Mən səni çox sevirəm
Fidan Cəbrayılova tərəfindən "Hekayə" bolməsinə 17:59 31 dekabr 2018 tarixində əlavə olunmuşdur

-Ana

-Hə

-Mən səni çox sevirəm! Bunu bilirsən?

-Bilirəm

-Bəs sən məni?

O, yuxarıya doğru ona sevgiylə baxan qızını süzərək, ağızucu:

-Mən də, dedi. Balaca qəribə məmnunluqla üzünü avtobusun pəncərəsinə çevirib yolu nəzərdən keçirməyə davam etdi. Ana hərdən gözucu yavrusunu izləyirdi. Onun üzündəki təbəssüm, günəş kimi parlayan çöhrəsi... Allahım! O nə qədər də xoşbəxt idi, məsum idi, köməksiz idi. İllərcə onunla soyuq davranmasına baxmayaraq, ağızucu söylənən sevgi etirafından necə də məmnun olmuşdu. Qəhər onu boğdu. O göz yaşlarını güclə saxladı. Avtobus dayanacaqda dayandı. O balacanın yumaq kimi balaca, isti əlindən tutdu. Əlin istiliyindən ürəyinin ta ortası sızladı. Bu elə isti deyildi. Bambaşqa bir isti idi. Başqa bir hiss idi. Avtobusdan düşüb addımladılar. Yol boyu hər ikisi susdu. İki ürəkdə fərqli hisslər cərəyan edirdi. Birində bir günəş parlayırdı. Göy çəməndə al-əlvan çiçəklər göz qamaşdırırdı. Hələ göyqurşağı... O bir başqa aləm idi. Quşların cikkiltisi isə bir başqa nəğmə idi. Digər ürəkdə isə dənizin fırtınası baş qaldırmışdı. Göy guruldayır, göyün üzü gah tutulur, gah açılırdı, külək gah o yana, gah bu yana sovururdu...  Beləcə hər ikisi yolun başına necə çatdıqlarını heç hiss etmədi. Sadə görünüşlü bir binaya yaxınlaşdılar. Yaşıl rəngə boyanmış dəmir darvazadan içəri keçdilər. Həyətdə sakitçilik idi. “Yəqin ki, dərs vaxtına gəlib çatmışdılar. Sakitçilikdi” düşüncələri Aliyənin ürəyini azacıq rahatlaşdırmışdı. Binanın girişində yaşlı bir qadından nə isə soruşdu. Qadın əli ilə yolu göstərdi. Uzun dəhlizin sonuna çatıb, tünd göy rəngli qapıya yaxınlaşdılar. Yol boyu susan, heç bir şey söyləməyən, soruşmayan qızcığaz artıq təəccübünü saxlaya bilmədi:-Ana hara gəlmişik? deyə anasına sevgiylə baxdı. Bu gözlərdə zərrə ümidsizlik, inamsızlıq, narahatlıq yox idi. Orada yalnız sevgi cərəyan edirdi. İnsanın ürəyinin ortasına ox kimi saplanan bir sevgi cərəyanı.. Aliyə ətrafa boylandı. Koridorun başında iri gül dibçəyilə yanaşı köhnə bir kreslo var idi. O balacanın əlindən dartaraq kresloya tərəf addımladı. -“Burda sakitcə otur. İşim var indi gələcəm, yaxşı?” Balacası başı ilə təqsdiqlədikdən sonra, o üzünü çevirib qapıya doğru getmək istədi. Özündən biixtiyar geri dönüb körpəsinə doğru əyilib saçlarından öpdü. Gözlərinə baxmağa cürəti çatmadı. İldırım sürətilə dönüb qapıya doğru irəlilədi.

-Əminsizmi?! sözlərilə ahıl yaşda, amiranə görünüşlü qadın Aliyənin üzünə belə baxmadan əlini dəstəyə uzatdı. Bir neçə dəqiqədən içəri bir xanım daxil oldu. Aliyəyə gözucu baxaraq, əmrə müntəzir əsgər kimi masanın arxasındakı qadının göstərişini gözlədi.

