MÜASİR YAZARLARDA TANRI OBRAZI - IV HİSSƏ
Ağaəhməd Göyüşov tərəfindən "Elmi məqalə" bolməsinə 11:24 20 iyul 2016 tarixində əlavə olunmuşdur

4) Tanrı kasıblarla olur, xoşbəxtlikdə qərar tapmır. İnsanlar onu xarabalıqlarda, səhralıqlarda, kasıblıqda axtarır, aclıqla, kasıblıqla ona yaxın olmağa çalışırlar… Tanrı ancaq kasıbların xəyalının məhsuludur…
Bir sıra yazarların yazılarında ən çox rast gəldiyimiz fikirlərdən biridir. Tanrıya inamın kasıblara məxsus olması və Tanrının insanı sanki kasıblığa, yoxsulluğa səsləməsi… Bu yazarlar Tanrını əslində köməyə, yardıma ehtiyacı olan insanların qurtuluş və mənəvi təskinlik üçün uydurduqları bir obraz olaraq düşünürlər. Onların nəzərinə görə Tanrı kasıblarının xəyalının məhsuludur…
Gəlin onların səsləndirdikləri fikirləri birgə təhlil edək. Görək bu fikirə hansı əsaslarla gəlinib, bu əsaslar nə qədər məntiqlidir və ya bu əsaslarla yanaşı nəzərlərdən yayınan hansısa başqa əsaslar, səbəblər varmı? Əvvəla bunu xüsusilə qeyd etmək lazımdır ki, yalnız kasıblar inanclı olmur, kifayət qədər imkanlı, var-dövlətə sahib olan və ya ən azından yoxsul sayılmayan minlərlə şəxslər vardır ki, onlar Tanrıya inanırlar. Demək Tanrı kasıbların inandığı bir məfhumdur demək, birbaşa olaraq yanlışdır. Dediyimiz kimi yoxsul olmayan minlərlə insanlar var ki, onlar Tanrıya inanırlar, hələ çox vaxt biz bu tip insanlara öz iradlarımızı da bildiririk. Həmin yazarlar həm Tanrını kasıbların xəyal ürünü adlandırır, həm də imkanlı insanlar Tanrı məbədlərinin ziyarətinə, tikintisinə, müəyyən günlərində sərf etdikləri məbləğlərə və ya başqa nəsnələrə görə söz atəşinə tuturlar. İstənilən dinə mənsub olmasından aslı olmayaraq Tanrı kasıbların xəyal ürünü idisə bəs onda niyə o imkanlı şəxslər Tanrını, “kasıblığın bəxş etdiyi xəyal ürünü” kimi qəbul etmirlər? Eyni zamanda kasıbların hamısımı Tanrını qəbul edir? Əgər kasıblıq hansısa Tanrı obrazını yaradacaq bir gücə və xüsusiyyətə malikdirsə, niyə bütün kasıblarda kasıblıq bu xüsusiyyəti yaratmayıb? Bütün kasıblar nə üçün Tanrını qəbul etmir? Onlar da qəbul edən və etməyən olaraq iki qismə bölünürlər… Əgər onlar desəydilər ki, Tanrıya inanların çoxusu yoxsul olur bu başqa bir mövzu idi. Və ya hər hansı bir kasıb insanın varlanan kimi Tanrını unutması isə tamam başqa bir mövzudur. Tanrı kasıbların xəyal ürünü deyil, sadəcə olaraq insan kiməsə, nəyəsə möhtaclığını güclü olduğu halda yox, məhz zəif, ehtiyaclı, yoxsul halında daha çox dərk edir. Bir qədər ehtiyaclarını təmin edən kimi isə çox vaxt özünü köməyə ehtiyacsız qəbul edir. Tanrı köməyə ehtiyac duyan yox, kömək edən olduğu üçün biz onun varlığını ən çox köməyə ehtiyac duyduğumuz anlarda hiss edirik. Sadə dillə izah etsək, insan özünə lazım olan nəsnəyi ən çox ona möhtac olduğu, ehtiyaclı halında arzulayır… Bunun xüsusi izaha ehtiyacı yoxdur, öz həyatınızı analiz edin.. Atanızın varlığını, ananızın varlığını ən çox nə vaxt hiss eləmisiniz? Xülasələşdirsək deyə bilərik ki, Tanrı kasıbların xəyal ürünü deyil. Sadəcə olaraq kasıblar Tanrının köməyinə daha çox möhtac olduğu üçün onların Tanrıya olan ehtiyacları, inamları daha qabarıq şəkildə özünü büruzə verir.
