər. Biri bir sıra mənfiliklərə xas xüsusiyyətlərə malikdirsə və belə bərabərlik sevdası ilə yanıb alışırıqsa, bunun tətbiqini istəyiriksə, onda niyə bu prinsipi rəhbər tutaraq bizdən aşağıda olanı öz səviyyəmizə qaldırıb, onu rəzilliklərdən təmizləyib də bərabərliyi təmin etmirik? Yoxsa əsas məqsədimiz bərabərlik deyil də, etdiklərimizə bəhanə gətirib, haqq qazandırmaqdır?

Təəssüflər olsun ki, bir sıra məsələlərdə məxsusən qadın-kişi münasibətlərində bərabərlik anlayışı adı altında çox yanlış düşüncələri insanlar arasında yayırlar və ya yayılmasına şərait yaradırlar.  Bir sıra hallarda isə niyyətində problem olan şəxslər ( pis niyyətli insanlar və ya meyli olanlar ) bu vəziyyətdən məharətlə istifadə edirlər. Onlar üçün əsas əslində qadın-kişi münasibətlərində bərabərlik əldə etmək deyil, özlərinə sərf edəni əldə etməkdir. Bir çox hallarda “kişi bunu edirsə qadında edə bilər və ya edəndə niyə qınalılır ki? ( halbuki çox vaxt kişilər özləridə bu hərəkətin yanlış olduğunu təsdiqləyir, əksəri isə pisləyir və özünə belə yaraşdırmır )” şüarı rəhbər tutulur. Əgər bu şüar hər hansı bir kişinin etdiyi rəzilliklərə etiraz xarakteri daşıyırsa və bunun qarşısının alınması yönündə müəyyən iş görülməsi üçün addımların atılmasına şərait yaradarsa müəyyən qədər haqq qazandırmaq olar. Yox əgər edilən rəzillikləri o, da etmək istəyirsə bu yalnız etdiklərinə və edəcəklərinə bəhanədir.

Məsələnin düşündürücü tərəfi burasındadır ki, nə üçün bərabərlik iddiasında olanlar qadını alçaldaraq, onun yüksək məramına xətər gətirən işlər görməsinə təkid edərək bərabərlik əldə etmək istəyirlər? Məgər “kişi(bəzisi) zina edirsə, səndə edə bilərsən” deyərək nələrəsə nail olmaq niyyətində deyillərmi? Əgər hansısa bir rəzilliyi nəinki kişi, hətta başqa bir qadın ( bu halda isə çox vaxt “ hamı belə edirdəə” deyərək ) edibsə bunu niyə başqası etməlidir? Axı bu hansı məntiqə əsaslanır? Bu tip məsələlərlə gündəlik həyatda qarşılaşanda bu ifadə yadımıza düşür:     ” Biri özün dağdan atacaq, sən də atassan?”

Və ya bu tip məsələlərdə maraqlısı budur ki, qadın-kişi bərabərliyindən dəm vuranların əsas hədəfi niyə kişini(bəzisini) yüksəldərək, rəzilliklərdən qurtararaq bərabərlik əldə etmək deyil?  Əgər bir şəxs bataqlığa qərq olunubsa, o şəxsi bataqlıqdan xilas etmək gərəkir, daha bərabərlik deyərək özünü də bataqlığa atmaq lazım deyil və bunu etmək ağılsızlıqdır. Fərqi yoxdur bu bataqlıqda boğulan kişi olsun, ya qadın...

Bəzən bir sıra rəzilliklər, hərəkətlərə ( məsələn xəyanət) sanki cavab veririk və ya qisas alırıq adı  altında bizdə həmən rəzillikləri edirik. Maraqlı ola bilər ki, bu tip məsələlərdə niyə məhz xəyanət, zina və s. kimi işlərin üzərində dayanılır?  Çünki cəmiyyətdə ən çox bugün bu problemlər var və təəssüflər ki, günü-gündən artır və ya artmasına şərait yaradılır. Niyə də olmasın? Axı bu kimlərəsə sərf edir! Bu tipli məsələləri qabardaraq, aktual saxlayaraq, lori dildə desək “danışıb-danışıb insanların beynin dolduraraq hansısa istəklərinə çatırlar.  Əslində bu tip məsələlərdə məqsəd kişiyə haqq qazandırmaq deyil. Əsla! Əgər bir rəzillik varsa, fərqi yoxdur bunu kişi və ya qadın edir, bu işi görən rəzil insandır.  Məqsəd- bərabərlik adı altında sözün həqiqi mənasında bizi rəzil insanlara tay olmağımızı qəbul etməməkdir. Bu tip bərabərlik bizi əxlaqsız olaraq yaşamağımıza, müəyyən əxlaq qaydalarına əməl etməməmizə gətirib çıxara bilər. Bu tip əxlaq normalarının pozulması ani olmasa da, bizdə birbaşa müşahidə olunmasa da, yavaş-yavaş öz təsirini qoyur və sonda əxlaq pozuntusunun şahidi oluruq.

Qeyd etdiyimiz kimi, çalışaq hər hansı mənfi adlandırdığımız xüsusiyyətlər başqasında varsa, onu bizdə təkrarlamayaq, əksinə bacarsaq onu da bu mənfilikdən azad edək. Və ən əsas məsələ bərabərlik anlayışını düzgün araşdıraq, düzgün yerdə tətbiq edək və tətbiqi zamanı çalışaq başqa müsbət prinsiplərə zidd addımlar atılmasın.  


... dəfə oxunub
Qiymət: 6/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+16=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0297 saniye