-Aparın uşağı otağa yerləşdirin. Siz isə ərizənizi yazın deyə qovluğun arasından götürdüyü ağ kağızı biganə bir tərzdə Aliyəyə uzatdı. Saymazlıqdan irəli gəlmirdi onun bu rəftarı. İllərcə gördüyü işi onu belə sərt, biganə etmişdi. İllərlə neçə-neçə valideyn bu imtina ərizəsini yazıb, övladlarını bir əşya kimi bu uşaq evinə təhvil verirdi. Əlbəttə imtina etməyənlər də var idi. Vaxtaşırı gəlib övladını oxşayan, imkan olduqca bir-iki saatlığa və ya həftə sonlarına bu soyuq və köhnə binanın divarlarından çölə çıxaran valideynlər də var idi. Yox əlbəttə ki, pis-yaxşı istiliyi var idi binanın. Lakin bir evin, yuvanın mənəvi istiliyinə əsla çatmazdı. Amma belə valideynlər də tək-tək idi. Hətta imtina etməyənlərin də əksəriyyəti zamanla kağızda olmasa da, gəlişlərinin sayını azaldaraq övladlarından soyuyub, imtina edirdilər. Sözsüz ki, dindirilsə hər birinin bir dəftərə sığmayacaq qədər, özünə, əməlinə haqq qazandıracaq səbəbləri var idi. Aliyə səssizcə kağızı götürüb yazmağa başladı. Əlbəttə onun da özünə görə səbəbləri var idi. Haqlı ya haqsız... Onu bir yaradandan başqa kim mühakimə edə bilər ki... Həm də etsə nə olacaq ki... Bu onun qərarını dəyişəcəkmi? Yox! İllərcə bu müdirə qadın da bunu öyrənmişdi. Sorğulamamağı. Bəlkə də artıq yorulmuşdu. Cavankən neçə belə ata-ananı başa salmağa çalışmış, hətta kobud cavab belə almışdı. Odur ki, valideynlərin və balacaların acı taleyinin şahidi olmaqdan çox yorulmuşdu.

Yağış narın-narın yağır, avtobusun pəncərəsindən süzülüb axır, şüşəni yarıbulanıq hala gətirirdi. Bir dəki, Aliyə üçün avtobusun çölündə nə baş verdiyinin elə böyük önəmi də yox idi. O mexaniki olaraq, fərqinə belə varmadan öz dayanacağında düşdü və yorğun addımlarla evinə doğru addımladı. Qapını yaşlı nənəsi açdı. Aliyənin üzünə belə baxmadan gedib öz yatağında uzandı. O bir xeyli nənəsinin arxasıyca baxdı. Əslində isə o anda onu böyüdən, ona ata-anasını əvəz edən bu qadının, ona sarılıb, saçını oxşamasını çox istərdi... Valideynlərini çox erkən itirmişdi Aliyə. Atası şaxtaçı idi. İşdə qəza nəticəsində dünyasını dəyişəndə o təzə ayaq açmışdı. Anası bu dərdə dözə bilməyib, hər gün az-az içini yeyərək həyatına vida etmişdi. Beləcə balaca Aliyə və nənəsi bir-birinə sarılıb həyata tutundular. Bu yaşlı qadın onun üçün ata-anadan ötə oldu. Qohumlar dəfələrlə qızcığazı uşaq evinə verməyi məsləhət gördülər. Nənə isə hamının ağzının üstündən vurur, hətta evindən belə qovurdu. Aliyə oğlunun tək yadigarı idi. Oğlunu dəlilər kimi sevib, onun yoxluğuna alışa bilməyib, özünü şam kimi əridən gəlininə isə söz vermişdi. “ Gözün arxada qalmasın bala, nəfəsim gəldikcə ona gözüm kimi baxacam” sözlərindən sonra gəlini rahatlıqla gözlərini yummuşdu. Nənəsi Aliyəni pis-yaxşı, bacardığı qədər yedirib, geyindirib, oxutmuşdu. Aliyə ailə quranda sevincinin həddi-hüdudu yox idi. Hətta öz yanında saxlamışdı cavanları. Körpəsi dünyaya gələndə dünyalar onun olmuşdu. Ta ki, balacanı xəstəxanadan evə gətirənə qədər. Ailənin imtahanlı günləri əsl elə indi başlamışdı. Körpə qüsurlu doğulmuşdu. Daun sindromlu. Əri günlərlə uşağın üzünə heç baxmaq istəmirdi. Aliyə də körpəyə qarşı soyumuşdu. Utanırdı körpəsindən. Onu həyətə düşürmək istəmirdi. Yazıq nənə yaşlı halıyla mərtəbələri qucağında körpəylə düşüb, qalxırdı. Sonralar gücü çatmadı. Eləcə hava alması üçün eyvana çıxarırdı. Beləcə günlər ayları, aylar isə illəri əvəz etdi. Aliyənin zamanla əri ilə olan münasibətləri təmamilə korlanmağa başladı. Hətta Aliyəyə ikinci övladını dünyaya gətirməyə izin vermək istəmirdi. Onun da balaca qızcığaz kimi xəstə doğulmasından ehtiyat edirdi. Günlərin bir günü isə sağlam bir övlad dünyaya gətirə bilməməsilə Aliyəni günahlandıraraq birdəfəlik evi tərk etdi. O gündən Aliyə tamam soyudu körpəsindən. Bütün bəlalarının günahkarı onu bildi. “Əgər qızı sağlam bir uşaq olsaydı bunlar başına gəlməzdi” düşüncəsiylə balasından hər gün daha çox uzaqlaşdı. Zavallı nənə bilmirdi talesiz nəvəsinəmi üzülsün, ya dünyadan bixəbər, anasını duz kimi yalayan, onun sevgisinə doğulduğu gündən möhtac olan bu günahsız körpəyəmi. Özünü isə tamam unutmuşdu. Aliyəyə hər cür dəstək olmağa çalışırdı. Körpəyə ana sevgisini layiqincə verməyə çalışırdı. Amma nəvəsinin bu qərarıyla heç cür barışa bilmirdi. Günlərdi nənə bala arasında sözün əsl mənasında müharibə gedirdi. Axı necə vaz keçərdi bu balacadan?... Onu da Aliyə kimi özü böyütmüşdü. İndi isə Aliyənin onu uşaq evinə birdəfəlik vermək qərarı zavallı qocanı dəli-divanə etmişdi.“ Başına dönüm ay bala, yazığın gəlsin. Bu uşağın nə günahı var. Onun da sevilməyə, yaşamağa haqqı var. Evin bir küncündə oynayır, yatır, bir qarın da yemək yeyir. İstəyirsən heç məktəbə də yazdırma. Özüm gücüm çatandan, şerdən, nağıldan öyrədərəm. Qonşunun qızı Zeynəb bağçada müəllimədi. Xahiş edərəm vaxtı olduqca məşğul olar qızımızla” , daha necə sözlər, necə kəlmələrlə təsir etməyə çalışırdı nəvəsinə. Hətta dözməyib qışqırırdı da üstünə. Bu gün səhər isə öz əllərilə geyindirmişdi balaca qızcığazı. İçi qan ağlayırdı onu yola salanda. Körpənin sevincinin həddi-hüdudu yox idi. Anası onu gəzməyə aparacaqdı. Aman Allah, həyatdan bixəbər körpə necə də sevinirdi.