Bəzi yazarların bu mövzuda toxunduğu hissələrdən biri də Tanrının xoşbəxtliklərdə qərar tutmamasıdır. Onların fikrincə harda bədbəxtlik varsa orada da Tanrı var. Xoşbəxt işlərdə Tanrının imzası yoxdur deyirlər. Onların öz üslubu ilə yanaşaq məsələyə. Nədir xoşbəxtlik? Nədir bədbəxtlik? Hamı üçün ümumi olan bir düsturu varmı? Və ya kim müəyyənləşdirir mənim üçün nəyin xoşbəxtlik və ya bədbəxtlik olduğunu? Xoşbəxtlik hərkəs üçün ümumidir və budur demək mümkün deyil. İnsanlar nə qədər bir-birindən fərqlənirsə onların xoşbəxtlik anlayışları, xoşbəxt olma səbəbləri fərqlidir. Tanrıya inanmayanlar inanların xoşbəxt olmadığını iddia edirlərsə, inanlar da, inanmayanları bədbəxt hesab edir… Bir həqiqət üçün iki müxtəlif, zidd iddia.. Hansı doğrudur? Xoşbəxtlik, həqiqi səadətin yaşam sevincidir. Həqiqi xoşbəxtliyin nə olduğunu anlamaq istəyən insan, həqiqi səadətin nədə olduğunu tapmalıdır… Mövzudan uzaqlaşmamaq üçün xoşbəxtlik və həqiqi səadətlə bağlı növbəti yazılarda qismət olarsa danışarıq. Qısası onu deməyə çalışırıq ki, sənin xoşbəxtlik saymadığın nəsnəni, bir başqası xoşbəxtlik sayar. Biri üçün mane olunmadan istədiyin kitabı tapıb oxumaq, milyonlar qazanmaqdan daha xoşbəxt hiss etdirər insana özünü. Digəri üçün nə olur olsun, necə olur olsun təki pul olsun prinsipi ilə yaşamaq və pul əldə etmək dünyanın ən böyük xoşbəxtliyidir… Biri üçün içkini içib gecənin səssizliyini eyş-işrətlə keçirmək xoşbəxtlik sayıldığı halda, digəri o gecənin səssizliyində Tanrının hüzuruna gəlib, səcdə də ki “Sübhanallah”-dan aldığı xoşbəxtliyi heçnəyə dəyişməz.. Biri həyatın həqiqi səadətini, o səadətin bəxş etdiyi xoşbəxtliyi başqa şeydə görür, digəri başqa… Mövzu uzanmasın. Xoşbəxtlik əksər insanımız üçün böyüklərə hörmət, kiçiklərə məhəbbət deyilmi? Xoşbəxtlik insanlara kömək olmaq, əl tutmaq, yardımlaşmaq deyilmi? Xoşbəxtlik insanlar arasında sevginin, qardaşlığın olmağı deyilmi? Xoşbəxtlik elm öyrənmək, maariflənmək deyilmi? Xoşbəxtlik hörmətə layiq olanlarımıza, müəllimlərimizə hörmət göstərməkdə deyilmi? Hələ nə qədər belə sadalaya bilərik ki, əksəriyyətimiz üçün bunlar xoşbəxtlikdir,bunları etmək və ya bunların bizə qarşı icrası bizi xoşbəxt edir… Bəs Tanrı bu xoşbəxtlikləri bizə demirmi? Heçmi Tanrıya inananlar arasında bu cür xoşbəxt insanlar görmədiniz? Yenə də bütün gördüklərinizi inkar edərək, Tanrının xoşbəxtliklərdə imzası yoxdur deyəssiniz?
Digər toxunulası məsələ isə Tanrını insanların (əksərən) səhralıqlarda, kasıblıqda axtarması və ona kasıblıqla, yoxsulluqla yanaşmasıdır. Birincisi bu məsələdə də digərlərində olduğu kimi müəyyən qədər yanlış anlamalar və icra mümkündür. Amma bu əsas vermir ki, bəziləri bu qənaətə gələ ki, Tanrıya ancaq kasıblıqla, yoxsulluqla yaxınlaşmaq olar. Tanrı ilə görüş üçün səhralıqlara, təkliyə çəkilənlər olur, amma Tanrı haqqında azda olsa təsəvvürü olanlar çox yaxşı bilir ki, Tanrı bunun əleyhinədir. İnsan ancaq çəkilə kənara və bütün ömrü boyu təkliyə qapana, Tanrı bunu bəyənmir. Amma inanclıların eşqi, aşiqin məbuda eşqidir. Bir insan aşiq olduğu, eşq sahibi ilə hər an görüşə tələsməzmi? Fürsət düşdüyü qədəri ilə onunla ünsiyyətə girməyə, xəlvətə çəkilməyə çalışmazmı? Bu məsələ bir çoxlarına qəribə gələ bilər, lakin o insanların halını yalnız aşiq olanlar, həqiqi eşq sahibləri anlayarlar. Onlar Tanrının aşiqidir. Onlar Tanrıya kasıb yaşamla yaşamırlar, əllərində olan müəyyən qədər maddiyyatı da aşiqlərinin buyurduqları kimi xeyir işlərə sərf edərək, zəkatlarını verərək və s. halda yanaşırlar. Tanrı onlara düzgün yolla qazandıqları maddiyyata görə bir söz deməz, amma onlar Tanrılarının da buyurduğu və özlərinində xoşbəxt olduqları işlər üçün çox maddiyyatlar xərcləyərlər. Birini bilərsiniz, yüzünü bilmərsiniz… Tanrının onlara dediyi isə kasıb olmaq deyil, zöhd əhli olmaqdır… Zöhd əhli milyonlarıda olsa əlindən çıxsa heyfslənməz, dünya malına bağlı olmaz. Amma kasıb olar ki, əlindən 1cə qəpiyi getsə dünyası dağılar sanki… Tanrı ona yaxınlaşmağın yolunu kasıblıq yox, zöhd əhli olmağı qoyub… Tanrı ancaq kasıbların xəyal ürünüdür deyənlər məncə bir qədər də düşünməlidirlər…

Ağaəhməd Göyüşov


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+14=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0344 saniye