O gecə üç cüt göz səhərəcən qırpılmadı. Üç ağız səhərəcən kəlmə kəsmədi. Yumulub kresloda oturan Aliyə ara-sıra qalxıb, üzünü divara çevirib uzanan, gözlərinin yaşı durmayan nənəsinə yaxınlaşır, lakin səsləməyə cürəti çatmayıb yenə öz yerində əyləşib yumağa dönürdü. O gecə otaqda bütün uşaqlar yatmışdı. Təkcə balaca qızcığaz yerində əyləşib, elə hey otağın qapısına baxırdı. Tərbiyəçi ona gah acıqlanır, gah əzizləyir, lakin heç cürə yatmağa razı sala bilmirdi.

Nənəsi səhərə yaxın yuxuya gedən kimi, onu oyatmamaq üçün səssizcə evdən çıxdı. Qadının halı onu narahat etdiyindən, işdən icazə alıb qayıdacaqdı. Evə döndüyündə qapıda alt mərtəbədəki qonşusuyla rastlaşdı. Tədirgin oldu. Nənəsinin halının pisləşdiyini düşündü. Qonşudan bir söz soruşmadan özünü içəri atdı. Otağa hövlnak girdiyində nənəsinin körpənin paltosunu qucaqlayıb oturduğunu gördükdə içi sızladı. --Ona nə isə olub?, deyə stulda geyinəkli vəziyyətdə oturdu. Nənə isə başını belə qaldırmadan

-Yox. Minənin qalan paltarlarını yığıb verdim qonşuya. Bizdə yer tutunca, balalarının əyni sevinsin. Bunun da düyməsi qopub. Dedim tikib verərəm. Yaxşı deyil belə vermək. Ordan mənə iynə-sap qutusunu gətir, deyə amiranə səslə göstəriş verdi. Aliyə yerindən qalxınaraq, xalçanın ortasında bardaş qurub oturan nənəsinin qarşısında diz çökərək, paltonu onun əlindən götürdü. Körpəsini iynəyirmiş kimi paltonun iyini bütün gücülə içinə çəkdi. Bir anda sanki otağın ortasında göy guruldadı. Buludlar toqquşdu. Aliyənin hönkürtüsünün səsi evlə bir oldu. Nənə öz qırışmış, yaşlıya xas kobud, lakin nənəyə xas isti əlləri ilə nəvəsinin başını tumarladı. Beləcə bir xeyli nənə-bala baş-başa oturduqdan sonra Aliyə başını qaldıraraq: -Nənə, deyə uzun zamandan bəri ilk dəfə nənəsinin gözlərinin içinə baxdı.

-Can nənə. Nənənin gözlərinin içi gülürdü

-Bizə dovğa bulayarsan? Minə də çox sevir. Biz gələnəcən hazır edə bilərsənmi? Balam gələndə yesin. Yoldan da qayıdanda şokoladlı tort alaram. Minənin ən sevdiyindən. Bir də düyü də alımmı gələndə. Aş da dəmə qoyaq.

-Siz istiyəsiz bu canımı da verərəm, deyə əllərilə nəvəsinin gözlərinin yaşını sildi. Öz ğözlərindən axan yaşdan xəbərsiz idi.

-Bəs birdən məni bağışlamasa, deyə Aliyə çarəsiz, qorxu dolu baxışlarıyla nənəsinə baxdı.

-İnsan sevildiyini sevdiyinin gözündən anlar gözümün işığı, deyərək nənəsi əllərilə Aliyənin üzünü tumarladı. Aliyə nənəsinin əllərindən öpüb, boynuna sarıldı. Ayağa qalxıb, bir göz qırpımında evdən çıxdı. Onun arxasıyca baxan zavallı qadın necə də xoşbəxt idi. Bəlkə bilərəkdən Minənin paltarlarını yığıb qonşuya vermişdi ki, Aliyənin buz bağlamış ürəyini əritsin. Bəlkə də həqiqətən insanlıq xatirinə. Kim bilir... Amma gördüyü vəziyyətdən çox məmnun idi. Necə də məmnun olmasın?... İllər sonra Aliyə ilk dəfə sevgi ilə körpəsinin adını dilinə gətirmişdi. Həm də demə balaca Minənin nə yeməyi xoşladığını da bilirmiş. Demə balasını içdən-içə sevirmiş. Necə də məmnun olmasın nənə?... Bilərəkdən, ya bilməyərəkdən Aliyənin ta ürəyinin içini əritmişdi, onun illərcə içində yatıb qalmış ana sevgisini oyada bilmişdi.

Otağın qapısı yavaşca açıldı. Otaqda heç kəs yox idi. Bütün uşaqlar yemək otağında idi. Təkcə Minəni güclə də olsa apara bilməmişdilər.-Anam gələr, məni tapmaz. Mən burda gözləyəcəm, deyə çarpayısında oturmuş elə hey qapıya baxırdı. O anasını görcək yerindən atıldı.

–Ana, deyə üstünə cumdu. Aliyəyə çatıb yerində dondu. Aliyə qızının qarşısında diz çöküb:

-Minə, mənim balaca Minəm, dedi. Onun balaca əllərini, yanaqlarını, saçını doğulduğu gündən ilk dəfə belə sevgiylə, susuyaraq öpdü, qoxladı. -Mən səni çox sevirəm! Bunu bilirsən?

-Bilirəm ana, deyərək Minə yaşına və fiziki durumuna uyğun olmayan bir təmkinlə anasına baxdı.

-Bəs sən məni? O alacağı cavabı həsrətlə gözləyirmiş kimi yavrusunun gözlərinin içinə baxdı.

-Mən də səni çox sevirəm, deyə Minə anasının boynuna bütün gücülə sarıldı.

O gün üç cüt göz gülürdü. Əl-ələ evlərinə tələsən, sevgidən, sevincdən alışıb yanan ana ilə balanın gözləri, bir də aşını dəmə qoyub, dovğasını bulayıb, nəvələrinin yolunu gözləyərək, eyvandan boylanan nənənin gözləri.    

Fidan Malik qızı


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+15=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0265 saniye